Bədirxan müəllim, yubileyinizə həsr olunan "Bir ömrün missiyası" adlı möhtəşəm kitabı oxudum.
Qardaşım, bu 70 hardan gəldi?
2015-ci ildə çap olunan "Ədəbi məktublar" kitabıma yazdığınız "Ədəbi məktublar - Əbədi məktublar" adlı çox maraqlı və sanballı Ön sözünüz heç vaxt yadımdan çıxmayacaq.
Ön sözdə yazdığınız: "Qəzənfər Paşayev ədəbi məktublar formasından tez-tez istifadə etməklə onu ədəbi prosesin ən populyar formasına çevirə bilmişdir. Onun ədəbi məktubları o qədər effektlidir ki, ədəbi prosesi məşğul edir".
Azərbaycan və Türkiyədə kitabları və elmi məqalələri çıxan, Türk aləmində yaxşı tanınan, Almaniya, Polşa, Qazaxıstan, Özbəkistan, Pakistan, Koreya, Çin və Hindistanda keçirilən konfranslarda maraqlı məruzələrlə ölkəmizi layiqincə təmsil edən həmkarımın yaradıcılığıma verdiyi qiymət məni daha da ruhlandırdı.
Xalq şairi Qabil demişkən, bunlar öz yerində.

Bədirxan müəllim, sizin beynəlxalq aləmdə qazandığınız başqa uğurunuzdan söz açmaq istərdim. Siz az alimə qismət olan uğura imza atıbsınız. Hindistanın dahi oğlu, Nobel mükafatı laureatı Rabindranat Taqorun yaradıcılığını əhatə edən, beş il sərasər üzərində işləyərək monoqrafiya yazıbsınız. Hələ bu az imiş kimi, monoqrafiyanı ingiliscə çap etdirməklə, çox mühüm mədəniyyət hadisəsini gerçəkləşdirməyə nail olubsunuz.
Bunu təkcə sizin uğurunuz hesab etmək doğru olmazdı. Bu, ölkəmizə baş ucalığı gətirən hadisədir.
Doğrudur, Rabindranat Taqor ölkəmizdə yaxşı tanınan dühadır.
Qüdrətli şairimiz Səməd Vurğun Taqora şeir həsr edib. Elə oradaca Taqorun şeirini Azərbaycan dilinə tərcümə edib. Şeirin bir bəndi belədir:
Qoy onun kiçicik bir şeirini mən
Burdaca köçürüm öz dilimizə;
hər böyük dühanın xəzinəsindən
Sadə bir inci də dövlətdir bizə
- deyərək hind xalqının böyük oğlunu dahi adlandırıb.
Bəstəkar və görkəmli dirijor Niyazi Taqorun "Çitra" əsərinə musiqi bəstələyib. Baletin səhnə quruluşunu rəssam Mikayıl Abdullayev verib.
Taqor Azərbaycanda XX əsrin 20-ci illərindən tanınmağa başlamışdı. Dahi yazıçı, şair, dramaturq və filosof, Taqorun "Fəlakət" əsəri Azərbaycan dilinə çevrilərək 1929-cu ildə çap olunub. Taqor yaradıcılığına Mikayıl Rəfili, Məmməd Arif, Mir Cəlal, Cəfər Xəndan, şair Mikayıl Rzaquluzadə və başqaları məqalələr həsr ediblər.
Anar və Araz Dadaşzadə yazıçının hekayələr toplusunu dilimizə çevirərək, "Bağban" adı altında Rəsul Rzanın "Hind xalqının böyük nəğməkarı" adlı Ön sözü ilə çap etdiriblər.
Taqorun "Əbədiyyət nəğmələri" kitabı da professor Maqsud Hacıyevin giriş məqaləsi ilə çap olunub. Və nəhayət, 1963-1967-ci illərdə Taqorun VIII cildliyi çap olunub.
Bütün bunlar ədəbi əlaqələr yolunda atılan əlamətdar hadisələr idi.
Ədəbi əlaqələr təkcə insanların deyil, xalqların yaxınlaşmasına, bir-birini tanımasına güclü təsir edir.
Mən 29-30 noyabr 2012-ci ildə Dehlidə beynəlxalq konfransda iştirak edərək "Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri" adlı məruzə ilə çıxış etmişəm. Hindistan alimləri ilə əlaqələri heç vaxt kəsməmişəm. Nəticədə, Hindistanda akademik Rafael Hüseynovun Ön sözü ilə ingiliscə "İraq Türkman folkloru" monoqrafiyam böyük tirajla çap olunub (Dehli, 2026, 224 səh.).
Bədirxan müəllim, sizin ingiliscə "Rabindranath Tagor: The Way to the Nobel" ("Rabindranat Taqor: Nobel mükafatı yolunda") əsəriniz isə Taqor yaradıcılığına elmi yanaşmanın ilk töhfəsi kimi qiymətlidir. Əsərinizin dəyəri bir azərbaycanlı alimin hind xalqının dahi şəxsiyyəti Taqorun yaradıcılığının elmi cəhətdən məziyyətlərini hind və başqa ingilisdilli xalqlara açıqlamasıdır. Monoqrafiyanıza hansı yöndən yanaşılsa, yenilik görünür. Mən Sizin monoqrafiyanıza bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.
2025-ci ildə çap olunan əsərinizi "Hind oxucularına" adlı yazı ilə başlayır və çox böyük mətləblərdən söz açırsınız. Rabindranat Taqorun təkcə hind xalqına deyil, bəşəriyyətə məxsus olduğunu və əsərlərinin, fikir və ideyalarının dünya mədəniyyətini zənginləşdirdiyini xüsusi vurğulayırsınız. Taqorun əsərlərinin Azərbaycanda geniş yayıldığını və sevildiyini qeyd edirsiniz.
"Rabindranat Taqor: Nobel mükafatı yolunda" monoqrafiyanız bütün ingilisdilli xalqlara ünvanlanıb. Təsəvvür edirsinizmi, necə böyük iş görübsünüz? Əsərinizin sanbalı və əhəmiyyəti barədə ən gərəkli ifadələri işlətmək olar.
Bədirxan müəllim, 360 səhifəlik monoqrafiyanız Taqor yaradıcılığını hər yöndən tam əhatə edir. Doqquz fəsildən ibarət monoqrafiyanın birinci fəsli beş yarımbölmədən ibarətdir. Burada "Rabindranat Taqorun hekayəti və mühiti", eləcə də "Qeyri-adi izdivac" bölmələri böyük maraqla oxunur və örnək olmaq baxımından seçilir.
Monoqrafiyanın ikinci bölümü "Rabindranat Taqor və ədəbi mühit" adlanır. Burada "İlk poetik təcrübə" və "Axşam nəğmələri" (1982) və "Səhər nəğmələri" bölmələri daha çox diqqəti cəlb edir.
"Rabindranat Taqorun poeziyası" adlanan fəsildə "Şərqlə Qərbi birləşdirən poetik nümunələr", "Ana Benqala həsr olunmuş nəğmələr" tədqiqat süzgəcindən keçirilir. Yeri gəlmişkən, deyək ki, Rabindranat Taqor bütün əsərlərini Benqal dilində yazıb.
Dördüncü fəsildə Taqorun qısa hekayələri, "Fəlakət" romanı, "Hindistan həqiqətləri", "Vətəndə və Dünyada", "Qora" romanı və "Qoy sənin Oksfordsevərlərin cəhənnəm olsun" tədqiq edilir.
"Taqorun incəsənət aləmi" fəslində Taqor rəssam, musiqiçi və aktyor kimi tədqiq olunur və oxucuya təqdim edilir.
"Taqor dünya miqyasında" fəsli ən sanballı fəsildir. Burada "Taqor Nobel mükafatı yolunda", "Qandi və Taqor: İki dahinin traktatları, elmi mülahizələri", "Albert Eynşteyn və Taqor: dahilərin elmi polemikası", "Taqor və Roman Roland: İmperializmə meydan oxuyanlar" kimi qeyri-adi yarımfəsilləri ciddi şəkildə tədqiqata cəlb edibsiniz.
"Taqor dünyada gedən sosial-siyasi prosesin mərkəzindədir" adlanan yeddinci fəsildə "Mən əsarət altında olan həmvətənlərimi müdafiə etmək istəyirəm", "Sovetlər ölkəsinə səyahət", "Hər şey varlı valideynlərin kasıb oğlunu xatırladır", "Taqor dünya haqqında düşünür", "Səyahətçi sonuncu bərəni gözləyir" bölmələrini böyük məhəbbətlə işləyibsiniz.
Monoqrafiyanın "Rabindranat Taqor və Azərbaycan" fəsli xüsusi maraq doğurur. Bu fəsildə çox əhəmiyyətli "Taqor və Azərbaycan ədəbi və elmi mühiti" və "Son söz və ya Taqorun vətənində" yarımfəsilləri tədqiqat süzgəcindən keçirilir.
"Rabindranat Taqor: xronoloji tarixlər" adlanan doqquzuncu fəsillə əsərinizi tamamlayır və bu böyük şəxsiyyətin həyat və yaradıcılığı barədə mühüm məlumat verirsiniz.
Bədirxan müəllim, Rabindranatın ailədə sonuncu - 14-cü uşaq olduğunu yazırsınız. Bununla mənim insanın ahıl vaxtında anadan olan uşağın daha ağıllı olduğu barədə gəldiyim qənaətə yardımçı olursunuz. Mən qəti qənaətə gəlmişəm ki, nağıllarda son övladın daha ağıllı, daha tədbirli, hər vəziyyətdən çıxa bilmək qabiliyyəti təxəyyül məhsulu deyil, real həyat hadisəsidir. Mənəm-mənəmlik olmasın, elm üçün gərəkli olan bu faktı və "bayatı-tapmaca" janrını folklorşünaslığa mən gətirmişəm.
Sonda onu da təəssüflə deyək ki, Rabindranat Taqorun yaradıcılığını çıxmaqla, hind ədəbiyyatı barədə məlumatımız o qədər də çox deyildir. Şübhəm yoxdur ki, AMEA-nın Ədəbiyyat İnstitutunda mötəbər "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin müdiri kimi bu boşluğun dolmasına yardımçı olacaqsınız. Eləcə də Çin, Yaponiya, Pakistan kimi qədim mədəniyyətə malik ölkələrin mütəfəkkirlərinə monoqrafiyalar həsr edəcəksiniz.
Əminəm ki, bu çox böyük mədəniyyət hadisəsinin gerçəkləşməsində yeni-yeni uğura imza atacaqsınız.
Hörmət və ehtiramla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
