Baha Tofiq (türkcə: Baha Tevfik) 1884-cü ildə İzmirdə gömrük məmuru Mehmet Tofiq Əfəndinin ailəsində doğulmuş, 1914-cü ildə İstanbulda vəfat etmişdir. Anarxist yönümlü Osmanlı (türk) materialist filosofudur. Cəmi 30 il ömür sürmüşdür. İkinci Konstitusiya dövrünün görkəmli filosof-materialisti, pozitivisti və publisisti olmuşdur. O, çox vaxt ilk türk anarxisti hesab edilir. Baha Tofiq Osmanlı imperiyasında Avropanın elmi düşüncəsinin və qabaqcıl fəlsəfi cərəyanların yayılmasında mühüm rol oynamışdır.
Baha Tofiqin ilk yazıları "Aheng", "İzmir" və "Sedat" kimi İzmir qəzetlərində dərc olunmuşdur. Ömər Seyfəddin, Şahabəddin Süleyman və Nəcib Türkçü ilə birlikdə qələmə alınan yazılar onun yaradıcılıq həyatında mühüm yer tutmuşdur. Dil, ədəbiyyat, fəlsəfə, siyasət, cəmiyyət və digər mövzulardakı məqalə və araşdırmaların dərc olunduğu nəşrlərdə İttihad və Tərəqqi Cəmiyyəti, bələdiyyə və valilik çəkinmədən tənqid edilirdi. Bu tənqidlər səbəbindən onun çalışdığı qəzet və jurnallar qısa müddət ərzində bağlanırdı.
Baha Tofiq 1910-cu ilin avqustunda "Piyano" adlı ədəbiyyat jurnalını, 1910-cu ilin noyabrında "Eşşək" adlı satirik qəzeti, 1911-ci ilin yanvarında isə "Düşüncə" adlı fəlsəfə jurnalını nəşr etdirir. 1911-ci ilin mayından ta vəfatına qədər yazılarının dərc olunduğu "Karagöz" qəzetində çalışır. 1912-ci ilin martından etibarən isə "Yirminci Asırda Zeka" jurnalını nəşr etdirir, bir müddət "Aləm" jurnalının baş redaktoru olur. 1913-cü ilin mayında on say davam edən "Felsefe Mecmuası"nı, həmin ilin iyununda isə "Çocuk Duygusu" jurnalını nəşr etdirir. Bu onun nəşr etdirdiyi son jurnal olur.
Baha Tofiqin kitab şəklində nəşr olunmuş on beş əsəri vardır. Bu kitabların əksəriyyəti onun Əhməd Nəbil ilə birlikdə yaratdığı "Teceddüd-i İlmi ve Felsefi Kütüphanesi" nəşrləri sırasında 1907-1914-cü ildə İstanbulda çap olunmuşdur.
Onun müəllifi olduğu və tərcümə etdiyi əsərlərə nəzər saldıqda yazı fəaliyyətinin daha çox fəlsəfə üzərində cəmləndiyi görünür.
Gənc mütəfəkkir XIX əsrin "bioloji və təkamülçü materializm" baxışını təmsil edən məşhur alman mütəfəkkirləri Lüdviq Büxnerin və Ernst Hekkelin əsərlərini türk dilinə çevirmişdir. Xüsusilə, Büxnerdən tərcümə etdiyi "Madde ve Kuvvet" ("Maddə və qüvvə") adlı kitab istər həmin dövrdə, istərsə də sonrakı illərdə elmi fikrə təsir göstərmişdir. Daha sonra nəşr olunan "Felsefe Kamusu", "Muhtasar Felsefe", "Psikoloji ve İlm-i Ahval-i Ruh" adlı əsərləri də onun fikir aləminə verdiyi mühüm töhfələr sırasında yer alır.

Baha Tofiqin azsaylı mənsur şeirləri və hekayələri "Servet-i Fünun" ədəbiyyatının təsiri altındadır. Bu əsərlərində o, dövrün ümumi meyillərinə qarşı çıxmışdır. Platonçu baxışla yazdığı nəzəri yazılarında isə Tofiq ziddiyyətli fikirlər irəli sürür, ədəbiyyatı "zərərli" hesab edir, hər cür qayda və ölçünü rədd edərək tənqidi tamamilə şəxsi təəssüratların ifadəsinə endirirdi. Onun qələmə aldığı yazılarda xüsusilə Namiq Kamal, Xalid Ziya, Mehmed Rauf, Cənab Şahabəddin, Rza Tofiq, Əhməd Haşim, Cəlal Sahir və Raif Nəcdiqi sərt şəkildə tənqid edilirdi.
Baha Tofiq bir anarxist kimi Osmanlı imperiyasında hər şeyin köklü şəkildə dəyişməli olduğunu düşünürdü. Tofiq dövrünün və məmləkətinin, demək olar ki, bütün ziyalıları ilə mübahisəyə girişir, onların əksəriyyətinin düşüncəsini qəbul etmirdi. Fikirlərinə görə onu tez-tez "Qərbpərəst" adlandırırdılar.
Baha Tofiq dini əxlaqın pozulduğunu, bir çox türk düşüncə tərzinin boş olduğunu bildirir və humanist əxlaqı müdafiə edirdi. O, belə hesab edirdi ki, insan yalnız içində yaşadığı cəmiyyətin fikir və dəyərlərinə qarşı çıxmaqla azad ola bilər. Və xüsusilə vurğulayırdı ki, fərdin hüquqlarına və fikir azadlığına əhəmiyyət verməyən hər bir hökumət əslində istibdad hökumətidir.
Tofiq öz dövrünə və Osmanlı ziyalı ənənəsinə o qədər də uyğun gəlməyən cəsarətli bir polemist idi. O, ölkədə mövcud olan istibdad rejiminə qarşı çıxaraq deyirdi: "İctimai həyatda ən mühüm amil fərddir. Fərdin tərbiyəsi və fərddəki qüvvənin nəticəsi milli hakimiyyəti doğurduğu kimi, fərdin əzilməsi və sönməsi də istibdadı doğurur".
Baha Tofiq öz əsərlərində cəmiyyətdə hökm sürən meşşanlığı, cahilliyi, nadanlığı, fanatizmi kəskin şəkildə ifşa edirdi. Xüsusilə, dini fanatizmin mövcud cəmiyyətdə insanın formalaşmasına mane olduğunu dönə-dönə vurğuladığına görə, həm yaşadığı dövrdə, həm də ölümündən sonra mühafizəkar təbəqənin "ateist" ittihamlarına məruz qalmışdır.
Baha Tofiq yazırdı: "Türklüyü xilas edəcək şey mütləq bir xəyal məqsədidir. Bu xəyal avropalılaşmaq, sivil və tərəqqi etmiş olmaq xəyalıdır. Bu xəyal məqsədinə millətimizi deyil, millətimizi bu xəyal məqsədinə yaxınlaşdırmalıyıq".
Tofiq, dini və ya fəlsəfi olmasından asılı olmayaraq, köhnə əxlaq anlayışının tamamilə iflasa uğradığını, XX əsrdə əxlaqın "insani" olmalı olduğunu müdafiə edərək aşağıdakı fikirləri irəli sürmüşdür: "Əxlaqın əsasını nə göylərdə, nə də səmavi kitablarda axtarmaq doğrudur. Bu əsas yenə insanların özündədir; onların hərəkətlərində və bu hərəkətlərin mənbəyi olan fikir, həssaslıq, adət, instinkt kimi psixoloji və fizioloji hadisələrin düzgün idarə olunmasındadır. Yəni əxlaq yaxşı olduğu qəti şəkildə müəyyən edilmiş hərəkətlərin həyata keçirilməsi ilə məşğul olur".
Fərd və əxlaq Tofiqin ən çox üzərində dayandığı iki mövzudur. Fərdiyyətçiliyin nümayəndəsi olmamaqla yanaşı, qadının cəmiyyətdəki yeri və bərabərliyi, evlilik və ailə institutu, metafizik düşüncə, din, fəlsəfə və insan münasibətləri kimi mövzuları araşdırmış və bu məsələləri müxtəlif aspektlərdən tənqid etmişdir.
Onun fikrincə, bəşəriyyət sonda anarxizmə gəlib çatacaq və orada fərd bütün müstəqilliyini əldə edəcəkdir.
Baha Tofiqin fikrincə, fəlsəfə gələcəyin elmidir. Elmin və texnikanın keçərli olmadığı sahə fərziyyə və nəzəriyyə sahəsidir ki, buna fəlsəfə deyilir. O, hesab edirdi ki, "dünənin fəlsəfəsi bu günün elmi və texnikası, sabahın elmi və texnikası isə bu günün fəlsəfəsidir" ("Felsefe Mecmuası").
Etiraf etmək lazımdır ki, XIX əsrdə Osmanlı cəmiyyətində intellektual hərəkatların artdığı və bu hərəkatların "yekdillilik" adlandırıla biləcək bir bütövlük daxilində qərbləşmə çağırışının gücləndiyi aşkar hiss olunurdu. Qərbləşmənin zəruriliyinin ümumi və geniş şəkildə qəbul edilməsi çox uzun vaxt almasa da, necə və nə cür qərbləşmək lazım olduğu məsələsi Türkiyə cəmiyyətində bu günə qədər uzanan bir problemdir.
Tofiq öz qısa ömründə çox iş görmüş, orijinal əsərlər yazmaqla yanaşı, Qərb mütəfəkkirlərinin, o cümlədən, Fridrix Nitsşenin və digər Avropa filosoflarının əsərlərini türk dilinə tərcümə etmişdir.
Yeri gəlmişkən, məşhur yazıçı Ömər Seyfəddinə fransız dilini öyrədən də məhz Tofiq olmuşdur.
XX əsrin əvvəllərində Türkiyədə Lev Tolstoyun şəxsiyyətinə, onun pasifizminə, dövlətə münasibətdə tənqidi mövqeyinə və dini-mənəvi axtarışlarına böyük maraq vardı. Tolstoyun fəlsəfi-dini və mənəvi-etik xarakterli əsərinin türk dilinə tərcüməsi də Baba Tofiqə aid edilir. Bununla yanaşı, gənc filosof İkinci Konstitusiya monarxiyası dövründə (Gənc türklər dövrü) Osmanlı oxucusunu böyük rus yazıçısının yaradıcılığı və ideyaları ilə fəal şəkildə tanış etmişdir.
Fürsətdən istifadə edib bir məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Mənim dünya filosofları haqqında silsilə yazılarımın bir çox oxucuları türk fəlsəfi fikrinə qismən az müraciət etdiyimi vurğulayırlar. İlk baxışda bu, haqlı irada bənzəyir. Amma məsələ burasındadır ki, mən filosofları mənsub olduqları millət və xalqlar üzrə deyil, əsasən fəlsəfə tarixində tutduğu yerə görə təqdim edirəm. Açığı, kimdənsə daha ətraflı yazmaq kimi bir öhdəliyim də yoxdur. Mən sadəcə olaraq, oxucularımızı görkəmli dünya filosoflarının bir çoxunun həyat və yaradıcılığı ilə yanış edirəm. O ki, qaldı türk fəlsəfi fikrinə və türk dünyasının filosofların, əlbəttə, bu mövzu özünün geniş təhlilini gözləyir.
Haqqında müxtəsər söhbət açdığım, cəmi 30 il ömür sürmüş Baha Tofiq də türk dünyasının görkəmli fəlsəfi simalarından biri olmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
