
Bakı şəhərində yerləşən nüfuzlu Azərbaycan Dillər Universitetindən "Yarımçıq əlyazma" əsərinin ispan dilində nəşri üçün "Ön söz" yazmaq kimi şərəfli tapşırıq alıram. Əsərin müəllifi, həmin Universitetin rektoru Kamal Abdulla parlaq akademik fəaliyyətini özünün ədəbiyyatçı, tarixçi və dərin humanist olduğunu nümayiş etdirən təqdirəlayiq bədii yaradıcılığı ilə ustalıqla birləşdirir.
İlk olaraq etiraf etməliyəm ki, Azərbaycan mənşəli ədəbiyyat haqqında biliklərim yetərli deyil; bu məlumatsızlığıma görə üzr istəməklə yanaşı, hesab edirəm ki, bu hal mənə ədəbi əsərə yanaşmada faydalı olan neytrallıq və heyrətlənmə qabiliyyəti qazandırır. Bununla belə, üç ildən artıqdır ki, Türkiyədə yaşayıram və bu da mənə Osmanlı sivilizasiyasından əvvəlki sosial mühit haqqında ən azı ümumi mədəni təsəvvür verir.
İlk təəccübüm ondadır ki, əsərə verilmiş rəylərdə (icmallarda) roman adı verilir; bu isə mənim fikrimcə, müəllifin irəli sürdüyü yanaşmanın dəyərini azaldır. Kamal Abdullanın əsas nailiyyətlərindən biri janrları ustalıqla birləşdirməsidir: "Yarımçıq əlyazma" sanki elmi xatirə kimi başlayır, müəyyən gərginlik (suspens) ünsürləri əlavə edir və teatr, lirik elementlərin də yer aldığı bir növ bədii təhkiyəyə çevrilir. Müəllif, həmçinin müəyyən intellektual oyunlar qurur: məsələn, zəlzələnin fəsadlarının təsviri kimi görünən mətn əsərin hərəkətverici motivi rolunu oynayır, amma əslində yazının mahiyyətini təşkil edən hadisələri və personajları ehtiva edir, həmçinin eyni hadisələrin ardıcıl personajların dilindən təkrar-təkrar nəql olunması kimi üsullar da yer alır. Mən bunu adi bir roman adlandırmaqdan daha çox, ritmlərin və üslubların uğurlu bir sintezi kimi qiymətləndirərdim; bu sintez nəticədə türk mifologiyasının personaj və məkanlarının yer aldığı bir epopeyaya çevrilir. Bu, bir Ozanın əsəridir; izahlı alt yazı qeydlərindən öyrəndiyimə görə, Ozan Azərbaycan və türk mədəniyyətində ənənəvi xalq mahnılarının şairi, bəstəkarı və ya ifaçısını ifadə edən bir anlayışdır.
Ümumiyyətlə, dünya ədəbiyyatını təşkil edən ənənələrdə bir ortaq cəhət var: hər birində qəhrəmanların igidlik dastanını, vətənə məhəbbəti və poetik nəfəsi özündə birləşdirən bir qurucu mətn - bir epopeya mövcuddur. Şərqdə "Mahabharata" və ya "Şahnamə", Qərbdə Artur silsiləsi və ya "Rolandın nəğməsi" bu qəbildəndir. Mənim İspaniyamda isə cəsarət və şərəfin gücünü misralarla yonan "Mio Sid nəğməsi"ni misal gətirə bilərik. Mən hesab edirəm ki, adı çəkilən bütün bu əsərlərin mövzuları şifahi mənbələrdən - qədim zamanlardan süzülüb gələn rəvayətlərdən, şeirlərdən, nəsihətlərdən qaynaqlanır və zamanla həm fərdi yaddaşda, həm də torpaqla bağları möhkəmləndirən ortaq şüurda qərarlaşır.
Kamal Abdulla açıq-aydın şəkildə indiki Azərbaycan və Türkiyə ərazilərində yaşamış oğuz türklərinin həyat nəfəsini canlandıran "Dədə Qorqud" dastanından ilham alır. Türkmənlərin sələfləri olan Oğuzlar şamanizmdən İslama mənəvi keçid dövründə döyüş bacarıqlarına malik, azad ruhlu xalqlar idilər.
Migel de Servantes Don Kixotun macəralarına daha çox inanc vermək üçün mövcud olmayan Cide Hamete Benengelinin mətninə istinad etdiyi kimi, Kamal Abdulla da "Yarımçıq əlyazma"sını Milli Əlyazmalar İnstitutu ilə bağlı bürokratik macəralarını təsvir etməklə başlayır və bitirir; bununla da hekayənin özəyinə həqiqət çaları qatır. Təxmin edilən A 21/733 nömrəli bir sənəd Azərbaycan ədəbiyyatının ən tanınmış personajlarının iştirakı ilə saysız-hesabsız epizodları ehtiva edir: Bamsı Beyrək, Banu Çiçək, Şirşəmsəddin, Aruz Qoca, Qılbaş və başqaları. Bunlar - döyüşçülərə, şahzadələrə, nüfuz sahiblərinə aid sehrli adlar toplusudur və süjet qəddar Siklopun işğalçı ordusu ilə əməkdaşlıq edən casusu tapmaq üçün aparılan araşdırmalar ətrafında cərəyan edir.
Oğuzları sıxıntı altında saxlayan başçının məhz bu adla çağırılması təsadüfi deyil. Homer əsərlərinin təsiri güclüdür; elə "Odisseya"da olduğu kimi, burada da qəhrəmanlar təkgözlü, adamyeyən ehtiraslara malik bir nəhəngi - ya da o qədər də nəhəng olmayanı məğlub etməlidirlər. "İliada"nın işığı da Guiyan Selyuq ilə Basat arasındakı dostluq kimi səhnələrdə hiss olunur; bu münasibət Axilles və Patroklun dostluğunu xatırladır.
Epik cəhətlərdən kənara çıxaraq, Kamal Abdulla oğuzların gündəlik həyatına dair bir sıra ünsürləri də bizə təqdim edir: yuxulara verilən güc, cəzaların sərtliyi, Xan qarşısında yerinə yetirilməli itaət, qəhrəmanlıqları qarşılığında yetkin adın verilməsi kimi ənənəvi mərasimlərin gözəlliyi, həmçinin hekayənin mərkəzində yer alan Nur Daşında ("dünyanın ən gözəl, ən müdrik daşı") cəmlənən təbiət sevgisi...
"Yarımçıq əlyazma" ilk dəfə 2004-cü ildə nəşr olunmuş və sonradan Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub. Onun ispan dilində ilk nəşri iki ölkə və iki ədəbi ənənə arasında yaxınlaşmanı simvolizə edən mühüm bir hadisədir. Region üzrə Servantes İnstitutunun direktoru kimi mənə bu iki mədəniyyəti bir-birinə yaxınlaşdırmaq missiyası həvalə olunub və "Yarımçıq əlyazma"nı oxumaq mənə Kamal Abdullanın nəqletmə ritmini, geniş biliyini, eləcə də müasir, inkişaf edən Azərbaycanın keçmişini tanımaq imkanı verdi. Ümid edirəm ki, mənim kimi, İspaniya və İberoamerika oxucularının da çoxu "Yarımçıq əlyazma"da ədəbiyyata açılan son dərəcə cəlbedici qapını tapacaqlar. İnşallah!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
