İnam Atanın (Asif Atanın) İnam Fəlsəfəsinin mayasında İnsanın mütləqləşmək - var olmaq imkanına inam dayanır. Ancaq burada söhbət insanı yalnız bioloji varlıq, sosial fərd kimi anlamaqdan getmir. Ata Fəlsəfəsində İnsan yüksək, bənzərsiz bir mənəvi imkanlıdır. İnsan dünyaya naqis gəlir. İndiyə kimi onun tərbiyəsi cəmiyyət qaydaları ilə baş tutub. Sonucda insan mahiyyətcə var olmayıb. Bəşər tarixinin qanlı-qadalı yaşantıları bunu aydınca göstərir. Məqsəd İnsanı İnsanlığa uyğun yaşatmaqdır. İnam Atanın Fəlsəfəsinin hədəfi budur. Buna görə də Atanın Dünyabaxışında İnsanlaşma adi tərbiyə anlayışından daha geniş məna daşıyır, insanın içində mahiyyətini daşımasına, Mütləqləşməsinə, var olmasına İnama əsaslanır.
Bu bənzərsiz yöndən baxanda Atanın Mütləq, Vətən, Ulus, Bəşər, İnam, İdrak, Mənəviyyat, İradə və Sabah haqqında fikirləri ayrı-ayrı mövzular təsiri bağışlamır. Onların hamısı İnsan məsələsinin müxtəlif tərəflərini açır. İnsan mahiyyətinə bələd olur, bu əsasda yaşayır, Vətənlə ruhu arasında üzvi bağlılığı anlayır, Vətənini dünya, İnsanlığa uyğun yaşamı ömrünün mənası sayır, ulusal yaddaşının yiyəsi olur, yurddaşlığı bəşərsevərliyinə bərabər olur. Atanın İnsanlıq idealını anlamaq üçün, ilk növbədə, onun insanı ruhsal baxımdan hazır varlıq kimi deyil, özünü yaratmaq - var etmək imkanına malik varlıq olduğuna inandığını, bunu əsaslandırdığını, bu cür yaşayıb-yaratdığını nəzərə almaq gərəkdir. İnsan burada sadəcə "olan" deyil, həm də "olmalı olan"dır. Ata bunun örnəyini şəxsində təsdiq edib, Mütləqə İnamının ölçüsünə uyğun kamilliyini yaradıb.

İnam Atanın çağırışı budur: "Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın - İnsanlaşdırın!" Bu fikir onun dünyabaxışının yönüdür. Atanın bütün Əsərlərində bu çağırış əsas ruhsal xətt kimi sunulur. "İnsanlaşın" və "İnsanlaşdırın" sözlərinin yanaşı gəlməsi təsadüfi, qafiyə xatirinə deyil. İnsan əvvəlcə özündə İnsanlığı aşkarlamalı, var olmalıdır. Özündə yaratmadığı mənəvi keyfiyyəti başqasından tələb etmək mümkün deyil. İnsanlaşdırmaq isə özündə təsdiq etdiyi İnsanlıq ölçüsünü həyata, münasibətlərə, cəmiyyətə gətirməkdir. Deməli, İnsanlaşma şəxsi kamillik məsələsi olduğu dərəcədə insanın başqalarına münasibətini də dəyişir, habelə başqaları da İnsanlaşmanın qaçılmaz ruhsal imkan, sərvət olduğunu anlayırlar.
İnsanda mütləq. Ata fəlsəfəsində İnsan anlayışını Mütləqdən ayrı təsəvvür etmək çətindir. Çünki insanın yüksək mənəvi imkanından danışmaq üçün həmin imkanın nədən qaynaqlandığını da müəyyənləşdirmək gərəkdir. Ata yazır: "İnsan - özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstün olan, Mütləqə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. O, Kamiliyə çata bilər, çatmalıdır. Bu onun əsas məqsədidir".
Atanın "Mütləqə İnam" Bitiqində Mütləq Həqiqət, Mütləq Ədalət, Mütləq Xeyir anlayışları ayrıca şəkildə ifadə edilir. O, Mütləqə İnamı sadəcə nəzəri müddəa kimi deyil, ömrün həmin dəyərlərə biryolluq həsr olunması ilə bağlayır. Burada Mütləq anlayışının fəlsəfi gərəkliyi aydınlaşır. İnsan dəyişkən həyatın içində yaşayır, qarşısında müxtəlif maraqlar, həqiqət iddiaları, əxlaq ölçüləri dayanır. Ancaq insanın mənəvi mövqeyi yalnız dəyişən şəraitlə müəyyənləşərsə, içdən dayaq nöqtəsi zəifləyər. Mütləq anlayışı insan üçün daha yüksək, bənzərsiz, dəyişməz mənəvi ölçünün mövcudluğunu ifadə edir. Ədalət, Həqiqət, Xeyir: Mütləqə yönəlmək, bütövləşmək eşqi bunların nisbi mənfəətlərdən üstün mənəvi ölçüsünü axtarmaqdır. Bu səbəbdən Mütləqə İnam insanı mənəvi məsuliyyətə kökləyir. İnam yalnız söz olaraq qalırsa, insanın həyatında dəyişiklik yaratmır. İnamın həqiqiliyi onun insanın davranışında görünməsi ilə bağlıdır.
İnam, idrak, mənəviyyat və iradə. İnam Atanın İnsan anlayışı yalnız İnamla məhdudlaşmır. İnsan həm də imkan baxımından İdrak, Mənəviyyat və İradə yiyəsidir. İnam insana mütləq yön verir. İdrak həmin yönün həqiqətini təsdiq edir. Mənəviyyat - insanın münasibətlərinin Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq ölçüsündə yaşanmasıdır. İradə qəbul edilmiş mənəvi ölçünü əmələ çevirir. Bu dörd keyfiyyətdən biri zəiflədikdə insanın bütövlüyü də zədələnir. İnam İdraksız olduqda kor-koranə yaşam yaranar. İdrak Mənəviyyatdan ayrıldıqda insan həqiqəti bilsə də, ona uyğun yaşamaz. Mənəviyyat İradəsiz olduqda istək ölçüsündə qalar. İradə isə mənəvi ölçüdən ayrıldıqda sadəcə gücə çevrilər. Ona görə İnsanlaşma bu keyfiyyətlərin birliyini tələb edir. İdealda İnsan yalnız bilən deyil, dərk etdiyini yaşadan, inandığını əmələ çevirən, mənəvi sözlər söyləyən deyil, mənəviyyatı davranışında təsdiq edən varlıqdır. Bu mənada İnam Atanın fəlsəfəsində İnamın həqiqi dəyəri insanın həyatında necə görünməsi ilə müəyyənləşir.
İnsan və özüylədöyüş. İnsanlaşma asan proses deyil, çünki insanın qarşısında yalnız xarici maneələr dayanmır, öz içində də mənəvi yüksəlişə mane olan anadangəlmə hallar var. Qorxu, xudbinlik, mənfəətçilik, təqlidçilik, yalan, məsuliyyətsizlik və s. insanın özümlüyünü zəiflədir, ruhsuzlaşdırır. İnsanlaşma ilk növbədə insanın öz içindəki nöqsanlarla döyüşüdür. Bu döyüş insanın başqası yerinə özü ilə, içindəki halsızlıqla üz-üzə qalmasını, onu yenməsini tələb edir. İnsan öz içindəki xudbinliyi görmədən xudbin cəmiyyətə qarşı mübarizə aparanda ziddiyyət yaranır. Çünki xaricdə mübarizə apardığı keyfiyyətin bir hissəsini özü içində daşıyır. İnam Ata təsadüfi yazmır ki, ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Buradakı "qələbə" başqasının məğlubiyyəti deyil. İnsan öz içindəki mənəvi maneəni aşır, öz üzərində qələbə qazanan insanın başqasına münasibəti də dəyişir, insaniləşir. Bu baxımdan İnsanlaşma - İnsanlaşdırma carının qaynağı olan Mütləqə İnam Fəlsəfəsi ilk növbədə İnsanın var olmaq fəlsəfəsidir, onun meydanı insanın öz içidir.
İnsan və vətən. İnam Atanın Vətən haqqında düşüncəsi də İnsanlıq idealından ayrılmır. Vətən onun fəlsəfəsində sadəcə coğrafi məkan deyil. İnsan Vətənə münasibəti ilə öz mənəvi məsuliyyətini göstərir. Ata Fəlsəfəsindən yaranan qənaət budur, İnsan Vətənin yalnız ərazi kimi mövcudluğunu yetərli saymamalıdır. Vətən anlayışının mənəvi məzmun qazanması nədir? İnsan doğulduğu torpağı seçmir, ancaq həmin torpaqda necə yaşayacağını, Vətən qarşısında hansı məsuliyyəti daşıyacağını ruhsal imkanlarını aşkarlamaqla aqibətində yarada bilər. Vətənə bağlılıqla bəşərilik də bir-birini inkar etmir. Öz Vətənini sevmək başqa ulusu inkar etmək demək deyil. Öz ulusal kimliyini qorumaq bəşəriyyətə qarşı olmaq demək deyil, əksinə, özünü tanıyan insanın bəşərə deyəcək doğma sözü olur. Bu mənada Vətən torpağı - kutsallaşan məkandır.
Ulusallıq və bəşərilik. Atanın düşüncəsində ulusallıq özünəqapanma kimi başa düşülməməlidir. Ulusun özümlüyü onun bəşəriyyət içində özünəməxsus sözünü demək imkanını yaradır. İnsan əvvəlcə özünü tanıyır, sonra başqasını tanımaq imkanına çatır. Ulus da eyni mənada özünü dərk etmədən bəşəriyyətə həqiqi töhfə verə bilməz. Məsələ ulusal bağlılığın hansı məzmun daşımasıdır. Ulusallıq başqa uluslara qarşı üstünlük iddiasına çevrilirsə, mənəvi məzmununu (ruhsallığını) itirir. Özünüdərk yaddaş, dil, mədəniyyət, mənəvi məsuliyyət üzərində qurulursa, bəşəriliklə ziddiyyət yaratmır. Atanın Əsərlərində millətin (ulusun) öz dəyərləri ilə yaşaması ilə bəşərin mənəvi birliyinin qarşı-qarşıya qoyulmaması qənaəti ulusallıq-bəşərilik birliyinə, mahiyyətcə ayrılmazlığına inamdan irəli gəlir. Burada əsas məsələ insanın öz kimliyini başqa kimlikləri yox etmək vasitəsinə çevirməməsidir. Özü olmaq başqasının var olmasına mane olmamalıdır, həqiqi özümlük başqasının özümlülüyünə də sayğı istəyir.
Sabah-ideal. İnam Atanın Fəlsəfəsində Sabah insanın və cəmiyyətin mövcud durumdan daha yüksək mənəvi duruma yönəlməsini ifadə edən idealdır. Sabahın fəlsəfi mənası onun hansı keyfiyyəti daşımasından asılıdır. Sabahın insanı dəyişməlidir, İnsanlığa yönəlməlidir, münasibətləri dəyişməlidir, mənəvi ölçüsü yüksəlməlidir. Əgər yalnız texnika dəyişir, insan dəyişmirsə, bunu İnsanlıq baxımından böyük dəyişiklik saymaq olmur. Maddi imkanların artması insanın mənəvi yüksəlişinə zəmanət vermir. Sabahın İdealı insanın mənəvi (ruhsal) gələcəyidir, ancaq o hazır şəkildə verilmir, onu insan yaratmalıdır. Beləliklə, Atanın İdealında Vətən yaratmaqla Sabah yaratmaq arasında da içdən bağlılığın olduğu bilinir.
İnsan - mütləq - vətən - sabah. Bu dörd anlayış bir yerdə götürüldükdə Atanın İnsanlıq idealının mahiyyəti daha aydın görünür. İnsan - başlanğıcdır, çünki bütün mənəvi dəyişiklik insandan başlayır. Mütləq - dəyişməz varoluş ölçüsüdür, çünki insanın yönələcəyi yüksək mənəvi həddi müəyyənləşdirir. Vətən - kutsallaşan məkandır, insan mənəvi varlığını konkret yurd (torpaq) dil, tarix, yaddaş içində gerçəkləşdirir. Sabah - idealdır, insan mövcud vəziyyətlə kifayətlənmir, ali həyata doğru yön alır. Bu ardıcıllıqda İnsanlaşma bütün anlayışları birləşdirən əsas amilə çevrilir. İnsan özünü dərk edir, Mütləqə yönəlir, Vətənini mənalandırır, Ulusal kimliyini dərk edir, Bəşəri məsuliyyətə yüksəlir, içində Sabahı hazırlayır. Beləliklə, İnam Atanın fəlsəfəsində İnsanlıq idealı mücərrəd istək deyil, insanın öz həyatında həyata keçirməli olduğu mənəvi tələbdir. Əslində İnsanlaşan mahiyyətcə elə İnsanlaşdırmış olur, yəni bu cəhətlərin biri o birini təsdiq edir.
İnsanlıq idealı. Atanın fəlsəfəsində İnsanlıq idealını yalnız "yaxşı insan olmaq" ifadəsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Buradakı İnsan daha yüksək mənəvi bütövlük anlayışıdır. İnsan özündə İnamı yaşatmalıdır, İdraki imkanlarını dərinləşdirməlidir, Mənəviyyatı qorumaqla kifayətlənməyib onu əmələ çevirməlidir, İradəsini özünü içdən yaratmağa yönəltməlidir. Mütləq Həqiqətə, Ədalətə, Saflığa, Xeyirə yanaşmasını həyatının ölçüsünə çevirməyə çalışmalıdır. İnsanlıq idealında "gələcək" də insanın məsuliyyətindən kənarda qalmır. Sabah öz-özünə gəlmir, Vətən öz-özünə mənəviləşmir, Ulus öz-özünə özümləşmir, İnsan da öz-özünə İnsanlaşmır. Bütün bunların arxasında insanın idraklı, mənəvi əməli dayanır. İnam Atanın İnsanlıq idealı nə keçmişə qayıdış, nə də gələcəyi romantikləşdirməkdir. Bu ideal insanın bu gündə öz üzərində çalışması, mənəvi imkanını gerçəkləşdirməsi, Mütləq İnamlı gələcəyə yol açmasıdır. İnsanlıq idealının başlanğıcı insanın öz içindədir. İnsan özündə İnsanlığı yaratdıqca, var etdikcə münasibətlərinə gətirir, İnsanlaşdırma başlayır: İnsanlaşdırma isə artıq fərdi sərhədi aşaraq cəmiyyətə, Vətənə, Ulusa və Bəşəriyyətə yönəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
