Novruz Nəcəfoğlunun "Ay tutulan gecənin səhəri" kitabı haqda düşüncələrim
Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Qanun" nəşriyyatı tərəfindən təzəcə çapdan çıxan (2026) "Ay tutulan gecənin səhəri" kitabında eyniadlı povesti yer alıb. Postmodernizm ədəbi cərəyanına uyğun son illər nəsrimizdə dəbdə olan "fikir axını" üslubunda qələmə alınan bu povesti "Yaddaş haqqında ballada" da adlandırmaq olar.
Bəzən qəmli-kədərli, o qəmi-kədəri əlbəəl də üzü güldürən, oxucunu bu gündən, xatirələrin uzaq-uzaq illərinə aparan, bu günü dünənə, dünəni bu günə qovuşduran bir ballada...
Ay tutulan gecənin səhəri baba ilə nəvələri arasındakı maraqlı söhbətlər, dialoqlar sanki müəllifin yaddaşını oyadır, beləcə fikir axınında ötən günlər, yada düşən əhvalatlar fonunda yazıçı həm də bir-birindən maraqlı insan obrazları qalereyası yaradır. Povestdəki hadisələrin başlanğıc məkanının coğrafi ərazisi tez-tez dəyişib yenilənir.
Qədimdən-qədim Şabran, dağlar qoynundakı Lerik, Bərdə, Goranboy, daha sonra haralar-haralar, hətta Şimali Qafqaz…
Sadə təhkiyə yolu ilə, postmodernizm ədəbi cərəyanına uyğun olan süni axın üslubunda qələmə alınan bu əsər tanınmış yazıçı-publisistin yeni yaradıcılıq uğurudur.
Müdriklərdən birinin xəbərdarlığıdır: "Keçmişini unutsan, gələcək səni topa tutar."

Novruz Nəcəfoğlunun nəsrində bəzən ardıcıl olaraq ötənləri yada salmaq yazıçının təkcə nostalji hissələrinin, duyğularının ifadəsi deyil, məncə.
Bu xatırlamalar, keçmişdə qalmış əhvalatları, olayları bəzən təfərrüatı ilə nəql etmə onun təsvir etdiyi obrazın bütövlüyünə xidmət edir. "Ay tutulan gecənin səhəri" povestində də belə məqamlar yetərincədir.
Yazıçı artıq neçə ildən bəri məsul dövlət qulluğunda çalışdığı, özünə doğma bildiyi "qədimdən-qədim bu şəhərdə" hər gün işə gedib işdən qayıdanacan rastlaşdığı, salam verib salam aldığı, bəziləri ilə ayaqüstü də olsa hal-əhval tutduğu, istər yeniyetmə olsun, istərsə də yaşlı-cavan - neçə-neçə adi, sadə, sıravi şəhər sakinlərinin obrazını səmimiyyətlə yaradıb.
Povest günlərin bir xoş günü, Ay tutulan gecənin səhəri babanın nəvələrinə qəfil bir təklifi ilə başlayır. Qeyri-adi təklif - hər üçü Ay tutulan gecənin bu səhərinin təəssüratlarını qələmə almaq!
Demə, "Ay tutulmasının tarixi təxminən eramızdan min il bundan əvvəldən, min əllinci ildən hesablanır. İlk dəfə bu hadisə Çində qeydə alınıb.
...XXI əsrin ən uzun Ay tutulması isə 2010-cu ildə Cənubu Asiyada və Afrikada müşahidə edilib; nə az, nə çox, düz on bir dəqiqə!"
Babanın bu maraqlı məlumatından sonra nəvənin də daha bir maraqlı informasiyası: "Ay Qalaktikada bizə, yerə ən yaxın planetdir."
"Ayın tutulub batdığı o gecənin ertəsi günü nəvələrim Nəcəf və Bəhruzla belə şərtləşdik ki, bugünkü təəssüratları vərəqlərə köçürək."
İstər dünya, istər öz milli ədəbiyyatımızda, istər klassik, istərsə də müasir ədəbiyyatda əzəli və əbədi mövzulardan biri - "Atalar və oğullar"...
Novruz Nəcəfoğlunun bu povestində isə "Atalar və oğullar" problemi yoxdur. "Dövlətdə dəvə, övladda nəvə..." şirinliyindən ləzzət alan baba sevincinin, fərəhinin qismətini yaşayan yazıçının elə o nəvələrinə xitabı ilə neçə-neçə çocuq səsini eşidir oxucu.
Sonra da: "Balacalar hələ yatıb yuxularını doyunca almamış bir ədəbi cərəyan kimi "dəbdə" olan "şüur axını" üslubunda indi nəql edəcəklərini qələmə almağı qət etdim".
Müəllifin səmimi etirafı; "Özümü ürəyimi boşaltmağa hazır edəndə masa arxasına keçirəm."
Beləcə "özünü yazmağa hazır edən" yazıçı öz təhkiyəsinə başlayır.
Povestin süjet xətti sadədir: Ay tutulub batan gecənin də açılan səhərinin təəssüratları. Və yazıçı masa arxasına keçib o təəssüratları qələmə alanacan ötənlərin-keçənlərin yadda qalan, hələ də unudulmayan bir-birindən maraqlı xatirələri, bu xatirələr fonunda neçə-neçə insan obrazları.
Povest belə "fikir axını" ilə başlayır.
Əvvəlcə "qədim şəhərdə" - doğma, isti bir ocaqdan başlayan ərazi, məkan - coğrafi dairə səhifə-səhifə genişlənir, keçmişlə zamanın bu günü qovuşur, ayrı-ayrı fərdləri, insanlarla yazıçı "görüşdürür"...
Yazıçı bu gündən dünənə boylanır və beləcə povestdə yeni-yeni, bir-birindən maraqlı obrazlar "peyda" olur.
Povestdə səhifədən-səhifəyə hadisələrin cərəyan etdiyi təfərrüatların yerləri, məkanı da dəyişir.
"Qədimdən-qədim bu şəhərdən" - tarixlər şahidi uludan ulu Çıraqqalanın işığında yurd-yuva salan, binə bölgə bağlamış, bir vaxt Xaqaninin həbsdə olduğu, öz məşhur "Həbsiyyə"sini nəzmə çəkdiyi Şabrandan dağlar qoynundakı Yardımlıya, Lerikə, arandakı Bərdəyə, Goranboya, hətta doğma coğrafi məkanımız Azərbaycandan uzaqlara - Şimali Qafqazdakı sanatoriyalardan birinəcən genişlənir.
Yazıçı povestin bu səhifələrində dini-mənəvi dəyərlərimizi ehtiramla yada salıb yaddaşımızı oyadır, keçmişimizə, kökümüzə hörməti, bağlılığı xatırladır.
Yazıçı təxəyyülünün həssaslığı, kövrəkliyi!
"Əslində, elə insanların özləri də içləri dolu bir nəğmədir. Pıçıldadıqları da ən çox könül nəğmələridir. Könül nəğmələri onların arzularıdır, bəlkə də. Quşların da öz nəğmələri var, hətta bulaqların, çiçəklərin, sal qayaların da... Arzularımız bizi yaşatdığı kimi, nəğmələri yaşadır quşları, bulaqları, çiçəkləri, qayaları..."
Sonra da yazıçı-rəssamın bir tablosu: "Bulaqların su şırıltısı, çiçəklərin kəpənək tozu, qayaların rüzgar telləməsi... İnsanların bir baxış gözəlləşməsi, bir könül haraylaması isə bütün nəğmələrdən daha gözəl və doyumludur."
Novruz Nəcəfoğlunun nəsri haqqında hələ neçə il bundan qabaq yazıb çap etdirdiyim essemdəki adi bir xatırlatma yadıma düşür: dönə-dönə yanlarından ötüb keçdiyimiz, rastlaşdığımız, bəzən hətta gözlərimiz gözlərinə sataşsa da, yazıçının qələm alıb bizə nəql etdiklərindən, necə deyərlər, "təqdimat"ından sonra tanımışıq...
Yazıçının həssaslığına, qəlbigenişliyinə, xeyirxahlığına, mərhəmətinə alqışlar deyə-deyə həm də nasir qələminə bir oxucu kimi heyran da qalmışıq.
Rusdilli tanınmış mərhum şair və tərcüməçi, yazıçı Səyavuş Məmmədzadə hələ 2015-ci ildə Novruz Nəcəfoğlunun "Mütərcim" nəşriyyatında rus dilində çapdan çıxan "Çarəzsiz yolçu" adlı povest və hekayələr kitabına (redaktor professor Telman Vəlixanlı) yazdığı "Ruh yaddaşımızın himayədarı" adlı səmimi bir Ön sözdə yazıçının yaradıcılığına xas bu xüsusiyyətləri məxsusi olaraq vurğuladığı kimi, ictimai və xidməti bioqrafiyası Novruz müəllimə gördüklərini, rastlaşdıqlarını bədii şəkildə ifadə etmək üçün zəngin həyat materialı verib...
Onun nəsrində kəndə qan doğmalığı, dərin məhəbbət, o torpağın sadə, zəhmətkeş adamlarına hörmət ana xətlə keçir. "Ay tutulan gecənin səhəri" povestini oxuyanlar bunun bir daha şahidi olarlar.
Povestdə yazıçının Ayla bağlı düşüncələri, fikir dərinliyi, duyğuları diqqətçəkəndir. Yazıçı aydın gecələrdə gördüyümüz Ayı sanki bir obraz kimi yaradır. Özünün gördüyü, yalnız, özünə həmdəm, özünə doğma bir Ayı!..
"Ayı yerin peyki kimi görmürdüm. Ay mənim üçün gecənin qara köynəyindəki almaz sancağı idi. Ay mənim üçün dünyanın bütün gizəmli eşqlərinə şahid çəkilən bir təbiət tanrısal ilahə idi. Nə qədər eşqə şahid olmuşdusa da, o qədər göz yaşına və ağrılara, ağrılardan doğan ahlara, dualara şahidlik etmişdi, bəlkə də şahidliyinə sevinirmiş, ikinci şahidliyinə ağrımışdı o da. Ay mənim üçün analı yuxum idi, bəlkə də..."
Bir oxucu kimi kitab haqqında son qənaətim: "Ay tutulan gecənin səhəri" povesti qələm dostum Novruz Nəcəfoğlunun yeni yaradıcılıq uğurudur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
