Jalə Əliyevanın təbriki - ANAR - 80

Deyirlər ki, bir insanın formalaşmasında ədəbiyyatın rolu böyükdür. Buna şübhəmiz yoxdur. Yüzdə-yüz doğrudur.

Mən "Ağ liman"ın ağappaq dalğalarında böyümüşəm, "Macal"da sevdiklərin üçün zamanında macal tapmağın anlamına varmışam, "Dantenin yubileyi"ndə Kəbirlinskiyə həm gülmüşəm, həm üzülmüşəm, "Yaxşı padşahın nağılı"nda həqiqi yaxşı padşah axtarmışam, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə yüksələn və sonra heç vaxt olmayan bir mərtəbədə bir anda yox olan Təhminənin dünyanı yalnız beşmrətəbə hüdudunda dərk edənlər tərəfindən heç bir zaman anlaşılmayacaq böyük kədərinə ağlamışam, "Gürcü familiyası"nda uşaqlığımı axtarmışam, "Adamın adamı"nda adamsız adam olmağın istehzasını dadmışam, "Anlamaq dərdi"nin nə qədər ağrılı olduğunu anlamışam...

Onun haqqında söz demək, ondan danışmaq, onu təhlil etmək o qədər də asan iş deyil. Haqqında ən böyük sözü elə özü öz əsərləriylə deyib, ən uca abidəsini elə öz qələmiylə yüksəldib, ən ali nüfuzunu elə öz əməliylə qazanıb məncə, Anar. Yazdıqları onun özüdür. Etdikləri onun özüdür.

O - Anardır! Heç kim və heç nə sadəcə iki kəlmədən ibarət olan bu cümlənin gücünü azaltmaq imkanında deyil. Heç kim və heç nə iki kəlmədən ibarət olan bu cümlənin arxasında dayanan həqiqəti danmaq iqtidarında deyil.

Adınızı yaşıdım kimi, eləcə müəllimsiz-filansız yazdığım üçün məni hörmətsizlikdə qınamayın. Əslində siz mənim üçün ən böyük ustadsınız. Sadəcə olaraq, uşaqlığımdan bu adı eləcə Anar olaraq eşitməyə alışmışam. Yaşıdlarınız da sizi belə çağırıb, sizdən sonrakı nəsil də, mənim nəslim də, məndən kiçiklər də. Və heç bir zaman "hansı Anar" sualına ehtiyac duyulmadığını görmüşəm. Tək Anar, təkcə Anar, yeganə Anar olaraq qəbul etmişik sizi. Hər varlığı anan və hər dərdə yanan Anar!

80-ci doğum gününüz qutlu olsun!

Jalə Əliyeva
filologiya elmləri doktoru, professor,
Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!