Ayaz Vəfalı vəfat edib

Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) bu gün gecə saatlarında vəfat edib.

1937-ci il aprel ayının 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olub. O, burada orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb: burada texniki katib, ədəbi işçi, Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

Ayaz Vəfalı “Füzuli və folklor” mövzusunda elmi araşdırmalar aparıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirib. 1972-ci ildə “Füzuli və folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Bədii yaradıcılığa “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlayıb. O, mütəmadi olaraq dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edib.

Ayaz Vəfalı müxtəlif illərdə “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik” “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” kimi elmi kitabların müəllifidir. O, həmçinin Nəvainin “Leyli və Məcnun” poemasını, T.Şevçenkonun “Kor qadın” poemasını, rus yazıçı A.Çaykovskinin “Qələbə” siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü – ağıl gözü” kitabını Azərbaycan dilinə tərcümə edib.

1984-cü ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!