IV Beynəlxalq "Quadrat" nəsr festivalı uğurla başa çatıb - Həmkarlarımız festivaldan böyük təəssüratlar və mükafatla dönüblər

 

14-18 oktyabr tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində IV Beynəlxalq "Quadrat" Nəsr Festivalı (Festivalul International de Proza "Quadrat") keçirilib. Moldova Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Kişineu "Mihai Eminescu" Mədəniyyət İnstitutu, Yaş Bələdiyyəsi, eləcə də Moldovanın Yazılı Mədəniyyət Fondunun və həmyerlimiz - tanınmış ictimai xadim, hüquq elmləri doktoru, iş adamı Vüqar Novruzovun dəstəyi ilə gerçəkləşib. Festivalda ölkəmizi yazıçı Ulucay Akif təmsil edib. Tanınmış azərbaycanlı şair, tərcüməçi, TÜRKSOY Yazarlar Birliyinin sədr müavini Səlim Babullaoğlu festivalın fəxri qonağı qismində iştirak edib.

"Quadrat" jurnalının festival üçün xüsusi olaraq hazırlanan sayı Ulucay Akifin rumın dilinə tərcümə olunmuş "Nərgiz" hekayəsi və müəllifin geniş bioqrafiyası ilə açılır.

Hekayə maraqlı metanarrativ quruluşu ilə diqqət çəkir. Əsər uzun fasilədən sonra yenidən kompüter arxasına keçən və "ağ word səhifəsi" qarşısında yaradıcılıq xofu yaşayan bir yazıçının süjeti ilə başlayır. Qəhrəmanın yaratdığı personaj - Elnur həyat yoldaşı Nərgizin telefonuna gələn xəyanət görüntülərindən sonra dərin psixoloji sarsıntı keçirir. Hekayə boyu həm ailə dramı, həm də yazı prosesinin özü paralel inkişaf edir. Süjetin kulminasiya nöqtəsində isə yazıçının öz gerçək həyatı ilə kağıza köçürdüyü qəhrəmanın taleyi - evə gətirilən nərgiz gülləri motivi üzərindən gözlənilməz və sarsıdıcı sonluqla birləşir.

"Quadrat" jurnalının "Lirik-Up" bölməsində Səlim Babullaoğlunun "Noyabr gündəliyi" şeiri rumın dilində yer alıb.

Festivalda həmyerlilərimizlə yanaşı Türkiyədən Aykut Ertuğrul və Ömər Mehmetoğlu, Ukraynadan Volodimir Danilenko, Bolqarıstandan Plamen Totev, Macarıstandan Attila Balaş, Slovakiyadan Zuzanna Kuglerova və İraida Bararu, Rumıniyadan Simona Modreanu, Aurel Maria Baros, Lucian Dan Teodorovici, Makedoniyadan Aleksandr Prokopiev, İtaliyadan Lilia Bicec-Zanardrelli, İspaniyadan Jesus del Cerro, həmçinin Moldovanın Mihay Çimpoy, Qriqore Kiper, Marqareta Kurtesku, Mariya Pilkin və b. tanınmış qələm adamları, yazıçı, şair və ədəbiyyatşünaslar iştirak ediblər.

Festivalın fəlsəfəsi onun adında gizlənib. Təşkilat komitəsinin rəhbəri, tanınmış Moldova yazıçısı və şairi Nikolae Spetarunun qeyd etdiyi kimi, "Quadrat" yalnız həndəsi dördbucaqlı fiqur deyil, həm də dörd fərqli tərəfin, müxtəlif istiqamət və dünyagörüşlərinin kəsişdiyi ədəbi görüş məkanıdır. Sərhədləri darmadağın edən ədəbiyyat bu dördbucağın içindən çıxaraq xalqlar və mədəniyyətlər arasında möhkəm körpülər qurur.

Festival öz işinə oktyabrın 15-i səhər, "Rumın Ədəbiyyatı Klassiklərinin Xiyabanı"nda ədiblərin büstləri önünə çiçəklərin qoyulması ilə başlayıb. Elə oradaca Moldova Yazılı Mədəniyyət Fondunun sədri, festivalın direktoru Nikolae Spetarunun rəhbərliyi, qonaqların və Moldova ədəbi ictimaiyyətinin iştirakı ilə "Quadrat"- 2026 Beynəlxalq Nəsr Festivalının açılışı baş tutub.

Sonra Moldova Milli Kitabxanasının böyük mərasim zalında rumın dilinə tərcümə olunmuş kitabların və "Quadrat" jurnalının festival münasibəti ilə hazırlanmış 3-cü sayının təqdimatı keçirilib. Əsərləri rumın dilinə tərcümə olunmuş müəlliflər çıxışlar edib, yaradıcı mətbəxin sirrindən, çağdaş ədəbi prosesdən bəhs ediblər.

Yazıçı Ulucay Akif də öz növbəsində çağdaş Azərbaycan ədəbi prosesi barədə festival iştirakçılarını məlumatlandırıb, öz yaradıcı kredosu, yaradıcılığının əsas məziyyətlərindən söz açıb. Eyni zamanda, rəhbəri olduğu www. kulis.az ədəbiyyat\mədəniyyət portalının fəaliyyətindən danışıb.

"Müasir nəsr: ənənə və eksperiment arasında" mövzusunda simpozium keçirilib. Əsas mövzulardan biri isə "Süni intellekt və yaradıcılıq" olub.

Moldova Dövlət Universitetində, "İon Creanga" Universitetində, eləcə də bir çox liseylərdə tələbə və şagirdlərlə görüşlər keçirilib. Səlim Babullaoğlu "Spiru Haret" nəzəri liseyində şagirlərlə görüşüb.

Festivalın növbəti günü B.P. Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasının sütunlu zalında "süni intellekt şəraitində ədəbi tərcümə" dəyirmi masa keçirilib. Həmin gün kitabxanada Səlim Babullaoğlunun "Rumın yazıları" kitabının rumın ədəbi ictimaiyyəti üçün təqdimatı keçirilib. Tədbirdə Moldova, Rumıniya, Türkiyə, Macarıstan, Slovakiya, İspaniya, Ukrayna, Bolqarıstan, İtaliyadan tanınmış ədiblər, ədəbiyyatşünas alimlər iştirak ediblər. Təqdimat tanınmış moldovalı şair, yazıçı, ədəbiyyatşünas-alim Qriqore Kiperin moderatorluğu ilə gerçəkləşib.

Tədbirin sonunda Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun "Ədəbi əlaqələrə töhfələr" xüsusi mükafatı təqdim olunub. Mərasimdən sonra Babullaoğlu Moldova radiosuna müsahibə verib.

Festival boyu qonaqlar üçün turist gəzintiləri, Moldovanın maraqlı məkanlarına səfərlər təşkil edilib.

"Ədəbiyyat qəzeti"nə eksklüziv açıqlamasında Səlim Babullaoğlu bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi olduqca vacibdir, həm milli ədəbiyyatın təbliği, həm çağdaş dünya ədəbiyyatı nümunələrini öyrənmək, prosesi bilmək, həmkarlarla canlı ünsiyyət qurmaq baxımından olduqca vacibdir. Sevindiricidir ki, festivalda ölkəmizi gənc və istedadlı nasir, şair Ulucay Akif təbliğ edir. Festival üçün hazırlanmış xüsusi nəşrdə onun "Nərgiz" hekayəsi vardı və əsərin tərcüməçisi də, hekayəni oxuyan fərqli rumın ədibləri də hekayə haqqında yetərincə əsaslı, müsbət fikirlər söylədilər. Mən bundan doğrusu, çox sevindim. İnanıram ki, bu, Ulucay Akifin bioqrafiyası üçün yaxşı stimul olacaq.

Festivalın direktoru, artıq Azərbaycanda iki kitabı ilə bilinən tanınmış şair və nasir, həmçinin bizim milli ədəbiyyatın dostu Nikolae Spetaruya festivalı yüksək səviyyədə keçirdiyinə, həmişə olduğu kimi Azərbaycanı unutmadığına görə təşəkkür edirəm.

Xüsusi olaraq isə tanınmış ictimai xadim, hüquq elmləri doktoru, iş adamı Vüqar Novruzova qəzetiniz vasitəsilə dərin minnətdarlıq hisslərimi çatdırmaq istəyirəm. O, əlini həmişə milli mədəniyyətin nəbzində saxlayaraq yaşayıb, böyük işlər görüb və görməkdədir. Sağ olsun..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!