Ömrümün dolğun bir səhifəsi onunla bağlı idi - Qəzənfər PAŞAYEV

 

Ömrün yarpaqtökən çağı çoxdan arxada qalıb. Axşamlar telefon əvvəlki kimi səni dostlarla calaşdırmır, susur. Dostların sayı lap azalıb. İllərlə dostluq etdiyin dostun itgisi bu yaşda dözülməz dərəcədə ağır olur. O da ola 50 ildən artıq dostluq etdiyin dost itkisi. Oktyabr ayının 11-də Ayaz Vəfalını son mənzilə yola saldıq.

Ayaz müəllimlə sonralar dostluğa çevrilən tanışlığım 1966-cı ildən başlamışdı. O, "Ədəbiyyat qəzeti"ndə çalşırdı, mən isə dörd il İraqda tərcüməçi işləyəndən sonra Vətənə dönmüşdüm. Ayaz müəllim İraqda məskunlaşan soydaşlarımız haqqında yazıma düzəlişlər edib çapa təqdim etdi.

Məni Ayaz Vəfalıya bağlayan bir neçə amil olub. O, gözütox, təmənnasız və iddiasız adam idi. Sadəliyi və təvazökarlığı ilə seçilirdi. İndi 1966-cı ildən düz altmış il keçib. Bilmirəm, indi təmənnasız və iddiasız sözlərini hansı məqamda işlətmək olar. Zəmanənin keşməkeşləri onları bizə çox gördü. "Təmənnasız iş", "təmənnasız adam" ifadələri sanki leksikonumuzdan çıxıb.

Ayaz Vəfalı BDU-nun filologiya fakültəsini bitirib sıravi işçi kimi "Ədəbiyyat qəzeti"nə gəlmişdi. Ədəbiyyata təmənnasız xidmət onun pillə-pillə yüksəlməsinə (ədəbi işçi, şöbə müdiri, məsul katib, baş redaktor müavini, baş redaktor) gətirib çıxarmışdı. Bu, 50 illik acılı-şirinli, keşməkeşli zaman kəsiyində baş vermişdi. Əlli il bir müəssisədə, özü də söz adamlarının nişangahına çevrilən bir müəssisədə işləmək elə də asan deyil. Bunun üçün vicdanla işləmək, obyektiv olmaq, yeri gələndə əsassız hücumlara sinə gərmək tələb olunur. Yəqin buna görədir ki, o, ədəbi ictimaiyyət, istedadlı qələm sahibləri və ədəbiyyatşünas alimlər arasında hörmət və ehtiramla qarşılanırdı. Demək olar ki, hamı onun xatirini eyni dərəcədə istəmirdi. İlhamdan, istedaddan kasad olan, iddiası yerə-görə sığmayan qələm sahiblərinin qabağına "Ədəbiyyat qəzeti"ndə sipər çəkmişdi. Elələrinin hücumlarına Ayaz müəllim təmənnasız və obyektiv olması ilə sinə gərirdi.

Bir vaxtlar Ayaz Vəfalı ilə "Ədəbiyyat qəzeti"ndə çiyin-çiyinə çalışan görkəmli filoloq alimimiz, akademik Nizami Cəfərov xüsusi vurğulayır ki, Ayaz müəllim qəzetdə böyük bir redaktə məktəbi yaratmışdı.

Bəzən mənə deyirdilər: "Ayaz Vəfalının xasiyyəti ağır, özü də adamayovuşmazdır. Onunla necə dostluq edirsən?"

Suala sualla cavab verirdim. Xasiyyəti ağır, adamayovuşmaz birisi 50 il bir müəssisədə işləyə bilərmi? Sadəcə olaraq o, ədəbi məsələlərdə barışmaz mövqe tuturdu. Təbii ki, ondan inciyənlər olurdu. Lakin zaman hər şeyi yerinə qoyandan sonra Nizami Cəfərovun göstərdiyi kimi, Ayaz Vəfalının haqlı olduğunu etiraf edirdilər.

Ayaz Vəfalı biliyi-savadı ilə istedadsız ədəbiyyatçıların yerini göstərə bilirdi. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin rəhbərliyi ilə "Füzuli və folklor" dissertasiyasını müdafiə etmişdi. İncə ruhlu şair idi. Gözəl tərcüməçi idi. Qəzet işini bütün incəliklərinə qədər mükəmməl  bilən peşəkar mətbuat işçisi idi. Həm də az adama qismət olan nəfsi tox, təmənnasız və iddiasız adam idi. Böyük ailə başçısı idi. Qızlarını və oğlunu yerbəyer etmişdi.

"Ədəbiyyat qəzeti"nin 50 illik yubileyi keçiriləndə Ayaz Vəfalı bu mötəbər qəzetdə artıq 25 il idi işləyirdi. Bu münasibətlə yazmışdı:

 

İllər necə gəldi, necə sovuşdu,

Az qalıb ki, ola iyirmi beş il.

Bəli, yarım əsrin yarısıdır bu,

Bir igid ömrüdür - zarafat deyil!

 

Yarım əsrin yarısı zarafat-zarafat yarım əsrə çevrildi.

Əsası Qasım Qasımzadə, Hüseyn Abbaszadə, Yusif Əzimzadə, Nəriman Həsənzadə, Cabir Novruz, Sabir Əhmədli, Ayaz Vəfalı, Elçin Hüseynbəyli tərəfindən qoyulan ənənə Azər Turan tərəfindən uğurla davam etdirilir.

Ayaz Vəfalının 80, 85, 90 illik yubileyləri "Ədəbiyyat qəzeti"ndə layiqincə qeyd edildi.

Zəhməti olan heç kəs unudulmur. Ayaz müəllimi son mənzilə yola salanda çıxışımda hamının dostu Abbas Zamanovu yada saldım. Görkəmli bir şəxsi son mənzilə yola salanda hamı "Allah rəhmət eləsin!" deyərdi.

Abbas müəllim isə "Sağ ol, a filankəs!" - deyərdi. Mənasını soruşanda, "O yaxşı adamdır, o ölməyib. O, biz dünyamızı dəyişəndə vəfat edəcək" - deyirdi.

Abbas müəllimin müdrik sözlərini təkrar edirəm: "Sağ ol, Ayaz müəllim. Ömrümün dolğun bir səhifəsi səninlə bağlıdır. Yaxşı ki, sən varıydın!"

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!