Mən dedim yar gəzirəm, Düşməliyəm səhralara... - Sevda AYAZQIZI

 

Bu uzaq səfərinin ən gözəl niyyəti, bəlkə də bu misralarda gizlənib; illər öncə yazdığın bir şeirin sətirlərində. İllər öncə yazdığın və içinə qapatdığın...Yayımlanmağına az qala qadağa qoyduğun bu şeir hansısa narahat bir məqamda yazılmışdı yəqin ki... Sənsə, daxilən nədənsə incimiş, sınmış bir halda yaddaşlarda qalmaq istəmirdin. Biz isə bu çarəsiz vaxtımızda, dərdlərimizə bir çözüm gəzə-gəzə, bu şeiri də bu şəkildə aradıq, arıdladıq. Azadlığa çıxardıq...

Söz mülkünün sultanı Məhəmməd Füzulinin də "Şikayətnamə"si var. Amma sonda -

 

Gərçi ənduhi möhnətim çoxdur,

Heç kimdən şikayətim yoxdur.

Taleyimdir mənə cəfa gətirən,

Hər bir anında min bəla gətirən

 

- deyib, böyük Füzuli.

Sənsə şikayətini belə etmişdin:

 

Fələyin zülmünə bax, gör necə dağlatdı məni,

Bir dəfə gülümsədim, min dəfə ağlatdı məni.

Mən dedim, yar gəzirəm, düşməliyəm səhralara,

Osa Məcnun deyərək, zəncirə bağlatdı məni.

Ürəyim düşdü oda, getdim ona dad eləyim.

O da söndürmək üçün dəryalara atdı məni.

Can şirindir, yenə də əl-qol atıb çıxdım üzə.

Əzrayıl gəldi, fələk heç neçəyə satdı məni...

 

Əzrayıl, əslində indi gəldi, ata! Və sən əyilmədin. Masa arxasında necə əyləşmişdinsə, eləcə də dayandın. Vaxt, Vədəni mərdanə qarşıladın.

Bu sənin əyilməyən, sınmayan qürurun idi. Bizim isə səndən götürəcəyimiz son ibrətamiz dərs idi. Adınla, bütöv şəxsiyyətinlə, dürüst qələminlə - Azərbaycan ədəbiyyatına, bütün soyadımıza əbədi həkk olundun. Nur içində yat, ATA!

 

 

Hamıdan sonraya qalan dünyadır

 

Haqq sevər, halalı harama qatmaz,

Mərdin qazancını namərdə satmaz;

nəğdi boşa getməz, nisyəsi batmaz -

Verdiyi borcları alan dünyadır.

 

Əzəli-əbədi bir adəti var -

"Mənəm" deyənlərin qəsdinə durar;

kimisi dağıdar, kimisi qurar -

Abadan dünyadır, talan dünyadır.

 

Vəfadan özünü kəm bilə-bilə

Hansı Vəfalını salmayır dilə;

Gələni göndərib axır mənzilə -

Hamıdan sonraya qalan dünyadır.

 

Ayaz VƏFALI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!