Müasir Azərbaycan nizamişünaslığının vəzifələri - Zəhra ALLAHVERDİYEVA

 

Yeni elektron innovasiyalar və elmin sürətli rəqəmsal transformasiyası şəraitində Azərbaycan nizamişünaslığının aktual problemlərinin düzgün həllini həyata keçirmək, dahi şairimizin milli kimliyi, həyatı və yaradıcılığına dair həqiqətləri əks etdirən araşdırmaları çevik şəkildə beynəlxalq elmi bazalara yerləşdirmək və bu sahəyə daha çox diqqət ayırmaq tələb olunur. Hazırkı dövrdə Azərbaycan dövləti tərəfindən yaradılmış sülh və əmin-amanlığın təmin edildiyi şəraitdə bütün sahələr üzrə inkişafa, o cümlədən, nizamişünaslığın da problemlərinin yenilənməsinə imkanlar açılmışdır. 12 mart 2026-cı il Bakıda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunda ölkə başçımızın: "...təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır...Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik" - deyə çağırış etməsi təsadüfi deyildir (İlham Əliyev. https://pr esident .az/az/ articles /view/71883).

Dövlətimiz tərəfindən yaradılmış dinc şəraitdə aşkar və gizli düşmənlərimizin Nizami Gəncəvinin milli kimliyinin təhrif edilməsinə yönəldilmiş təxribat xarakterli videoçarxlar, qərəzli məqalələr və bəzi veb-saytlarda yer almış yalan məlumatları təkzib etmək, dünyaya Nizami həqiqətlərini olduğu kimi tanıtmaq işində şərqşünas - alimlərimizin öhdəsinə böyük məsuliyyət düşür.

İlk növbədə əlimizdə olan Nizami Gəncəvi əsərlərinin mətnlərinin poetik məzmun və strukturun öyrənilməsindən əlavə, sözün məna qatlarının, xüsusən təlmihlərin - aşkar və gizli söylənilən işarələrin araşdırılması - bütövlükdə mətnin deşifrə edilməsi vacibdir. Müasir ədəbiyyatşünaslıq elminin tələblərinə görə, mətnin tam deşifrə olunması təkcə hər hansı bir poetik fiqurun müəyyənləşdirilməsi deyildir və bu yanaşma metodu hər hansı bir beytin məna qatlarının məntiqi izahında linqvistik elementlərinin tam açıqlanmasını tələb edir.

İkincisi, Nizami Gəncəvi əsərlərinin mətnlərinə postkolonial yanaşma: yəni metropoliya və müstəmləkəçilik siyasətinin təsiri nəticəsində Nizami mətnlərinə sonradan daxil edilmiş yad elementlərin müəyyənləşdirilərək üzə çıxarılması, yanlış versiyaların təkzib olunması və dürüst hesab olunan variantların mətnə bərpa olunması. Bu məsələ müasir nizamişünaslığın vacib vəzifələrindən biri olaraq qalmaqdadır.

Dövrün tələblərinə uyğun olan başqa bir istiqamət - Nizami mətnləri üzərində iş - semiotik analiz - mətnin kodlaşmış milli-mədəni işarə sistemi olaraq öyrənilməsidir ki, bu sahədə bizim hazırkı folklorşünaslıq və dilçilik elmi sahəsində daha intensiv və əhəmiyyətli fəaliyyət nəzərə çarpmaqdadır. Əlbəttə, biz bunu alqışlayırıq. 

Araşdırmalar tam məsuliyyətlə deməyə əsas verir ki, Nizami Gəncəvi əsərlərinin poetikasının dürüst tədqiqat yolu linqvistik təhlildən keçir. Çünki linqvistika elmi dilin qrammatik, fonetik və leksik qaydalarını araşdırır, şairin dilə gətirdiyi yenilikləri göstərir, poetika isə həmin bu qaydalar əsasında bədii əsərdəki estetik gözəllikləri üzə çıxarır. Yeni baxış bucağından diqqət etsək, görkəmli şərqşünas - alim Şəfəq xanım Əlibəylinin "Nizami "Xəmsə"sində akustik obrazlar (linqvopoetik təhlil)" adlı əsəri dünya nizamişünaslığında akustik dil elminin və akustik obrazların öyrənilməsi sahəsində ilk yeni tədqiqat işidir. Elmi redaktoru akademik Rafael Hüseynov, rəyçiləri akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova kimi mütəxəssis alimlər qrupundan ibarət olan bu əsər son dövrlərdə Nizami Gəncəvi irsinə həsr olunmuş qiymətli araşdırmalardan biridir.

Öncə incə bir məqamı qeyd etmək istəyirəm ki, Şəfəq Əlibəylinin öz nəfis kitabını "Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm" deyə təqdim etməsi onun necə vətənsevər bir şəxsiyyət, əsil ziyalı Azərbaycan xanımı olmasının nişanıdır.

"Xəmsə" mətnlərində akustik elementlər, söz və səslərin poetikası zəngin və mürəkkəb bir sistem təşkil etdiyindən problemin öyrənilməsi son dərəcə ağır zəhmət tələb edən bir işdir. Şərq dilləri üzrə mütəxəssis alim olaraq Şəfəq Əlibəyli bu ağır zəhməti öz üzərinə götürərək səbrlə çoxsaylı nümunələr əsasında Nizami "Xəmsə"sində bu mürəkkəb sistemi izləmişdir. Alim öz tədqiqatında Nizami Gəncəvi "Xəmsə"sində işlənən - səs və ahəng ifadə edən obrazlar, səs semantikalı dini, mifik və bədii obrazlar, şəxs adları, zoonim akustik obrazlar, musiqi, musiqi alətləri və istilahları ilə bağlı leksik-semantik söz qrupları, özənsəsli alət adlarının leksik-semantik xüsusiyyətləri, səs semantikalı təbiət hadisələrini bildirən leksik vahidlər, səs təqlidi ilə bağlı sözlər, habelə səs semantikalı leksik vahidlərin struktur-məna özəllikləri, mürəkkəb sözlər, səs semantikalı feillərin üslubi özəllikləri, səs və səssizlik tənasübünün ifadə vasitələri və başqa səs bildirən bədii mətn elementlərinin xüsusiyyətləri ətrafında geniş araşdırmalar aparır, Nizami poetikasının dil və üslub zənginliyi ilə Şərq və dünya poetika sənətinə gətirdiyi yenilikləri şərh edir.

İşin mühüm cəhətlərindən biri müəllifin "farsdilli poetik mətnə xas izafət tərkiblərinin komponentlərinin inversiyası, yəni izafətlə bağlanan sözlərin yerlərinin dəyişdirilməsi" hadisəsini tədqiqata cəlb etməsidir. Şəfəq Əlibəyli bu xüsusiyyətin Nizami əsərlərində səs semantik leksemli izafət tərkibləri üçün əsas "xarakterik cəhət" olduğunu göstərir və bununla da tədqiqatçılara çox mühüm bir problemin - Nizami Gəncəvinin öz əsərlərində türk dilinin qrammatik özəlliklərini necə tətbiq etməsini göstərən əhəmiyyətli bir məsələnin həlli yollarının açarını verir. Alimin Nizami Gəncəvinin "İskəndərnamə" əsərinin "İqbalnamə" hissəsinin - minacatından gətirdiyi aşağıdakı nümunəyə diqqət yetirək:

 

Nə quyənde xaki kəs arəd bedəst,

Nə bər ab nəqşi təvan niz bəst.

(Nə kimsə bir danışan torpaq (insan) yarada bilər,

Nə də kimsə suya bir naxış sala bilər).

 

Şəfəq Əlibəyli bu beytin akustik semantikasını açarkən Nizaminin fars dilində mövcud olan izafət quruluşunu dəyişərək "xak-e -quyənde" - danışan torpaq(insan) ifadəsini"Quyənde xaki" formasına salınmasına diqqət yetirir və bu halın Nizami əsərlərinə xas əlamət olduğunu qeyd edir.

Şəfəq Əlibəylinin araşdırmalarında Nizami Gəncəvi qələminə məxsus səs semantikalı antroponimlərin araşdırılmasına da xüsusi yer ayrılmışdır. Burada Şərq xalqlarının tarixi yaddaşı, genoloji əlaqələr, dini-mifoloji və bədii-simvolik obrazlar və akustik leksemlərin yaratdığı məcaz sistemi nəzərdən keçirilir. Zöhrə, Barbəd, Nikisa, Bilal, İsrafil, Hz.Davud, Tutuyanuş, yaxud müğənni, mütrüb, carçı, xanəndə, qəzəlxan, çalğıçı, xətib, rəqqas, çəng çalan, təbirə çalan, nağaraçı, döhül çalan və sair səs, ahənglə bağlı adların Nizami əsərlərindəki xüsusiyyətləri və məzmun və üslub özəllikləri ətrafında qiymətli araşdırmalar aparır. Müəllif səs semantikasını hərtərəfli obraz olaraq əks etdirən Zöhrə ulduzu haqqında məşhur əfsanəni (iki mələk - Harut və Marutla Zöhrə haqqında olan əfsanə) nəzərdən keçirərkən, buradakı linqvistik araşdırma da Nizami Gəncəvi qələminə məxsus dəst-xəttin mühüm özəlliklərini üzə çıxarır.

Şəfəq xanımın Nizamidən gətirdiyi nümunələrin dil semantikasını, səslə bağlı məna çalarlarını diqqətə çatdırması oxucu qarşısında yeni bir mənbənin canlanmasına yardımçı olur. Nümunələr göstərir ki, Nizami Gəncəvi Erkən Xan sülaləsi dövrünə dair eramızın 90-100-cü illərində yazılmış "Xan Şu" əsəri ilə də tanış olmuş, bu və ya digər vasitə ilə həmin əsərdə verilmiş astroloji qeydlərdən xəbərdar olmuşdur. Belə ki, qədim Çin astroloji mənbələrində Venera ulduzunun adı - Tai-baydır. Venera, yəni Tai-bay ulduzu - böyük, ağ, parlaq mənasındadır. Erkən Çin astroloji təsəvvürünə görə, bu planetin adı - ordu, silah və siyasi hakimiyyət dəyişiklikləri ilə də bağlı idi. Odur ki, Çin astroloji qaynaqlarında Veneranın iki əsas əlaməti - döyüşçü və musiqiçi xüsusiyyəti vardır. Şəfəq xanımın Nizami Gəncəvidən nümunə gətirdiyi aşağıdakı beyt Venera haqqında Çin qaynaqlarındakı təsəvvürlərlə üst-üstə düşür:

 

Çu Zöhre ərğənuni ra ke sazəm,

Biyazarəm noxost, angəh nəvazəm.

(Zöhrə kimi ərğənun çalanda,

Əvvəl incidərəm, sonra könlünü alaram).

 

Bu nümunədən görünür ki, Nizami Gəncəvi Zöhrə (Venera) ulduzunun Şərq əfsanələrinə uyğun "musiqiçi", "çalğıçı" simvolundan əlavə, onun Çin - türk qaynaqlarında yer alan "döyüşçü" xüsusiyyətinə də işarə etmişdir.

Əsərdə, həmçinin Nizami poetikasında səs semantikalı obraz olaraq, quşlar - bülbül, əndəlib, xoruz, alabaxta quşu, kəklik, qumru, turac, eləcə də başqa zoonimlər tədqiqata cəlb olunur, bu obrazlar vasitəsilə Nizami beytlərinin ifadə etdiyi vizual və struktur zənginliklər öyrənilir.

Tədqiqatın yeni cəhətlərindən biri də Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının süjetində yer alan Barbəd və Nikisanın ifa etdikləri 30 musiqinin araşdırmaya cəlb olunmasıdır. Müəllif elmi şəkildə hər bir musiqinin məzmununu, ifadə etdiyi mənanı, tarixən bağlı olduğu əfsanələri, musiqilərin quruluşundakı özəllikləri, Nizami sənətində təkrar konstruksiyasını, eləcə də beytlərin estetik xüsusiyyətini əlaqəli şəkildə izah edir.

Tədqiqatçı-alim əsərdə Nizami "Xəmsə"sində səs semantikalı antroponimləri, onların akustik-funksional xüsusiyyətlərini, vizual və ahəngdar elementlərin uyğunluğunu izləyir, şairin zəngin üslubunda yer alan obraz, ifadə və fonem vahidlərini linqvopoetik təhlildən keçirərək Nizami poeziyasının ecazkarlıqla səsin və sözün ahəngdar harmoniyasından yarandığını göstərir.

Şəfəq Əlibəylinin "Nizami "Xəmsə"sində akustik obrazlar (linqvopoetik təhlil)" əsəri Azərbaycan nizamişünaslığının aktual bir probleminin həllinə həsr olunmuş qiymətli tədqiqat işidir. Müəllifə cansağlığı və yeni uğurlar arzulayırıq!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!