Yaradıcılığa 70-ci illərdən başlamış Əlisəfa Azayev 40-a qədər irihəcmli əsərlərin müəllifidir. Onun yaradıcılığının ən qiymətli xüsusiyyətlərindən biri müşahidə qabiliyyətinin daha geniş olması və yaşanan həyat həqiqətlərinə tez və obyektiv dəyər verməsidir, desək, heç də yanılmarıq. Mən bu fikrə təsadüfi gəlməmişəm. Birinci Qarabağ savaşı haqqında araşdırma aparırdım. Qarşıma bir povest çıxdı. Adından elə məzmunu da bəlli idi. Müharibə gedən bir ölkədə yazarın ilk vəzifəsi, təbii ki, müharibə mövzusu olmalıydı.
"Əsgər anası" ən çox ağrılı mövzulardandır. Müəllif Azərbaycan qadınını - əsgər anasını elə canlı təqdim edirdi ki, döyüşə oğul yollayan ananın bütün yaşantıları, fəryadı elə real, kiçik detalları belə unutmadan təsvir edirdi.
"Əsərin təsir gücünü artıran cəhətlərindən biri də Əlisəfa Azayev müşahidələrini əsərdə müəllifin simasında deyil, həyatın reallıqlarında görən və yaşayan, müdrük ana obrazı vasitəsi ilə əks etdirməsidir. Müharibənin dəhşətlərini ana hər kəsdən artıq yaşayır. Ana hər kəsdən çox itki verib. Ana torpağını itirib, ana həyatda dayağı olan ərini itirib, o iki qız övladını mərmi partlamasında itirib, ana yalnız öz doğma torpağı üçün itki verməyib. O, eyni zamanda Əfqanıstanda da əziz oğlunu itirib". (M.Nəcəfova, "Əlisəfa Azayevin "Əsgər anası povesti haqqında düşüncələr", "Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu", 2005-ci il, səh. 99-104)
Əsərin zamanında çap edilməsi də böyük əhəmiyyətə malik idi. Povestdən sonra bir çox əsərlərdə əsgər anası obrazına rast gəlindi. Doyüşçüdə ilk vətənpərvərlik hissini yaradan anadır. Güllə qarşısına hər oğul gedə bilməz. Vətənə sevginin ilk tumurcuqları ailədə, əsas da ana nəsihətindən pöhrələnir.

Əlisəfa Azayevin yaradıcılığında Şəhid obrazı da önəmli yer tutur. Hələ 1995-ci ildə doğulub boya-başa çatdığı Kürdəmirin şəhidlərindən yazmışdı ("Kürdəmir şəhidləri"-1995). Bəlkə də elə şəhid analarının oğulları haqqında söylədikləri, yazarı "Əsgər anası" adlı povesti yazmağa sövq etmişdi. Bu əsərlərdən sonra müəllifin saysız kitabları çap olundu. Əslində bu əsərlərin hər birinin əsas mövzusu vətənpərvərlik, millilik, azadlıq və Azərbaycana olan sonsuz sevgidir.
"General qətiyyəti" (2022) romanı isə müəllifin zəfərdən sonra Azərbaycanın Milli qəhrəmanı Polad Həşımovun qəhrəmanlığından bəhs edən iri həcmli əsərdir. Əsərin proloqu ilə giriş edən müəllif çox qiymətli bir görüşün xatirəsi ilə başlayır. Ulu öndərin Ali Hərbi Məktəbə gəlişinin bir bayram olması və kursantların Heydər Əliyevin gəlişinə bayram ab-havası yaratmaları diqqətdən qaçmır. Kursantlardan biri əlində bir dəstə gül ulu öndərə yaxınlaşır və bu gülləri çox təhlükəli yerlərdən - dağlardan dərdiyini söyləyir, uçqun təhlükəsi olan yerlərdən bəhs edir. Müəllif bu ilk görüşdə bir gənc kursantın illər sonra general kimi yetişməsində ulu öndərin də xeyir-duasını diqqətə çatdırır. Hansı ki, o Ali Məktəbin təməlini uzun illər əvvəl Heydər Əliyev qoymuşdu. Və elə kursantların onun görüşünə beləcə qürur hissi ilə gəlmələri illər əvvəlki ulu öndərin bu uzaqgörənliyi ilə əlaqəlidir.
Əsərdə prezidentin və kursantın dialoqu Azərbaycan xalqının gələcək gözəl günlərinə işarədir;
"Prezident generala xitabən dedi:
- Köhnə protokol qaydaları ömrünü başa vurmaqdadı.
Sonra yenə kursanta üz tutdu:
- Adın nədi?
- Polad.
- Gözəl adın var. Yaxşı oxu.
- Əlbəttə ki...
- Qoy bizim şəklimizi çəksinlər.
Kursant prezidentdən ayrılan kimi yoldaşlarına qoşuldu. Hədsiz sevinc, fərəh içində idi. Onu hey sorğu-sual etməkdə idilər:
- O sənə nə dedi?
- Gül-çiçək dəstəsini qoxuladı...
- Gülümsəyirdi..."
Əsər on beş fəsildən ibarətdir. Müəllif ilk fəsildə kiçik Poladın dünyaya gəldiyi Qəbələ rayonundan bəhs edir. Təbiətin gözəlliyini, bol-bərəkətli bağları diqqət mərkəzinə gətirməklə kənd yerlərinin saf, istedadlı, təmiz qəlbli insanlarını, ailələrini oxucusuna təqdim edir. Belə ailələrdən biri də Poladın babası Mikayılın ailəsidir. Müəllif Mikayılın simasında Azərbaycan kişisinin obrazını yaradır və Mikayılın ən böyük arzusu adını qoyduğu nəvəsi Poladın hərbçi olması ilə başlayır.
Polad 6-cı sinifdə oxuduğu illər ölkədə vəziyyət gərgin idi. O illərdə babasını itirən Polad onun arzusunu (Poladın hərbçi olmaq arzusunu) hər gün xatırlayır, anası Səmayənin hüquqşünas olması haqqında istəyini unutdurur, babasının ruhu qarşısında verdiyi sözü tutmaq üçün dərslərini yaxşı oxumaqla yanaşı, həm də ictimai işlərdə də fəallıq göstərirdi. Siyasi məsələlər gözündən yayınmırdı. Sumqayıtda törədilən hadisələr onu düşündürür, narahat edirdi. 1988-ci ilin fevral ayında Sumqayıtda törədilən təxribat xarakterli qırğın onun gözləri qarşısından silinmir, xatirəsində dərin iz buraxmışdı. Əsərdə Xocalı hadisələrindəki faciə və Şuşanın müdafiəsiz qalması vətənpərvər gənc kimi ona çox pis təsir etmişdi. Poladın atası ilə apardığı dialoq onun dolğun və güclü təfəkküründən xəbər verirdi:
- Ata, Mütəllibov niyə belə edir?
-Təcrübəsi, səriştəsi yoxdu da.
- Onda hakimiyyətə gəlməyəydi də.
- Bəyəm özbaşınadı?!.
- Bəs bu bəylər?! Axı onlar deyirlər ki, hər şeyi edəcəyik.
Daha sonra Heydər Əliyevin hakimiyyətə gəlməməsi də gənci düşündürür, o, sualı suala calayırdı:
- Heydər Əliyevə niyə meydan vermirlər?
- Ondan qorxurlar.
- Niyə ki?
- Hakimiyyətin əldən çıxmasından.
- Çıxsın da... Bizə təcrübəli lider lazımdır.
- Bunu sən deyirsən də...
Anası Səmayə söhbətə qarışdı:
- Ay bala, bir qədər ehtiyatlı ol. Yoxsa unutmusan, Moskvanın adamları hələ də burada - Sumqayıtdadı...
V fəsil qəhrəmanımızın saf və təmiz məhəbbətinə həsr edilib. Bu fəsildə artıq bir hərbçi kimi çalışan Poladın Ofeliya ilə tanışlığı, qızın incə və zərif görünüşü, təmiz və dürüst xarakteri Poladı get-gedə özünə bağlayırdı. Gənc hərbçinin şeirə, sözə ehtiyac duyduğu o günlərdə hisslərini sevdiyinə şeirlə etiraf edirdi. Məhz müəllifin də bu əvəzsiz duyğuları şeirlə ifadə etməsi həm obrazın, həm də müəllifin dilindən təsirlidir:
İstəsən, qarşında baş əyib yenə,
Gələrəm hüzurunda hamıdan önə.
Dönmərəm bu yoldan, lap bəşər dönə,
Mən sevgimi necə bildirim sənə?!
VI fəsildə Poladın Ofeliya ilə ailə həyatı qurması və bu ailənin birliyinin Poladın fəaliyyətinin daha da genişlənməsi ilə diqqət çəkir. Gənc ailənin ədəbiyyatdan, tarixdən bir-birlərinə sual vermə səhnələri də onların xarakterlərindən xəbər verir.
Polad Həşimovun qəhrəmanlığının ən uca göstəricisi isə XII fəsildə yer alır. Bu fəsil "Aprel döyüşləri" adlanır. Polad Həşimovun ən şanlı və şərəfli həyat yolu əslində Aprel döyüşlərindən keçir. Aprel döyüşləri Azərbaycan xalqını qələbəyə aparan ən cəsarətli və mətin addımdır. Müəllif də bu hadisələrin real təsvirini çox uğurla əks etdirə bilmişdir. Əvvəlki fəsillərdə də Polad Həşimovun rusdilli generallardan lazım olmayan əmrlər çox alması məlum olsa da, ancaq bu hallar daha da çoxalaraq komandiri son günlər çıxılmaz vəziyyətə gətirirdi. Xarakteri ilə örnək olan Polad əsgərləri və zabit yoldaşları tərəfindən hörmət qazanmış, onun dedikləri hərbi bilgi dəfələrlə alqışlanmış, əməliyyatlarda onlara uğur gətirmişdi. Poladın bu kəşfiyyata üç səriştəli əsgərlə getməsi və bir zabit yoldaşının qabağa çıxaraq:
"- Siz burada lazımsınız, cənab polkovnik! İcazə verin, bu kəşfiyyata mən gedim.
O, kal bir səslə dilləndi:
- Yox, hər şeyi özüm... Öz gözlərimlə görməliyəm...
- Bu qorxuludu...
- Bilirəm. Başqa əlacım yoxdur...
- Bizə inanmırsınız?
- İnanıram. Sadəcə hər şeyin yerlərdəki necəliyini öz gözlərimlə görmək istəyirəm", - deməsi Polad Həşimovun böyüklüyüdür.
Bir polkovnikin hər zaman öndə getməsi tək-tək hallarda ola bilər. Polad Həşimovun ən böyük qəhrəmanlığı əsgərinin önündə getməsində idi. Yolboyu əsgərləri ilə dərdləşən polkovnikin Beyləqan rayonu, İmişli rayonu haqqında çıxışları Beyləqan rayonunun tarixinə bir ekskurs müəllif fikirləri, bu qədim tarixə malik olan rayonun keçmişini vərəqləməsi zəngin təcrübəsindən və elmi biliyindən xəbər verir. Müəllif Şəhriyarın sözləri ilə həm qəhrəmanımızın Azərbaycan sevdasını, həm də Beyləqan qəhrəmanlarını yad edir:
Can qurban etməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?!
Atıram başımı ayaqlarına,
Ey məğrur Vətənim, ey Azərbaycan!
Bir qəhrəmanın Vətən sevgisini bundan qiymətli hansı misralarla ifadə etmək olar? Əlbəttə ki, bu misralar Polad Həşimovun vətən sevgisinin izharıdır.
"Böyük izdiham" əsərin sonuncu fəslidir. Bu izdiham ulu öndərin ölümündən sonra ikinci böyük izdiham kimi əsərdə diqqətə çatdırılır. Daha sonra doğulduğu Qəbələdə, doğma ocağında nənəsi, babası tərəfindən sanki oxşanıb əzizlənən qəhrəmanımızın əbədi yuxusu, xəyalən pıçıltayışı kövrək ayrılıq səhnəsi yaradır:
- "Ofeliya..."
- ...
- "Kim ağlayır-ağlasın, sən ağlama..."
- ...
- "Sən general xanımısan..."
- ...
- Mən istəyirəm ki, mənim övladlarımın anası mətanətli, cəsarətli, ötkəm olsun..."
- ...
- "Sən Polad qüdrətini övladlarımızda da tərbiyə edib yaşatmalısan..."
Bu xəyali vidalaşma Polad Həşimovun dilindən onun bütün qüdrətinin və ləyaqətinin tam şəkildə göstəricisidir.
Müəllif romanın sonunu böyük bir qürur hissi ilə bitirir.
Doğmaqda olan günəşin al şəfəqləri altında onun gülümsər çöhrəsi, silueti görünür, sanki bizi, babası Mikayıl kişini, atası İsrayılı, anası Səmayəni, həyat yoldaşı Ofeliyanı, canından əziz bildiyi övladlarını salamlayırdı... Dilində Aybəniz, Davud, Teymur kəlmələri idi... Bir də Azərbaycan əsgəri, zabiti, Vətən çağırışı, harayı!..
Hələ xalqımızın qələbələri davam edir. Bu mövzuda əsərlərimiz, qəhrəmanlıq salnaməmiz çox yazılır və yazılacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
