P.Koelhonun "Hippi" romanı: səyahət, azadlıq və özünü tapmaq haqqında - ALSU

 

Adətən, səyahət dedikdə, ilk ağlımıza gələn bir məkandan çıxıb digərinə çatmaq olur. Bəzi səyahətlər isə hara getməyimizdən, lazımi ünvana çatıb-çatmamağımızdan çox, səyahət müddətində necə birinə çevrilməyimizlə bağlıdır. Məşhur braziliyalı yazıçı Paulo Koelhonun "Hippi" kitabı da belədir: Əsərdə Paulonun və azadlıq, kimlik axtarışında olan bir qrup insanın Amsterdamdan Nepala "Sehrli avtobus"la (Magic bus) yola düşməyi təsvir olunur. Bu roman, "Kimyagər"dən sonra müəllifin oxuduğum ikinci əsəridir. Hər iki əsərdə səyahət, bu fiziki səyahət vasitəsilə özünü axtarış, kimlik məsələləri işlənir.

2018-ci ildə çap olunan "Hippi" müəllifin 1970-ci illərin əvvəllərində dünyanı səyahət etmək, mənəvi oyanış tapmaq məqsədilə hüquq təhsilini yarımçıq qoyduğu illərdə yaşadıqlarını əks etdirir. Avtobioqrafik romanın baş qəhrəmanı da Paulo adlı yazıçı olmağı arzulayan, amma buna hələ hazır olmadığına inanan braziliyalı bir gəncdir. Həm romanın əvvəlində, həm də müsahibələrində Koelho təsdiqləyib ki, roman onun səyahət zamanı üzləşdiklərini, o cümlədən, Braziliyada hərbi diktatura dövründə həbs olunub hakimiyyət orqanları tərəfindən dindirildiyi dövrü də əks etdirir; həmin vaxt onun ənənəvi standartlara uyğun olmayan həyat tərzi və baxışları təxribatçı hesab edilirdi.

 Paulonu səyahətdə onunla getməyə razı salan hollandiyalı qadın - Karla Koelhonun keçmiş səyahətləri zamanı rastlaşdığı, onun sevgi və özünəinam barədə baxışlarını dəyişən real bir şəxsə əsaslanır.

Romanın adı - "Hippi" isə təsadüfi seçilməyib. Əsərin məğzini, obrazları daha yaxşı başa düşmək üçün hippilərin kim olduğuna nəzər salmaq lazımdır.

 

Hippi hərəkatı 1960-cı illərin ortalarında Birləşmiş Ştatlarda gənclərin sosial sistemə dinc, amma kəskin etirazı kimi alovlandı və sürətlə bütün dünyaya yayıldı. Erkən hippi ideologiyası "Bit nəsli"nin (Beat Generation) əks-mədəniyyət dəyərlərini özündə ehtiva edirdi. "Hippi" (hippie) termininin etimologiyası "hipster" sözünə əsaslanır və bu termin ilkin olaraq Nyu-Yorkun Qrinviç-Villic və San-Fransiskonun Heyt-Aşberi məhəllələrində məskunlaşan gəncləri təsvir etmək üçün işlədilirdi. Onlar sadəcə fərqli geyinmir, cəmiyyətin təklif etdiyi uğur, ailə, iş və hakimiyyət anlayışlarını kökündən rədd edirdilər. Hippilərin geyimləri, stilləri cəmiyyətin nizamlarına, standartlarına qarşı vizual bir etiraz idi. Onlar gender sərhədlərinə fikir vermədən, əl işi olan rəngarəng paltarlar geyinir, hindu və şərq motivləri ilə bəzədilmiş bəzək əşyaları seçirdilər. Materialist korporativ sistemə meydan oxuyaraq paltarlarını özləri tikir və ya ikinci əl bazarlardan alırdılar. Lakin məsələ təkcə geyimdə deyildi. Əsl hippi ruhu cəmiyyətin xarici görünüşə verdiyi saxta dəyərdən imtina edirdilər.

Hippi mədəniyyətinin ən mühüm sütunlarından biri səyahət idi. Səyahətlər onların öz daxili dünyalarını kəşf etmələri baxımından böyük əhəmiyyət daşıyırdı.

Ənənəvi kilsə və dini institutlardansa, hippilər Şərq fəlsəfəsinə, buddizmə, hinduizmə və neopaqanizmə üstünlük verirdilər. Onlar siyasi müstəvidə sülhpərvər, müharibə əleyhdarı idilər: Vyetnam müharibəsinə qarşı kütləvi etirazlar təşkil edir, irqi diskriminasiyaya dinc yürüşlərlə cavab verirdilər. Bu gün sağlam qidalanma vərdişlərindən tutmuş musiqi festivallarına, ətraf mühit hərəkatlarından tutmuş fərdi azadlıq anlayışına qədər, modern dünyada mənimsədiyimiz bir çox dəyərlər müəyyən qədər məhz həmin nəslin mirasıdır.

Əsərdə də məhz ənənəvi həyat tərzinə qarşı çıxan, ailəsindən uzaqlaşan, təhsilini yarımçıq qoyan, evlənməkdən imtina edən, azadlıq istəyən, mənəvi axtarışda olan hippilər təsvir edilir.

"Nigaran qalmayın... Tezliklə başa düşəcəksiniz ki, mən niyə universitetə getmədim, diplom almadım, işə düzəlmədim. Mən bunun üçün doğulmamışam. Mən bunun üçün doğulmuşam ki, azad yaşayım. Pul qazanmağa nə var ki?! Hər vaxt pul qazana bilərəm, evlənə bilərəm. İndi mənə başqa şey lazımdır, burada, bu saatdakı həyatı, indiki sevinci yaşamaq lazımdır".

Romanda bu səyahət etməyi seçən obrazlar müxtəlif ölkələrdən, mədəniyyətlərdən gəlir, onların səyahətə çıxmaq səbəbləri belə başqa olsa da, hamısını birləşdirən özünü tapmaq istəkləridir. Onların səyahəti Amsterdamdan, Avropadan başlayır, Avropa ilə Asiyanın kəsişdiyi İstanbulda bir başqa forma alır. İstanbul şəhərində baş verənlər xüsusilə maraqlıdır. İstanbulun görməli yerlərini oxucu da səyyahlarla birgə ziyarət edir, Kapalıçarşını, minlərlə bazarı gəzir. Burada dərvişlərin rəqsindən xüsusilə təsirlənən Paulo sufizm, sufi görüşlər, Rumi ilə dərindən maraqlanmağa başlayır.

"Rəqs bizə çox şey deyir, rəqs hər şeyi transformasiya edə bilir, canlandıra bilir. O adam rəqs edə bilir ki, özünü azad hiss edir, lap həbsxanada dustaq olsa da, əlil arabasında otursa da. Çünki rəqs hansısa hərəkətlərin təkrarı deyil, o, uca Yaradanla, hər şeydən və hər kəsdən qüdrətli olan Ali Varlıqla söhbətdir. Rəqs etmək xudbinlikdən və qorxudan uzaq bir dildə danışmaqdır."

 "Öz"ünü məhz burada tapacağını düşündükdən sonra isə Paulo Nepala getməkdən imtina edir və Karla ilə yollarını ayırmalı olur. Onların əsərboyu inkişaf edən münasibətləri, xüsusən sonda ayrı-ayrı istiqamətlərə getməli olduqlarını qəbul etmələri olduqca təsirli idi. Səyahətin əvvəlindəki Karla olduqca dikbaş, müstəqil, heç kimə ehtiyac duymayan bir obrazdan yetkin, anlayışlı bir obraza çevrilir, indiyə qədər heç kimi sevməsə də, son görüşlərində Pauloya sevgi etirafı edir.

"Sevə bilmək nə gözəl hissdir?! İndi o başa düşürdü ki, bəzi adamlar, yox, bütün dünya buna niyə belə əhəmiyyət verir... Belə də olmalıdır - dünya sevənlərə səxavətlidir, həmişə də belə olacaq. Sevgi olan yerdə şər xeyirə çevriləcək, yalan - həqiqətə, müharibə - sülhə."

Bu sevgi hissi onun qərarlarına, başqaları ilə davranışına da təsir etməyə başlayır. "Axı insan sevməyə başlayanda hamını, bütün dünyanı sevməyə başlayır".

Pauloya "səni sevirəm" deyəndən bir gün sonra Karla onların yollarını ayırmalı olduğunu sakit, anlayışla qəbullanır. Bundan sonra onların ikisi də "məchul, mübhəm məkanlara doğru yola çıxırdı", lakin Karla Nepalda, o isə İstanbulda olacaqdı. "Onlar qərara alır ki, öz iç dünyalarına - qəlblərinə doğru səyahət etsinlər. Bundan yaxşı nə ola bilər?! Adamı ən çox bu sakitləşdirər."

Nəhayət, kitabı bitirdikdən sonra bu sual məni düşündürürdü: yola çıxmağa, getməyə qərar verəndə əslində nə axtardığımızı dəqiq bilirikmi? Bəlkə də səyahətlərin məqsədi heç vaxt tamamilə yeni bir mənzilə çatmaq, yeni yerlər ziyarət etmək olmayıb. Bəlkə də əsas məqsəd, yola çıxan adamın yolboyu dəyişməsi, mənzil başına çatanda eyni adam olmadığının fərqinə varmasıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!