Türkoloq, həkim - Xalıq Koroğlu - Abuzər BAĞIROV

 

Azərbaycanın moskvalı ədiblərinin əfsanəvi ağsaqqalı Əziz Şərifin sadiq tələbələrindən və məsləkdaşlarından biri, adlı-sanlı iranşünas, türkoloq, M.V.Lomonosov adına MDU-nun professoru, vaxtilə SSRİ məkanında ədəbiyyatşünaslar arasında parlaq şəxsiyyət kimi tanınan Xalıq Hüseyn oğlu Koroğlunun valideynləri XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Sərab şəhərindən Türkmənistanın baş şəhəri Aşqabada köç etmişlər və Xalıq da 24 yanvar 1919-cu ildə orada anadan olmuşdur. O, öncə mədrəsədə oxumuş, sonra yeni açılan sovet orta məktəbində təhsil almışdır. Xalıqın atası gəncliyində Nəcəf və Bağdad şəhərlərində əsaslı dini təhsil almışdı. Dərin zəka və güclü hafizə sahibi olan Hüseyn kişi ərəb, fars dillərini mükəmməl mənimsəmiş, klassik Şərq ədəbiyyatına, elm-irfana dərindən bələd olmuş, sovet hakimiyyəti zamanı zirək tərpənərək, dövrün tələbinə uyğun olan hesabdarlıq peşəsini öyrənmiş, səriştəli mühasib kimi ailəsini layiqincə dolandıra bilmişdir. Hüseyn kişi gizlin-gizlin olsa da, sevimli oğlu Xalıqa ərəb və fars dillərini tam öyrədə bilmişdi. Nəticədə Xalıq Koroğlu doğma Azərbaycan dilini, ərəb, fars, rus, türk dillərini kamil səviyyədə, ingilis və fransız dillərini isə yaxşı bilirdi.

Xalıq Koroğlu həkim olmaq arzusu ilə 1938-ci ildə Moskvaya gəlmiş, iki il S.P. Botkin adına Moskva şəhər mərkəzi klinik xəstəxanasında sıravi sanitar işləmiş, imtahanlara ciddi hazırlaşaraq, xəstəxananın müsbət xasiyyətnaməsilə 1940-cı ildə Birinci Moskva Tibb İnstitutunun müalicə fakültəsinə daxil olmuşdur. Həmin illərdə paytaxtda Şərq dillərinə güclü maraq mövcud olub. Dolanışıq xatirinə tələbə Xalıq, eyni zamanda müxtəlif kurslarda ərəb və fars dillərindən dərs deməyə başlamışdır. Gənc can həkimi Xalıq Koroğlu 1946-cı ildən Moskvanın müxtəlif rayon poliklinikalarında diplomlu terapevt kimi işləmişdir.

Xalıq Koroğlu 1948-1958-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Xarici Ticarət İnstitutunda xarici dillər kafedrasının müdiri vəzifəsində çalışmış, Moskvada nəşr olunan "Farsca-rusca" və "Rusca-farsca" (Moskva, "Vneştorqizdat", 1957) ümumi iqtisadi və xarici ticarətyönümlü ixtisas lüğətlərinin tərtibində fəal iştirak etmişdir.

Türkologiya və şərqşünaslığa olan sönməz marağı onu 1947-ci ildə M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsinin şərq bölməsinə gətirmiş və 1952-ci ildə oranı müvəffəqiyyətlə bitirərək, türkoloq-şərqşünas ixtisası üzrə filoloq diplomu almışdır.

 

Həmyerlimiz, paytaxt eimi-ədəbi mühitində yetərincə tanınan kafedra müdiri, professor Əziz Şərifin xeyirxahlığı ilə 1957-ci ildən doğma filologiya fakültəsinin SSRİ xalqları ədəbiyyatı kafedrasında müəllim kimi işə başlamış, Orta Asiya xalqları - qazax, qırğız, özbək, türkmən, tacik ədəbiyyatından mühazirələr oxumuş, 1986-cı ildən isə ömrünün sonunadək orada professor vəzifəsində çalışmışdır. Xalıq Koroğlu 1958-1971-ci illərdə, həmçinin paralel olaraq Böyük Sovet Ensiklopediyasının Şərq ədəbiyyatı şöbəsinin müdiri, 1971-ci ildən 1986-cı ilədək isə SSRİ EA M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun baş elmi işçisi olmuşdur. Şöhrətli türkoloq, şərqşünas Xalıq Koroğlu ömrünün sonuna kimi həkimlik təcrübəsindən heç vaxt ayrılmamışdır. Uzun müddət yaşadığı "Taqanski" rayonunun poliklinikasında həftədə tam bir gün sahə həkimi kimi fəaliyyət göstərmiş, beləliklə də, peşə yeniliklərilə daima tanışlıq imkanını əldən verməmişdir. Lap ahıl çağlarında isə öz ailəsinə, yaxın dost-tanışa həkimlik etməklə bu sənətə sadiqliyini nümayiş etdirmişdir.

O, həmçinin Orta Asiya ədəbiyyatı üzrə irihəcmli kollektiv əsərin (1960) yaradıcılarındandır, "Oğuz qəhrəmanlıq dastanı" (1976) adlı fundamental monoqrafik tədqiqat əsərinin müəllifidir (S.İ.Kormilov. K 75-letiö X.Koroqlı. Vestnik Moskovskoqo universiteta. Seriə 9. Filoloqiə, №4, Moskva, 1994 q. S. 67-68).

Xalıq Koroğlunun doktorluq dissertasiyasının tamamlanmış, yenidən işlənmiş, dolğun variantı olan həmin araşdırma Moskvanın şərqşünaslıq elmi mühitində çox yüksək dəyərləndirilmiş və Sovet şərqşünaslığında oğuz türklərinin epik irsi haqqında ilk sistemli tədqiqat işi kimi səciyyələndirilmişdir. Eyni zamanda "Orta Asiya, İran və Azərbaycan xalqlarının eposlarının qarşılıqlı əlaqələri" (X.Q.Koroqlı. Vzaimosvəzi gposa narodov Sredney Azii, İrana i Azerbaydjana. Moskva, "Nauka", 1983. 334 s.) və "Nizami Gəncəvi: anadan olmasının 850 illiyinə" həsr olunmuş bioqrafiya (X.Q.Koroqlı. Nizami Qəndjevi: 850 let so dnə rojdeniə. Moskva, "Znanie", 1991. 62 s.) kimi qiymətli əsərlər də Xalıq Koroğlunun qələminə məxsusdur. Həmçinin "Şahsənəm və Qərib. Qasım oğlan və digər türkmən xalq povestləri" (Şasenem i Qarıp. Kasım-oqlan i druqie turkmenskie narodnıe povesti. Sostavitelğ X.Q.Koroqlı. Moskva, "Nauka", 1991. 361 s.) adlı mötəbər toplu və böyük "Klassik Şərq poeziyası" (Klassiçeskaə vostoçnaə pogziə. Antoloqiə. Sostavitelğ X.Q.Koroqlı. Moskva, "Vısşaə şkola", 1991. 800 s.) müntəxəbatı onun çoxillik, zəhmət tələb edən tərtibçilik işinin bəhrələridir. Xalıq Koroğlu orta əsrlər ədəbiyyatına həsr olunmuş "Dünya ədəbiyyatı tarixi"nin (1984) ikinci cildinin iki redaktorundan biridir və Sibir xalqları folkloru müntəxəbatı külliyyatı çoxcildliyi üzərindəki işdə fəal iştirak etmişdir. O, həmçinin "Manas eposunun genezisi" (1980), "Türk aşıq poeziyası" (1983), "Koroğlu" eposunun poetik sistemi" (1990), "Er Teş tyuk" eposunun poetika problemləri" (1990), "XVIII əsr türkmən poemaları" (1990) və "Azərbaycan qəhrəmanlıq dastanı" (1996) kitablarının elmi redaktorudur.

Xalıq Koroğlu "Bibliya və Quranda peyğəmbərlər haqqında əfsanə və rəvayətlər" (X.Q.Koroqlı. Leqendı i predaniə o prorokax v Biblii i Korane. Kazanğ, "Matbuqat yortı", 2001. 185 s.) monoqrafiyasında üç dünya dininin - iudaizm, xristianlıq və islamın yaranması, inkişafı, qarşılıqlı nüfuzu və qarşılıqlı əlaqələrinin mürəkkəb teoloji, tarixi-fəlsəfi, dünyabaxışı problemlərini elmi üslubda, eyni zamanda da aydın, anlaşıqlı şəkildə izah etmişdir. O, həmçinin "Ədəbiyyatın mənəvi əsasları"ndan xüsusi kurs aparmış, ədəbiyyatı mədəniyyət, din, mentalitetin zəruri kontekstinə daxil etmiş və tələbələr arasında layiqincə hörmət-izzət qazanmışdı.

Xalıq Koroğlunun dini mövzudakı, xüsusilə də, Bibliya, İncil və Quranın qarşılıqlı əlaqələrinə dair apardığı xüsusi kurslar həm MDU-da, həm də SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda çox böyük populyarlıq qazanmışdı. Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat kursunun 1999-cu il məzunu, tanınmış nasir, şair, ədəbi tənqidçi, tibb elmləri doktoru, professor Andrey Uqlitskixin (1955) xatirələri buna əyani sübutdur: "Xalıq Koroğlunun mühazirələrinə mən ən birinci gələnlər arasında idim. Mən ona hamıdan yaxın otururdum. Ovsunlanmış kimi qulaq asırdım. Çünki Xalıq Hüseynoviç dünyada mənə Bibliyanı, Quranı və İncili açıb göstərə bilən yeganə insan idi. O, sadə, adi, anlaşılan ümumişlək sözlərlə izahat verir, əhdi-ətiqin tarixini sistemli şəkildə izah etməyi bacarırdı: bütövü hissələrə bölmədən, ayrı-ayrı süjet və süjetciklərlə deyil, məhz sistemli şəkildə hərəkət edərək, yəni əslində bir toplayıcı kimi çıxış edərək... Nəticədə Bibliya mətnlərinin bütün özülü haqqında vahid, az və ya çox dərəcədə bütöv, məntiqi təsəvvür formalaşırdı. Axı mən dəfələrlə, hələ Ali Ədəbiyyat kurslarınadək müstəqil şəkildə əlləşib-vuruşurdum, bəzən hüdudu olmayanı dərk etmək lazım gəlirdi, əvvəlcə, səbir, sonra, dözüm, daha sonra.... Lakin hər şey yan keçirdi məndən! Xalıq Hüseynoviçin xidmətləri isə (mən özüm də anlamıram, bu onda necə alınırdı!), mənim nəzərimdə ondan ibarətdir ki, obrazlı desək, daş-divarı bütün gücü ilə, inadkarlıqla, alnı ilə vurub yarmağa çalışan adama yaxınlaşır, ağılsızı dayandırır, əlindən tutub ardınca aparır, geniş açılmış qapıya qədər müşayiət edir. Yeri gəlmişkən, sən demə, qapı lap yaxınlıqda, cəmi bir neçə addımlıqda imiş. Uğursuza hara daxil olacağını göstərir... Və hər şey, necə deyərlər, qəfildən qalxır, gedir, ölü nöqtədən tərpənir, hərəkətə gəlir... Bacarırdı, professor Koroğlu dünyanın ən açılmaz, ən mürəkkəb qıfılına açar tapa bilirdi. Sizin qarşınızda baş əyirik, Xalıq Hüseynoviç, Allah rəhmət eləsin!" (A.K.Uqliükix. VLK (Vısşie literaturnıe kursı) 1997-99. Çastğ vtoraə. Glektronnıy resurs. Rejim dostupa: http://klavdii1955.Livejournal.comj1753.html)

Kiçik bir haşiyə... Hələ 1980-ci illərdə Azərbaycan televiziyasına portret veriliş hazırlamaq üçün bir neçə dəfə professor Xalıq Kopoğlunun "Taqanski" metrosu yaxınlığında yerləşən dördotaqlı mənzilində olmuş, onun türkologiya və şərqşünaslığa aid qiymətli kitablarla dolu zəngin kitabxanasına həsəd aparmışdım. 1988-ci ilin 2 iyununda Moskvadakı Azərbaycan ədiblərinin sevimli ağsaqqalı Əziz Şərifin nəşini təyyarə ilə Bakıya yola salandan sonra bir neçə ziyalını "Şirvan" kafesinə ehsan süfrəsinə dəvət etdim: Çingiz Hüseynov, Alla Axundova, Hüseyn Nəcəfov və Xalıq Koroğlu. Süfrə arxasında söhbət Əziz Şərifin arxivindən düşdü və mən sevinclə bildirdim ki, qocaman ədib sağlığında bu işə əncam çəkib, zəngin arxivini, qiymətli kitabxanasını Azərbaycandakı Salman Mümtaz adına Ədəbiyyat arxivinə göndərib, bu işdə Çingiz Hüseynovla mən fəal yardımçılar olmuşduq. Üzümü Xalıq Koroğluya tutub, arxivi və kitabxanasının taleyini indidən düşünməyi təklif etdim. Sərt bir cavab eşitdim:

- Özünə gün ağla, mənim dərdimə qalma. Kötük üstündə çox çubuqlar doğranar hələ. Nə bilirsən, bəlkə sən məndən qabaq köç edəcəksən... - Hamı pərt olsa da, "lənət şeytana" deyib, bu söhbəti qapadıq...

Adlı-sanlı alim soydaşımız Xalıq Koroğlu 2 oktyabr 2001-ci ildə 82 yaşında haqqın dərgahına qovuşdu və qırx günlük yas mərasimindən az sonra onun evin ən böyük otağını tutan kabinetini boşaltmaq naminə ailəsi professorun bütün kitablarını, "kağız-kuğuzlarını" zibilliyə atmalı olmuşdu. Təəssüflər...

Qayıdaq mətləbə... Xalıq Koroğlu 1968-ci ildə ali təhsil müəssisələrinin filologiya fakültələrinin tələbələri üçün iri həcmli, maraqlı "Özbək ədəbiyyatı" (ikinci, yenidən işlənmiş və tamamlanmış nəşri isə 1976-cı ildə işıq üzü görmüşdür) kitabını çap etdirib (X.Q.Koroqlı. Uzbekskaə literatura. Moskva, "Vısşaə şkola", 1976. 302 s.).

Ali məktəblər üçün nəşr olunmuş "Türkmən ədəbiyyatı" (1972) dərsliyi, şübhəsiz, alimin bu istiqamətdə uzunillik tədqiqatlarının ümumiləşdirilmiş nəticəsi idi. Müəllifin özünün yazdığına diqqət yetirək: "Türkmən ədəbiyyatı qırx ildən çoxdur ki, tədqiqatçıların diqqətini cəlb edir. Lakin indiyədək nəinki rus dilində, heç türkmən dilində də sistemli ədəbiyyat tarixi yazılmamışdır" (X.Q.Koroqlı. Turkmenskaə literatura. Moskva, "Vısşaə şkola", 1972. S. 3. 286 s.). Bu əsərin elmi dəyərini nəzərə alaraq, onun təhlili üzərində bir qədər ətraflı dayanaq.

Müəllif Ön sözdə kitabın məzmununun xüsusiyyətləri haqqında məlumat vermişdir: buraya folklorun daxil edilməsi, mövcud tənqidi materiala istinad, tərcümələr və M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsində oxuduğu müəllif mühazirələri daxil edilmişdi. Kitabın məzmunu sovet dövrünün dərsliklərinin tələblərinə tamam cavab verirdi: o, türkmən mədəniyyətinin tarixi və etnoqrafik təsvirinə həsr olunmuş girişdən və üç fəsildən ibarətdir. Birinci fəsil "XVIII əsrə qədərki ədəbiyyat" əsasən türkmən xalqının ayrı-ayrı etnik qruplarının folkloruna həsr olunmuşdur; ikinci fəsil XVIII əsr və XIX əsrin əvvəllərindəki ədəbiyyatı xarakterizə edir; üçüncü fəsil dörd mərhələyə bölünmüş türkmən Sovet ədəbiyyatı tarixini əks etdirir və ayrıca bir oçerk də türkmən ədəbiyyatının tanınmış klassiki Berdı Kerbabayevin (1894-1974) yaradıcılığına həsr olunmuşdur. Sonda verilmiş ədəbiyyat siyahısı üç yarımqrupa bölünmüşdür: ideoloji xarakterli, ədəbi və tənqidi mənbələr.

Girişin türkmən mədəniyyətinin tarixinə həsr olunmuş hissəsində bir neçə maraqlı və mübahisəli məsələlər vardır. Orada türkmənlərin etnik mənsubiyyəti belə müəyyənləşdirilir: "türkmən xalqı ölkənin qədim irandilli əhalisi ilə etnogenezisində oğuz tayfalarının üstünlük təşkil etdyi türklərin qarışması nəticəsində yaranmışdır" (X.Q.Koroqlı. Turkmenskaə literatura. Moskva, "Vısşaə şkola", 1972. S. 7. 286 s.).

Təəssüflə qeyd etməliyik ki, Xalıq Koroğlu həmişə elmi həqiqətdən uzaq olan "qədim irandilli əhalinin türkləşdirilməsi" kimi yanlış fikrin tərəfində olmuş və dəfələrlə ayrı-ayrı elmi əsərlərində bu qənaətini təkrarlamışdır. Daha sonra müəllif bir sıra orta əsr şairinin çoxdilliliyi mövzusuna toxunmuşdur: Səqqaki (1375-1455), Lütfi (1367-1466), Əlişir Nəvai (1441-1501), Ceyşi (1478-1548), Şani Təkalu (1569-1640). Sevindiricidir ki, o, bu şairlərin milli "ayrılıq" məsələsini qoymur, vahid qədim ümumtürk mədəni irsini qəbul etməyə üstünlük verir: "Onların yaradıcılığını etnik baxımdan yaxın olan iki xalqın - Azərbaycan və türkmən xalqlarının bədii irsinin ayrılmaz hissəsi hesab etmək ədalətli olardı" (yenə orada. s.9). Bu məsələdə Xalıq Koroğlu dəqiqlik və uzaqgörənlik nümayiş etdirmişdir. Çünki fars dilində yazan orta əsr şairləri həqiqətən də, bu və ya digər yerdən ola bilərdilər, lakin bununla belə, onlar vahid ümumtürk mədəni məkanının bir hissəsi idilər və orta əsrlər farsdilli Şərq ədəbi xəzinəsini zənginləşdirirdilər.

Girişdə müəllif ilk dəfə onun tərəfindən təklif olunmuş və kitabın strukturunun əsasını təşkil edən türkmən ədəbiyyatının dövrləşdirilməsini də əsaslandırır:

- XVIII əsrə qədər, bu dövrdə "Orta Asiyanın pərakəndə halda olan və tez-tez öz aralarında düşmənçilik edən türkmən tayfaları qonşu xalqlarla sıx əlaqədə idilər, onlarla eyni həyat tərzinə, eyni ictimai quruluşa və müvafiq olaraq mədəni və ədəbi ümumiliyə malik idilər" (yenə orada. s.13-14), yəni vahid farsdilli Orta Asiya mədəniyyəti mərhələsi;

- XVIII əsrdən Böyük Oktyabr Sosialist İnqilabına qədər - bu mərhələdə türkmən dilində ədəbiyyat yaranmağa başlayıb;

- türkmən Sovet ədəbiyyatı.

Müəllif birinci mərhələdə ilkin folklor nümunələrindən başlayaraq yazılı abidələrədək qədim türkmən ədəbiyyatını araşdırır. İstənilən xalqın ədəbiyyat tarixinin öyrənilməsini məhz folklor irsindən başlamaq lazımdır, başqa cür yanaşma tam elmi cəhətdən əsaslandırılmış ola bilməz. Odur ki, müəllif türkmən ədəbiyyatı tarixini məhz şifahi bədii yaradıcılıqdan başlayır, vahid türkmən mədəniyyətinin özlüyündə hələ mövcud olmadığı dövrün epik nümunələrini nəzərdən keçirir. Bu mərhələdə gələcəkdə türkmən etnosunun əsasını təşkil edəcək tayfaların dastan və nəğmələri mövcud idi. Xalıq Koroğlu burada ölçülüb-biçilmiş yanaşma nümayiş etdirərək, oxucuya Orta Asiya folklorunun bütün irsini deyil, türkmən ədəbiyyatında qorunub saxlanılan əfsanə və rəvayət parçalarını təqdim edir: məsələn, sakların şahzadəsi Zərinə haqqında. O, qədim türkmən tayfalarının islamdan əvvəlki kultlarına qısa səyahət edir, xüsusilə də müasir türkmənlərdə zərdüştlüyün izləri üzərində dayanır. Müəllif sonrakı dövrün folklorunda oğuz-türkmən qəbilələrinin qəhrəmanlıq eposundan (Oğuznamə), "Kitabi-Dədə Qorqud" epik silsiləsindən, "Koroğlu" dastan-eposundan ayrı-ayrılıqda bəhs edir.

"Oğuznamə" adı ilə tanınan türk dilindəki bir sıra orta əsr abidələrini tədqiq edərkən müəllif onlarda söylənilən və türklərin tayfalara bölünməsinə qədərki dövrün, dəmir dövrünün (Oğuz kağanın dəmir surəti), qədim oğuzların totem haqqındakı təsəvvürlərinin təsvirinə dair əhvalatların qədimliyi qənaətinə gəlir. Müəllif "Oğuznamə"nin səciyyəvi cəhətlərini göstərərək belə bir nəticəyə gəlir ki, abidə Orta Asiya ərazisində, ehtimal ki, oğuzların doğma vətənində tərtib edilmişdir və VI-XI əsrlərin tarixi hadisələrini əks etdirir. Elə həmin bölmədə müəllif Xivə xanı Əbdülqazi Bahadurxanın (1603-1664) türkmənlərin monqol mənşəli olduqlarını sübut edən "Türkmən şəcərəsi" əsərini tarixi və folklor nöqteyi-nəzərindən xarakterizə edir. Bu sənəd oğuz qəhrəmanlıq dastanı "Kitabi-Dədə Qorqud"la müqayisə edilmişdir. Müəllif tarixi və folklor mənbəyi kimi "Türkmən şəcərəsi"nin dəyərini təsdiqləməklə yanaşı, qeyd edir ki, burada bəzi konkret faktlar və görünür, bizə qədər gəlib çatmamış hansısa rəvayət-dastanların hissələri olan süjetli əfsanələr vardır.

"Kitabi-Dədə Qorqud" eposu da müəllif tərəfindən ümumi etnik və mədəni irs kimi səciyyələndirilir: "Oğuzlar nəticədə etnik komponent kimi türkmən, azərbaycanlı və türklərin tərkibinə daxil olmuşlar. Beləliklə, abidə üç xalqın mədəniyyətinin ümumiliyini təmsil edir" (yenə orada. s.33). Kitabı təşkil edən on iki hekayət süjet quruluşu, mənşəyi, tarixi və toponimik xüsusiyyətləri baxımından ətraflı təhlil edilir. Müəllif sonda yazır ki, birinci "Oğuznamə" qəhrəmanlıq nağıllarını xatırladır, ayrı-ayrı elementləri onun Orta Asiya-Türküstan mənşəyini sübut edir. Bildiyimiz kimi, Təpəgözün əhvalatından bəhs edən səkkizinci "Oğuznamə" digərlərindən fərqli olaraq bir çox dünya xalqlarının folkloru ilə geniş bağlara malikdir, dış oğuzun iç oğuza qarşı üsyanından bəhs edən sonuncu hekayət isə tarixi xarakter daşıyır. Müəllif abidənin tarixi yerini ictimai formasiyalar tarixi çərçivəsində müəyyənləşdirir və belə nəticəyə gəlir ki, "Kitabi-Dədə Qorqud" erkən feodalizm dövründə yaranmışdır, lakin onun mətnlərində ibtidai icma quruluşuna qədər, daha qədim dövrlərin izləri də görünür...

Birinci fəslin sonunda müəllif dövrün yazılı abidələri üzərində dayanır, yenə VIII-X əsrlərdə Altaydan Orta Asiyaya qədər yaşamış xalqların mədəni taleyinin vahidliyini xüsusi vurğulayır və tövsiyə edir ki, bu dövrün ədəbi abidələrini qədim türk tayfalarının ümumi irsi kimi tarixi baxımdan obyektiv araşdırmaq lazımdır. Onun qeyd etdiyinə görə, erkən türkdilli ədəbiyyat "hələ bu dövrün farsdilli ədəbiyyatından ayrılmayıb, bununla belə, onda artıq son dərəcə milli cizgiləri də izləmək mümkündür" (yenə orada. s.110). Müəllif fars və türk dillərindəki ən qədim yazılı abidələri nəzərdən keçirir, bu xalqlar və tayfalar tərəfindən qəbul edilmiş yazı növlərini səciyyələndirir: runik Orxon-Yenisey əlifbası - V-VIII əsrlər, uyğur əlifbası - V əsrdən və ərəb əlifbası - XI əsrdən.

XVIII əsrdən XX yüzilliyin əvvəllərinə qədər türkmən ədəbiyyatında şifahi bədii ənənə hakim mövqe tutur. Nisbətən kiçik olan bu bölümdə xeyli maraqlı elmi fərziyyələr yer almışdır. Müəllif uzun bir müddət ərzində türkmənlərin özlərinin güclü ədəbiyyatının olmamasını əsaslandıran tarixi arayış ortaya qoyur. Özbəklər - şeybanilər türkmənləri çöllərə sıxışdıraraq məhsuldar torpaqları istila etmişdilər, bununla əlaqədar olaraq "inqilaba qədərki illərdə türkmənlər patriarxal-qəbilə quruluşu şəraitində yaşamışlar" (yenə orada. s.114). Türkmənistan hüdudlarında bir dənə də olsa, mədrəsə yox idi, kitablar nadir hallarda tapılırdı; şairlərin yaradıcılığı folklor nümunələri kimi şifahi yayılırdı; yalnız XIX əsrin sonlarında Türkmənistanda və Özbəkistanda məşhur şairlərin antologiyaları nəşr olunmağa başladı. Bu dövrün poeziyasından danışarkən müəllif yenə ondakı müsəlmançılıq motivlərinə bəraət qazandırmağı zəruri bilir, xüsusilə də, qeyd edir ki, "Türkmənistanda o dövrün aşağı təbəqəli din adamları daha çox türkəçarəçi idilər və öz həmqəbilələrindən az fərqlənirdilər və buna görə də aşağı təbəqəli din xadimlərinin obrazları köhnə türkmən ədəbiyyatında müsbət qiymət almışdır" (yenə orada. s.116). Xalıq Koroğlu dövrün bir sıra şairlərinin yaradıcılıqları üzərində dayanır. O, Məhtimqulunun (1724-1807) yaşadığı illəri, bioqrafiyasının ayrı-ayrı faktlarını dəqiqləşdirməyə çalışır, onun irsində sufizmin izlərini araşdırır, həmçinin üslubi xüsusiyyətlərini və sevgi, vətənpərvərlik, fəlsəfi lirika, didaktika və satira kimi əsas mövzuları təhlil edir. Dərslik müəllifi burada da şairin poeziyasındakı dini motivlərə "bəraət qazandıraraq" yazır: "dini ekstazın şablon mistik simvolları onun əsərlərində əsl bədii yaradıcılığa keçir, mistika onun şeirlərinin gözəlliyinə kölgə salmır, istedad zəfər çalır" (yenə orada. s.127).

Müəllif XVIII əsrin aparıcı lirik şairlərinin əsərləri üzərində xüsusilə dayanır: Seidnəzər Seidi (1775-1836), Qurbandurdı Zəlili (1779-1836), Məmmədvəli Kəminə (1770-1840), Mırat Talıbi (1766-1848). Ədəbiyyata məşhur epik əsərlər bəxş edən şairlərin yaradıcılığı daha ətraflı işıqlandırılmışdır: Əndəlib (1710-1780), Qurbanəli Maqrupi (1720-1798), Şeydai (1730-1800). Onların qələmə aldıqları dastan və poemaların süjet və obrazları hərtərəfli təhlil edilmişdir. XIX əsr şairləri arasında təkcə şair deyil, eyni zamanda həm də ifaçı-baxşı kimi tanınan Mollanəpəsin (1810-1862) yaradıcılığından bəhs edilmişdir. Müəllif onun lirikasının bədii xüsusiyyətləri üzərində ətraflı dayanır, ənənəvi obrazların yaradıcı şəkildə zənginləşdirilməsini, şeir formalarının novatorluğunu qeyd edir; şairin dastanlarının əsas xüsusiyyətləri təsvir edilir. Qorunub saxlanılmış şifahi versiyalar əsasında dastanlara Mollanəpəsin müəllifliyinin bərpası prosesinin təsviri maraqlıdır. Bədii əsərlərin şifahi şəkildə yaşaması durumu, dərs vəsaiti müəllifinin qeyd etdiyi kimi, ona gətirib çıxartdı ki, "XIX əsr türkmən ədəbiyyatı tarixində onlarla şairin adı məlumdur ki, onlar haqqında biz olduqca natamam məlumata malikik" (yenə orada. s.172). Müəllif keçmiş türkmən ədəbiyyatının aparıcı şairlərindən biri olan şair Miskinklıçın (1847-1906) şəxsiyyəti üzərində daha ətraflı dayanır.

Xalıq Koroğlu fəsli tarixi arayışla bitirərək fikirlərini dəqiqləşdirir: XX əsrin əvvəllərinə yaxın türkmən dili əsasən məişət dili idi. Türkmənistanda türkmən məktəbi və türkmən dilində dərsliklər yox idi.

"Sovet ədəbiyyatı" adlanan üçüncü fəsildə müəllif türkmən Sovet ədəbiyyatının mərhələlər üzrə bölünməsi prinsipini irəli sürür: təşəkkül mərhələsi (1917-1929); 30-cu illərdə türkmən ədəbiyyatının inkişafı; Böyük Vətən müharibəsi (1941-1945) və müharibədən sonrakı illərin ədəbiyyatı; həmçinin Berdı Kerbabayevin yaradıcılığı haqqında ayrıca portret oçerk verilmişdir.

Müəllifin fikrincə, XX əsrin əvvəllərinin ən çox tanınmış şairləri "Bayram şair (1871-1948), Kermolla (1872-1934), Mollamurt (1879-1930), Durdı Klıç (1876-1950) keçmiş dövr türkmən ədəbiyyatının ən yaxşı nümayəndələrinin ənənələrini davam etdirmiş, Böyük Oktyabr Sosialist inqilabından sonra isə yeni hakimiyyətin platformasını dəstəkləmiş, onun təşəkkül tapmasına fəal şəkildə köməklik göstərmişlər" (yenə orada. s.177).

Bu dövrdə milli mətbuatın rolu artır, inqilabi nəsr türkmən dilinə tərcümə olunur: Aleksandr Fadeyevin (1901-1956) "Tar-mar", Dimitri Furmanovun (1891-1926) "Çapayev", Nikolay Ostrovskinin (1904-1936) "Polad necə bərkidi", Vsevolod İvanovun (1895-1963) "Zirehli qatar 14-69" və türkmən ədəbiyyatında nəsr janrı vüsətlə inkişaf etməyə başlayır. Müəllif türkmən ədəbiyyatının yeni nümayəndələrinin adlarını çəkərək, onlardan bəzilərinin üzərində dayanır. Ata Niyazovun (1906-1943) "Sonuncu gecə" povesti 1930-cu illərin türkmən kəndindən bəhs edən ən yaxşı əsər kimi səciyyələndirilir. Novellaçı yazıçılardan Ağaxan Durdıyevin (1904-1947), Nurmurad Sarıxanovun (1906-1944), nasir Hacı İsmayılovun (1913-1948), şair Şala Kekilovun (1906-1943), şair və dramaturq Xocanəpəs Çarıyevin (1906-1940), həmçinin türkmən Sovet ədəbiyyatının yaradıcılarından biri, partiya xadimi, redaktor, şair Oraz Taçnazarovun (1901-1942) yaradıcılıq bioqrafiyası verilmişdir. Vətənpərvər poeziya nümayəndələri arasında Xalıq Koroğlu Ata Salih (1908-1964), Qara Seyitliyev (1915-1971), Rəhmət Seyidov (1910-1955), Aman Kekilov (1912-1974) və başqa şairlərin adlarını çəkir.

Müharibədən sonrakı dövr ədəbiyyatından danışarkən müəllif bir sıra əsərlər üzərində dayanır. Onların arasında Ata Kauşutovun povestləri və "Bahar və Xoşgəldi" (sonralar "Kopetdağın ətəklərində" adı ilə nəşr olunmuşdur) romanı; üslubunda dastan ənənələrinin və Puşkin şeirinin böyük təsiri duyulan Aman Kekilovun "Məhəbbət" poeması da vardır.

Dərslikdə türkmən Sovet ədəbiyyatı yazıçılarının üç roman-epopeyası ətraflı işıqlandırılmışdır: Berdı Kerbabayevin "Həlledici addım", Xıdır Deryayevin (1905-1988) "Tale", Beki Seytakovun (1914-1979) "Qardaşlar". Bu əsərlər bir növ zəhmətkeş xalqın barışmaz düşmənlərlə mübarizəsi haqqında tarixi trilogiyadır. Müəllif bu yazıçıların yaradıcılıq bioqrafiyasını ətraflı təsvir edir və onların nəsrinin bədii xüsusiyyətlərini açıb göstərir. Həmçinin müəllif şair və nasir Çarı Aşirovun (1910-2003) ömür yolu və yaradıcılıq irsinə də xüsusi diqqət ayırır, bu dövrün dramaturgiyasının inkişafını qısaca şərh edir.

Fəslin son bölməsi Berdı Kerbabayevin yaradıcılıq yoluna həsr olunmuşdur. Müəllif onu Türkmənistanın görkəmli yazıçılarından biri adlandırır: "Yazıçı öz əsərlərində gerçəkliyin çox vacib problemlərini qaldırır və dəqiq, güclü, sarsılmaz xarakterlər yaradır. Bu məziyyətlər Berdı Kerbabayevi müasir istedadlı söz sənətkarları sırasına çıxarır" (yenə orada. s.282.). Yazıçılığa satirik kimi başlayan Berdı Kerbabayev özünü dramaturgiyada da sınamış, lakin nasir kimi məşhurlaşmışdır. Zaman keçdikcə onun yaradıcılığında didaktizm və sxematiklik yerini gerçəkliyin epik əhatəsinə və tipikləşdirməyə vermişdir, bu onun "Həlledici addım" romanında özünün təcəssümünü tapmışdır. Dərslik müəllifi adıçəkilən əsəri türkmən ədəbiyyatı tarixində yeni mərhələ kimi səciyyələndirmişdir.

Azərbaycanlı professor Xalıq Koroğlunun "Türkmən ədəbiyyatı" kitabı rus dilində ilk və bu günə qədər də yeganə ümumiləşdirilmiş akademik əsərdir. Burada qardaş türkmən xalqının ədəbiyyatı vahid prosesdə birləşdirilmiş və zamanla inkişaf edən hadisə kimi təhlil edilmişdir. Sovet ədəbiyyatşünaslığının müəyyən ideoloji çalarına baxmayaraq, haqqında bəhs etdiyimiz kitab folklordan başlayaraq müharibədən sonrakı dövrü əhatə edən əlamətdar vahid bir hadisə kimi bütövlükdə türkmən ədəbiyyatının inkişaf mərhələlərinin geniş və obyektiv mənzərəsini verir və bu gün də özünün elmi dəyərini, aktuallığını saxlayaraq ehtiyac duyulan mənbə olaraq qalır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!