İçimizdəki minotavrın doqquz günü - Cavid QƏDİR

 

...İnsanların üzünə baxdıqca görürəm ki, əllərinə daha qətl törətmək fürsəti keçmədiyi üçün çoxu məsum sayır özünü.

 

Orxan Pamuk - "Mənim adım qırmızı"

 

Dini mifologiyaya görə Tanrı dünyanı altı günə yaradıb. Onda bir kəndi xaraba qoymaq üçün doqquz gün çox uzun müddət deyil. Xüsusən, söhbət yalnız evlərin, küçələrin, həyətlərin yox, insanın içində illərlə qurduğu dünyanın da dağılmağından gedirsə. Elayın "Doqquz" romanında dağılan məhz belə dünyadı: sonda yanmış evlərin kölgəsinin havadan asılı qalacağı dünya.

Elayın ikinci romanı "Doqquz"u əvvəlcə qorxu romanı kimi qəbul etmək olar. Əslindəsə hər janrdan bir az var: qorxu, mistika, fantastika, magik realizm, dekonstruksiya... Hələ diqqətli oxucular əsərdə hamının hər şeyi unutduğu şəhərdən, məktub gözləyən qüssəli polkovnikdən, öz ölümünü nəql edən kəsik başdan, bir nəfərin günahına görə bütöv obadan qisas almaq istəyən qəzəbli pəridən də işarələr görəcəklər.

Bu qorxu Hollivud klişesi kimi qaranlıq gecələr, mistik hadisələr, qəribə səslər və fövqəltəbii obrazlarla məhdudlaşmır. Əsl qorxu içimizdə yatmış bədheybətdən qaynaqlanır. Bəs o bədheybət heç yatmayıbsa, necə?

Hadisələr fələyin də unutduğu ucqar kənddə cərəyan edir. Bu kənddə həyat zahirən öz adi ritmiylə davam edir. İnsanlar yaşayır, işləyir, ailə qurur - adi qaydada günlərini keçirirlər. Amma bu sakitliyin altında başqa həyat var. Pünhan istəklər, gizli ehtiraslar, qorxular, arzular, qatran kimi qara keçmiş və çoxdan unudulduğu düşünülən nifrət. Qara adamın gəlişi bu cəhənnəm qaranlığının üstünü örtən nazik örtüyü parçalayır.

Bu baxımdan qara adam hadisələrin əsas səbəbkarından daha çox, onları üzə çıxaran qüvvədi; əsas işi insanların daxilində yatmış şəri dümsükləyib oyatmaqdı. Qalan hər şeyi onun əvəzinə yuxudan sərsəm oyanmış bu bədheybət görəcək. Qara adam bir qədər də güzgü effekti yaradır. Kənd sakinləri həmin güzgüdə gizlətməyə çalışdıqları qaranlıq üzlə rastlaşırlar.

Baş verən dəhşətin məsuliyyətini qara adamın çiyninə qoymaq qəti mümkün deyil; addım atan, qərar verən, nifrət edən, arzulayan, öldürən və öz içindəki qaranlığa yol açan, o bədheybəti zəncirindən buraxan insanlardı. Qara adam sadəcə arxasında bədheybət olan qapıya gedən yola işarə edir. Qapını açan da, içəridən çıxan şər də insanidi.

"Doqquz"da qorxu ilə günah, nifrətlə qisas anlayışı bir-birindən ayrılmır. Oxucu tədricən daha çətin sualla qarşılaşır: insanın etdiyi pisliyin məsuliyyətini buna sövq edən qüvvənin üzərinə atmaq nə dərəcədə mümkündü?

Qara adamı müəyyən mənada şeytanın simvolizasiyası kimi qəbul etmək olar. Amma onu yalnız şeytan kimi görmək romanın alt qatını kölgədə qoyar. Qara adam daha çox insanın daxilində yaşayan şərin, beynin qaranlıq dolanbaclarında gizlənən və münasib şərait yarananda gün işığına çıxan minotavrın dayəsidi.

Yunan əsatirlərində olduğu kimi, burda da labirint mühüm mənəvi məna qazanır. Amma "Doqquz"un labirinti daş divarlardan qurulmayıb, insanın yaddaşından, qorxularından, arzularından, nifrətindən və günahlarından hörülüb. Bu labirintin içində yaşayan minotavrsa hardasa uzaqda, başqa dünyada deyil, insan onu özü ilə birgə daşıyır.

Yunan mifində minotavrı öldürən Tesey vardı. "Doqquz"dakı hadisələrsə Qəhrəmanlar çağından çox sonralar cərəyan edir...

Doqquzuncu günün sonunda qara adam çıxıb gedir, amma bədheybət qalır axı... O bədheybət ki, hamımızın içində var və nə qədər yemləyirik, güclənməyə davam edəcək.

Elayın yaratdığı obrazlar sistemi də məhz bu fikri tamamlayır. Kəndxuda, qəssab, pişiklərlə danışan qız, nifrətlə alışıb-yanan lal göyərçin, mərhum ərindən başqa heç kimi sevməyən əxlaqsız, quş kimi qanad açan gəlin və öz qatilinin ardınca düşüb onu əcəlinə aparan kölgə... Onların taleləri bir-birinə qarışdıqca kənd sadəcə yaşayış məkanı olmaqdan çıxır, insan təbiətinin qaranlıq tərəflərinin toplandığı məkana çevrilir.

Burda yaşayanlarla ölənlər arasında sərhəd çox incədi. Romanda artıq bu dünyada olmayanların da baş verən hadisələrdə payı var. Ölülər dirilərin həyatında iz qoymağa davam edirlər.

"Doqquz"dakı hadisələrin baş verdiyi kainatda heç kim tamamilə günahsız sayılmır. Üstəlik, yalnız şərdən ibarət də deyillər. Məhz buna görə əsərin əsas qarşıdurması kəndlilərlə qara adam arasında yox, insanın kənardan görünən şəxsiyyətiylə daxilindəki qaranlıq arasındadı.

"Doqquz"da oxucular üçün gizlədilmiş suallar var: içimizdəki minotavrı kim yemləyir? Onu hansısa yad qüvvə böyüdür, ya öz qorxularımız, susqunluğumuz, nifrətimiz, arzu və günahlarımız? Qurbanların qanı, həqiqətən, qara adamın üstündədi, yoxsa həmin qanı öz əllərimizlə tökmüşük?

...Bir gün qara adamın bizi qarşısına itələdiyi güzgüyə baxanda orada özümüzü yox, illərdi, içimizdə böyütdüyümüz minotavrı görmək ehtimalımız var.

"Doqquz"un dəhşəti elə burdan başlayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!