2914 - bir müharibənin xronikası - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Budur, 44 günlük müzəffər müharibənin başlanmasının altıncı ildönümünə qədəm qoyuruq.

Eynən, o vaxt olduğu kimi, yenə də 27 sentyabr bazar gününə düşür.

Və eynən, o vaxt olduğu kimi, 28 sentyabr, bazar ertəsi iş otağımda oturub mediadan xəbərləri izləyirəm. 

İş stolumda o vaxtdan çox şey dəyişməyib: kompüter, yazı ləvazimatları, kitablar... Lakin bir əsas dəyişiklik var - stolüstü kitablarımın sırasına yazıçı-publisist Vasif Qurbanzadənin "2914 - Biz sülh istəyirik" kitabı daxil olub.

O vaxt bu kitab hələ çap olunmamışdı. O vaxt bu kitab hələ yazılırdı; xırda qeydlər və təəssüratlar şəklində... O qeydlər yazılanda, yəqin ki, hadisələrin birbaşa iştirakçısı və şahidi olan müəllif müharibənin sonunu da bilmirdi, yazdığı qeydlərin nə vaxtsa böyük bir kitaba çevriləcəyini də təsəvvür eləmirdi. Sadəcə iş görürdü, müşahidə edirdi, hiss və təəssüratlarını, müşahidələrini və fikirlərini yazırdı. Bəlkə niyə yazdığını da bilmirdi.

Və altı il sonra mən həmin bazar ertəsi, səhər iş stolumun arxasında müəllifin məhz 27 sentyabrı necə təsvir etdiyinə baxıram...

Budur, 27 sentyabr. Döyüşlər məhz sübh namazından sonra başlayır...

Bu cümlədən sonra qeyri-ixtiyari azan səsi və ardıyca yüksələn fasiləsiz atəş səsləri adamın qulaqlarında canlanır.

Müharibəyə məhz bu cür giriş həm də bizimçün müəllifin mənəvi dünyasından və özünəməxsus yanaşmasından xəbər verir. Bu vətən savaşı həm də Allahın rizasıyla başlamışdı. Azan səsləri əvvəldən axıra qədər bizi müşayiət elədi, Şuşa alınanda ən çox duyğulandığımız məqamlardan biri məhz Gövhər ağa məscidində verilən azan idi...

Yol təsvirləri və ardıyca yenə müəllifin düşüncələri. Şeyx Qalibin məşhur beyti müəllifin fikrindən keçir:

 

Hər zillətin əlbəttə, bir izzət var içində,

Seyr et cahi-Kənanı, nə dövlət var içində...

 

Yenə təsvirlər, təəssüratlar, Ali Baş komandanın çıxışları və Tövbə surəsindən Cihadla bağlı ayələr...     

Hər bir qanlı savaşın əvvəlində vacib olan mənəvi sütun.

Kitab müəllifin gündəliyi xarakteri daşısa da, sadəcə onun hiss və duyğularını əks elətdirmir, həm də həmin vaxtlarda çox əhəmiyyətli olan siyasi faktları, Ali Baş Komandanın çıxış və müsahibələrini, real hərbi informasiyaları əhatə edir. Oxucu sanki onunla birlikdə günbəgün həmin günlərə qayıdır, həmin möhtəşəm günlərin həm ağrı-acısını, həm də zarafatlarını beynində təzələyir.

"Yağmasa da guruldayan" hərbi məmurlardan başlayaraq, müharibənin ilk günlərindəki hərbi planlaşdırma problemləriylə bağlı açıq mülahizələr bəzən oxucunu çaşdıra da bilir. Hərçənd o vaxt hamımız bu cür problemləri yaxından müşahidə edirdik, öz aramızda müzakirə edirdik, lakin kitabda bütün bu məqamları açıq yazmaq məncə, böyük cəsarət tələb edir. Hətta xalqın içində uzun illər ərzində neqativ obraz qazanmış bir çox yüksək rütbəli məmurların, hərbçilərin açıq tənqid edilməsi də təsvir olunan mülahizələrin içindən çıxarılmayıb. Çünki məqsəd həmin günləri sadəcə ideallaşdırmaq yox, yaxşı-pisiylə, fəxr gətirən və utanc verən bütün məqamlarıyla bir yerdə gerçək-doğru təsvirini vermək, hər şeyi doğru-düzgün fiksasiya eləməkdi.

Kitabın içində kənarını  qatladığım xeyli sayda səhifələr var. Məni özündə saxlayan, düşündürən realist təsvirlər, fikir və mülahizələr, müəllifin özünün bəzən heyrəti, bəzən də qəzəbi və nifrəti məni özünə çəkir, sanki onunla birlikdə mən də həmin günlərdə cəbhəyanı bölgələri dolaşmışam, yardımlar aparmışam, mediaya dəstək olmuşam. Sanki təzədən həmin günləri yaşayıram; lakin bu dəfə onunla bir yerdə və çiyin-çiyinə...

Hətta o günlərdə məni çox düşündürən, lakin onda cavabını tapa bilmədiyim bir çox hadisələrin, sualların cavabını məhz indi tapıram...

Müəllifin həqiqətən də gündəlik yazdığını, yoxsa sonradan bütün bunları xatirəsindən bərpa etdiyini dəqiq bilmirəm, amma zənnimcə, yaddaşdan bu qədər dəqiq bərpa mümkün deyil, yəqin ki nə formadasa qeydlərini edib. Ona görə də kitabın ilk hissələrində qeyri-müəyyənlik və narahatlıq notları da çoxdur. Açıq şəkildə müzakirə olunan bir çox problemlər sanki müəllifin qələbə yolunun asan olmayacağı narahatlığını yaradır.

Əslində elə kitaba təbiilik gətirən də məhz bu narahatlığın təsvirləridir. Axı həqiqətən də həmin günlərdə qələbəyə və Ali Baş Komandana nə qədər əmin olsaq da, içimizdəki narahatlıq tam çəkilməmişdi - ehtiyat edirdik ki, mənfur qonşularımızın güclü havadarları hansısa bir yol tapıb yenə də əl-qolumuzu bağlayacaq, yenə də hansısa formada gizli təzyiq vasitələriylə müharibəni yarımçıq saxlayacaq, yenə də gözümüz növbəti təmas xəttinin o tərəfində qalacaq. Yenə də kitabda verilən şeirlərdən birində deyildiyi kimi, "gün batanda özümüzün gedə bilmədiyimiz torpaqlarımıza kölgəmiz uzanacaq" (Ş.Ələkbərzadə).

Kitab boyu bir kinolent kimi oxucunun gözü qarşısından müxtəlif dostların, qohumların, tanışların, əmilərin, dayıların adları və simaları keçir. Məncə, əsərin bədii tərəfini gücləndirən məqamlardan biri də məhz budur. Adları çəkilən insanlar sadəcə statistika xətrinə sadalanmır, onların xarakterləri, hadisələrə münasibətləri, mülahizələri, müəlliflə söhbətləri, hiss və duyğuları elə təqdim edilir ki, bu adamlar əsərin arxa fonu olmaqdan çıxır, ümumilikdə həmin günlərdə Azərbaycan xalqının bir toplu halında daxili əhval-ruhiyyəsini əks elətdirən vasitəyə çevrilir.

Əsərə tarixi xronika ruhu verən daha bir kinolent - məhz həmin günlərin mediasıyla bağlıdır. Əgər kitabın bir süjet xətti sırf müəllifin cəbhəboyu yol qeydlərindən ibarətdirsə, digər süjet xətti həmin günlərdə müharibə mövzusunda medianın işıqlandırılması üzərində qurulub. Bura həm yerli, həm də beynəlxalq media aiddir. Burada Ali Baş Komandanın ən vacib müsahibələrindən, çıxışlarından tutmuş, hansısa uzaq Krımda yaşayan və müharibəylə bağlı gündəlik analitik məlumatlar paylaşan Yuri Podolyakın çıxışlarına qədər, hamıya rast gəlmək mümkündür.

Bəziləri yadımızdadı, bəziləri unudulub, bəziləri həmin vaxtlarda ümumiyyətlə diqqətimdən qaçmışdı. Və geniş şəkildə təqdim edilən o media materiallarını gözdən keçirəndə, müşahidə elədim ki, istənilən bir media materialı gərgin hadisələrin içində bir təsir oyadırsa, artıq hisslər və ehtiraslar keçib-gedəndən sonra tamam başqa təəssürat oyadır.

Ən maraqlı məqam isə yenə də Ali Baş Komandanın çıxışlarıyla bağlı idi. Müharibənin ilk dönəmlərində onun çıxışlarını dinləyəndə, təbii ki, hadisələrin sonunu bilmirdik. Sadəcə ona inanırdıq. Lakin indi, illər keçəndən sonra artıq o çıxışları keçmiş zamanda oxuyanda, hadisələrin sonunu bildiyimə görə, o çıxışlar bizdə tamam fərqli bir təəssürat yaradır - hər şey xırdalığına qədər məhz onun əvvəldən dediyi kimi oldu.

Deməli, bütün bu hadisələr əslində uzun müddət ərzində zərgər dəqiqliyi ilə hazırlanmış və eyni dəqiqliklə də həyata keçirilən bir plan idi. Və bu plan yüz faiz yerinə yetirildi.

Əsərin ən maraqlı və yaddaqalan məqamlarından biri də müəllifin həmin günlərdə həm özünün fikir və düşüncələrində, həm də dostlarla müzakirələrində səsləndirdiyi müəyyən tənqidi fikirlərin, narahatlıqların kitabda əks olunması idi. Əvvəldə qeyd etdiyimiz kimi, orduda olan müəyyən çatışmazlıqlardan tutmuş, müharibənin gedişatı vaxtı yol verilən bəzi yanlışlıqlara qədər, bir çox xoşagəlməz məqamlar da kitabda yer alıb. Heç nədən çəkinmədən, açıq şəkildə kitabda adları çəkilən bəzi məmurların müharibə vaxtı göstərdikləri bacarıqsızlıq, yol verdikləri səhvlər açıq şəkildə kimi tənqid olunur. Təbii ki, o vaxt bütün bunlar ümumi coşqulu ab-havanı korlamamaq üçün yalnız pıçıltılarla müzakirə olunurdu. Lakin artıq üstündən nə qədər keçib və qələbədən sonra artıq o hadisələrə obyektiv baxmaq vaxtı da çatıb ki, gələcəkdə belə səhvlərə yol verməyək. Həm də o məsuliyyətsiz məmurlar bilsinlər ki, onların əməlləri heç də unudulmur, yaddan çıxmır.

Kiçik bir nümunə çəkim - misal üçün, müharibə dövründə minlərlə könüllünün orduya yazılıb cəbhəyə getməyi bizi fərəhləndirirdisə, indi bu kitabı oxuyanda müəllifin peşəkar analitik yanaşması o məqamla bağlı bir qədər fərqli düşünməyə vadar edir - axı uzun illər əvvəl hərbi xidmətdə olmuş bu könüllüləri  heç bir təkrar hərbi təlim keçmədən silahlandırıb cəbhəyə göndərmək hərbi baxımdan nə dərəcədə düzgün addım idi? Axı onların içində elələri vardı ki, on il, on beş il ərzində əlinə silah almamışdı?!

Bəli, o vaxt bizə təbii görünən bu məqam kitabı oxuyandan sonra bir qədər fərqli görünməyə başlayır. Bəlkə də ilkin vətənpərvər coşqu altında atılan bu addım olmasaydı, şəhidlərimizin sayı da bir qədər az olardı. 

Kitabda belə obyektiv yanaşmalar, peşəkar mülahizələr çoxdur və oxuduqca bir çox məqamları yenidən və fərqli rakursdan işıqlandırır...

Oktyabrın əvvəlində, demək olar ki, hər gün səhər işə gələndə kitabı açıb, altı il əvvəlki həmin günü axtarıb tapıram  (əfsuslar olsun ki, müəllif kitabı bir düşüncə axını formasında yazıb, gündəlik kimi günlərə, fəsillərə bölməyib, ona görə bəzən lazım olan günü axtarıb tapmaq da çətin olur, lakin bunun özü də bir mesajdır - həmin günlərdə, həqiqətən də bizimçün təqvim-filan yox idi. Günlər və həftələr yalnız düşməndən azad edilən ərazilərin ölçüsü, qəsəbə və kəndlərin, şəhərlərin sayı ilə ölçülürdü). Lazım olan günü tapan kimi, öz həyatımda o günün hadisələrini fikrimdə bərpa edirəm. Müəllif burda filan hadisəni təsvir edərkən, bəs mən hardaydım? Hansı işlə məşğul idim? Nə yazırdım? Harda müsahibə verirdim?

Bəzən yadıma sala bilirəm, bəzən alınmır. Və içimdən qəribə bir qibtə hissi keçir: görəsən niyə ağlıma gəlməyib ki, həmin günlərdə mən də, nəsə qeydlər edim, gündəlik yazım. Amma daha təəssüf eləmək gecdi. Və nə yaxşı ki, Vasif Qurbanzadə bütün bunları yazıb və bizim üçün həmin günlərə qayıtmağa sanki bir mistik portal qoyub.

Bu böyükhəcmli kitabın bütün məzmununu danışmaq fikrindən uzağam, amma məsuliyyətlə qeyd edə bilərəm ki, bu mövzuda oxuduğum bədii-sənədli kitabların içində ən uğurlusu və ən təsirlisi məhz "2914 - Biz sülh istəyirdik" kitabıdır. Çünki burda hərbi və siyasi hadisələr quru protokol dilindən fərqli olaraq canlı, oxunaqlı bir bədii dildə verilib.

Müəllifi bir daha təbrik edirəm və belə ağır, əziyyətli yükü çiyninə götürüb uğurla başa çatdırdığına görə bir oxucu kimi təşəkkür edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!