Naxçıvan ədəbi mühitinin ən qocaman nümayəndəsi Hacı Firudin Süleymanoğlu şair ömrünün 93-cü ilini yaşayır. Bu uzun ömrün hər bir ayında, ilində çözələnən xatirələr, acılı-şirinli illər onun poemalarının, şeirlərinin sətirlərində yaşayır. Hacı Firudin Süleymanoğlunun ona yaxın kitabında yer alan şeir və poemaları, lətifələri göstərir ki, həyatın hər üzünü görən bir insan, bir şair kimi o, daha çox ömrün geridə qalan illərini tez-tez yada salır, işıqlı xatirələrlə dolu keçmişi şeirlərində, poemalarında daha çox yada salır.
Hacı Firudin Süleymanoğlu 1 iyul 1934-cü ildə Azərbaycan elminə, mədəniyyətinə onlarla görkəmli şəxsiyyətlər, dövlət xadimləri, böyük şair Hüseyn Cavid, xalq yazıçısı Hüseyn İbrahimov kimi tanınmış qələm sahiblərini bəxş edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1953-cü ildə Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbini bitirib, 1954-cü ilin oktyabrından 1957-ci ilin noyabrınadək Kiyev şəhərində hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə 1960-cı ildə Şahtaxtı kəndində - Hüseyn Cavid adına sovxozda başlayıb. 1968-ci ilin mart ayından 1971-ci ilin oktyabr ayına qədər SSRİ və İran İslam Respublikasının Araz çayı üzərində tikdirdikləri "Azərhidrotikinti" idarəsində baş mühasib, 1972-1977-ci illərdə "Arpaçayhidro" tikinti idarəsində böyük maliyyəçi-iqtisadçı vəzifəsində çalışıb. 1979-cu ilin aprel ayından 1981-ci ilin aprel ayınadək Naxçıvan şəhər stadionunun direktoru olub. Sonralar Naxçıvan təkrarxammal tədarükü kontorunun direktoru (1981-1983), Naxçıvan Şərab zavodunun baş mühasibi (1989-1996) vəzifələrində işləyib. 2013-cü ilin mart ayından 2017-ci ilin noyabr ayınadək Naxçıvan şəhər Veteranları Təşkilatının sədri işləyib, 2017-ci ilin noyabrından Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədridir.

Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvü olan Hacı Firudin Süleymanoğlunun indiyə kimi şeir və poemalardan ibarət - "Tək iydə" (2002), "Hərənin öz ağlı" (2003), "Görün ki, bu nə sevdadır" (2004), "Həsrətin sahilində" (2005), "Dözüm" (2007), "Bir ömrün izi" (2011), "Kəhrizlərin pıçıltısı" (2013), "Babamla söhbət" (2019), "Xoş o kəsin halına ki..." (2020) - kitabları oxuculara təqdim olunub.
O, həm də "Qızıl qələm" mükafatı laureatıdır.
Hacı Firudin Süleymanoğlunun şeirlərində dünyagörmüş, ixtiyar bir şairin amalı, əqidəsi, həyata baxışı öz bədii əksini tapmaqdadır:
Haqla nahaq arasında
Ömrü boyu yandı canım.
Nə istəsən qurban olsun,
Haqqa bir qurbandı canım.
"Haqq nazilər, üzülməz" deyiblər. Bu baxımdan şair həmişə düzlüyün, təmizliyin tərəfindədir. Onu həyatın enişli-yoxuşlu yolları heç vədə qorxutmur:
Dağ aşacaq, düz keçəcək,
Əlində saz-söz keçəcək,
Nəyi keçsə düz keçəcək,
Düzlüyə heyrandır canım.
Hacı Firudin Süleymanoğlunun şeirlərində paralanmış Azərbaycanın bütövlük həsrəti həmişə qabarıq görünür. Vətən neçə yerə bölünsə də, parçalansa da, onun sağalmaz ağrılarının kökü şairin ürəyindədir. "Bu gecə yuxuda Göyçəni gördüm, Gördüm göyçəklərin göyçəyini mən" - deyən şair bir zaman gəzib-dolaşdığı yerlərin pərvanə kimi başına dolanır, bir çiçək görən şair o tənha çiçəyin yurd nisgilini, həsrətini də duyur, "öz elində, torpağında tənha qalan gülün kimsəsiz, sahibsiz qaldığı üçün həsrətdən saralmasına" dözmür.
Hacı Firudin Süleymanoğlunun doğma Naxçıvana, onun təbiətinə həsr etdiyi şeirləri də maraqlıdır. Naxçıvan həm də tarix etibarı ilə qədim bir diyardır. Bu torpağın hər qarışında tarix yatır.
Salvartı, Əlincə, Haça dağın var,
Batabatda necə gözəl çağın var,
Əshabi-Kəhf - müqəddəs ocağın var.
Ocağına heyranam mən, Naxçıvan.
Şair Naxçıvanın dilbər guşəsi Batabatı da böyük sevgi və məhəbbətlə tərənnüm edir:
Hər tərəfi göz oxşayan dağ-dərə,
Gül içində gülüstandır Batabat.
Min illərin gövhəri var gözündə,
Əfsanədir, bir dastandır Batabat.
Hacı Firudin Süleymanoğlunun bayatıları, qəzəlləri, lətifələri, dördlükləri, təcnisləri, poemaları onu göstərir ki, şair müxtəlif formalarda gözəl əsərlər yaradıb. Şairin bayatılarında yenə Vətən, yenə yad əllərində qalan yurdlarımızın həsrəti var:
Ellər, Əyricəm hanı,
Yolunu keçəm hanı,
Yurdum niyə boşalıb,
Yerində dərd-qəm, hanı?
Şairin yaradıcılığında təcnislərə də yer ayrılır. Klassik və müasir aşıq yaradıcılığında daha çox diqqət çəkən bu şeir formasına şairlərimizin də yaradıcılığında tez-tez rast gəlirik. Fikrin yığcamlığı, sözün dəqiqliyi, omonim sözlərdən bacarıqla istifadə təcnislərə xüsusi gözəllik qatır:
Qismətinə düşən gündən şirin yar,
Eşq yarasın şirin dillə şirin yar,
Fərhad olsan, olacaqdı Şirin yar,
Can atacaq sən aranı gəzəsən.
Şairin onlarla gözəl qəzəli var. Lirik, ictimai-siyasi, vətənpərvərlik mövzusunda yazılmış bu qəzəllərdə müəllif doğma Vətənimizin tərənnümünə də xüsusi yer ayırır. Filoloq alim Aypara Behbudovanın dili ilə desək, "Onun qəzəllərində yüksək arzular, gözəl xəyallarla yanaşı, böyük qəzəl ustalarının - Nəsimi və Füzulinin, Xətai və Nəbatinin nəfəsi aşkarca duyulmaqdadır... O, qəzəli bir janr kimi müasirləşdirmiş, yeniləşdirmiş, ona yeni ruh gətirmiş, sadə bir şeir formasına çevirə bilmişdir". Bu baxımdan şairin qəzəllərində dil və üslub gözəlliyi də özünü büruzə verir:
Könül, insan şadlıq etməz,
torpaq viran olan yerdə,
Kef çəkənlər divanədir,
dərd-qəm hər an olan yerdə.
Vətən üçün vardır canın,
əsirgəməzsən, Firudin,
Kimə qurban verəcəksən,
Azərbaycan olan yerdə.
Hacı Firudin Süleymanoğlunun ona yaxın poeması vardır. Bu poemalarda müasirlikdən çox tarixilik var. Tarixi yaddaşın çözələnməsi, keçmişə yaradıcı qayıdış onu göstərir ki, şair bu günlə dünənki əlaqələrin bərpasını öz yaddaşında yaradır. Tarixi keçmişimizdə baş verən hadisələri bu gün yenidən oxucularına çatdırır. Müəllifin "Kəhrizlərin pıçıltısı" poeması ömrün ixtiyar çağında yenidən ötüb-keçən günləri bir-bir yaddaş süzgəcindən keçirərək oxuculara təqdim etmək arzusudur:
...Çeşmə gözəlliyin yaşıl izidi,
Çeşmə yer üzündə saflıq rəmzidi.
Həyatın, varlığın elə özüdü -
Hər bulaq özündə bir ad yaşadır...
Hacı Firudin Süleymanoğlunun əsərləri içərisində "Salamnamə" poemasının da özünəməxsus yeri var. Şair müxtəlif yerlərə salam deyir. Salam o yerlərə bir də qayıtmaq arzusunun göynərtili iniltisidir. "Salam, ey bir vaxtlar Şərur qəzası ilə bir olan Dərələyəz silsiləsi", "Salam, ey Səlim gədiyindən əl içi kimi görünən Göyçə mahalı", "Salam, ey Göyçənin əməl qonşuları - Böyük və Kiçik Əyricə". Salamlar artır, çoxalır. Hələ ki, əlimiz çatmayan qədim yurd yerlərimiz, oylaqlarımız yada düşür. Yollar Göyçədən, Əyricədən, Dərələyəzdən, Kəlbəcərdən keçib gəlir. Hər salamda göynərtili bir ağrı yaşayır. "Salamnamə"də əlimiz, ünümüz hələlik yetməyən çox yerlərə qiyabi də olsa gedib, salam verib qayıdırıq. Və düşünürük ki, bu yerlər, bu məkanlar bizimdir. Qarabağımıza qayıtdığımız kimi, Qərbi Azərbaycana da, Dərələyəzə də, Göyçəyə də qayıdacağıq.
Müəllifin "Babamla söhbət", "İydəli pir", "Ümid" və sair poemaları da tarixi keçmişimizə işıq salan əsərlərdir.
Firudin müəllimin yaradıcılığı haqqında indiyə kimi onlarla maraqlı məqalələr, şeirlər yazılıb. Filoloq alimlər, qələm dostları, şairlər - Mahmud Allahmanlı, Məhərrəm Cəfərli, Aypara Behbudova, Firudin Rzayev, Abbas Hacıyev, Vaqif Məmmədov, Kəmalə Mirzəyeva, Bəxtiyar Qaraca, Əbülfəz Muxtaroğlu, Rafiq Oday, Əbülfəz Ülvi, Vaqif Əsrar, Süsən Kərimli, Qafar Alışarlı və başqaları ayrı-ayrı vaxtlarda onun kitabları haqqında məqalələr yazıb, ona şeirlər həsr ediblər.
Ömrünün 93-cü pilləsindən dünyaya baxan Hacı Firudin Süleymanoğlunun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, "Rəşadətli əməyə görə" nişanı (1980), "General Səməd bəy Mehmandarov" yubiley medalı (2017), Azərbaycan Respublikası Veteranları Təşkilatının 30 illiyi" yubiley medalı (2018), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (27 may 2019) ilə təltif olunub.
Hacı Firudin Süleymanoğlu bu gün də gənclik eşqi ilə yazıb-yaradır. Biz ona daha böyük yaradıcılıq uğurları arzulayır, yüzə doğru şütüyən ömür qatarına yaşıl işıq arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
