Mələk qəlbin pıçıltısı... - Qənbər AĞAYEV

Xatirə Fərəclinin "Kimin var ki" kitabı haqda düşüncələr

 

İçimə çəkilib daldalanmışam,

Dəli duyğularım öz oyununda,

Təpədən-dırnağa misralanmışam

Çarpışan fikirlər söz oyununda.

 

Söz - Yaradanın hikməti, bəşəriyyətin misilsiz sərvəti, insanlığın möhtəşəm kəşfi, bütün zamanların canlı əfsanəsidir.

Söz oyunu - bütün oyunların lokomotivi "Külli-aləm qoşun çəksə, yurdu alınmayan" (S.Vurğun), xalqları və dövlətləri düşmən edib müharibələr yaradan, ən canlı savaşları sülhə gətirən, "Yüz il sel oya bilməz, Bir gün söz oyan yeri", - deyən atalarımız sözün ilahi qüdrətinin, sözün cahanşümul oyununun sərrast qiymətini veriblər.

N.Karamzinin təbirincə desək, "Söz var əsrin, söz də var ki, əsrlərin sərvətinə çevrilir".

XXI əsr Azərbaycan poeziyasında gələcəyə uzanan bir cığır görünür - Xatirə cığırı. "Təpədən-dırnağa misralanıb". İnsanlığın, tarixin təkrarsız yaratdığı "Söz oyununa" girib, əminliklə poeziyasının əsrlərin sərvətinə çevriləcək inamı ilə yazıb yaradır. "Sözün qurtardığı yerdə Allahın səsi başlayan" (Ə.Cahangir) və sabahlara yön alan bu poetik yolda - qədəm qoyduğu poetik dünyada Xatirə "sözdən heykəl yonur". Bu yolun otu da, torpağı da, səması da, insanı da, quşu da, bir sözlə, nəyi varsa, Xatirənin qələmində söz heykəlidir. Heykəlin də ömrü əsrləri yola salan əbədi tarixdir.

Dünya sözdən yarandı. Yaradan "Ol" dedi. Və Allahın yaratdığı ilk şey qələm oldu. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı...

Bəli, Xaliq əvvəl qələmi yaratdı, qələmin də dilində ilk olaraq söz dil açdı. Şair qələm və sözlə ilk yaranan bu iki əbədi və ədəbi işıqla yola çıxdı. Xatirə Fərəcli də əlində qələm, dilində ilahi söz əbədiyyət yoluna - öz poetik yoluna çıxıb.

 

Söykənib tənha söyüdə,

Budaqdan bar gözləyirəm.

Qatarlanıb illər gedir,

Mənsə, qatar gözləyirəm.

 

Qatarlanıb illər gedir, ancaq şair əmindir ki, qarşıda hələ əbədiyyətdən illərin milyon-milyon qatarı gələcək.

 

Niyə çat vermisən, torpaq,

kimin həsrətin çəkirsən?

Bu nə sevgi?

Sənin istəyin bəlli,

səni istəmək ağır...

Ruhsuz gəlir qucağına

bağrına basdığın adam,

qoynuna gələn fağır.

Üstündə həyat-həyat oynayanlar,

dünyayla başın qatanlar,

səni sevənlər,

səni satanlar.

Eyni gözlə baxırsan hamıya.

Bu nə böyüklük, nə səbr?!

Torpaq, torpaq...

qoynun gülüstan,

için qəbir.

 

Ayağının altında "torpaq qucağına ruhsuz gələn insanların həsrətini çəkə-çəkə can verir".

 

Bunun əfkarı zillət,

Dili ilan dilidir.

Niyə ölü deyiblər?

Bu sükut dipdiridir.

 

Hamının ölü bildiyi sükutu şair "dipdiri" görür.

 

İntizarım bilmir nə hədd, nə hüdud,

İtir, güman itir, üzülür umud,

Yüklənən kirpiklər toqquşan bulud,

Yaşlar qıraq gedir göz oyununda.

 

Söz oyununda yüklənən kirpiklərdə buludlar toqquşur.

 

İçdəki tüstüdən qurum bağlar can,

Ha gizlət, gözləri satar adamı.

Toxunsan, donarsan yandığım yerdən

Mən soyuq adamam, mən hal adamı.

                                               

Şairin yaratdığı bədii təzadda yandığı yerə toxunan donur.

 

Qəlbim qan gölüdür, ləngəri əldə,

Titrədər toxunsa, ötəri yel də.

Etibar itərsə, qayıtmaz bir də

Güllə yeri kimi güllənib gedər.

 

Dostun da, yarın da etibarına son qoyulanda əsim-əsim əsir şair.

 

Hər əzaba sinə gərən müəllif

 

Şeir onun həyatda ən uca sevgisidir. Hər şeyə dözür, şeirin ona vəfasızlığına dözmür. "Sevgilim şeirdir, vəfasız çıxsa, ölərəm", - deyib nöqtə qoyur. Bu, poeziyaya Leyli sevgisidirmi? Əminliklə demək olar ki, bu, Xatirənin poeziyaya fanatik sevgisi, məlaikə vurğunluğudur.

Xoş o sənətkara ki, poeziyanı - "Allahın səsi"ni minlərin, milyonların taleyinə çevirə bilir. Bu poetik yolun əbədi yolçusu kimi irəliləyir Xatirə.

Oxucuya "Oxuduğun kitablar, dərk etdiyin həyat nə deyir sənə?" sualını verir və ona ilahi dərk yolunu göstərir.

Niyə "İnsan bapbalaca, dünya dardan dar olub?" oxucu, gəl bölüşək.

"Təmiz adam" kimdi? - İçinin qulu.

"Sevə-sevə ayrılanların sevgisində can çəkən eşq"in halını bilən qələm.

"Yaşımı dərdimdən sor" dərdi insanlara tanıdan şairə.

Hansı mövzuya müraciət edirsə, poetik harmoniya yaradır.

 

***

Xanım-xatun qəlbinin incəliyi, zərifliyi, gözəlliyi şeirlərində insani-mənəvi xətlə keçir.

"Ay bilir, darıxan kimdir bu gecə", darıxan şairədir. Ayla söhbətə çıxıb:

 

Kimin duyğuları küskün, dağınıq,

Kimin yanaqları nəmdir bu gecə?

Kim çıxıb Ay ilə söhbətləşməyə?

Ay bilir, darıxan kimdir bu gecə.

 

Bioloji övlad əzizdir, yoxsa şairin insanlara ünvanlanmış mənəvi sərvəti? Hər ikisi Xatirənin ürəyinin dərinliyindədir.

Analara övlad payı İlahidən gəlir. Şair yaxşı bilir ki, şairə analara poeziya Yaradanın xüsusi töhfəsidir. Xatirə poetikada "Allahın səsi" (Turgenev) kimi yaşayır. Onun bu fani dünyada ən qiymətli sərvəti də bu səsdir.

Hər bir şeirindən insan, dünya, həyat münasibətləri işıq kimi keçir.

Metafor:

 

Göylərin ilməsi qaçıb,

Buludlar tökülüb yerə.

 

Təbii hadisəyə poetik yanaşmanın məhrəm münasibətinə heyranlıq.

Darıxan nəvəsi Aylinə "darıxma", deyir. Böyüyəndə həyat səni sınağa çəkəndə:

 

Bir namərd önündə

bir damla yaşı

içində saxlaya bilmədiyində

darıxacaqsan.

 

Bax, onda Yaradan pənahın olsun! Nənənin qarşılaşdığı dərdləri Yaradan səndən uzaq eləsin.

"Bağlı qəsr, bəlli sirr" olan şairə bütün şeirlərində həyata, insanlara poetik suallar ünvanlayır. "Mən təpədən-dırnağa Sualam, cavabım yox", - deyən sələfi ustad Bəxtiyar Vahabzadədən fərqli olaraq, Xatirə cavabsız qalan suallarını özü cavablandırır.

"Doğrumu etdim?" şeirində görünüşünə və xasiyyətinə süni heç nə qatmayıb, əsl Azərbaycan xanımı kimi öz portretini yaradır:

 

Yaranışdan nəyim vardısa,

basdım

 bağrıma doya-doya.

Görünüşünə

gözəllik qatanlara

etirazım olmasa da,

süni heç nə qatmadım;

nə görünüşümə,

nə xasiyyətimə.

 

***

...Demirəm,

qəhrəmanlıq etdim,

sadəcə,

ürəyim istəmədiyini etmədim.

Doğrumu etdim?

Bilmirəm.      

 

Mömin bilib üz tutduqları "cin, şeytan" çıxır.

 

Din bəslədim bir din üçün

Din sanmışdım din,

Mömin bilib üz tutduğum

Çıxdı şeytan, cin.

 

***

Görsə də nə qədər xəyanət, yalan,

Yenə də dostluğu müqəddəs sanar.

 

Həyatın alt qatına - dərinə endikcə

 

Eşqlər, vədlər quru söz,

Münasibətlər naxoş

 

olduğunu görür, bu nəsnəni düzəltməyə gücü çatmır, burada ürəyini qoyub gedir.

 

Çarəsizcə çarpışıb

Dilək qoyub gedirik,

Tərk edilib, tərk edib

Ürək qoyub gedirik.

 

***

Xatirə xanımın "təbəssümü" insanla təbiətin vəhdətində "ağ çiçəyə" qarışmaqdı:

 

Gedim bir ağ yuxuya,

gedim, ağ mələk kimi.

Qayıdıb bu dünyaya

gəlim, ağ çiçək kimi.

 

Budur poetik arzunun poetik möhürü.

Yaranmışın: zərif mələk, xanım, çiçəyin ana təbiətin yaratdığı zərif çiçəyə qovuşması misraları poetik mələyin gözəlliyində cilvələnir. Misralar şairənin avazında üfüqlərə layla kimi yayılır. Ağ səmaya muncuq kimi düzülür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!