Nizami CƏFƏROV
"Kitabi-Dədə Qorqud"un elm aləminə məlum ilk əlyazmasının, ehtimal edildiyinə görə, XVIII əsrdən etibarən qorunub saxlandığı məşhur Drezden kitabxanasında eposa həsr olunmuş beynəlxalq simpozium keçirmək ideyasını Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla irəli sürdü ki, bu tamamilə təbii idi. Görkəmli qorqudşünas neçə on illərdir, dünya miqyasında yalnız eposun çoxtərəfli araşdırıcısı kimi fəaliyyət göstərməklə qalmır, eyni zamanda qorqudşünaslığın inkişafı sahəsində ardıcıl təşkilatçılıq işi görür. Və heç də təsadüfi deyil ki, o, sözügedən sahənin mütəxəssisləri arasında "dövrümüzün Dədə Qorqudu" olaraq tanınır.
Əlbəttə, Almaniya Federativ Respublikasındakı Azərbaycan səfirliyi simpoziumun keçirilməsinə böyük maraq və məsuliyyətlə yanaşmasaydı, görünür, məclisimiz bu qədər anlamlı, səmimi və möhtəşəm alınmayacaqdı. Səfirliyimiz əlindən gələni əsirgəmədi.
Bütün hallarda ən böyük minnətdarlıq isə heç şübhəsiz, almaniyalı həmkarlarımıza düşür. Xüsusilə Saksoniyanın Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinə və Drezden Milli Kitabxanasına.
XIII əsrin əvvəllərində Elba çayının sahilində salınmış Drezden çox keçmədən Saksoniyanın paytaxtına çevrilmişdir. German-slavyan əlaqələrində müəyyən rolu olduğu etiraf olunan bu etnoqrafik coğrafiyanın saklarla (türklərlə) bağlılığı barədə hansısa mühakimə yürütməyin nə dərəcədə doğru olub-olmayacağı mübahisəlidir. Sayı hazırda yarım milyonu ötmüş Drezden əhalisinin mütləq əksəriyyəti almanlardan ibarətdir.
Drezden Milli Kitabxanasına gəldikdə isə, onun tarixi XVI əsrə gedib çıxır. XVIII əsrin sonlarına doğru dövlət statusu alaraq fəaliyyətini daha da genişləndirmişdir. Belə bir qənaət mövcuddur ki, "Kitabi-Dədə Qorqud"un sözügedən nüsxəsi Kitabxanaya həmin əsrin ortalarında daxil olunmuş, sonlarında alman türkoloqu Fridrix fon Dits tərəfindən aşkarlanaraq 1815-ci ildə elm aləminə tanıdılmışdır. Ancaq bəzi tədqiqatçılar düşünürlər ki, "Kitab"ı bir sıra digər kitablarla birlikdə məhz F.Dits İstanbulda diplomatik missiya yerinə yetirərkən əlyazması satanlardan almış, Almaniyaya qayıdıb tədqiq etdikdən sonra Drezden kitabxanasına bağışlamışdır... Orta əsrlər türk-müsəlman filoloqları demişkən, bu və ya digər mülahizə - gümanlardan hansının doğru olduğunu Allah bilir. Bizim bildiyimiz isə odur ki, "Kitab" Drezden Milli Kitabxanasında qüsursuz qorunmuşdur.
Əlbəttə, kitabxana İkinci Dünya müharibəsində dağıdılmış, bir çox əlyazmaları, xəritələr, şəkillər və s. məhv olmuşdur. Ancaq müəyyən hissəsinə, o sıradan "Kitabi-Dədə Qorqud"a ziyan dəyməmişdir. 2002-ci ildə yeni binaya köçmüş Drezden Milli Kitabxanasının fondu 5 milyondan artıq saxlanma vahidini əhatə edir. Və kifayət qədər modern texnologiya ilə təchiz olunmuşdur.
Azərbaycanın Almaniyadakı səfirliyinin, Azərbaycan Dillər Universitetinin və Drezden Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "Kitabi-Dədə Qorqud" türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində" mövzusunda keçirilən beynəlxalq simpozium oktyabrın 2-də həmin bu müasir (və tarixi!) məkanda açıldı. Akt zalında alman səliqəsi ilə yaradılmış son dərəcə işgüzar şəraitə müəyyən emosional rəng verən "Dədə Qorqud"un məşhur əlyazmasının fəxri bir yerdə şüşə altında nümayişi idi. Zala daxil olan simpozium iştirakçıları - təşkilatçılar, məruzəçilər, dinləyicilər ilk növbədə bu müqəddəs "Kitab"ın ziyarət edirmiş kimi ətrafında dolanırdılar.
Mən, sözün açığı, "Kitab"ın məşhur əlyazmasının bu dərəcədə əlçatan (əslində, gözçatan) olacağını gözləmirdim. Hətta bir qədər də şübhələndim ki, bəlkə qarşımdakı orijinal deyil. Ancaq birinci oturumla ikinci oturum arasındakı fasilədə şüşənin üzərinə yaşıl qalın parça örtüldüyünü görəndə şübhələrim bir az dağıldı. Bu, əlyazmasının, yəqin ki, işıq şüalarından qorunması üçün idi... O da diqqətimi çəkdi ki, məruzəçilər, çıxışçılar sanki "Kitab"ın özündən güc alırmışlar, yaxud qarşısında hesabat verirlərmiş kimi, adətən ona baxıb danışırdılar.
Simpoziumu giriş sözü ilə Drezden Milli Kitabxanasının baş direktoru xanım Katrin Ştump açdı. Hərəkətləri nə qədər ciddi təsir bağışlasa da, çöhrəsində daim sirayətedici bir təbəssüm olan bu dolu bədənli xanım "Kitab"ı öyrənməkdə istər Almaniyadakı Azərbaycan səfirliyi, istərsə də Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Aşkar duyulurdu ki, xanım Katrin Ştump rəhbərlik etdiyi kitabxananın eksponatına onun həqiqi sahiblərinin sonsuz marağı ilə qürurlanır. Xüsusilə o baxımdan ki, görürsünüz, biz almanlar bu gün sizin böyük hörmət göstərdiyiniz abidənizi qoruyub saxlamışıq.
Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinin nümayəndəsi xanım Martsena Şöne dedi ki, "Kitabi-Dədə Qorqud" Drezden Milli Kitabxanasına aid olsa da, onun ehtiva etdiyi ədəbi-mədəni məlumatları həm türk dünyasına, həm də bütün dünyaya çatdırmaq üçün hər cür imkanlar yaradılmış və yaradılmaqdadır. Mənəvi sərvətlər sərhəd tanımasa da, daha intensiv yayılması üçün müəyyən körpülərə ehtiyac var. Xanım Martsena Şöne onu da əlavə etdi ki, Dədə Qorqud irsi Saksoniya ilə Azərbaycan arasında artıq canlı mədəni-elmi əməkdaşlığın rəmzinə çevrilmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Drezden Milli Kitabxanasının rəhbərliyinə dərin təşəkkürünü bildirərək dedi ki, kitabxana iki Dünya müharibəsinin ağır sınaqlarından keçərək "Kitabi-Dədə Qorqud"u bizim günlərə gətirib çıxarıb. Bu nadir mədəni-mənəvi sərvət həmişə müxtəlif xalqları bir-birinə yaxınlaşdırıb. Və bu gün də ayrı-ayrı ölkələrin alimləri buraya toplaşmışlar ki, "Kitab" haqqındakı tədqiqatlarının nəticələrini bir-biri ilə paylaşsınlar... Səfirin çox maraqlı (və xalqların əlaqələri barədə olduqca aydın təsəvvür yaradan) bir mülahizəsi xoş duyğular oyatdı. O söylədi ki, Azərbaycanda orta məktəb şagirdləri "Dədə Qorqud" eposunu öyrənərkən Drezden kitabxanası ilə də tanış olurlar. Və bu, özünəməxsus bir minnətdarlıqdır.
Beynəlxalq dillərin, demək olar ki, hamısını bilən səfirin almanca sərbəst çıxış etməsi Azərbaycan diplomatiyasının müstəqillik illərində qazandığı zəngin təcrübənin göstəricilərindən yalnız biri sayıla bilərdi.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik, görkəmli qorqudşünas Kamal Abdulla açılış çıxışlarını yekunlaşdıraraq simpoziumun həm Almaniya-Azərbaycan ədəbi-mədəni əlaqələrinin, həm də qorqudşünaslığın inkişafına öz töhfələrini verəcəyini vurğuladı. O qeyd etdi ki, Şərq mədəniyyətinin öyrənilməsində alman şərqşünaslığının xüsusi rolu olduğu kimi, Şərq yazılı mənbələrinin mühafizəsində də Drezden Milli Kitabxanasının xidmətləri əvəzsizdir. Azərbaycanda bütün bunlar həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kitab"ın bir boyunun alman dilində ilk nəşrinin 200 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur.
Akademik Kamal Abdullanın çıxışı onun alimliyi, yazıçılığı və dövlət xadimliyindən irəli gələrək, "Dədə Qorqud" eposunun daha dərindən (və beynəlxalq miqyasda) dərki, kütləviləşməsi məqsədi daşımaqla yanaşı, əgər belə demək olarsa, postmodernist xarakter daşıyırdı. Xüsusilə o baxımdan ki, görkəmli araşdırıcının mülahizələrində öz yaradıcılıq təcrübəsindən (və tədqiqat metodundan) irəli gələn müxtəlif zamanlara (və xalqlara) aid mətnləri müqayisə etmək, onların əsasında fövqəlzaman (və ümumbəşəri) mətn təsəvvürlərini gerçəkləşdirmək cəhdləri vardı.
"Kitabi-Dədə Qorqud"un yüksək keyfiyyətdə faksimile nəşrinin təqdimatından sonra simpoziumun "Dədə Qorqud" eposu: əlyazma irsi, tarixi yaddaş və türk xalqlarının mədəniyyəti" mövzusunda ilk oturumu öz işinə başladı. Oturum başqanı, Humboldt Universitetinin professoru Yeva-Mariya Aux səmimi olduğu qədər də məzmunlu giriş sözü ilə dərhal diqqəti özünə yönəltdi. O dedi ki, Dədə Qorqud irsi təkcə bir xalqın deyil, bəşər ruhunun, insan könlünü oxşayan daima canlı mədəniyyətin təcəssümüdür. Və əlavə elədi ki, Şərq ilə Qərb arasında qurulmuş körpülər həmişə işləməli, ikitərəfli gediş-gəliş heç vaxt kəsilməməlidir.
Prod.Dr. Yeva-Mariya Aux yalnız Almaniyada yox, Azərbaycanda da yaxşı tanınır; 1955-ci ildə Almaniyanın Lüterştadt - Aysleben şəhərində doğulmuşdur. 1980-ci illərdə Bakıda ərəb və digər müsəlman xalqlarının dillərini öyrənmiş, Almaniyanın müxtəlif universitetlərində çalışmışdır. 2010-cu ildən Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının müdiri olmuşdur. Azərbaycanla sıx elmi əməkdaşlıq edən Yeva-Mariya Aux 1999-cu ildə Qərb Universitetinin fəxri doktoru adını almışdır.
Azərbaycanın ən yeni tarixini təfərrüatları ilə bilən bu görkəmli alim (və olduqca simpatik xanım) bildiklərini gənc nəslə öyrətməklə kifayətlənməmiş, ölkəmizin ağır günlərində onun həqiqətlərinin dünyaya çatdırılmasında unudulmaz işlər görmüşdür.
Birinci oturumda akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" mifoloji sistemdə", akademik Nizami Cəfərovun "Dədə Qorqud"dan "Koroğlu"ya", akademik Muxtar İmanovun "Dədə Qorqud" dastanında beynəlxalq motiv və obraz problemi" və Prof.Dr Cahangir Qızılözənin "Kitabi-Dədə Qorqud"un şərhinə yeni yanaşma: klassik məntiqin tək şəkilliliyindən qeyri-səlis məntiqin çox şəkilliliyinə" mövzusunda məruzələri dinlənildi. Oturum başqanının hər məruzədən əvvəl onun müəllifi haqqında verdiyi müxtəsər məlumatdan görünürdü ki, o öz işinə yalnız məsuliyyətlə yox, həm də məhəbbətlə yanaşmışdır.
Məni təqdim edərkən, heç gözləmədiyim halda, əvvəl Ağstafa rayonunda doğulduğumu vurğuladı, sonra isə onun yerlisi düşdüyümü qeyd elədi. Almaniyada - Drezdendə mənim doğma Ağstafamın adının çəkilməsi bir yana, almaniyalı alimlə necə yerli olduğumu anlamadım. Ancaq eşidəndə ki, xanım Yeva-Mariya Aux bir vaxtlar Ağstafada məşkunlaşmış almanları nəzərdə tutaraq, bir növ, azərbaycanlılarla almanlar arasındakı "həmyerlilik körpüsü"ndən bəhs edir, xeyli qürurlandım. Deməli, azərbaycanlılar Ağstafada, Şəmkirdə, Göygöldə, Gəncədə... almanlara elə qucaq açmış, elə qonaqpərvərlik göstərmişlər ki, onların xələfləri bu münasibəti həmyerlilik kimi dəyərləndirməkdə tərəddüd etmirlər.
Oturumdan sonrakı fasilədə bizimlə çay içən xanım Yeva-Mariya Auxla daha yaxından tanış oldum. Rus dilini gözəl bilirdi. Ona dedim ki, Ağstafa rayon rəhbərliyinə mütləq xəbər çatdıracam ki, Almaniyada sizin çox nüfuzlu bir alman yerliniz yaşayır. O isə Azərbaycana gələndə Ağstafaya da gedəcəyinə söz verdi. Xüsusilə aşıq musiqisini dinləmək üçün.
"Dədə Qorqud və dünya epik irsi: müqayisəli yanaşmalar və yeni tədqiqat istiqamətləri" mövzusundakı ikinci oturuma Dr. Mixail Hess başqanlıq etdi. Dr. Burak Ekenin "Çağdaş dilçilik işığında dinləmə və Dədə Qorqud dinləməsi", Prof. Dr. Klaus Volfun "Dədə Qorqud" eposu ilə "Kudrum" eposu arasındakı paralellərə dair yeni araşdırmalar", Prof. Dr. Cəlil Nağıyevin "Kitabi-Dədə Qorqud" və qədim yunan mifologiyası (yeni araşdırmalar əsasında), Dr. Mario Soldraininin Etteore Rossinin "Kitabi-Dədə Qorqud" araşdırması: tənqidi nəşr, italyan dilinə tərcümələr və ədəbi qəbulu" mövzusundakı məruzələri dinlənildi.
Hər iki oturumda olduqca maraqlı (və sözün həqiqi mənasında yeni) mülahizələr səsləndi, yerlərdən verilən suallar cavablandırıldı. Azərbaycandan, Almaniyadan, Türkiyədən, İtaliyadan olan elm adamlarının "Dədə Qorqud" eposu üzərindəki düşüncələri bir-biri ilə səslənərək bu möhtəşəm ədəbi abidənin milli olduğu qədər də ümumbəşəri dəyərini bir daha təsdiq etdi.
Azərbaycanın Almaniyadakı səfirliyi sinxron tərcümə məsələsinə kifayət qədər ciddi yanaşdığına görə məruzələr, çıxışlar və sual-cavablar azərbaycancadan almancaya, eləcə də əksinə, olduqca peşəkar səviyyədə çevrilirdi, əvvəldən axıra qədər ən mürəkkəb, mübahisəli məqamlarda belə heç bir anlaşılmazlıq baş vermədi.
Mən məruzələrin məzmunu barədə təfsilata getmədim, çünki Azərbaycan Dillər Universiteti simpoziumun materiallarını ayrıca kitab halında nəşr edəcəkdir.
Azərbaycan qorqudşünaslarının Drezden müzakirələrində iştirakı Almaniyanın Azərbaycandakı səfirliyinin diqqətindən qaçmadı. Səfir cənab Dirk Lölke Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın başçılığı ilə nümayəndə heyətinin Drezden səfərini yüksək qiymətləndirdi.
.jpeg)
.jpeg)
.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
