Arzu (cupiditas) insanın mahiyyətidir, insanın öz varlığınıqoruyub saxlamaq səyidir...
Spinoza
Bütün bu ürəkkeçmələrimin nəhayətində hər dəfə müxtəlif dünyalarda oyanırdım. Mən bunu, əziz oxucum, "ürək keçməsi" adlandırıram, çünki buna heç kimin ürəyi tab gətirə bilməz. Bu çox ağır yaşanmışlıqdır. Muzeydəki ən əski eksponat olan kitablarda yazılan eşq adlı məfhum kimi, bütün bu keçidlərim məni fərqli hallara salırdı. Mən heç cür reallığın hansı olduğunu dərk edə bilmirdim. Sanki mənim beynimi aparata qoşub, oradan mənə müxtəlif rəngli siqnallar ötürülərək hansısa təcrübi prosesin parçasına çevirmişdilər. Mən bu yaşanmışlıqları insanlara necə danışa, izah edə bilərdim?! Mənə gülərdilər, dəli adlandırardılar. Ya da hansısa laboratoriyada beynim gerçəkdən də təcrübə prosesinin bir parçasına çevrilərdi. Bəlkə də artıq hansısa paralel dünyada bu baş verirdi. Yoxsa bu yaşadıqlarıma nə ad verə bilərdim?
Gördüklərim real idi. Bütün bunlar görünür mənə mesaj idi. Mən Yer üzünün və fərqli paralel dünyaların yanlış bildiyi bütün gizli elmlərin bilicisinə çevrilirdim. Mənə gizli kodlar açılırdı. Bütün gizliliklər gözlərimin önünə sərilirdi. Bəs mən yazıq bütün bu dünyalarla nə edəcəkdim? İstəmirdim bunu. Sakit həyatımı geri versinlər, kifayət edirdi. Tanrı, kainat, texnologiya, görünməz əl, hər nəysə, nə, kimsə, kim məni nəyə, hara hazırlayırdı belə?! Mən nəyin, kimin, hansı mahiyyətin cavabdehinə çevrilirdim? Bunu istəyirdimmi? Nəticə nə olacaqdı?
Gicgahlarımı ovmağa başladım. Qafatasımın kənarlarındakı oyuqların üzərinə sərilən dərimdən içəriyə ta beynimin cevizvari görüntüyə sahib, sürüşkən nöqtələrinədək dayanılmaz ağrı səpələndi. Mən konsepsiyaları öyrənirdim. Mənə konsepsiyalar öyrədilirdi. İnsanlıq, mutantlıq, robotluq... Titanlıq...
Mənə gizli elmlər, real elmlər, gələcəyin nəzəriyyəsi öyrədilirdi. Mən gələcəyin özü idim. Hər şey məndən başlamışdı. Mənimlə sonlanacaqdı... Bunu dərk edirdim. Gələcəyin əsası, özü, özülü, tanrısı idim. İnsan idim. Bütün bunları sadəcə və sadəcə insan şuuru mənimsəyə bilərdi. Bütün bunları sadəcə insan zəkası həzm və həll edə bilərdi. Qavramaq, hər şeyi qavramaq, bütün hissləri yaşamaq, dərk etmək, yıxılmaq, durmaq, bağırmaq, ağlamaq, susmaq, sevmək, sevişmək, əzilmək, dəli olmaq, ağıllanmaq, başımın əhlət daşına çırpılması, peşmanlıqlar, təcrübələr, səhvlər, doğrular... mən bütövlüyün konseptuallığı idim, insan idim. Gələcəyin tək hakimi. Dəyişən, inkişaf edən, aliləşən, məğlubedilməz ruh...
Getdikcə Tanrılaşan ruh...
Gerçəkdən insan idimmi? Titanlar?
Bəs yasəmənlər? Onlar da insan kimi həssas yaradılış deyildilərmi? Narın, qırılan, ancaq bəşəri... Tanrının ruhunun rayihəsini daşıyırdı yasəmənlər. Mən yasəməni qoxladıqca zehnimdə yeni-yeni dünyalara gedişlərin sirri canlanırdı. Bütün konsepsiyalar nə üçün yasəmən qoxusunda gizlənmişdi. Bunun bütün sirri mərhələlərdə idi. Mərhələ-mərhələ keçməli olduğum mərtəbələr mövcud idi... Mənə hər şey mərhələ-mərhələ öyrədilirdi...
İçimi kədər qapladı. Yağış hələ də davam edirdi. Bu məni çox kədərləndirirdi... Dözülməz ağırlıq ürəyimi aşağıya doğru çəkirdi. Anidən buranı tərk etməli olduğum hissi yarandı beynimdə. Hara getməli idim? İt hürən qaranlıq tərəfə, yoxsa işıq gələn yerə?
Mən çox düşünmədən işıqdan xeyir gəlməz, deyə (baxmayaraq ki, atalarımız "gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdı" deyiblər) qaranlığı seçdim. Elə yenicə addımlamışdım ki, üst-başlarından qığılcımlar səpələnən bir neçə insanabənzər varlığın yanımdan şütüyərək keçdiklərini gördüm. Qığılcımların sıçradığı geyimim deşik-deşik olmuşdu. Elə narahatlığım yenicə keçirdi ki, mən boyda üç qəhvərəngi itin üstümə hücum çəkdiyini gördüm... Dəhşətlə yatağımdan sıçradım... Budur, Van Qoqun "İrises" əsərinə zillənib gözlərim. Etibar içindəyəm. Öz qorxusuz ərazimdəyəm.
Pərdələrimi yavaş-yavaş aralayıram, burnumdan hələ də getməyən yasəmən qoxusu ruhumu riqqətə gətirir. Daxilimdə ağlamaq qarışıq yanğı hissi var. Ürəyim yanır. Sanki qəlbimdə, günbəgün böyüyən səhra daşıyıram. Bu səhrada torpaq cadar-cadardır. Bir qətrə hüzura, suya həsrətəm. Darıxıram, bərk darıxıram. Bu darıxmaq bütün əsəblərimi alt-üst edir. Mən küçədə gedən kiminsə qoltuğuna ilişdirmək istəyirəm özümü, eynilə bir pencəyi asılqana ilişdirmək kimi...
Mən böyük teatrların qarderobunda unudulan tənha palto kimi hiss edirəm özümü (köhnədən belə şeylər var idi, teatrlar, asılqanlar, şərəf, ləyaqət, tənhalıq, eşq)...
İndi süni intellektlərin kəşf etdiyi yeni eynəklərlə fərqli qalaktikada baş verənləri izləyirik. Çəhrayı kürələrdən bütün dünyaya nəzarət edə bilirik. Marağımızda olan hadisəni yaxınlaşdırıb baxa, arzu edərsək içinə daxil ola bilirik. Ancaq inanın ki, insanların çoxu bunu etmir. Monotonluqdan bezir insan, darıxır dünyada. Artıq dünyada robotlar insanlardan daha çox əylənir. Daha gözəl və səmərəli vaxt keçirir. Hətta yaradıcılıqla belə daha çox robotlar məşğul olur. Dünyada yeni-yeni nəzəriyyə kitabları yazılır. Yeni aparatlar icad olunur. Süni ilə orijinalın fərqi ayırd edilə bilmir. Hər kəs bir-birini yola verir. İnsanlar bir-birinin əhəmiyyət kateqoriyasına daxil deyil. Ancaq bəs bütün bunlar belədirsə nə üçün yaşayırıq? Nə üçün yaşamalıyıq...Kim üçün? Qəlbimə toxundum. Sığalladım. Zərif dərimin altından qabarıqcasına barmaqlarıma özünü sürtən sümüklərimin üzərindən... Ürəyimi yoxlamaq istədim. Bu "tik-tak"lar halüsunasiyadırmı? Gerçəkdirmi? Ürəyim hələ də ordadırmı? Daşlaşmaqdan, robotlaşmaqdan, bunlar kimi olmaqdan necə də qorxuram, ilahi...
Anidən Sol üçün darıxdım. Cəld geyinib özümü yağışlı küçələrə vurdum.
Mənə elə gəlirdi ki, Sol da darıxır. O, mənim bu dünyaya bağlana bilməyim üçün vasitə idimi?
Yavaş-yavaş neon rənglərə boyanmış küçələrdə addımladım. Hara üz tutum, bilmirdim. Budur, düz gözlərimin qarşısında işıqlandırılmış Qız qalası ucalır. Qaladan dənizdəki neft şəhəri görünür. Süni intellektlərin köməyi ilə hər gün dərinliklərdən tonlarla neft çıxarılır. İnsan əməyi artıq çox az işdə tətbiq olunur bu ölkədə.
İnsana önəm verən də çox deyil. İnsanlar evlərində süni intellektin əməyindən istifadə edir kimi görünsələr də, əslində getdikcə robotvari təfəkkür yayılır.
Bu, bir növü tanrılarla titanların savaşı kimidir yaradıcılarla robotların arasındakılar. Xatırlayıram, bir dəfə bu barədə oxumuşdum.
O zamanlar qalaktikada tanrılar və titanlar yaşayırmışlar. Bu, kainatın "platin erası" adlanırmış. Bu dönəmlərdə bir çox münasibətlər öz nirvanasını yaşayırmış. Ən ali duyğularla yanaşı, ən tükürpədici cinayətlər bu zamanlar baş veribmiş. Heç nədə minimalizm qəbul etməyən bir çağın canlıları imiş onlar. Nəhənglərin sevgisi də, nifrəti də nəhəng olur...
Hekate o çağda yaşayan varlıqların ən gözəli sayılırmış. Magiyanın və ruhların tanrıçası idi o. Hər dolunayda bütün tanrılar və titanlar ona sitayiş edərlərmiş. Ay bəhanə imiş, əslində bütün cinslər Hekateyə pərəstiş edirlərmiş. Hekate isə bütün bu cazibədarlığı ilə heç kimə yaxın getmir, bütün gününü tək keçirirmiş.
O çağda hər ulusun öz tanrıları varmış. Hekate bütün tanrılığın və titanlığın arzuladığı tanrıça idi, ancaq bu o demək deyildi ki, bütün arzuların təməlində büllurvari hisslər dayanır. Eşq və nifrətin arasında incə bir cizgi var. Hər zaman bir-birinə keçid edə bilərlər.
Tanrıçaya duyulan qarşılıqsız duyğular getdikcə bütün varlıqların ona nifrət duymasına səbəb olmuşdu. Hər yaradılış öz təfəkküründə, öz dilində onu qınayırmış. Kimsə onun nə düşündüyünün fərqində deyilmiş. Hekatenin Şeytana aşiq olduğunu söyləyənlər belə varmış.
Hekate isə bütün bunlara fikir vermirdi, onun üçün tək reallıq var idi: bütün müqəddəs kitabları mənimsəmək... Kainatın gizli açarlarını tapmaq. Bütün batin aləmlərin sirlərinə bələd olmaq. Hekate bütün gününü təbiət ananın qollarında, meşənin dərinliklərində keçirirmiş.
İnanmırsansa, əziz oxucum, Qaiadan soruş. Qaia hər şeyi görürdü. Axı Qaia torpağın varlığı idi. Hətta Qaia dəfələrlə Odun varlığı Azərlə bunu müzakirə etmişdi. Onlar Hekateyə heyran idilər. Hekatedən danışmaq onlar üçün ən maraqlı əyləncə idi. Hekate bundan xəbərsiz idimi?
Əlbəttə ki, yox. Bir növü o, bəlkə də özünü daha güvəndə hiss edirdi.
Bəzən, əziz oxucum, bütün diqqətlər üzərimizdə olsa belə bizlər necə də tək olduğumuzun fərqinə varırıq. Bu hissi dərk etmək ağılasığmaz bir kədəri səpmirmi qəlbimizə?
Bütün hisslərin əks-sədası ilk olaraq ürəkdə hiss edilmirmi? Belə anlarda sanki ürək öz dəmir barmaqları ilə bizi ruhumuz bədənimizi tərk edənədək boğmurmu?
Bax, əziz oxucum, bu yalnızlıqdır.
Hekate qızılı şamı yandırıb kötüyün üzərinə qoydu. Uzun əlbisəsinin cibindən çıxarığı bıçaqla sol biləyini azca çırtdı. Sol bilək vacib idi. Birbaşa ürək tərəfdən olmalı idi. Ritualın əgər məqsədi mənəvi mövzular idisə sol bilək önəmli idi. Hekatenin qanı qızılı şamın üzərinə damcılamağa başladı. Şamın işığı sönmək yerinə daha da gurlaşdı. Sanki bu şam onun qanı ilə qidalanırdı.
Hekate yüksək səslə kimisə çağırmağa başladı, şamın alovu getdikcə çoxalırdı. Bir anda uzun, bəmbəyaz, boz çalarlı tüklü nəhəng bir qurd göründü...
Qurd alovlu gözlərini düz gözlərimə zillədi. İrkildim. Hekate başını kolluğa tərəf çevirdi. Arxaya sıçradım. Başım qocaman palıdın gövdəsinə çırpıldı...
Mən oyananda gecə düşmüşdü. Tez meşəyə tərəf boylandım. Heç kim yox idi. Dərin səssizliyə qərq olan meşədən arabir qurd ulartısı gəlirdi.
Bütün dünyalar bir anda iç-içə keçmişdi. Az qala yaşamağa vaxtım qalmamışdı. Yaşamağı çatdıra bilmirdim.
Mən axırıncı dəfə evimdə idim. Xatırlayıram. Ancaq bura necə oldu ki, gəlib çıxdım? Bunların hansı yuxu idi? Evimdə olanlar, Solu axtarmağım, yoxsa Hekate?
Ağlımı qaçırıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
