Stolüstü kitab hesab edilən mənbələr çox vaxt əl altında olur və bu cür kitablara mütəxəssislər, tədqiqatçılar lazım gəldikcə vaxtaşırı müraciət etməklə araşdırıb üzə çıxarmaq istədikləri hansısa tədqiqat faktını dəqiqləşdirməyə nail olurlar. Azərbaycan şərqşünaslarının, filoloqlarının, ümumiyyətlə humanitar və ictimai elm sahəsi nümayəndələrinin son 50-60 il ərzində daim faydalandığı belə ən vacib, mötəbər stolüstü kitablardan biri də "Ərəb və fars sözləri lüğəti" olmuşdur. Bu lüğət indiyədək dəfələrlə nəşr olunmuş və hər dəfə də yeni-yeni sözlərlə daha da zənginləşdirilmişdir.
"Elm" nəşriyyatında yenicə çap olunan "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti" sözügedən mənbənin artıq 6-cı nəşridir (Bakı, Elm, 2026, - 704 s.). Lüğət akademik Teymur Kərimlinin redaktəsi, Bəhruz Abdullayev, Mirzə Əsgərli, Həsən Zərinəzadə, İsmayıl Məmmədlinin vaxtilə hazırladıqları tərtibatla, əlyazmaşünas tədqiqatçı alim Əkrəm Bağırov tərəfindən isə yenidən təkmilləşdirilməklə nəşr olunmuşdur.
Yeni nəşri təkmilləşdirən, neçə illər birgə bir kollektivdə çalışdığım, hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tanınmış tədqiqatçı alim Ə.Bağırovun nəşr olunan lüğətin bir nüsxəsini bu yaxınlarda mənə təqdim etməsi çox gözəl bir hədiyyə oldu. Kitab filologiya, şərqşünaslıq, jurnalistika fakültələrinin tələbələri, müəllimlər üçün nəzərdə tutulmaqla bərabər, tədqiqatçılar, xüsusilə əlyazmaçı mütəxəssislər üçün qədim əlyazma mətnlərini araşdırmaqda olduqca gərəkli bir mənbədir. Bundan əvvəl daim əlimin altında olan, demək olar ki, qırx ilə yaxın hər gün istifadə etdiyim həmin lüğətin 1985-ci il nəşri kağızının keyfiyyətsizliyindən və uzun illər istifadə olunduğundan artıq yararsız bir şəklə düşmüşdü. Ə.Bağırovun yeni nəşrdən bir nüsxəni bağışlaması mənim üçün çox qiymətli hədiyyə olduğunu deyə bilərəm.
Bu yerdə qədim əlyazma mənbələrinin araşdırıcısı kimi əlyazma kitabı tarixindən kitab bağışlanması ilə bağlı bir maraqlı hadisəni xatırlatmağım yerinə düşər. Tarixdən bildiyimiz kimi, orta yüzilliklərdə hökmdarların bir-birinə, bundan başqa, ölkəyə gələn xarici rəsmi qonaqlara, diplomatlara, səyyahlara məşhur xəttatların köçürdüyü, rəssamların miniatürlər çəkib bədii tərtibat verdiyi nəfis əlyazma kitablarını hədiyyə etmək ənənəsi də olmuşdur. XVII yüzillikdə Buxara xanı Əbdüləziz xan Səfəvi hökmdarı Süleyman şaha (1666-1694) göndərdiyi daş-qaş, müxtəlif parçalar, atlar, şahinlər, şunqarlar və dəvələrlə birlikdə dövrün görkəmli xəttatı Xacə Yadigarın nəfis şəkildə üzünü köçürdüyü Hafizin divanını da göndərir. Hədiyyələr Süleyman şaha çatdırılır. Şah ona gətirilən bütün hədiyyələrin önündən keçərək, Hafizin nəfis tərtibatda köçürülmüş divanının qarşısında dayanır, sonra bu əvəzsiz hədiyyəni götürüb bağrına basır və deyir ki, xan mənə bu kitabı göndərməklə dünyanın ən qiymətli hədiyyəsini bağışlamışdır. Ə.Bağırovun lüğətin yeni nəşrindən bir nüsxəni bağışlaması da qədim yazılı mənbələr üzərində işləyərkən aydın olmayan bəzi söz və ifadələrin düzgün oxunuşunu dəqiqləşdirməkdə mənə yardımçı, çox faydalı bir vəsilə olacağı şübhəsizdir.
Ə.Bağırov yeni lüğətin nəşrinə yazdığı Ön sözdə bu mühüm leksikoqrafik mənbənin vaxtilə meydanagəlmə tarixçəsini və sıra ilə hər bir nəşri haqqında məlumatı qələmə alaraq yazır ki, bu lüğətin ilk variantı hələ İkinci Dünya müharibəsindən əvvəl keçmiş Lüğətlər İnstitutunun elmi əməkdaşı Mirzə Əsgərli tərəfindən hazırlanmış, sonrakı dövrdə onun üzərində Akademiyanın Dilçilik İnstitutunun əməkdaşlarından Bəhruz Abdullayev və Həsən Zərinəzadə də işləmiş və təkmilləşdirmişlər. 1966-cı ildə akademiyanın nəşriyyatında çapdan çıxan həmin varianta o zaman qəbul edilmiş təlimata əsasən Mirzə Fətəli Axundovdan sonrakı dövrdə yaşayıb-yaratmış ədiblərin əsərlərindən seçilmiş ərəb və fars mənşəli alınma sözlər daxil edilmişdi. Sonralar tarixin daha erkən çağlarında yazılmış mətnlərdə işlədilən alınmaların da lüğətə salınmasına ehtiyac yaranmış, H.Zərinəzadə və B.Abdullayev onun üzərində yenidən təkmilləşdirmə işi aparmışlar. Lüğət ikinci dəfə 1985-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmışdır.
Ə.Bağırov lüğətin olduqca əhəmiyyətli, vacib nəşr olması istiqamətində fikrini davam etdirərək yazır ki, uzun illər Azərbaycan alim və tədqiqatçılarına müvəffəqiyyətlə xidmət etmiş bu lüğətin daha da zənginləşdirilməsi həmişə aktual olaraq qalmış, onun üzərində işlər davam etdirilmişdir. Lüğətin iki nəşrindən sonra işıq üzü görən klassik Azərbaycan ədəbiyyatı nümunələrinin materialları bu işin səmərəli şəkildə həyata keçirilməsinə və sonrakı nəşrə daxil edilən lüğət vahidlərinin sayının 20 minə çatdırılmasına imkan vermişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Bəhruz Abdullayev lüğət üzərində yenidən işləmiş, İnstitutun elmi işçisi Əminə Həbibzadə bu işdə ona yaxından kömək etmişdir.
Lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən bir daha nəşrə hazırlanaraq "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti" adı ilə 2005-ci ildə yenidən, 4-cü dəfə çap olunmuşdur.
Nəhayət, hazırkı lüğətdən əvvəl "Şərq-Qərb" nəşriyyatının təşəbbüsü ilə həmin lüğət ərəb dili üzrə tərcüməçi-mütəxəssis Əbdülrəhim Mürsəlov və fars dili üzrə mütəxəssis Kərim Məhdəvi tərəfindən təkmilləşdirilərək 2013-cü ildə yenidən çap olunmuşdur.
Uzun illər elmi fəaliyyətini orta yüzilliklər yazılı mənbələrimizin tədqiqinə həsr etmiş, fars dili üzrə tanınmış tərcüməçi, orta əsr yazılı abidələrimizin, xüsusilə müxtəlif dövrlərdə köçürülmüş təzkirələrin və digər yazılı mənbələrin yorulmaz tədqiqatçısı, mənbəşünas alim Əkrəm Bağırovun yenidən tərtibatında, ilk növbədə ömrünü qədim əlyazmalarımızı araşdırıb üzə çıxarılmasına həsr edən cəfakeş əlyazmaçı tədqiqatçıların faydalanacağı bu mühüm leksikoqrafik mənbə bir daha təkmilləşdirilərək və klassik mətnlərdə işlənmiş, əvvəlki nəşrlərə düşməyən dörd yüzə qədər yeni söz və ifadə vahidi əlavə edilməklə nəşr olunmuşdur. Elə hesab edirik ki, yüksək poliqrafik tərtibatda "Elm" nəşriyyatında nəşr olunan "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti"nin yeni çapı klassik ədəbiyyatı tədqiq edən mütəxəssislər, eyni zamanda klassik ədəbiyyatı sevənlər tərəfindən böyük razılıqla qarşılanacaq, onlara yeni-yeni yazılı mənbələrin araşdırılıb aşkara çıxarılmasında və tədqiqatlarını aparmaqda yardımçı olacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
