Hər dəfə mənə elə gəlib ki, Paşa Qəlbinur bütün varlığı ilə yalnız pıçıltılardan ibarətdi. Tam bir səssizlik aləmi yansıdan pıçıltılardan… İnsanlar içində gəzəri ruh kimidi. Amma bu səssizliyin iç dünyasında elə bir aləm var ki!
Bir şey ki, hava kimi, əkmək kimi, su kimi
Lazım insana, lazım, onsuz yaşanılmır.
Ana-baba kimi, dost kimi, yavuqlu kimi
Qəlb titrəmədən, göz yaşarmadan anılmır.
Bir şey ki, gözündə məmləkət qədər əziz,
Eşq etdiyimiz, kəndimizə dərd etdiyimiz.
Adını çocuqlarımıza bəllətdiyimiz
Bir şey ki, artıq həsrətinə dayanılmır.
"Bir şey var ki, hava kimi, əkmək kimi, su kimi, lazım insana, onsuz yaşanmır. Ana-baba kimi, dost kimi, yavuqlu kimi qəlb titrətmədən anılmır…" Bir kəs var ki… Həmin o bir kəs olanda yaşayır Paşa Qəlbinur. Paşa həmin o "bir kəs"dədi; hava kimi, su, əkmək kimi insana lazımdı; şeirləri, tibbi xidməti və insanlığıyla bir arada.
Elə ki, açırsan P.Qəlbinurun şeirlər kitabını, başlayırsan oxumağa, birdən-birə bu pıçıltı ömrünün, səssizlik dünyasının hardan gəlib-hara getməsinin sirləri açılır önündə. Agah olursan. Anlayırsan ki, bu pıçıltı gəlişməsinin ilki-əzəli nədənmiş belə:
Mən heç kimə zəng eləmək istəmirəm,
Mən öz tənha kədərimlə qol-boyunam.
Bağrımdadı ağrılarım, acılarım,
Səhvlərimin qadasını alım, Allah!
Qoy onlarla dörd divarın arasında.
Qalım, Allah!
Ağ kağızım, boz qələmim,
Kitablarım, dəftərlərim,
Bir də, bir də xatirələrim.…
Hər kəsin ən dərdli çağında, qəmli çağında yaşadığı anların gerçək şəkillənməsi var Paşanın bu misralarında; hər kəsin və P.Qəlbinurun özünün də həmin o duyğulu çağlarının durumu belədi:
Hər yan sükut,
Hər yanda doluxsunmuş
Səs-səmirdi.
Elə bil ki,
Güllələnmiş cüyürü
Balaları əmirdi.
Hər dəfə şeir kitablarını yenidən oxuduqca onun şeirləri, kitablarına daxil etdiyi rəsm əsərləri boyunca Paşa Qəlbinurun Ay işığıyla, insanlıq nuruyla dopdolu simasını mənə sarı gülümsəyən görmüşəm.
Hər dəfə onun şeirləri və dumduru baxışları mənə pıçıldayıb ki:
…Nur mənim adımdı,
İşıq-adımdı.
Və baxıb görmüşəm ki, bu deyilənlər düpbədüzdü. Və Paşa Qəlbinur düz yazır ki:
İşığın içində
Gül açmışam mən.…
Tanrını ilahi idrakın sübutu hesab edən dahi alim İ.Nyuton xatirələrində yazırdı ki, "Əgər daha irəlini görürəmsə, bu, nəhənglərin çiyinlərinə söykəndiyim, onların təcrübəsi üzərində dayandığım üçün mümkün olmuşdu. Bu mənada Paşa Qəlbinrun bir şair, görkəmli oftalmoloq və ən başlıcası, sözün həqiqi mənasında insan kimi yetişməsində şəxsiyyətlərinə heyran qaldığı insanların əvəzsiz yeri var. Onun az qala bütün yaradıcılığı bu unudulmaz insanlara qarşı vəfa borcu kimi araya-ərsəyə gəlib. Paşa Qəlbinurun elmi, poetik yaradıcılığının "boynu bükülüdü xatirələrə".
Dünya şöhrətli alim Q.Helmhots yazır ki, "İnsanın bütün hiss orqanları içərisində göz həmişə təbiətin yaradıcı qüvvəsinin ən yaxşı bəxşişi və ən möcüzəli əsəri hesab olunmuşdur". Paşa Qəlbinur bu möcüzəli "əsərin" ən yaxşı, kamil oxucularındandı. Bu sahədə əxz etdiklərindən idrak ətri gəlir. Bu idrak ətri ilk növbədə onun bəsirət gözünün həmişə açıq, oyaq qalmasına vəsilə olub. İnamla yaşadıb. Və atasının "Daşa inamla inansan, daş göyərər" tapşırmasına inanclı böyüdüb.
İnsanın gündəlik həyatda rast gəldiyi, heç bir məhəl qoymadan yanından ötüb-keçdiyi ən adi məqamlar, detallar P.Qəlbinurun baxış bucağında idrakoyadıcı nəsnələr kimi özünə yer alır.
P.Qəlbinur bu müşahidələrini, bildiklərini bayraq etmir, hay-həşirlə qabartmır, xüsusi bir incəliklə, ştrixlə, pıçıltıyla yansıdır. Onun təsvirində, yaşamında hər bir pıçıltı bir aydı, bir gündü, ildi, qərinədi, əsrdi… Damcı-damcı damır. Səsini, hənirini yalnız ruhla, bəsirət duyğusuyla ala bilirsən. Amma nə illah eləsə də, hər dəfə cəhdi hədər gedir. P.Qəlbinurun pıçıltılar, gizlinlər dünyasının ipucu kövrək bir misranın dilindən tutulur, elə bil aləmə səs düşür birdən:
İstədim gizlədim məhəbbətimi;
Mənim şeirlərim satdılar səni.
İstədim on əlli qoruyam, gülüm,
Gözümün içindən mil salıb, salıb
İşığın dalınca çatdılar sənə,
İşığın altında tutdular səni.…
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!