Masanın üstündə bir neçə kitab var. Onlardan biri daha çox diqqətimi çəkdi. Adətən, insan ilk baxışda gözünə xoş görünəni nəzərdən keçirmək istəyir. Məndə də belə oldu. Nəzərdən keçirmək istədiyim kitab yüksək bədii tərtibatlı və çəkilidir. - Yəqin ki, belə kitabların içindəkilər özündən daha çəkili olar, - deyə düşünüb kitabı vərəqlədim. Elə ilk andan kitabın müəllifinin adı tanış gəldi. Xatırladım ki, son illərdə onun bir neçə şeir kitabı da işıq üzü görüb. Hələ görkəmli bəstəkarlarımız onun şeirlərinə mahnılar da bəstələyib. Ona görə də şübhə etmədim ki, bu kitabdakı şeirlər də çox dəyərli və maraqlıdır.
Oxumağa başladığım bu kitabın müəllifi Nəbi Mülkümov (Nəbi Mülk) Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb bölgəsində tanınan simalardandır. İxtisasca iqtisadçı olsa da, poeziya da onu özünə çəkir, gənc yaşlarından bədii yaradıcılığa başlayıb. Orta məktəbdə, tələbəlik illərində və sonrakı maliyyə və vergi orqanlarında çalışdığı dövrlərdə də xeyli dəyərli, dərin məzmunlu, ürəkləri, qəlbləri oxşayan şeirlər yazıb. Qələmindən vərəqlərə süzülən şeirlərinin bəzilərini müxtəlif illərdə dövri mətbuatda çap etdirib. Amma hələ onun çap olunmayan şeirləri qalıb. Saralmış, bəzi hissələri əzilmiş əlyazmaları indi evindəki rəflərdə, rəflərdəki kitabların, sənədlərin arasından hissə-hissə tapıb gün işığına çıxarıb. Həm həmin şeirləri, həm də yeni yazdıqlarını qarşımdakı bu kitab toplayıb.

Nəbi Mülkün doğulduğu qədim Suvagil kəndi uca dağların, sıx meşələrin, sərin bulaqların əhatəsində yerləşir. Elə buna görə də, onun yaradıcılığının ana xəttində təbiət mənzərələri dayanır. Amma onun yazdıqları yalnız təbiətin vəsfindən ibarət deyil. Nəbinin poeziyası daha çox sevgi, məhəbbət, vətənpərvərlik, dostluq və başqa mövzular üzərində qurulub. Şairin bədii təfəkkürünün zənginliyi onun yaradıcılığında aydın şəkildə görsənir.
Nəbi Mülkün "Musiqili dünyam" kitabı 2026-cı ildə "Master kitab" nəşr evində çap olunub. Onun şeirlərinə Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimi Zeynəb Əliyeva və başqa bəstəkarlar mahnılar bəstələyib. Tədbirlərdə və el şənliklərində onun bəstələrini tanınmış müğənnilər böyük şövqlə ifa edirlər. Məhz elə buna görədir ki, Nəbi Mülk şimal-qərb bölgəsində nəğməkar şair kimi tanınır.
Kitaba Nəbi Mülkün şeirləri və bəstələri toplanıb. "Musiqili dünyam" kitabına Ön sözü Azərbaycanın Əməkdar artisti, incəsənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yulizana Kuxmazova yazıb. Ön sözdə oxyuruq: "Şair Nəbi Mülk ədəbiyyata və ictimai həyata verdiyi töhfələrə görə bir sıra fəxri mükafatlara layiq görülüb. "Qızıl qələm", "İlin şairi", "Vətənpərvər şair" və başqa ödüllər şairin yaradıcılığının rəmzləridir. Onun "Vətən sevgisi", "Mənim könül dəftərim" və "Musiqili dünyam" kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bu toplu özündə nadir bir vəhdət ehtiva edir: - şeir mətnləri ilə yanaşı, həmin şeirlərə bəstələnmiş musiqi nümunələrinin nota alınmış forması təqdim olunur. Beləliklə, oxucu və ifaçı yalnız sözü deyil, həm də onun musiqi təbəssümünü duymaq imkanı əldə edir."
Onu da qeyd edək ki, kitabın səhifələrində "Vətən sevgisi", "Qarabağ Azərbaycandır!", "Payız gəldi", "Şəhidlər", "Ana dilimiz" və 35-dən çox musiqi bəstəsi notlarla yer alıb. İkinci Qarabağ müharibəsində ömürlərini Vətənə, xalqa bağışlayan igid oğullara həsr etdiyi "Şəhidimiz gələndə" şeirində "Göylər ona ağladı, Bulud qara bağladı, Durnalar yas saxladı Şəhidimiz gələndə!" deməklə şair yer də, göy də, təbiət də şəhidlərə ağı deyib yas saxladığını bildirir.
"Musiqili dünyam" kitabında, adından da göründüyü kimi, mahnılar sözlərlə bərabər notlarla verilib. İnanırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, bu kitab daha çox musiqiçilərin stolüstü, gündəlik kitabı olacaq. Çünki onun səhifələrində musiqiçilər üçün öyrənməli dəyərli bilik və məlumatlar var. Kitabın daha bir üstünlüyü ondadır ki, bədii və dram əsərlərində düşündürücü fikirlər ilmə-ilmə açıqlanırsa, müəllifin şeirlərində bunlar yığcam, aydın və güclü təsiredici şəkildə verilir. Onu da qeyd edək ki, Nəbi Mülkün sözlərində də, bəstəsində də düşündürücü həzin və şən duyğular geniş yer alır. Bu cür bəstələrin ərsəyə gətirilməsi müəllifindən güclü istedad və musiqi duyumu tələb edir. Bütün bu bədii keyfiyyətlər Nəbi Mülkdə var. Kitabı oxuyub mahnıları dinlədikcə Nəbi Mülkü daha ətraflı öyrənir, yaradıcılığı ilə daha da yaxından tanış oluruq. Çünki hisslərdən, duyğulardan yaranmış musiqi də bədii yaradıcılığın əsas qollarından biridir, sanki onun əkiz qardaşıdır.
Nəbi Mülk dərc etdiyi kitabları ilə oxuculara bol-bol sevinc bəxş edir. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
