Professor Tərlan Quliyevin adı çəkiləndə ilk ağla gələn, müəyyən anlamda onun adı və özü ilə assosiativləşən və sinonimləşən əruz elmidir. Azərbaycan əruzşünaslığının, qafiyəşünaslığının, poetika elminin tanınmış bilicisi, Azərbaycan mətnşünaslığında öz dəst-xətti olan dəyərli həmkarımız T.Quliyevin bu fani aləmdən gedişi onu sevənlər. tanıyanlar, dəyərləndirən və heyranı olanlar üçün çox gözlənilməz və sarsıntılı oldu...
Tərlanla AMEA-ya gəlişimiz, təqribən, eyni ilə təsadüf etmişdi. Tərlan görkəmli əruzşünas alim, prof. Əkrəm Cəfərin aspirantı, mən isə tanınmış xaqanişünas alim prof. Qafar Kəndlinin dissertantı idik. Tərlan bəzən elmi rəhbəri olmaqdan artıq ustadı olan Əkrəm Cəfər ilə, bəzən də təklikdə o vaxt mənim işlədiyim "Qədim və orta əsrlər ədəbiyyatı" şöbəsinə gələr, şöbədəki mütəxəssislər, o cümlədən, şöbənin müdiri Qafar Kəndlidən məsləhət alardı, öz elmi müşahidələrini bölüşərdi. Tərlanın iştirak etdiyi söhbətin və müzakirənin mövzusu nə olursa-olsun, hiss olunmadan axarı əruza doğru dəyişərdi, o isə yalnız özünə xas və onu ömür boyu tərk etməyən şövq və yüksək emosionallıqla fikrini bildirərdi.
Sonralar elmi mühitimizdə baş verən müxtəlif xarakterli hadisələrə münasibətimizi ifadə edərkən hərdən sözümüz çəpləşirdi də... Amma növbəti görüşlərin birində bircə dəfə "bacı" deyən kimi ikimiz də umu-küsünü unudardıq və yeni bir elmi mövzunu müzakirəyə başlayardıq...
.jpg)
Son bir neçə ildə isə biz Tərlan Quliyevlə birlikdə Bakı Avrasiya Universitetində pedaqoji fəaliyyətlə məşğul olurduq. O, əruz vəznini, mən isə klassik şeirin poetikasını tədris edirdik. Ona görə də müvafiq mövzular olanda onu dərsimə dəvət edir, tələbələrin əruzun tarixi və səciyyəvi xüsusiyyətlərini ondan eşitməsini daha uyğun bilirdim. Əslində ən sevdiyim dərslərimdən biri də onunla birlikdə keçdiyim mühazirə dərsləri idi. O qədər həvəslə, mövzuya sevgi ilə əruzdan bəhs edərdi ki, o, auditoriyadan getdikdən sonra da aşıladığı sevgi və yüksək enerji tələbələri tərk etməz, elə o kökləndikləri yaradıcılıq və axtarış dalğası ilə əruzun qəliblərinə maraqları yaranardı... Növbəti dərsə tələbələrimizdən bəzilərinin şeir vəzninin qəlibinə uyğun bölgü cəhdləri artıq müəllim və alim Tərlanın uğuru, gəncliyə və elmə töhfəsi idi.
T.Quliyevin tədqiq obyektinə bu sevgisi və hədsiz emosionallıqla təqdimatını onun əruz elmi, Azərbaycan şeirinin inkişaf yolu, şeir sənəti tarixi və s. istiqamətlərdə apardığı tədqiqatlarından bəhs edərkən də dəfələrlə müşahidə etmişdim. O, istər tədqiqatları ("Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)", "Anadilli şeirimizin poetik inkişaf yolu", "Əruzun təcrübi məsələləri" və s.), istər tərcümələri (Nəvainin "Mizanül-övzan" əsəri), istər transfonoliterasiyası ("Kitabi-Dədə Qorqud"un Vatikan nüsxəsi), istər redaktəsi (Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" əsəri) olsun, hər birini ağlın məhsulu kimi ərsəyə gətirsə də, həmin əsərlərini zəhmətinin məhsulu kimi sərhədsiz duyğuları ilə sevir, üzərində uzun müddət işlədiyi bu əsərlərini əməyinin maddiləşmiş şəkli kimi görür və digərlərindən də bu "elmi varlıq"lara diqqət tələb edirdi...
Tərlan, xüsusilə, son illərdə yazdığı məqalə və kitablarında Azərbaycan ədəbiyyatşünaslığında mövcud boşluqları müəyyən etməyə və kimsənin araşdırmadığı mövzularda yazmağa üstünlük verirdi. Onun "Nizami və səri bəhri", "Hecavəznli şeirin strukturu (və ya anadilli şeirimizin vəzn xüsusiyyətləri)" kimi elmi məqalələri, XII əsrdə yaşamış görkəmli xarəzmli dilşünas və filosof Zəməxşərinin "Müqəddimətül-ədəb" ("Ədəbiyyatşünaslığa giriş") adlı sözlüyündən türk sözlərini seçərək çapa hazırlaması bu axtarışlarının uğurlu nəticələri idi. Onun görkəmli füzulişünas alim Mir Cəlalın "Füzuli sənətkarlığı" kimi dəyərli əsərini yenidən - latın qrafikası ilə çapa hazırlaması füzulişünaslığa da bir xidmətdir.
T.Quliyev bu kimi elmi fəaliyyəti ilə, müxtəlif istiqamətli kitabları ilə Azərbaycan ədəbiyyatşünaslığı, Azərbaycan-özbək ədəbi əlaqələri, Azərbaycan əruzşünaslığı sahəsindəki boşluğu doldurdu. Düşünürəm ki, həmin əsərlər də sadiq övladlar kimi Tərlanın adını yaşadacaq, "Kitabi-Dədə Qorqud" araşdırıldıqca, Nizami, Zəməxşəri, Nəsrəddin Tusi, Babur, Nəvai və digərlərinin irsi öyrənildikcə bu dəyərli alim də yad olunacaq.
Özünün də dərin bir hüzn və xüsusi avazla söylədiyi kimi, "Dünya bir pəncərədir, hər gələn baxar gedər..." O da bu dünyaya öz pəncərəsindən baxdı... Bəzən hiss etdiyi ab-havaya uyğunlaşmağa cəhd etdi, bəzən isə üsyan etdi... Üsyankarlıq, dözümsüzlük, kəmhövsələ olmaq isə onun təbiətində idi. Hətta o qədər hövsələsiz idi ki, uzun ömür yaşamağa da səbri yetmədi...
Bəlkə də bundan sonra əruzu Tərlan kimi sevib bilənlər olacaq, bəlkə də bundan sonra sinədəftər uzun-uzun şeirlərin hər sözünün, hərfinin ahəngini, ritmini içdən duyub söyləyənlər olacaq, bəlkə də ağlı ilə hissini bir axarda birləşdirib şeiri təhlil edənlər olacaq... Amma bunların hamısının cəmləşdiyi ikinci bır insan, ikinci bir Tərlan olmayacaq. Ruhun şad, məkanın cənnət olsun, əziz həmkarım...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
