Cavad Heyətin "Mən və Atam. Xatirələr" kitabı: Bir ömrün salnaməsi - Lamiyə RƏHİMOVA

 

Azərbaycan xalqının elm, mədəniyyət və ictimai fikir tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri görkəmli cərrah-alim, publisist, türkoloq və ictimai xadim Cavad Heyətdir. O, təkcə tibb sahəsində qazandığı beynəlxalq uğurlarla deyil, həm də Azərbaycan dili, ədəbiyyatı, milli-mədəni irsin qorunması və türkologiyanın inkişafı istiqamətində göstərdiyi çoxşaxəli fəaliyyəti ilə XX əsr Azərbaycan ziyalılarının ən görkəmli nümayəndələrindən biri kimi tanınır. Bu baxımdan onun zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti həm elmi, həm də ictimai baxımdan araşdırılması zəruri olan dəyərli irs təşkil edir.

Müəllifin həyat və fəaliyyətini əks etdirən "Mən və Atam. Xatirələr" əsəri yalnız şəxsi xatirələrin qələmə alındığı memuar deyil, eyni zamanda XX əsrdə Güney Azərbaycanda baş verən ictimai-siyasi prosesləri, milli-mədəni mübarizəni, ziyalı mövqeyini və bir insanın mənəvi formalaşma yolunu əks etdirən qiymətli sənədli-bədii mənbədir.

Kitab müəllifin keçdiyi həyat yolunu ardıcıl şəkildə izləməyə imkan verməklə yanaşı, onun mənəvi dünyasını, dünyagörüşünü və formalaşmasına təsir göstərən amilləri də aydın şəkildə ortaya qoyur. Xüsusilə, ailə tərbiyəsi, elmə bağlılıq, vətən sevgisi, milli kimlik, ziyalı məsuliyyəti və cəmiyyətə xidmət kimi dəyərlər əsərin ideya xəttini təşkil edir.

Əsərin kompozisiyası müəllifin həyat yolunun mərhələlərinə uyğun şəkildə qurulmuş, hadisələr uşaqlıq illərindən başlayaraq təhsil, elmi fəaliyyət və ictimai mübarizə fonunda xronoloji ardıcıllıqla təqdim edilmişdir. Müəllif hadisələri təkcə fakt kimi təqdim etmir, onları şəxsi düşüncə və mülahizələri ilə əlaqələndirərək səbəb-nəticə münasibətlərini təhlil edir. Bu xüsusiyyət memuarın həm bədii təsirini, həm də sənədli dəyərini artırır.

Memuar janrının əsas xüsusiyyəti müəllifin hadisələrin bilavasitə iştirakçısı olmasıdır. Cavad Heyətin xatirələri də məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. O, yaşadığı hadisələri emosional şəkildə təsvir etsə də, onlara elmi təfəkkürlə yanaşır. Şəxsi taleyin milli taleyə qovuşması, fərdi yaddaşın kollektiv yaddaşa çevrilməsi müəllifin zəngin həyat təcrübəsini və müşahidə qabiliyyətini nümayiş etdirir.

"Mən və Atam. Xatirələr" kitabının əsas mövzusu müəllifin ailə həyatı, xüsusilə, atası Mirzə Əli Heyətin şəxsiyyəti və onun Cavad Heyətin həyatında oynadığı roldur. Cavad Heyət dəfələrlə vurğulayır ki, onun elmə, təhsilə və xalqa xidmətə bağlılığının təməlində atasının verdiyi tərbiyə dayanır: "Atam müstəsna bir insan idi. O, olduqca xoşxasiyyət və eyni zamanda mətin, ağıllı və məntiq sahibi idi. Fövqəladə cazibəyə malik idi. Biz hamımız onunla hesablaşırdıq və ondan çəkinirdik. Eyni zamanda onu hədsiz dərəcədə sevirdik. O bizim üçün düzlük, elm və iman, şəxsiyyət və əxlaq etalonu idi."

Mirzə Əli Heyət əsərdə yalnız ailə başçısı deyil, vicdanın, dürüstlüyün, elmə bağlılığın və yüksək mənəviyyatın rəmzi kimi təqdim olunur. Ata-oğul münasibətləri ailədaxili hisslərlə məhdudlaşmır, milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsini də ifadə edir.

 

Müəllifin həyat yolu göstərir ki, o, yalnız peşəkar cərrah kimi deyil, həm də elmin müxtəlif sahələrində dərin iz qoymuş ziyalı kimi fəaliyyət göstərmişdir. Cavad Heyət İranda ilk uğurlu açıq ürək əməliyyatını həyata keçirən cərrahlardan biri kimi ölkənin tibb tarixində mühüm yer tutur. O, eksperimental cərrahlığın inkişafı, böyrəkköçürmə əməliyyatlarının tətbiqi və müasir cərrahiyyə metodlarının təkmilləşdirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir.

Onun tibbdə qazandığı uğurlar Azərbaycan ziyalısının beynəlxalq elmi nüfuzunun göstəricisi kimi dəyərləndirilə bilər. Eyni zamanda, müəllif elmi fəaliyyəti şəxsi karyera vasitəsi deyil, xalqa xidmət missiyası kimi qiymətləndirir. Müxtəlif ölkələrdə aldığı təhsil və qazandığı təcrübə onun dünyagörüşünü zənginləşdirmiş, milli kimliyinə bağlılığını daha da möhkəmləndirmişdir.

Cavad Heyətin fəaliyyəti yalnız tibb sahəsi ilə məhdudlaşmır. O, türk dili, ədəbiyyatı, folkloru və Azərbaycan mədəniyyəti ilə bağlı dəyərli araşdırmalar aparmış, müxtəlif ölkələrin nüfuzlu elmi nəşrlərində məqalələr dərc etdirmişdir. Müəllifə görə, elm insanın peşəkar inkişafını təmin etdiyi kimi, ədəbiyyat da onun mənəvi dünyasını zənginləşdirir. Bu baxımdan kitabda yer alan "Ədəbiyyat ruhun qidasıdır" fikri onun dünyagörüşünün əsas ifadələrindən biri kimi diqqəti cəlb edir.

Əsərdə geniş yer alan mövzulardan biri də "Varlıq" jurnalının fəaliyyətidir. İran İslam İnqilabından sonra ana dilində nəşrə müəyyən imkanlar yarandıqda Cavad Heyət bu jurnalı təsis etmişdir. Qısa müddətdə jurnal Güney Azərbaycanda milli düşüncənin, Azərbaycan türkcəsinin və elmi fikrin inkişafında mühüm rol oynamışdır.

Cavad Heyətin türkologiya sahəsində apardığı tədqiqatlar təkcə Azərbaycan elmi mühitində deyil, Türkiyə, İran və digər türk dövlətlərində də maraqla qarşılanmış, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Cavad Heyətin türkologiya sahəsindəki fəaliyyəti elmi araşdırma ilə milli-mədəni məsuliyyətin vəhdətini nümayiş etdirən dəyərli nümunə kimi qiymətləndirilə bilər.

"Mən və Atam. Xatirələr" əsərinin mühüm cəhətlərindən biri onun tarixi mənbə xarakteri daşımasıdır. Kitabda müəllifin yaşadığı dövrün ictimai-siyasi hadisələri, İran və Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər, milli məsələlər və müxtəlif tarixi şəxsiyyətlərlə bağlı xatirələr geniş əks olunmuşdur. Oxucu müəllifin şəxsi həyat yolu ilə yanaşı, dövrün siyasi atmosferi və xüsusilə Güney Azərbaycanda ana dili və milli kimlik uğrunda mübarizə haqqında da dolğun təsəvvür əldə edir. Müəllif əsərində Qarabağ müharibəsinə də xüsusi yer ayırmış, bu faciəli hadisələri təkcə tarixi fakt kimi deyil, həm də milli yaddaşın ağrılı bir parçası kimi dəyərləndirmişdir. Qarabağ məsələsinə münasibətdə Cavad Heyətin vətəndaş mövqeyi, milli həmrəylik hissi və Vətənə bağlılığı aydın şəkildə özünü göstərir. O, işğal nəticəsində doğma yurdlarından didərgin düşən insanların taleyini dərin təəssüf hissi ilə təsvir edir, müharibənin Azərbaycan xalqına vurduğu mənəvi və maddi zərbələri şəxsi müşahidələri və yaşantıları fonunda təqdim edir. Müəllifin hadisələrə yanaşması emosional xarakter daşısa da, o, baş verənləri tarixi reallıqlar kontekstində qiymətləndirir və milli yaddaşın qorunmasının vacibliyini ön plana çəkir. Bu baxımdan Qarabağla bağlı xatirələr əsərin yalnız tarixi-siyasi məzmununu zənginləşdirmir, həm də müəllifin vətəndaşlıq mövqeyini, milli kimliyə bağlılığını və xalqının taleyinə biganə qalmayan ziyalı obrazını dolğun şəkildə əks etdirir.

Cavad Heyət yalnız görkəmli alim deyil, həm də milli məsələlərə həssas yanaşan vətəndaş obrazında çıxış edir.

"Mən və Atam. Xatirələr" əsərini yalnız müəllifin şəxsi həyatını əks etdirən xatirələr toplusu kimi dəyərləndirmək doğru olmaz. Kitab fərdi həyat təcrübəsi fonunda ailə dəyərləri, valideyn tərbiyəsi, elmə bağlılıq, zəhmətsevərlik, vətənpərvərlik, milli kimlik və mənəvi məsuliyyət kimi ümumbəşəri və milli dəyərləri ön plana çıxarır. Müəllif öz həyat yolunu və qazandığı uğurları məhz ailədən aldığı tərbiyə, zəhmətsevərlik və elmə sadiqliklə əlaqələndirərək, bu dəyərlərin insan şəxsiyyətinin formalaşmasındakı rolunu aydın şəkildə nümayiş etdirir. Əsərdə təqdim olunan həyat hadisələri və müəllifin şəxsi müşahidələri oxucunu mənəvi dəyərlər üzərində düşünməyə sövq edir, xüsusilə gənc nəslin milli-mənəvi ruhda formalaşması baxımından mühüm tərbiyəvi əhəmiyyət daşıyır.  Müəllif mürəkkəb ictimai və tarixi hadisələri oxucu üçün anlaşıqlı üslubda təqdim edir.

Əsərin tərtibçisi Aysel Acalova mətnin orijinallığını və Cənubi Azərbaycan dil xüsusiyyətlərini mümkün qədər qorumağa çalışmışdır ki, bu da kitabın etnoqrafik və dilçilik baxımından əhəmiyyətini artırır.

Əsər gənc nəsildə milli kimlik, vətənpərvərlik, elmə bağlılıq və ailə dəyərlərinin formalaşmasına töhfə verən mühüm mənbələrdən biridir. Müəllif öz həyat nümunəsi ilə göstərir ki, insanın əsl böyüklüyü tutduğu vəzifədə deyil, cəmiyyət qarşısında daşıdığı mənəvi məsuliyyətdədir.

Nəticə etibarilə, "Mən və Atam. Xatirələr" yalnız görkəmli alim Cavad Heyətin həyat hekayəsi deyil, həm də XX əsrdə Azərbaycan türklərinin milli-mənəvi mübarizəsini, elmə və maarifçiliyə bağlılığını əks etdirən qiymətli memuar əsəridir.

Kitabın ərsəyə gəlməsində nəşr heyətinin hər bir üzvünün əməyi xüsusi qeyd edilməlidir. Nəşrin elmi məsləhətçisi akademik, millət vəkili Rafael Hüseynov olmuşdur. Onun elmi məsləhətləri əsərin hazırlanması prosesində nəşrin elmi səviyyəsinin yüksəldilməsinə və məzmununun daha dolğun şəkildə təqdim olunmasına mühüm töhfə vermişdir.

Əsərin redaktəsi və tərtibi Aysel Acalova tərəfindən həyata keçirilmişdir. Redaktor və tərtibçi kimi o, kitabın materiallarını sistemləşdirmiş, memuarın kompozisiya bütövlüyünü qorumuş və oxucuya ardıcıl, dolğun mətn təqdim etmişdir. Müəllifin həyat və fəaliyyətini əks etdirən materialların məqsədyönlü şəkildə seçilməsi və vahid konsepsiya əsasında təqdim olunması nəşrin elmi və estetik dəyərini daha da artırmışdır.

Əsərin Azərbaycan oxucusuna yüksək səviyyədə təqdim olunmasında tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun xidmətləri xüsusilə qeyd edilməlidir. Tərcümə prosesi yalnız mətnin fars dilindən Azərbaycan dilinə çevrilməsi ilə məhdudlaşmamış, müəllifin fərdi üslubu, düşüncə tərzi, xatirələrinin səmimiliyi və emosional çalarları da böyük həssaslıqla qorunmuşdur. Memuar janrının xüsusiyyətlərini nəzərə alan tərcüməçi əsərin ideya-məzmununu və müəllifin baxışlarını orijinal mətnin ruhuna uyğun şəkildə Azərbaycan oxucusuna çatdırmağa nail olmuşdur.

Kitabın korrektə işləri Jalə Rüstəmova tərəfindən həyata keçirilmişdir. Onun peşəkar fəaliyyəti nəşrin dil, üslub və orfoqrafiya baxımından yüksək səviyyədə hazırlanmasını təmin etmiş, mətnin oxunaqlılığını və nəşr keyfiyyətini artırmışdır.

Əsərin nəşrə hazırlanması və işıq üzü görməsi prosesində göstərilən mənəvi və maddi dəstəyi də burada qeyd etmək istərdim. Cavad Heyətin mənəvi oğlu kimi tanınan Baxşəli Zülfinin maddi dəstəyi nəticəsində bu dəyərli memuarın Azərbaycan oxucusuna təqdim olunması mümkün olmuşdur. Bu təşəbbüs yalnız bir kitabın nəşrinə verilən dəstək kimi deyil, həm də görkəmli alimin zəngin elmi, ədəbi və mənəvi irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına və təbliğinə yönəlmiş mühüm mədəni xidmət kimi dəyərləndirilə bilər. Belə təşəbbüslər milli-mədəni irsin yaşadılması, görkəmli ziyalıların həyat və fəaliyyətinin geniş oxucu auditoriyasına tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Mən və Atam. Xatirələr" əsəri müəllifin ideya-bədii məzmununu, tarixi gerçəkliklərini və mənəvi dünyasını qoruyub saxlayan, elmi və bədii baxımdan sanballı bir nəşr kimi Azərbaycan oxucusuna təqdim olunmuşdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!