Səlim Babullaoğlu İrpen Ədəbiyyat Mükafatına layiq görülüb

 

Oktyabrın 17-də İrpen (Ukrayna) Ədəbiyyat Mükafatının təşkilat komitəsi 2025-ci il üzrə laureatlara mükafatları təqdim edib. Mükafat 2020-ci ildə "VİDVAJNİX" Cəmiyyəti və İrpen İnvestisiya Şurası tərəfindən təsis edilib. Bu barədə "Ədəbiyyat qəzeti"nə mükafatın təşkilat komitəsinin üzvü, jurnalist Alina Yaremenko bildirib. O deyib ki, ənənəvi olaraq, bu mükafat Ukrayna ədəbiyyatında yeni adlar kəşf etmək və milli ədəbiyyatın inkişafına töhfə verən müəllifləri dəstəkləmək məqsədi daşıyır: "Münsiflər heyətinin qiymətləndirməsinin nəticələrinə əsasən, qaliblər beş əsas nominasiya üzrə müəyyən edilib həmişə: "Nəsr", "Poeziya", "Uşaq ədəbiyyatı", "Ukraynalı müəlliflərin artıq nəşr olunmuş kitablarına görə" və "Hərbi qulluqçunun və ya Rusiya ilə müharibə veteranının ən yaxşı ədəbi əsərinə görə". Bu il mükafata xüsusi bir nominasiya da əlavə edilib: "Mədəni diplomatiya və xalqların birliyinə görə". Bu nominasiya mədəniyyətlərarası dialoqa və Ukraynanın dünyada təbliğinə kömək edən ədəbi nailiyyətləri qiymətləndirmək məqsədi güdür. Bu il həmin nominasiya üzrə mükafata namizədlik Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuri Husyevin təqdimatı əsasında tanınmış Azərbaycan şairi, esseist və tərcüməçi Səlim Babullaoğluna, tərtibçişi, Ön sözün müəllifi, redaktoru və tərcüməçisi olduğu "O gözəl, yenilməz Ukrayna" adlı antologiyaya verilib. 2024-cü ilin sonunda işıq üzü görən və təqdim edilən nəşr Azərbaycan-Ukrayna ədəbi əlaqələrində ardıcıl xidmətləri olan iş adamı Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib..."

Mükafatın təqdimetmə mərasimi İrpen şəhərində, həm sığınacaq, eyni zamanda mədəni salon kimi fəaliyyət göstərən "Karavan-Qala /Blok-post" ("İrpenskiye Lipki" YM) memorial məkanında olub. İrpen hücumlara, rus hərbi qüvvələrinin hava zərbələrinə çox ciddi şəkildə məruz qalan və 1 ay 1 gün ardıcıl hücumlara mərdliklə sinə gərən ilk forpost sayılır. Müharibəyə qədər 200 ailənin yaşadığı "İrpenskiye Lipki " yaşayış məntəqəsinin son sakinləri 2022-ci ilin 17 martında öz evlərini tərk ediblər. Məhz həmin əraziyə yaxın yerdə, "Karavan-Qala/Blok-post" ("İrpenskiye Lipki " YM) memorial məkanı yaradılıb və bu məkan Ukrayna uğrunda canından keçənlərin xatirəsini anma, xalqın bölünməzliyinin, bütövlüyünün və mərdliyinin şahidi olan rəmzi məkan sayılır.

Səlim Babullaoğlu təqdimat mərasimində iştirak edə bilmədiyinə görə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri, diplomat Fərid Babayev təqdimetmə mərasimində iştirak edib və Səlim Babullaoğlunun adından mükafatı qəbul edib.

Səlim Babullaoğlu il yarım əvvəl çap olunan, mükafata təqdim edilən kitabın Ön söz məqaləsində yazır: "Sənət, ədəbiyyat, şeir nədən və necə danışmağından asılı olmayaraq sülhün övladıdır. Bu kitab savaşın nə olduğunu cox yaxşı bilən, onun ağrılarını hələ də yaşamaqda olan, amma indi, ?ükür Allaha ki, sülhə doğru addımlayan torpaqlarda, eyni aqibət qonşularına da arzulayan gözəlimiz Azərbaycanda saf niyyətlə doğub..."

 

"Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

 

Ukraynanın qocaman "Vsesvit" jurnalının baş redaktoru, tanınmış alim, ədəbiyyatşünas, tərcüməçi, dok. Dmitro Drozdovski Səlim Babullaoğluya bu münasibətlə açıq məktub ünvanlayıb. O yazır:

"Bu gün həqiqətən, möhtəşəm bir şairə ehtiram göstərmək mənim üçün böyük məmnuniyyətdir. Böyük şairə. Bilirəm ki, təmtəraqlı səslənir və onun bütün təmtəraqlı ifadələrdən uzaq durduğunu da bilirəm, çünki onun səmimiyyəti dərindir. Amma bu məqam, onun sözləri, düşüncələri və əməlləri mənim gözümdə onu daha da ucaldır.

Bu, bu gün Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevin təqdimatı əsasında İrpen Ədəbiyyat Mükafatının "Mədəni diplomatiya və xalqların birliyinə görə" yeni nominasiyası ilk sahibini, ünvanını tapdı - bu, azərbaycanlı şair Səlim Babullaoğludur.

Mənə "Vsesvit" jurnalının səhifələrində Səlim Babullaoğlunun əsərlərini nəşr etmək və onunla birgə Ukrayna-Azərbaycan ədəbiyyatı ilə bağlı ortaq layihələr üzərində işləmək şərəfi nəsib olub. O, Ukraynanın böyük dostudur, həqiqi Azərbaycan vətənpərvəridir, ilhamını Azərbaycan dilindən - zəngin söz ehtiyatından, ana dilinin incəliklərindən, bəzən ifadə edilə bilməyəcək məqamlardan alır, elə bu da onu şair edir.

Fərqli vaxtlarda, o dostları ilə birlikdə çox şeyə nail olub: Ukrayna-Azərbaycan birgə nəşrlərinin buraxılışı, Kiyevdə "Vsesvit" jurnalının xüsusi sayları və Bakıda azərbaycanca jurnal və nəşrlər.

Bizim ortaq görüşlərimiz olub: saysız-hesabsız xoş təəssüratlar, inanılmaz səfərlər...

Səlim Babullaoğlu mədəniyyət diplomatıdır.

İrpen Ədəbiyyat Mükafatı bundan sonra Bakıda, dostum Səlim Babullaoğlunin evində gecələyəcək.

Bir neçə il əvvəl, müharibə zamanı "Summit-Book" nəşriyyatı onun "Sükuta ithaf" kitabını nəşr etdi...

Bu kitabın redaktoru olmaq mənim üçün böyük xoşbəxtlik idi; bu kitab Ukraynanın müxtəlif tərcümə məktəblərini, mədəniyyət xadimlərini bir araya gətirdi və Ukrayna dili vasitəsilə Babullaoğlunun səmimi, spontan, impulsiv, etibarlı vəfalı, dərin, müdrik, vətənpərvər və döyüşçü - güclü, həssas və cəsur bir insan, şair kimi obrazını ortaya qoydu.

Şadam ki, bu gün İrpen Ədəbiyyat Mükafatı beynəlxalq əhəmiyyət qazanır və bu mükafatı alan şəxs mənim böyük dostum, kitabı artıq ukraynalı oxucular tərəfindən kəşf edilmiş müəllifdir. Şübhəsiz ki, Səlim qitəmizdəki ən görkəmli şairlərdən biridir. Bilirəm ki, o, bu fikrimi şişirdilmiş sayacaq, yersiz hesab edəcək, amma bu sözlər mənim ürəyimdən, sözlərlə ağrını və sevincini ifadə edən, əsl böyük poeziyanın hələ də mövcud olduğunu göstərən, bu, Azərbaycan torpağından olan döyüşçünün poetikası və fəlsəfəsindən irəli gəlir..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!