Görkəmli şair, mütəfəkkir, alim, Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərinin axırında başqa əsərləri haqqında qısa məlumat verir. Lap axırıncı qeyd müxtəlif şeirlərə aiddir: "Bunlardan başqa bir də müxtəlif şeirlər məcmuəsi vardır ki, hələ dağınıq bir şəkildə olduğundan "Divan" adlanır". Nümunə kimi üç qəzəl və dörd rübai verən müəllif digər şeirlərin janrları barədə məlumat vermir. Amma Bakıxanovun bizə çatan əsərlərindən bilirik ki, bu "Divan"a qəzəl, qəsidə və rübailərdən əlavə, həm də təmsillər (öz müəllifi olduğu təmsillərlə birlikdə Krılovdan tərcümə etdiyi "Eşşək və bülbül" təmsili də) və bir neçə lirik şeir daxildir.
Lirik şeirlərindən biri məşhur "Tatar nəğməsi" şeiridir. Məti Osmanoğlunun "Tatar nəğməsi"nin qeyri-adi səyahəti" məqaləsində oxuyuruq: "Tatar nəğməsi"ni Azərbaycan ədəbiyyatı tarixi çərçivəsində ilk araşdıran, mənim müşahidələrimə görə, professor Feyzulla Qasımzadə olub. Böyük alimin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabından oxuyuruq: "A.Bakıxanov 40-cı illərdə (1840-cı illər nəzərdə tutulur - M.O.) Tiflisdə yaxın dostu, polyak şairi Lado Zablotskiyə azərbaycanca bir şeir təqdim etmişdi. Şeir Lado Zablotskinin çox xoşuna gəldiyi üçün, onu nəsrən polyak dilinə tərcümə edərək, o zamanlar Tiflisdə yaşayan rus şairi Y.P.Polonskiyə vermişdi. Y.P.Polonski şeiri polyak dilindən ruscaya nəzmən çevirib, Tiflisdə çıxan "Zakavkazski vestnik" qəzetinin 1847-ci il 3-cü nömrəsində "Tatarskaya pesnya" başlığı altında nəşr etdirmişdi. Y.P.Polonski bu şeiri yenidən işləyərək, 1851-ci ildə Tiflisdə "Neskolko stixotvoreniy" adlı kiçik şeirlər məcmuəsində ikinci dəfə nəşr etdirmişdir. Kitabçada Y.P.Polonskinin bu qeydinə rast gəlirik: "Tatar nəğməsi"ni mərhum Abbasqulu xan polyak şairi Zablotskiyə vermişdi. Mən onunla Kulpakda (Tiflisdə - dəqiqləşdirmə F.Qasımzadənindir - M.O.) ölümündən bir il əvvəl, 1845-ci ildə (istinad olunan mənbədə 1846-cı il göstərilib - M.O.) tanış olmuşam. Bu nəğməni o, nəsrən polyak dilinə çevirmişdi. Mən də bacardığım qədər onu rusca nəzmən tərcümə etdim".
İkinci şeir isə haqqında danışmaq istədiyim "Fatma tar çalır" şeiridir. O şeiri hələ məktəbli ikən oxuyanda dilinin çox sadə olması məni təəccübləndirmişdi. Çünki oxuduğum kitabda şeirin tərcümə olunduğu qeyd olunmamışdı, o cür sadə ədəbi dil isə Bakıxanovun vaxtında hələ formalaşmamışdı (əslində, kitaba yazılan Ön sözdə qeyd olunmuşdu, amma o vaxtlar uşaq ağlıyla ön və son sözləri, qeydləri oxumurdum).
"Fatma tar çalır" şeiri haqqında ilk məlumat və şeirin mətni Fridrix Bodenştedtin "Şərqdə min bir gün" kitabındadır. Akif Bayramovun ixtisarla "Mirzə Şəfi haqqında xatirələr" adı ilə tərcümə etdiyi əsərdə yazılıb:
"Mirzə Şəfidən dərs aldığım günlərdə tanış olduğum adamlar içərisində biliyinə və tutduğu vəzifəsinə görə ən görkəmlisi Bakı xanlarının nəslindən olan Abbasqulu ağa Bakıxanov (Abbasqulu xan) idi.
...
Bir gün Abbasqulu xan "Divani-hikmət" dərsində bizi öz hikmətləri ilə tanış etdikcə, Mirzə Şəfi onun haqqında tərifli sözlər deyib, onun böyük alim olduğunu qeyd etdi... Onların arasında mübahisələr sürətlə getdiyindən, rabitəli bir şey yaza bilmədiyimə görə çox təəssüflənirəm.
Mən bu görüşümüzdən yadigar saxlamaq üçün Abbasqulu xana yaxınlaşıb, bir şeir yazmağını xahiş etdim. O, xahişimi qəbul edib, ertəsi günü mənə bir şeir verdi. Bu, "Fatma tar çalır" şeiri idi. (Tərcümədə bu detal xətalı verilib, əslində, Abbasqulu ağa elə həmin görüşdə qamış qələmlə şeiri yazıb Bodenştedtə verir. - H.P.) Mirzə Şəfi şeirin gözəlliyini tərifləyib, bu əsərin müəllifinə yüksək şərəf və şöhrət qazandıracağını söylədi. Abbasqulu xanın vacib işi olduğundan getməyə tələsirdi. O ayağa qalxıb gedəndə "Fars dilinin qrammatikası" kitabını da mənə hədiyyə verəcəyini vəd etdi (Bu məqam da dəqiqləşdirilməlidir. Çünki orijinal mətndə Abbasqulu ağanın "özünün yazdığı qrammatika"dan söhbət gedir. - H.P.)".
Feyzulla Qasımzadə "Azərbaycan ədəbiyyatı tarixi"nin II cildində (1960, Uşaqgəncnəşr) çap olunan Abbasqulu ağa haqqında bioqrafik oçerkində qeyd edir: "Bəzi müəlliflərin qeyd etdiyinə görə, bu "Divan" ("Gülüstani-İrəm"də müəllifin dağınıq məcmuə adlandırdığı şeirlər nəzərdə tutulur) vaxtilə Tiflisdə yaşamış və Mirzə Şəfidən dərs almış alman şair və səyyah F.Bodenştedt tərəfindən Almaniyaya aparılmış və orada itmişdir; yalnız F.Bodenştedt "Şərqdə min bir gün" əsərində həmin "Divan"dan bəzi nümunələrin alman dilində tərcüməsini vermişdir".
Bu məlumatın dəqiq olmadığını artıq bilirik, çünki Bodenştedt bütün "Divan"dan yox, məhz bircə şeirdən danışır və həmin şeirin almanca tərcüməsini verir.
Orijinalı qalmayan şeirin əlimizdə olan versiyası isə Lev Ginzburqun almancadan etdiyi rusca tərcüməsindən Məmmədağa Sultanovun azərbaycancaya tərcüməsidir (M.Sultanov Bakıxanovun "Qurd və ilbiz" təmsilini, "Gözəl yar" şeiri və altı qitəsini də L.Ginzburqun tərcüməsindən, "Tatar nəğməsi"ni isə Polonskinin tərcüməsindən çevirib).
Şeirdə bəhsi keçən Fatmanın kim olduğunu, əlbəttə, bilmirik. Amma bu şeir Abbasqulu ağanın çoxcəhətli yaradıcılığının hüdudsuzluğunu göstərdiyi kimi (bu şeir Azərbaycan ədəbiyyatının ilk modern şeiri hesab olunur), o dövrdə qadınların da sənət meydanında sözə malik olduğunu sübut edir. Bakıxanovun tarçı Fatmanı vəsf etməsini öz sözləriylə dinləyə bilməsək də, ən azı, fikir kimi bilirik. Çünki Fatma öz evindədir!
Fatma tar çalır
Əlində titrərkən o nazik tellər,
Sonsuz həyəcanla titrədi qəlbim.
O incə, o şirin, dadlı nəğmələr
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi
fərəhlə bir an
Şövqə gəldi can.
Qoy açsın qanad
sənin xəyalın.
Bir an da olsa, qoy gülsün bu həyat,
Məst etsin qəlbimi gözəl camalın.
Hamıdan xoşbəxtəm bu dünyada mən,
Səninlə bağlıdır bəxtiyarlığım.
Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?
Hüsnünün nurunu gördükdə bir dəm,
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi aləm,
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbimə doldu.
Mən səni araram, ey əziz nigar,
Qoyma ki, arizum qəlbimdə qalsın.
Təbiət məst olub bizə oldu yar,
Çalışır tez bizi ağuşə alsın.
O şaqraq səsində
Məlahət vardır,
Ürəyim səninlə
Nə bəxtiyardır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
