XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikri özünün rəngarəngliyi, xalqın milli özünüdərk prosesinə xidmət edən bədii nümunələri ilə zəngin bir mərhələni təşkil edir. Bu dövrün poeziyası təkcə estetik zövq formalaşdırmaqla kifayətlənməmiş, həm də cəmiyyətin mənəvi sütunlarını, vətəndaşlıq mövqeyini və humanizm ideallarını bədii dillə ifadə etmişdir. Azərbaycanın "altmışıncılar" ədəbi nəsli içərisində xalq dilinə yaxınlığı və vətənpərvərlik ruhu ilə seçilən görkəmli sənətkarlarından biri də xalq şairi Cabir Novruzdur. Onun yaradıcılığı milli poeziyamızın klassik ənənələrlə müasir təfəkkürün qovuşduğu elə bir məqamda dayanır ki, sənətkarın lirik irsi ilə ictimai fəaliyyəti vahid bir bədii sistem təşkil edərək bir-birini tamamlayır.
Xalq şairi Cabir Novruzun çoxşaxəli bədii irsi və yarıməsrlik zəngin yaradıcılıq fəaliyyətinə həsr olunmuş "Cabir Novruz poeziyasında milli yaddaş və mənəvi dəyərlər" monoqrafiyasında şairin yaradıcılığı sistemli şəkildə araşdırılmışdır.
Cabir Novruz yaradıcılığında varislik ruhunu öz soykökünə bağlayaraq azərbaycançılığın sosial-mənəvi pasportunu təqdim edir:
Söyləyimmi qohumlarım nəçi idi,
Xarrat idi, çoban idi, suçu idi.
Minnətdaram öz nəslimə buna görə,
Axdı mənim ürəyimə gilə-gilə
Həmin sadə adamların cəh-cəhləri,
Taleləri, arzuları, ləhcələri...
Mən özümə bax, onları nəsil seçdim,
Sərt taleli insanları nəsil seçdim,
Bu həyatı duyanları nəsil seçdim,
Daş üstə daş qoyanları nəsil seçdim.
Bu gün elə düz işimdə, ya səhvimdə
Mən onların, onlar mənim tərəfimdə.
Bu misralar Cabir Novruzun azərbaycançılıq ideologiyasının xalqçı mahiyyətini bütün çılpaqlığı ilə açır. Şair öz nəsil şəcərəsini xarratların, çobanların, suçuların, yəni cəmiyyətin ən sadə və zəhmətkeş təbəqəsinin içində axtarır. Onun üçün əsl "nəsil" qan qohumluğundan daha çox, "daş üstə daş qoyan", həyatı dərindən duyan sərt taleli insanların mənəvi birliyidir. Bu sadə adamların "ləhcəsi", "arzusu" və "taleyi" şairin ürəyinə gilə-gilə axaraq onun milli kimliyini formalaşdırır. Cabir Novruzun poeziyasında azərbaycançılıq mücərrəd bir anlayış deyil, zəhmətkeş insanın səmimi dünyası, onun alın təri və qurub-yaratmaq eşqi ilə birbaşa bağlıdır.
Cabir Novruz yaradıcılığında təbiətlə insanın vəhdəti həyatın fundamental mənasıdır. İnsansız keçən bahar, əslində, ən sərt qışdan daha soyuq və ruhsuzdur; çünki yurd yerləri yalnız sakini ilə nəfəs alır. Şairin qənaətinə görə, doğma torpaqda yaşamaq məşəqqətli olsa da, bu mənəvi bağ qırılmamalıdır. Müəllif haqlı bir sual ünvanlayır: Dağlar, dərələr, turaclar və bülbüllər öz yurduna sadiqlik nümayiş etdirdiyi halda, insan niyə bu sadiqlikdən uzaq düşür? Marsda və ya Venerada yaşayış axtaran bəşəriyyətin bir addımlıqdakı "cənnət məkanları" görməzdən gəlməsi dövrün ən böyük paradoksudur. Doğma yurd yerlərinə qayıdan insan, əslində, ilk növbədə özünü xilas etmiş olur. Bu mənada Cabir Novruzun poetik dünyasında dağlar "Kiçik vətən"in ucalıq, möhtəşəmlik və sarsılmazlıq rəmzi kimi xüsusi yer tutur.
Monoqrafiyanın "Mənəvi-fəlsəfi dünya" adlı ikinci fəslində "Cabir Novruz şeirlərində fəlsəfi motivlər", "Ana obrazı müqəddəslik və mənəvi ucalıq rəmzi kimi" və "Məhəbbət lirikasının bədii-fəlsəfi mahiyyəti və təbiət amili" adlı 3 yarımbaşlıqdan ibarətdir.
Şairin poeziyasındakı lirik qəhrəmanın mənəvi-fəlsəfi portreti real həyat və bioqrafik faktlar fonunda işıqlandırılır. Müəllif şairin uşaqlıq illəri, müharibə dövrünün kənd həyatı və insan taleləri ilə bağlı xatirələrinin bədii mətndəki poetik inikasını uğurla təhlil edir. Fəsildə sənətkarın yaradıcılığındakı ana itkisi, doğma yurd həsrəti kimi mənəvi sarsıntıların, eləcə də lirik qəhrəmanın dünyaya, insana olan sevgi fəlsəfəsinin poetikası dərindən araşdırılaraq sistemləşdirilmişdir.
Həyata fəlsəfi münasibət Cabir Novruz yaradıcılığının ana xəttini təşkil edir. Şairin lirikasında hansı mövzuya müraciət edilməsindən asılı olmayaraq, dərin fəlsəfi motivlər özünə möhkəm yer tapır.
Bu fəsildə sənətkarın mənəvi-fəlsəfi dünyası tamamilə yeni prizmadan açılır. Müəllif şairin "vəzifə rəsmiyyətindən" qaçaraq səmimiyyətə sığınmasını, eləcə də Azərbaycan kəndini dürüstlük və mənəviyyat mənbəyi kimi səciyyələndirməsini dolğun elmi arqumentlərlə təhlil edir. Bu hissədə ana obrazının bioloji varlıqdan çıxıb "Günəş", "Ümman" və "Dağ zirvəsi" kimi kosmoqonik səviyyəyə qaldırılması, eləcə də təbiət və quşların "yazısız əlifbası" vasitəsilə insanın mənəvi təmizliyinin axtarılması monoqrafiyada fundamental şəkildə əsaslandırılmışdır.
Cabir Novruzun poeziyası mövzu rəngarəngliyi və bədii-fəlsəfi tutumu ilə seçilir. Sənətkarın yaradıcılıq yolunda heç vaxt mövzu qıtlığı hiss olunmamış, əksinə, həyatın hər bir anı onun qələmində poetik obraz qazanmışdır. Bu mövzular içərisində analara həsr edilmiş şeirlər xüsusi qayə təşkil edir. "Mən bizim anaları günəşlə tən tuturam" şeiri məhz bu yanaşmanın bariz nümunəsidir:
Mən bizim anaları günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm...
Onlara od verirəm, ürəyimin odundan,
Övladların adından, oğulların adından
Əyilməz analara əyilmək istəyirəm.
Lirik qəhrəman burada təkcə öz anasını deyil, ümumən "ana" fenomenini yüksək qiymətləndirir. Onları kainatın enerji mənbəyi olan günəşlə müqayisə edərək, üstünlüyü şəksiz olaraq bu müqəddəs varlıqlara verir. Analara təqdim olunan ən böyük töhfə isə övlad məhəbbətindən hörülmüş mənəvi çələngdir. Şeirdə xatırlanan "qövsi-qüzeh" (göy qurşağı) təbiətin bütün rənglərini, hərarətini və təravətini özündə birləşdirir. Təbiətin bu dilbər guşəsi hər cür amansız hava şəraitinə - qara, borana qarşı öz müstəqilliyini və gözəlliyini qoruduğu kimi, ana obrazı da həyatın sınaqları qarşısında sarsılmazdır.
Təbiətlə insan ruhunun bu harmoniyası şairin birbaşa məhəbbət mövzusunda yazdığı əsərlərdə də özünü büruzə verir. Məsələn, "Səni gördüm" şeirində sevgi duyğusu təbiət hadisələri ilə paralel şəkildə vəsf olunur:
Yel toxundu yarpaqlara,
Nəğmə qondu dodaqlara.
Durub baxdım uzaqlara,
Səni gördüm, ay sevgilim.
Tamarzılar gülüşəndə,
Murazlılar görüşəndə,
Evimizə gün düşəndə
Səni gördüm, ay sevgilim.
İndiyə qədər sevginin və məhəbbətin gücünü ölçən bir cihaz icad olunmayıb, yəqin ki, heç vaxt olmayacaqdır. Sevgi həyatın özü qədər əzəli və əbədidir. O, insanın qəlbinə daxil olanda icazə almır, hamının həyatına gözlənilmədən daxil olsa da, heç kim bu hissi kənar müdaxilə hesab etmir, əksinə, onu böyük coşqu ilə qarşılayır. Cabir Novruzun məhəbbət lirikasının özünəməxsusluğu onun zənginliyində və incəliyindədir.
Monoqrafiyanın "Epik yaradıcılıq və milli bütövlük ideyası" adlı üçüncü fəsli "Cənub lirikası və milli yaddaş" və "Cabir Novruzun poemalarında tarixi-ictimai motivlər və epik təfəkkür" adlı yarımbaşlıqlardan ibarətdir. Bu fəsildə Cabir Novruzun epik yaradıcılığı diqqət mərkəzinə gətirilir, şairin "İnsan himnləri" və "Azərbaycan" poemaları elmi dövriyyəyə cəlb olunur. Müəllif sovet dövrünün sərt senzura şərtlərinə baxmayaraq, sənətkarın epik əsərlərində Təbriz həsrətini və vahid Azərbaycan ideyasını poetik simvollar vasitəsilə necə ustalıqla işlədiyini üzə çıxarır. Monoqrafiyada bu poemaların ideya-bədii xüsusiyyətlərinin, milli bütövlük axtarışlarının və nikbin ruhunun təhlili tədqiqatın mühüm elmi yeniliklərindən biri kimi dəyərləndirilə bilər.
Cənub mövzusu Cabir Novruzun əsərlərində xüsusi yer tutur. Şairin bu istiqamətdəki duyğuları onun publisistikasında da bədii təsvirini tapır. O, Cənubdan gələn qələm dostlarını "ikiləşmiş Azərbaycanın bir əziz oğlu" adlandıraraq, Vətənin bütövlüyü ideyasını sənətkarın taleyi ilə eyniləşdirir.
Cabir Novruz XX əsr Azərbaycan ədəbiyyatında həm lirik şeirləri, həm də irihəcmli epik əsərləri ilə özünəməxsus yer tutur. Şairin yaradıcılığının son dövrlərinə aid olan "İnsan himnləri" və "Azərbaycan" poemaları onun sənət dünyasının zirvəsi hesab oluna bilər.
Şairin müstəqillik dövründə yazdığı "Azərbaycan" poeması müasirliyi, tarixiliyi, aktuallığı, sərtliyi və "amansızlığı" ilə seçilir. Şair Azərbaycanın ən azı son iki yüz illik tarixini beyin süzgəcindən keçirərək, cəsarətlə tam həqiqəti söyləməyə müvəffəq olmuşdur:
Anamızın matəminə buraxmadılar,
Bacımızın toyu oldu - gedə bilmədik.
Yüz yol şəxsi işimizi varaqladılar.
Təqsirimiz, günahımız nədi - bilmədik.
Burda ata gözlərini yumdu əbədi,
Orda oğul gedib görə bilmədi yası...
Oğul nədir, quş bu yana səkə bilmədi,
Ordan bura nə yoldur ki, - qaş-göz arası.
Cabir Novruzun yaradıcılığında həmişə şəxsi kədərlə ictimai kədər qırılmaz vəhdət təşkil etmişdir. Azərbaycanın bu günü və gələcəyi haqqında düşüncələr şairin yaradıcılığının ana xəttini, əsasını təşkil edir. Aradan illər keçəndən sonra Cabir Novruzun uzaqgörənliyinə, sözün yaxşı mənasında, təəccüblənməmək və heyran olmamaq çətindir. O, müxtəlif dövrlərdə baş vermiş ictimai-siyasi hadisələrə necə də vaxtında və dəqiq qiymət vermişdir! Ona görə də Cabir Novruzun bir çox şeirləri və poemaları siyasi lirikanın ən gözəl nümunələridir. Şair müstəqillik dövründə bəxş edilən azadlıqdan hakimiyyət nümayəndələrini, vəzifə başında olanları tərifləmək üçün istifadə etməmişdir. Əksinə, qadağan olunmuş mövzulara müraciət etmiş, tam həqiqəti söyləməyə müvəffəq olmuşdur , "Azərbaycan" poemasında olduğu kimi...
Tədqiqatın elmi çəkisini artıran mühüm amillərdən biri də zəngin ədəbiyyat siyahısı və geniş mənbəşünaslıq bazasıdır. Şairin yaradıcılıq irsinə aid faktların, dövri mətbuat materiallarının və arxiv sənədlərinin sistemli şəkildə araşdırmaya cəlb edilməsi monoqrafiyanın yüksək elmi əsaslılığını təmin etmişdir.
Yekun olaraq vurğulamaq lazımdır ki, Cabir Novruz dünənin, bu günün və gələcəyin şairidir. Şairin ədəbi qəhrəmanları sanki şairin özünə bənzəyirlər: sərt, mülayim, məğrur, vətənpərvər, romantik... O, realizm və romantizm elementlərini bir şeirə, poemaya sığışdırmaq məharəti nümayiş etdirmiş, hadisələri yüksək səviyyədə ümumiləşdirmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
