Rollan Seysenbayev: ruhun ənginliyi - Nəriman ƏBDÜLRƏHMANLI

 

I

 

...2017-ci ildə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ilə birgə görkəmli alim və söz adamı, Qazaxıstan MEA-nın vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Ğalım Mutanovun dəvətiylə "IV Əl-Fərabi və müasirlik" forumuna yola düşəndə qardaş məmləkətə sevgimin daha da artacağına əmin idim.

Elə gözlədiyim kimi də oldu: düzdü, ailəmizin 1948-1953-cü illərdə sürgün həyatı yaşadığı Türküstan vilayətinə getmək, ağır illərini keçirdiyi o yerləri görmək mənə nəsib olmadı, amma əvəzində qazax xalqının milli dəyərlərindən, qazax ədəbiyyatının canlı klassiklərindən biri, nasir, dramaturq, naşir, ictimai xadim Rollan Seysenbayevlə (üstəlik, onun tələbə yoldaşı və dostu,  Dağıstan Yazıçılar İttifaqının sədri, Dağıstanın Xalq şairi mərhum Məhəmməd Əhmədovla) şəxsi tanışlığımızla uzunmüddətli dostluq və yaradıcılıq ünsiyyətimizin təməli qoyuldu...

Yaradıcılığına hələ 80-ci illərdən bələd olduğum Rollan Seysenbayevlə ünsiyyətim sayəsində qazax ruhunun və təbiətinin dərinliklərinə enə, çölün ənginliyini, yurdların hənirini, yovşan qoxusunu, arqamakların kişnərtisini, dəvələrin nəriltisini, qartalların qıyını... duya bildim...

Az sonra onun romanları, hekayələri, esseləri ilə yanaşı, böyük Abayın Ön söz yazdığı "Qara söz" fəlsəfi traktatını, 52 yazıçının hekayələrindən ibarət "Qazax nəsri" antologiyasını, qazax detektiv ədəbiyyatının banisi Kemel Tokayevin "Gecə açılan atəş" adlı nəsr toplusunu, Sətimjan Sanbayevin povestlərini, qazax yazıçılarının etnoqrafik hekayələrini və esselərini... dilimizə çevirdim, qardaş ölkənin "Dostık" ("Dostluq") ordeni, TÜRKSOY-un "Abay-175" yubiley medalı ilə təltif olundum...

Ümidvaram ki, hələ bunlar da son deyil, qarşıda görüləcək işlər var...

 

II

 

Rollan Şakenulının yaradıcılığıyla 80-ci illərdən, daha doğrusu, şəxsi kitabxanam üçün ""Drujba narodov" jurnalının kitabxanası" seriyasından aldığım "Dekabr günləri" (1987) nəsr toplusuyla tanış oldum. Bəlkə də kino mühitinin bənzərsiz təsvirinə görə, eyni adda kiçikhəcmli roman məni müəllifin yaradıcılığına daha geniş miqyasda baxmağa vadar elədi, bir-birinin ardınca "Şərəf", "Qaçış", "Heçliyə pilləkən", "Şeytan taxtı", "Yaşamaq istəyirsənsə" əsərlərini oxudum, haqqında o vaxt "Ağ arvana" povesti sayəsində çox məşhurlaşmış S.Sanbayevlə birgə müasir qazax nəsrinin sütunlarından biri kimi təsəvvürüm formalaşdı. Sonralar onun "Səhranın sərgərdan ölüləri", "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün", "Gecə səsləri" əsərlərində də bədii təfəkkürlə qlobal təfəkkürün heç də hər bir qələm əhlinə qismət olmayan monolit vəhdətini sezdim.

Rollan Seysenbayevin insani və yaradıcılıq bioqrafiyası bütün yaradıcılığına səpələnib. O, böyük Abay və Şakərimin mənsub olduğu arqın tayfasının tobıktı nəslindəndi (qazax xadimlərinin vikipedik məlumatlarında bu məlumat mütləq yerləşdirilir), hər iki böyük ustada həm qanı, həm də ruhuyla bağlıdı. Babası və atası ötən əsrin 30-cu illərinin aclıq, sonra da müharibə fəlakətindən keçib. 1946-cı ilin bir payız günü Semipalatinskdə - 2022-ci ildən Abay vilayətinin mərkəzinə çevrilmiş Semeydə dünyaya gələn Rollan Şakenulı uşaqlıq çağını Çinqiztau (qazaxca Şınqıstau) dağlarının qoynunda, Abay Kunanbayev, Şakərim Kudayberdıyev və Muxtar Auezov kimi dühaların vətəni Karayılda keçirib,  yeddi yaşında daha böyük fəlakətlə - atom fəlakəti, 1953-cü ilin avqustunda Semipalatinsk sınaq poliqonunda sovet termonüvə (hidrogen) bombasının ilk sınağı ilə üz-üzə qalıb. Yazıçı sonralar "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərində dəhşətli partlayışın və onun nəticələrinin dinc uşaqlığını, çölün harmoniyasını əbədi olaraq məhv etdiyini və yaxınlarının (o cümlədən, kiçik uşaqlıq dostu) həyatını necə əlindən aldığını oxucuya çatdırır:

"...Çingiz dağlarında yaşayan adamları bədbəxtlik əlli üçüncü ilin yayında yaxaladı. Bircə saatda hər şeyi bürüdü... Aulun yaxınlığında qoyun-keçi otaran uşaqlar qəfildən qorxunc səslər - qışqırıq, bağırtı, qadın fəryadı eşitdilər. Qoyun-keçini çöldə qoyub ayaqyalın, bir-birinin bəhsinə aula doğru götürüldülər. Orda isə ağlagəlməz hadisə baş verirdi: adamlar qucaqlaşır, vidalaşır, and içir, and içdirir, qışqırır, hönkürüb ağlayırdılar. Hər şey, hamı bir-birinə qarışmışdı, biz, uşaqlar da ağzımızı açıb dayanmışdıq, nə olub-keçdiyini, sakit, rahat aulumuzun camaatını hansı bədbəxtliyin bu qədər kədərləndirdiyini dərk eləmirdik..."

Balaca Rollan milyonların taleyini şikəst eləyən o fəlakətdən sağ-salamat qurtula bilib, elmə-biliyə böyük dəyər verən babası və ata-anası sayəsində meylini kitablara salıb...

 

III

 

Amma az sonra ruhunda zəlzələ baş verib: "...Əlimin altında yalnız nazik bir kitab qalmışdı. Üz qabığında yazılanlar cismimi lərzəyə saldı: "Oljas Süleymenov. Arqamaklar". Kitabdakı şeirləri birnəfəsə oxudum. Dönüb bir də oxudum. Bir daha oxudum. Şeirin misraları ruhumu qidalandırdı. Ehtiraslı, ağıllı, orijinal fikirlər düşüncələrimi tüğyana gətirdi..."

Bəlkə, elə o nazik kitab bütün həyatını dəyişdirib, politexnik və texnoloji təhsillər (1964-cü ildə Almatıda Politexnik İnstitutuna qəbul olunsa da, bir il sonra Semipalatinsk Texnologiya İnstitutuna dəyişilib), sərbəst güləş, milli güləş və sambo üzrə dəfələrlə ölkə çempionu və ümumittifaq yarışlarının mükafatçısı olması belə, onun Sözə doğru gedən yolunu kəsə bilməyib...

Rollan Seysenbayev Moskvada, Ali Ədəbiyyat Kurslarında oxuyanda otuz yaşlarında, artıq formalaşmış yazıçı idi, ilk hekayə və povestləri ədəbi aləmin diqqətini çəkmiş, dramaturgiyada qüvvəsini sınamış, ümumittifaq müsabiqəsinin qalibi olmuşdu. 1978-ci ildə Moskvada Daniil Qraninin Ön sözüylə nəşr olunan "Son qar" kitabı, o vaxtın nüfuzlu respublika Lenin komsomolu, SSRİ Yazıçılar İttifaqı və ÜİHİMŞ-ın mükafatları isə yalnız onun respublika və ittifaq miqyasında etirafı idi.

Rollan Şakenulı o dövrdə bir müddət Moskvada yaşamalı olub, iyirmi il SSRİ Yazıçılar İttifaqının qazax ədəbiyyatı üzrə məsul katibi kimi çalışıb, qazax yazıçıların ümumittifaq və dünya ədəbi meydanına çıxmaları üçün əlindən gələni əsirgəməyib, üstəlik, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda nəsr emalatxanasına rəhbərlik eləyib, istedadlı qələm sahiblərinin özlərini tapmalarına yardım göstərib.

O illərdə Oljas Süleymenov "Az i Ya" kitabı üzündən ədəbi aləmdən təcrid olunanda Rollan Şakenulı böyük söz ustasının ən etibarlı dayaqlarından biri olub, inadkarlığı sayəsində ustadının kitabını nəşriyyatın planına saldıra, həm də görkəmli ədəbiyyatçı Yevgeni Sidorova Ön söz yazdıra bilib...

 

IV

 

Qazaxıstanın öz müstəqilliyinə qovuşması Rollan Seysenbayevin qarşısında da başqa perspektivlər açdı. O, xalqının ümummilli lideri Nursultan Nazarbayevin başçılığı altında aparılan dövlət quruculuğuna bacardığı yardımı göstərdi. Prezidentin köməkçisi (1994-1996) vəzifəsini yerinə yetirdiyi illərdə qazax xalqının mənəvi dirçəlişinə yönəldilmiş proqramların gerçəkləşdirilməsində iştirak elədi.

Rollan Şakenulının ictimai fəaliyyətində atom sınaqlarına qarşı mübarizə və Abay irsinin təbliği başlıca yer tutur. Təsadüfi deyil ki, dünyanın nüvə fəlakətindən xilas olunmasına kiçikhəcmli, amma möhtəşəm "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərini həsr eləyib, N.Nazarbayevin Ön söz yazdığı bu bənzərsiz əsər dünyanın bir çox dillərində işıq üzü görüb. O, 1991-ci ildə Semipalatinsk poliqonunun fəaliyyətinin dayandırılmasına can atan təbliğatçılarından biri olub, bir il sonra "Nüvə sınağı qurbanları olan uşaqlara" Fondunu yaradıb, BMT-nin tribunasından dünya dövlətlərini sınaqları dayandırmağa səsləyib.

Böyük Abayı qazax xalqının milli sərvəti sayan, həyatının son 35 ilində onun irsinin yorulmaz təbliğatçısı olan Rollan Seysenbayev 1993-cü ildə Qazaxıstan televiziyasında "Abay dünyası" proqramını, iki il sonra  mərkəzi Londonda yerləşən "Abay" mədəni mərkəzini, 2000-ci ildə isə Semeydə "Beynəlxalq Abay Klubu"nu yaradıb, əsərlərini dünya xalqlarının bir çox dillərinə tərcümə və nəşr etdirib. O, Abayın ingilis dilində nəşrini, hətta Roma papası II İohanna belə çatdırıb, nəticədə Vatikan başçısı onu iqamətgahına dəvət eləyib, on beş dəqiqə nəzərdə tutulmuş görüşləri saat yarımdan artıq çəkib.

"Amanat" beynəlxalq jurnalı və "R.S." Nəşriyyat Evinisə Rollan Seysenbayev qazax mədəniyyəti və ədəbiyyatını dünyaya tanıtmaq layihəsini gerçəkləşdirmək üçün yaradıb. Qazax, rus və ingilis dillərində nəşr edilən jurnalın  200 cilddən ibarət "Dünya ədəbiyyatı kitabxanası" əlavəsi də böyük mədəni hadisə kimi qiymətləndirilir. Qazaxıstan Milli Universiteti yanında Dünya Ədəbiyyatı İnstitutunun direktoru kimi, o, ən yaxşı ədəbi nümunələri qazax oxucularına tanıdır.

Xalq yazıçısı Anarın "Dədə Qorqud dünyası" kitabı da həmin seriyadan nəşr edilib...

 

V

 

Görkəmli yazıçı, ictimai xadim, dörd universitetin fəxri professoru olan, Qazaxıstanın bir çox dövlət təltiflərinə layiq görülmüş Rollan Seysenbayevin yaradıcılığı nəinki Qazaxıstanın, hətta keçmiş Sovet İttifaqının belə hüdudlarını çoxdan aşıb, ədəbi mükafatlarına layiq görülüb, əsərləri dünyanın bir çox dillərinə çevrilib və nəşr edilib. Uzun müddət Türkiyədə yaşamış mərhum həmyerlimiz, mifoloq və tərcüməçi Arif Acaloğlu yazıçının "Qacış" ("Bengü Yayınları", 2016), hələ nəşr olunmamış "Səhranın sərgərdan ölüləri" və "Şeytan taxtı" romanlarını Türkiyə türkcəsinə çevirib.

Rollan Seysenbayevin şəxsiyyəti, yaradıcılığı və ictimai fəaliyyəti artıq Azərbaycan oxucusuna da tanışdı. Bir neçə il əvvəl yazıçının "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərindən bir parçanı kiçik Ön sözlə oxucularımıza təqdim eləmişdim. Filologiya elmləri doktoru, professor B.Əhmədlinin bir neçə il əvvəl işıq üzü görən "Modern nəsrin imkanları: qazax yazıçısı Rollan Seysenbayev" (2017) portret-məqaləsi onun şəxsiyyətinə və yaradıcılığına işıq salır. Böyük ədib, Azərbaycanın sədaqətli dostu Oljas Süleymenovun anadan olmasının 85 illik yubileyi münasibətilə də Rollan Şakenulının bənzərsiz "Olljjjaaaaass!" roman-essesini dilimizə çevirib nəşr etdirdim.

Nəhayət, Qazaxıstanın dövlət müstəqilliyinin, həm də Semipalatinskdə nüvə sınaqlarına son qoyulmasının 30 illiyi münasibətilə yazıçının Azərbaycanda kitabının nəşri ideyası da gerçəkləşdi. Ölkəsinin milli dəyərlərinin və mədəniyyətinin təbliğinə xüsusi həssaslıqla yanaşan diplomat, Qazaxıstan Respublikasının Bakıdakı sabiq səfiri Serjan Abdıkərimovun səyi ilə Rollan Seysenbayevin "Dünyanın çökdüyü gün" adlı nəsr toplusu araya-ərsəyə gəldi. S.Abdıkərimovun böyük sevgi ilə Ön söz yazdığı topluya tərcüməmdə yazıçının "Şərəf", "Qaçış", "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" və "Dekabr günləri" kiçikhəcmli romanları, "Oljas" essesi, B.Əhmədlinin portret-məqaləsi daxil edildi.

Beləcə, Azərbaycan oxucusu Rollan Seysenbayevi şəxsiyyət və yazıçı kimi bir daha kəşf elədi və sevdi...

 

VI

 

Rollan Seysenbayevin yaradıcılığı tarixi yaddaş və müasirliyin özünəməxsus sintezindən ibarətdir...

"Şərəf" romanında ana ərini itirmiş, oğlunu da döyüşə yola salan ana bir-biriylə didişən tayfalara qarşı üsyan edir: "Ey sarı çöl, doğrudanmı, sənin xalqın, uaklar tayfası Sarıarıkda ən bədbəxt elatdı? Doğrudanmı, uaklar öz müdriklərinin müdrikliyini, öz batırlarının igidliyini, öz akınlarının nəğmələrini yalnız dünyaya səpələnəndən, ya da Yer üzündən yox olandan sonra dərk eləyəcəklər? Doğrudanmı, alnımıza belə yazılıb? Doğrudanmı, xalqımızın yaddaşı qoyun quyruğundan da qısadı?.."

Yazıçının doğma çölünə müraciəti isə Gök Tenqriyə üz tutub etdiyi duadır: "Ey qədim torpağımın tarixi - sən bu qaranlıq, yağışlı payız gecəsində ildırım çaxmasını xatırladırsan, doğma torpağım, doğma çölüm, mən də səni dərk eləməyə can atıram! Ey qədim torpağımın tarixi - sənin taleyin əzab dolu doğuş sancılarını xatırladır, doğma torpağım, doğma çölüm, mən də sənin əbədi həyat sirrini başa düşməyə çalışıram! De görüm, sənin ağotların nə pıçıldayır, göllərindəki qamışlar nə barədə xışıldayır? Mənə burda, bu sükut dolu çöllərdə doğulub-ölən əcdadlarımın taleyindən xəbər ver... Mənə yardım elə, doğma torpağım!.. Doğma çölüm!"

"Qaçış" romanı aktual etik və ekzistensial suallar doğurur. Hekayənin adı metaforikdir: bu, sadəcə fiziki bir qaçış deyil, qəhrəmanın gündəlik həyatın, daxili qorxuların və yalançı sosial idealların caynağından qurtulmaq üçün etdiyi mənəvi cəhdidir. Seysenbayev öz həyatında köklü dəyişiklik etmək əzmində olan insanın psixologiyasını, şiddətli xarici təzyiq altında ruhun əsl müstəqilliyinin mümkün olub-olmadığını təhlil edir: "- Ömür! Ömür keçdi!.. Ömür, ömür!.. - Hə, haqlısan, qardaş. - Kudaybergen onu qucaqladı. - Yaramaz ömür yaşadıq, bəlkə, heç olmasa, Allah şərəfli ölüm qismət elədi!.. - Onu hönkürtü boğurdu, özünü heç cür ələ ala bilmirdi. Qocalar ucsuz-bucaqsız çölün ortasında beləcə qucaqlaşmış halda durmuşdular. Yerlərindən tərpənmir, ağlayırdılar. Uzun müddət də ağlaşdılar. Doğma torpaqsa onları bağışlamaq niyyətində deyildi".

"Dekabr günləri" romanı dərin psixoloji və fəlsəfi nəsr əsəridir və Seysenbayev oxucuya sual verir: "Daim dəyişən və yadlaşan dünyada daxili boşluğu necə dəf etmək, əsl çağırışı duymaq olar?" Yazıçı zəif insanın asanlıqla simasını itirə biləcəyini və daxili azadlığını və özünəinamını müdafiə etməyin nə qədər çətin olduğunu, şəhər həyatı ilə ənənəvi köçəri mədəniyyəti arasındakı münaqişəni incəliklə araşdırır və bizə mənəvi irsin qorunmasının vacibliyini xatırladır: "Yatıram. Qılafın içində qayğı ilə layla çalınan adamı xatırladıram... Amma kimsə məni çağırır... kimsə çağırır... kömək istəyir... Qışqırır, çağırır, yalvarır, mənsə ayıla, yerimdən qalxa, yardım eləyə bilmirəm. Bu kimin səsidi? İçimdə get-gedə şiddətlənən, məni oyanmağa çağıran səs kimindi? Qəfildən də rahat nəfəs aldım. Başa düşdüm ki, öz səsimdi, öz fəryadımdı, ruhum yumurtanın qabığını içəridən sındıran ətcəbala kimi öz həqiqi mahiyyətinə can artır".

 

VII

 

Rollan Seysenbayevin dilimizə çevirdiyim "Milli adət" adlı bir hekayəsi var: hekayənin qəhrəmanı (müəllif) Bakıya, sonra Tbilisiyə, görkəmli yazıçı Nodar Dumbadzenin xatirəsini yad eləməyə gedir, gürcü ruhunun və təbiətinin dərinliklərinə baş vurmağa can atır - insanın iç dünyasını araşdırmaq onun yaşam və yaradıcılıq kredosudu...

Yazıçı haqqında "Rollan Seysenbayev kodu" monoqrafiyasının müəllifi Rüstəm Janqujinin obrazlı şəkildə ifadə elədiyi kimi, o, "...meqa-şüurunda Abay və Şakərimin genlərini qayğıyla qoruyub-saxlayır, öz fəlsəfi və poetik görümündə qazax milli düşüncəsinin çoxölçülü konstruksiyasını yaşadır".

Bu, çalarlar özünü onun nəsri ilə yanaşı dramaturgiyasında və publisistikasında da büruzə verir. Rollan Şakenulının pyesləri teatr səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə layiq olduğu şöhrəti gətirib, esseləri oxucuların qəlbinə yol tapıb...

Rollan Şakenulının mərhum ömür-gün yoldaşı, tanınmış şərqşünas və mifoloq Klara Serikbayeva da qəlbində Azərbaycana böyük sevgi yaşadırdı. O, mifologiyamıza gözəl bələd idi, nağıllarımızı, dastanlarımızı, əfsanələrimizi yüksək qiymətləndirir, xüsusilə, "Koroğlu" dastanıyla yaxından maraqlanırdı. Təəssüf ki, tədqiqatçının şərqşünas-folklorşünaslarımızla arzuladığı yaradıcılıq əlaqələri gerçəkləşmədi.

Rollan Seysenbayev bu payız günlərində doğma Semeydə, Abayın vətəni Jidebay aulunda 80 yaşını qeyd eləyəcək. Ömrünün azı 50 ilini söz sənətinə, qazax ədəbiyyatının dünyada təbliğinə, qazax milli təfəkkürünün qorunub saxlanmasına həsr eləmiş görkəmli söz ustasının ictimai fəaliyyəti və yaradıcılığı daha sanballı qiymətini hələ bundan sonra alacaq.

 

2026, oktyabr

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!