Sözün birləşdirdiyi xalqlar, yaxud Özbəkistanda unudulmaz ədəbiyyat günləri - Gülnar QƏMBƏROVA

 

Xalqları bir-birinə yaxınlaşdıran yollar çoxdur. Bəzən bu yollar tarixdən, bəzən ortaq yaddaşdan, bəzən də musiqidən keçir. Ancaq elə bir yol var ki, əsrlər boyu öz əhəmiyyətini itirmir, sərhədləri aşır, müxtəlif coğrafiyalarda yaşayan insanları eyni mənəvi məkanda birləşdirir. Bu, sözün, ədəbiyyatın və kitabın yoludur. Türk xalqlarının əsrlərdən gələn mənəvi birliyini yaşadan, ortaq ədəbi irsini yeni nəsillərə çatdıran VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Özbəkistanın qədim Qarşı şəhərində keçirilməsi də məhz bu həqiqətin növbəti təsdiqi oldu.

2026-cı ilin oktyabrında keçirilən festival Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan şairləri, yazıçıları, alimləri, təhsil və mədəniyyət xadimlərini bir araya gətirdi. Ənənəvi olaraq Azərbaycanda, Bakıda təşkil edilən Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bu dəfə Özbəkistanda keçirilməsi layihənin coğrafiyasının genişlənməsi ilə yanaşı, ortaq ədəbi-mədəni dəyərlərin beynəlxalq miqyasda təbliği baxımından da əlamətdar hadisəyə çevrildi.

Festivalın əsas məramı kitabın və ədəbiyyatın birləşdirici gücünü nümayiş etdirmək, türk xalqlarının zəngin mənəvi irsini tanıtmaq, yaradıcı insanlar arasında canlı ünsiyyəti genişləndirmək və gənc nəslin mütaliəyə marağını artırmaq idi. Müxtəlif ölkələrdən gələn ziyalıların eyni platformada görüşməsi göstərdi ki, ortaq mədəniyyət yalnız keçmişin yadigarı deyil, həm də bu günün və gələcəyin mühüm mənəvi sərvətidir.

Festival çərçivəsində keçirilən müzakirələrdə Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza türk coğrafiyasını birləşdirən mənəvi bağların təməlində ortaq söz və ədəbiyyat xəzinəsinin dayandığını vurğuladı. Türkiyəli yazıçı və şair Mahmut Özkoca isə türk dünyasının yaradıcı insanları arasında canlı əlaqələrin qurulmasının, bu münasibətlərin davamlı və sistemli əməkdaşlığa çevrilməsinin vacibliyini önə çəkdi.

Bu fikirlər festivalın əsas ideyasını aydın ifadə edirdi: xalqların yaxınlaşması üçün yalnız tarixi bağları xatırlamaq kifayət deyil, həmin bağları müasir ədəbi mühitdə yaşatmaq, yeni əsərlərin yaranmasına, tərcüməsinə və yayılmasına şərait yaratmaq lazımdır.

 

Festivalın növbəti mərhələsi qədim tarixi ilə seçilən Qarşı şəhərində davam etdi. Asiya Texnologiyalar Universitetində təşkil olunan tədbirlər burada da geniş maraq doğurdu. Universitetin rektoru Laçın Rəhimov festivalın iştirakçılarını salamlayaraq belə bir beynəlxalq tədbirə ev sahibliyi etməyin əhəmiyyətini vurğuladı. O, gənclərin mənəvi dünyasının zənginləşdirilməsi, kitaba və ədəbiyyata sevginin artırılması baxımından bu cür layihələrin xüsusi rol oynadığını bildirdi.

Özbəkistanda keçirilən ədəbi-mədəni tədbirlərlə yanaşı, Qarşı şəhərində "Özbəkistan-Azərbaycan elmi və mədəni əlaqələri" mövzusunda beynəlxalq elmi konfransın təşkili də xüsusi əhəmiyyət daşıdı. Asiya Texnologiyalar Universitetində keçirilən konfransda iki ölkənin tarixi irsi, milli-mənəvi dəyərləri, ədəbi-mədəni münasibətləri, təhsil və elm sahələrində əməkdaşlıq imkanları müzakirə olundu.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda millət vəkili, filologiya elmlər doktoru, dosent Elnarə Akimovanın rəhbərliyi ilə fəaliyyət göstərən "Uşaq ədəbiyyatı" şöbəsinin bir qrup əməkdaşı-f.ü.f.d., dos. Səadət Bayramova, f.ü.f.d.,dosent Gülnar Qəmbərova, f.ü.f.d.,dosent Ağazadə İlhamə, f.ü.f.d., Aytən Qurbanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rektoru, professor Yusif Əliyev digər iştirakçılar təmsil olunublar.

Konfransın əhəmiyyəti iki xalq arasında mövcud olan dostluq münasibətlərinin elmi müstəvidə inkişaf etdirilməsi, tədqiqatçıların təcrübə mübadiləsi aparması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı idi. Tarix, ədəbiyyat, mədəniyyət və təhsil sahələrini əhatə edən belə görüşlər xalqların ortaq irsinin daha dərindən öyrənilməsinə, elmi əlaqələrin genişlənməsinə və yeni müştərək layihələrin formalaşmasına zəmin yaradır.

Bütün bunlardan başqa Asiya Texnologiyalar Universitetində Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılışı olub. Mərkəzin açılması Azərbaycan və Özbəkistan arasında elmi, ədəbi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, xalqlarımızın qardaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətli hadisədir. Mərkəzin direktoru f.ü.f.d. Aytən Qurbanova çıxışında bildirib ki, bu təşəbbüs ortaq mənəvi dəyərlərimizin yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına və iki ölkə arasında dostluq körpülərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 

Azərbaycan və Özbəkistan arasında əlaqələrin gələcək inkişafı baxımından bu cür görüşlərin davamlı xarakter alması vacibdir. Birgə kitab nəşrləri, qarşılıqlı tərcümələr, tələbə və alim mübadiləsi, ortaq tədqiqatlar, ədəbi müsabiqələr və gənc müəlliflərin iştirak etdiyi layihələr festivalın yaratdığı imkanları daha da genişləndirə bilər.

Bu tədbirlərin əsas nəticəsini yalnız keçirilən görüşlərin və səsləndirilən məruzələrin sayı ilə ölçmək olmaz. Əsl nəticə müxtəlif ölkələrdən gələn insanların bir-birini daha yaxından tanımasında, ortaq irsə yeni baxışların yaranmasında və gələcək əməkdaşlıq üçün yeni əlaqələrin qurulmasındadır.

Azərbaycan və Özbəkistan xalqlarının dostluğu tarixdən gələn mənəvi bağlılıqla yanaşı, bu gün həyata keçirilən elmi, ədəbi və mədəni təşəbbüslərlə də möhkəmlənir. Qarşıda keçirilən festival və konfrans həmin bağlılığın müasir ifadəsi kimi yadda qaldı.

Sərhədlər dəyişə, zaman keçə, nəsillər yenilənə bilər. Ancaq sözün yaratdığı mənəvi körpülər yaşayır. Kitabın səhifələrində, şeirin misralarında, alimlərin araşdırmalarında və gənclərin arzularında yaşamaqda davam edir. Özbəkistanda keçirilən bu tədbirlər də bir daha göstərdi ki, ortaq tarixi yaddaşa, ədəbiyyata və mədəniyyətə söykənən dostluq xalqları gələcəyə aparan ən etibarlı yollardan biridir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!