Düşüncələrin sərhədləri olmur... - Kəmalə Ağayeva-90 - Əmir PƏHLƏVAN

 

Şeirləri nəğmə mətni kimi oxunan Kəmalə Ağayeva yaradıcılığı bir ana, bir qadın zərifliyinin, bir xanım incəliyinin və bir xanım hissiyyatının məhsuludur. Şeirlərinin söz sırası və ahəngi poetik ritmlərlə müşayiət edilən şairin yaradıcılığı XXl əsrin 60-cı illərində Azərbaycan ədəbiyyatında yeni bir ədəbi prosesin başlanğıcı hesab olunur. Onun poetik ritm və lirik təhkiyə kimi qələmə aldığı aşiqanə şerləri pafoslu məzmununa, axıcılığına və ictimai məna çalarlarına görə xüsusi əhəmiyyət kəsb edir.

"Hilal olaydım" adlı şeirilə ədəbiyyata gələn şair sonralar uşaqlıq və gənclik illərini dramaturji materiala çevirərək, "Əlixan məhəlləsi", "Danışır dünya", "Zərəfşanda bir axşam", "Lermontovla görüş", "Könül verdiyim ellər", "Solan qönçələr" adlı poemalar yazmışdır.

Həyat və insan talelərindən bəhs edən şair vətəndaşlıq və vətənpərvərlik duyğularının təsiri altında Hilal - Ay obrazı ilə oxucuda epiqonluq ovqatı yaradaraq yazırdı:

 

Ey hilal, hüsnünə salamlar olsun,

Dolan o göylərdə gözəlliyinlə,

Sən parla, hilallı axşamlar olsun,

Dol mənim ruhuma düzənliyinlə.

 

Şairin lirik qəhrəmanının təbiətə olan lirik münasibəti metafizik anlamda poetikanın üstünlüyünü göstərir. Hadisələrin vahid süjet xəttində təzahürü, müraciət və istinad ünvanının əbədi mövcudluğu şairlə oxucunu daha mehriban edir.

Azərbaycan şairi Məhsətinin obrazını ilk dəfə səhnəyə gətirən "Məhsəti" mənzum pyesi K. Ağayeva yaradıcılığında xüsusi yer tutur.

XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış Məhsəti öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. K.Ağayeva Məhsəti Gəncəvinin rübailəri və dərin fəlsəfi məzmunlu şeirlərinin Şərq poeziyası tarixində olan mühüm rolunu böyük professionallıqla təsvir etmişdir.

 

Əsər 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilmişdir. Məhz həmin vaxtdan Kəmalə Ağayeva Azərbaycan ədəbiyyatı və milli teatr tariximizdə mənzum pyeslərin ilk qadın müəllifi kimi tanınmışdır.

XXl əsr dramaturgiyamızı inkişaf etdirən Kəmalə xanım "Məhsəti" əsərindən sonra "İsmət", "Apardı sellər Saranı", "Mənim tanrım gözəllikdir, sevgidir", "O, bizim dağların oğludur", "Unudulan sözlər" kimi dramların, habelə nağıl motivləri əsasında ərsəyə gəlmiş "Göyçək Fatma", "Tıqtıq xanım", "Məlikməmməd", eləcə də "Sirli sözlər" adlı müxtəlif səpkili uşaq pyesləri yazaraq oxucuların və tamaşaçıların ixtiyarına vermişdir.

Kəmalə Ağayevanın şeirlərinə bəstələnən mahnılar Araz ovqatlı, Cənub həsrətli, sevgi və vətən ünvanlıdır.

Nəğmələrində söz və səs hakimiyyət yaradan müəllif, insanda mənəvi zənginlik və kimlik etalonları yaratmaqla bərabər, qan yaddaşımıza, o cümlədən, türkün Ana və Vətən kultlarının müqəddəsliyinə poetik nəfəs vermişdir.

 

...Dən sovurub mənim anam,

Su yerinə Günəş içib,

Can qovurub mənim anam.

 

- deyən şair Ana fəlsəfəsinin bəşəriliyini, o cümlədən, cavabı açılmayan suallara cavab verməkdə isə aciz qaldığı fikri ilə barışmalı olduğu qənaətini ortaya qoymuşdur. O, dünya ilə mifoloji təsəvvürünü obrazlaşdırmağın ideal variantını poetik anlamda təsadüflərə hesablanmasını və bunun maddi varlıqlar konteksində materialist baxışlarla həlli yollarına üstünlük vermişdir.

Müəllif bir sıra əsərlərində, ən çox da pyeslərində mifoloji obrazlara geniş yer verir. O, həqiqət axtaran və dərin daxili tərəddüd içində çırpınan qəhrəmanlarını mistik çalarlarla "Göyçək Fatma" adlı mənzum pyesində zəmanənin nisgil havası və uşaqlar üçün məzmunca alleqoriya sayılan prototiplərin timsalında açıb göstərmişdir.

 

...Ay, xoruzum, inəyim,

Dərdim çoxdur, neyləyim?

Söylənəcək kimsə yox,

Gəlin, sizə söyləyim.

 

K.Ağayeva "Səni unutmarıq" şeirində ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edərək yazır:

 

...Fəqət yad edirik səni vüqarla,

Çünki şərəfimiz, qürurumuzsan.

Özün yaratdığın bu xoş diyarda

Sabaha aparan uğurumuzsan.

 

Müasir poeziyada forma baxımından olan sərbəstlik, orta əsrlərə xas olan qafiyə, ritm fundamentallığı və lirika dəyərlərinin itməsi kimi qəbul etmək olmaz. Əksinə, bu prosesi forma və məzmin kontekstində münasibətinin nisbiləşməsi kimi qəbul etmək lazımdır. Forma nisbiliyi isə lirikanın fundamental dəyərlərini inkar etmir.

Yeni qafiyə yaradıcılığı isə formalizmin əlaməti kimi qəbul edilməlidir. Necə ki, divan ədəbiyyatındakı qafiyə məhdudluğu şüurlu bir prinsip sayılırsa, demək, ona yanaşma üsulu da müəyyən prinsiplər daxilində olmalıdır.

Bu baxımdan Kəmalə Ağayeva yaradıcılığı ədəbi tənqid və sərbəstlik nöqteyi-nəzərindən XXl əsr Azərbaycan poeziyasının ən uğurlu nümunəsi kimi qəbul edilməlidir.

 

Əlimdəki bu qələm də sənindir,

Könlümdəki xoş aləm də sənindir.

Gözümdəki bu şöləm də sənindir,

Ömrə həyanım mənim,

Azərbaycanım mənim.

 

- deyən şair vətən sevgisinin söz qədər yaşı və ömrü olduğu fikrinə yeni söz və yeni deyimlə münasibət bildirir; yaranışın və İnsanın hüdudları çərçivəsində hava və su qədər lazım olan Vətənin və vətənçiliyin müqəddəsliyini və gərəkliyini vəsf eləyir. Vətən onun düşüncələrinin sərhədlərindən başlayır.

Azərbaycan poeziyasında və dramaturgiyasında öz yazı üslubu, dili və forma rəngarəngliyi ilə seçilən Kəmalə Ağayeva yaradıcılığı həmişə oxunacaq və təbliğ ediləcəkdir. Bu, danılmaz həqiqət və real gerçəklikdir. Şairin özünün dediyi kimi:

 

Danışmayın yalanı,

Yalan xəcalət eylər.

Siz danışın olanı,

Düzlük səadət eylər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!