Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində elmi-fəlsəfi düşüncəsi ilə bədii təfəkkürü birləşdirən şəxsiyyətlərdən biri Aslan Aslanovdur. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və Azərbaycançılıq düşüncəsinin bədii ifadəsi kimi diqqəti çəkir.
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Aslan Aslanov 1977-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru, 1990-1995-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Elmi fəaliyyəti ilə yanaşı, zəngin poetik irs yaradıb. Şeirlərində alim-filosof dünyagörüşü ilə şair duyğusu qovuşaraq insan, Vətən, zaman, yaddaş və milli mənsubiyyət mövzuları özünəməxsus şəkildə ifadə olunub.
Aslan Aslanovun 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunan "Nəğməli günlərim" şeirlər toplusu bu baxımdan mühüm poetik mənbədir. Kitab Hüquq elmləri doktoru, professor İlyas İsmayılovun kitabxanasında qarşıma çıxdı. Şair Aslan Aslanovun öz imzası ilə İlyas müəllimə hədiyyə etdiyi bu kitabı maraqla oxudum.
Xalq yazıçısı İlyas Əfəndiyevin kitaba yazdığı Ön sözdə şairin yaradıcılığı "həyat nəfəsi", "həyat romantikası" və "əsrarlı çalarlar" anlayışları ilə səciyyələndirilir. İlyas Əfəndiyev yazır: "Aslanın şeirlərində həyatın əsrarlı çalarları da, nəfəsi də güclüdür, şəffaf və realdır."
A.Aslanovun poeziyasında lirizm fərdi hisslərlə məhdudlaşmır, poetik "mən"dən milli "biz"ə doğru genişlənir. Bu məna müstəvisində Vətən, ana dili, doğma torpaq, milli yaddaş və tarixi bütövlük əsas motivlər kimi önə çıxır. Məhz bu xüsusiyyətlər "Nəğməli günlərim"i sovet dövrü Azərbaycan ədəbiyyatında milli düşüncənin poetik ifadəsini izləmək baxımından dəyərli mənbəyə çevirir.
Mənim əziz, doğma səmam,
Doğma elim, doğma anam,
Doğma dilim, doğma gözüm,
Doğma sözüm,
Bir dənədir Azərbaycan!
Şairin Azərbaycan sevgisi təbiət və yurd gözəlliklərinin tərənnümü ilə məhdudlaşmır. Onun poeziyasında parçalanmış Vətənin ağrısı, Araz həsrəti də mühüm yer tutur. Bu məqamda "Azərbaycan" anlayışı coğrafi məfhumdan çıxaraq bütöv tarixi-milli məkan mənası qazanır:
Qurban göylərində saysız sayrışan
Sonsuz ulduzların zər naxışına.
Pərişan Arazı kürə qarışan
Ana torpağının hər qarışına.
Aslan Aslanovun poeziyasında Vətən anlayışının konkret ünvanı da aydındır:
Vətən, əzizdir mənə
Nur torpağın, saf havan,
Hara getsəm evimdir,
Hara getsəm öz yuvam.
Bu misralarda Vətən mücərrəd ideoloji anlayış deyil, insanın özünün sandığı mənəvi məkandır. Bu xüsusiyyət sovet dövrünün ideoloji kontekstində xüsusilə diqqətəlayiqdir. Rəsmi diskursda Vətən anlayışı çox vaxt ümumittifaq siyasi məkanla əlaqələndirilsə də, Aslanovun poeziyasında onun emosional və mənəvi ünvanı Azərbaycan olaraq qalır. Milli duyğu siyasi şüardan çox, obraz, dil, təbiət və həsrət vasitəsilə ifadə olunur.
Aslan Aslanovun milli duyğusu Azərbaycan təbiəti ilə yanaşı, milli musiqi və folklor obrazlarında da ifadə olunur:
Qəlbimin sevinci, coş ey "Koroğlu"m,
Aç ey "Göyçə gülü"m, gül ey "Dilqəmi"m,
Çəkilsin qəlblərə nəğmədən yolum,
Süsənlər, sünbüllər olsun həmdəmim.
"Koroğlu", "Göyçə gülü", "Dilqəmi" adları milli-mədəni yaddaşın müxtəlif qatlarını təmsil edir. Şair milli kimliyi birbaşa bəyan etməkdənsə, folklor, musiqi və təbiət obrazları ilə ifadə edir.
Bu düşüncə "Mən sənəm, sən mənsən..." misralarında daha açıq görünür:
Mən sənəm, sən mənsən, hamı bir canıq,
Bir fikir, bir ürək, bir həyəcanıq.
Hamımız bir eldən, bir Vətəndənik,
Günəşli, gündüzlü Azərbaycanıq.
Azərbaycan sevgisinin mühüm dayaqlarından biri də ana dilidir:
Azərbaycan dili - anamın dili,
Nənəmin sevdiyi xananın dili.
Böyük Füzulinin, Vaqif, Vurğunun,
Elimin-obamın, komamın dili.
Dil burada sadəcə ünsiyyət vasitəsi deyil, nəsilləri və milli ədəbiyyat tarixini birləşdirən mənəvi irsdir. "Ana", "nənə", "el-oba", Füzuli, Vaqif və Vurğun adlarının eyni sırada çəkilməsi Azərbaycan dilinin həm ailə yaddaşının, həm də milli mədəniyyətin daşıyıcısı olduğunu göstərir.
Xalq şairi Məmməd Araza xitabən yazdığı "Söylə, necədirlər?" şeirində milli həsrət daha yanğılı şəkildə ifadə olunur:
Ey mənim Xəzərim, Kürüm, Arazım,
Sirdaşım, qardaşım, Məmməd Arazım.
Nə vaxtdır sinəndə ötməyir sazım,
Söylə, necədirlər yaxın uzaqlar?
...Yenə yerindəmi nazlı qovaqlar,
Qovaqlar üzündə bəyaz duvaqlar,
Yenəmi saç yolar, yenəmi ağlar
O Məcnun söyüdlər, Leyli bulaqlar?
Azərbaycan folkloru və şifahi ədəbiyyat ənənələri də onun yaradıcılığında mühüm yer tutur. Şair qoşma, gəraylı, bayatı, müxəmməs, rübai və təcnis kimi xalq şeiri formalarından istifadə etməklə milli poetik yaddaşla bağlılığını qoruyur:
Əzizim, uca dağlar,
Zirvəsi haça dağlar,
Görkəmi daim cavan,
Özləri qoca dağlar.
Təcnislərində isə sözün səs və məna imkanlarından məharətlə yararlanır:
Aslan dostu dar günündə anandı,
Sən də onun dar günündə an andı,
Hamıdan çox canı yanan anandı,
Aman vermə səni yad ala, dala.
Uşaqlar üçün yazdığı şeirlərdə də milli düşüncə sadə və yaddaqalan dillə ifadə olunur:
Gülən səhərlər,
Kəndlər, şəhərlər,
Araz, Kür, Xəzər,
Sənin deyilmi?
Araz, Kür və Xəzərin vahid poetik məkanda birləşdirilməsi uşağın yaddaşında bütöv Vətən təsəvvürü yaradır. Beləliklə, bu şeirlər yalnız estetik zövqün formalaşmasına deyil, milli yaddaşın və Vətən duyğusunun möhkəmlənməsinə də xidmət edir. Eyni zamanda, bu coğrafi bütövlükdə yalnız Vətənin deyil, gələcəyə doğru uzanan Turanın da poetik işartılarını görmək mümkündür.
Məlumdur ki, sovet dövründə türkçülüyün açıq ifadəsi ciddi ideoloji məhdudiyyətlərlə üzləşirdi. Bu baxımdan şairin "İstanbul qızı" ifadəsindən istifadə etməsi xüsusilə diqqət çəkir:
Adına deyərdik İstanbul qızı,
Gənclik günümüzün şirindil qızı.
Bu məqamda "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın müəllimi Aslan Aslanov haqqında qələmə aldığı xatirələrdən bir epizod yada düşür: "Alman dili müəlliməmiz Sevda xanımın dərsində uşaqların sinif otağındakı səs-küyü dəhlizəcən yayılmışdı. Qəfil qapı açıldı və rektor otağa daxil oldu. Çox acı, acıdan acı bir baxışla hamımızı süzdü və sakitcə bizi qınadı: "Eyib olsun sizə. Heç olmasa, Sevda xanımın familiyasına hörmət edin", - dedi və otağı tərk etdi. Sevda xanım Cümhuriyyət dövrümüzün məşhur nazirlərindən, repressiya qurbanı Əhməd bəy Pepinovun qızıydı..."
Bu kiçik, lakin mənalı epizod sovet ideologiyasının hökm sürdüyü bir dövrdə Aslan Aslanovun Cümhuriyyət irsinə və milli dəyərlərə münasibətini göstərən mühüm detal kimi dəyərləndirilə bilər.
Aslan Aslanovun yaradıcılığında milli yaddaşın musiqi ilə qovuşduğu ən diqqətçəkən nümunələrdən biri "Lalələr" mahnısıdır:
Yayın ortasında Gəncə çölündə
Çıxıblar yenə də dizə lalələr.
Qıpqırmızı şehli köynəklərini
Səriblər dərəyə, düzə lalələr.
Telman Hacıyevin bəstələdiyi bu mahnı Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin və digər tanınmış sənətçilərin ifasında geniş yayılaraq Azərbaycan musiqi yaddaşında özünəməxsus yer tutub.
"Lalələr"in yaranması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, şair Gəncə təbiətinin lalələrlə bəzənən mənzərəsindən ilhamlanaraq bu əsəri qələmə alıb. Digər yozumda isə lalə obrazı 1918-ci ildə Azərbaycana gələn Qafqaz İslam Ordusu, Nuru Paşa və Bakının azadlığı ilə bağlı tarixi yaddaşla əlaqələndirilir. Hətta "Lalələr"in Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad tərəfindən yazıldığı barədə də fikir mövcuddur. Lakin bu yanaşmanı müəllifliyə dair təsdiqlənmiş fakt kimi deyil, əsərin mənşəyi ətrafında formalaşmış tarixi-poetik versiya kimi təqdim etmək daha məqsədəuyğundur.
Kitabda Aslan Aslanovun tərcümələri də diqqət çəkir. Platon, Şekspir, Nekrasov və Tvardovski kimi sənətkarların əsərlərini Azərbaycan dilinə çevirən şair milli poeziya ilə dünya ədəbiyyatı arasında əlaqə yaradır və poetik imkanlarının genişliyini göstərir.
***
Bir gün gedəcəyəm mən bu dünyadan,
Payız bir yarpaq da xəzəlləşəcək.
Yerimdə bir ömür açacaq çiçək,
Dünya bir çiçək də gözəlləşəcək.
Şair bir gün bu dünyadan köçdü. 1995-ci ildə, 69 yaşında Bakıda vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Lakin onun sözünün, sənətinin və Vətən sevgisinin yaratdığı ömür davam edir. Bu il görkəmli şəxsiyyət Aslan Aslanovun anadan olmasının 100 ili tamam olur. Bir əsr sonra da onun yaradıcılığına nəzər saldıqda, şairin misralarında yaşatdığı Azərbaycan sevgisinin nə qədər dərin və səmimi olduğu daha aydın görünür.
Aslan Aslanov yoxdur, amma onun şeirlərində yaşayan Azərbaycan var: Arazı, Kürü, Xəzəri, çinarı, sazı, ana dili, Qarabağ nisgili, milli yaddaşı və Vətən sevgisi ilə. Onun "Dünya bir çiçək də gözəlləşəcək" misraları bu gün azad Qarabağın timsalında yeni bir məna qazanır. Bəlkə də şairin arzuladığı həmin "çiçək" elə Vətənin azadlığı idi. O, bu günü görmədi, amma sözləri gördü.
Aslan Aslanovun poetik ömrü məhz burada davam edir - Azərbaycan torpağında, Azərbaycan yaddaşında və bu Vətənə olan sonsuz sevgidə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
