Ədəbiyyatımızın və ya bəşəriyyətimizin problemi - Nicat MƏDƏTLİ (Nejat Madatoğlu)

 

İnsanoğlu mövcud olduğu dövrdən etibarən hər zaman müxtəlif çətinliklərlə üzləşmiş və bu çətinliklərin həll yolunu tapa bilmişdir. Xüsusilə, çətinliklərin öhdəsindən gələn şəxslər "Əsrimizin fatehi", "Əsrimizin qəhrəmanı" və s. kimi titullara layiq görülmüşlər. Bəs "Əsrimizin", ya da daha da irəli gedib radikal bir ifadə ilə dilə gətirsək, "Bəşəriyyətimizin problemi" üzərində nə qədər düşünmüşük?

Oxuduğunuz yazı yalnız yazılar silsiləsinin kiçik bir hissəsi, daha doğru desək, bu silsiləyə giriş mətnidir. Yazını yazmaqda məqsədimizi, yazıların mahiyyətini ifadə etməzdən öncə, niyə "Ədəbiyyatımızın və ya bəşəriyyətimizin problemi" adlı başlığı uyğun hesab etdiyimizi izah etmək istəyirik. Axı ədəbiyyat və bəşəriyyət çox fərqli, ümumiyyətlə, ayrı-ayrı terminlərdir. Bəli, elədir ki var! Ədəbiyyat deyəndə, biz yazı sənətini, nəsri, poeziyanı, pyesi və s. başa düşürük. Bəşəriyyət isə yaşadığımız dünyanın mövcud olduğu dövrlərin bütününü ehtiva edir.

Əziz oxucularımız, bizə görə, ədəbiyyat olmadan bəşəriyyəti dərk etmək mümkün deyil. Bütün inkişafların təməlində ədəbiyyat dayanır. Ədəbiyyat isə insanın düşünmə bacarığının adıdır. İnsan hisslərini, fikirlərini, maraq və qorxularını, şübhələrini və ona naməlum gələn hadisə, təsvir və təsəvvürlərə qarşı göstərdiyi fəaliyyətləri praktikaya keçirəndə ədəbiyyat yaranır. Ədəbiyyat olmazsa, biz istər humanitar, istərsə də texniki sahədə olsun, heç bir şeyin mahiyyətini lazımi dərəcədə qavraya bilmərik. Bir tarixçi ədəbiyyatı bilməsə, oxuduğu şey yalnız xronologiyadan ibarət olar. O, heç bir hadisənin səbəb və nəticələrini dərk edə bilməz. Eləcə də bir həkim müalicə etdiyi xəstənin hisslərini, qorxularını, bir sözlə, əlinin altındakı varlığın həyatını hiss etmədən, ona sadəcə bir mexanizm kimi baxaraq müvəffəq ola bilməz. Mühəndis layihəsinin nəticəsində qazanacağı uğurları, insanlara verəcəyi töhfələri düşünmədən necə motivasiyaya sahib ola bilər? Əgər bəşəriyyətdə hər şey sadəcə rəqəmlərdən ibarət olsaydı, o zaman dünyanın inkişaf mərhələləri tamamilə fərqli istiqamətdə irəliləmiş olardı. Ədəbiyyat bəşəriyyətə "bəşəriyyət" adını bəxş edən mənəvi bir varlıqdır.

Eləcə də inancımızın təməlində belə ədəbiyyat yatır. Təəccüblü deyil ki, SSRİ din amilini insanların həyatından və qəlblərindən çıxaranda onu ədəbiyyat və elm ilə doldurmağa çalışmışdır. Hətta daha da irəli gedib deyə bilərik ki, SSRİ-nin uğurlu nəticə göstərən tək fəaliyyəti bu olmuşdur. SSRİ dağıldıqdan sonra insanlar öz dini inanclarının rituallarını tətbiq etməkdə daha sərbəst olsalar da, o dövrdən qalan ədəbiyyata maraq və elmə güvən həmin dövrün nəslində hələ də mövcud olmaqdadır.

Məhz yuxarıda bəhs etdiyimiz düşüncələrdən yola çıxaraq deyə bilərik ki, biz ədəbiyyatın problemini eyni zamanda bəşəriyyətimizin də problemi olaraq görür və qəbul edirik. Əksini müdafiə etsək, texnologiyanın bugünkü inkişaf sürəti bizləri gələcəkdə mexanizmdən fərqləndirməyəcək (Bu mövzuda Jan-Jak Russonun "Elmlərin və incəsənətin inkişafı əxlaqın təkmilləşməsinə xidmət etmişdirmi?" sualına Horatsidən sitat gətirərək verdiyi cavabı xatırladırıq: "Yaxşı görünüşə aldanırıq.").

Yazımızın başlığını seçmə səbəblərimizi izah etdikdən sonra geridə bir məsələ qalır: gələcəkdəki yazılarımızın mövzularının nə olacağı. İrəlidəki silsilə yazılarımızda dünya ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatından, bəşəriyyətin mənəvi problemlərindən və Azərbaycandakı oxşarlarından bəhs edəcək, mövzulara tamamilə ədəbi və obyektiv pəncərədən baxmağa çalışacağıq. Xüsusilə, texnologiyanın sürətlə inkişafı qarşısında mənəvi cəhətdən yaşanan geriləmə, ədəbiyyatda müxtəlif istiqamətlərdə cərəyanların yaranması və onun özünəməxsus xüsusiyyətlərini getdikcə itirməyə başlaması diqqət mərkəzimizdə olacaq mövzulardandır. Bir şeyi qeyd etmək istərdik ki, Azərbaycan bu cəhətlərdən dünyanın bir çox ölkəsindən (inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin bir çoxundan belə) öndədir. Ədəbiyyata, bəşəriyyəti mənalandırmış o mənəvi varlığa hörmət və ehtiram hələ də ölkəmizdə yüksək səviyyədədir. Bunu qürbətdə yaşayan, ədəbi mühitlərlə sıx əlaqədə olan və dünyanın bir çox ölkələrinin nümayəndələri ilə görüşmüş biri olaraq tam əminliklə deyə bilərəm. Təbii ki, hər ölkədə problemlər mövcuddur. Lakin bir ingilis filosofunun dediyi kimi: "İnsanın məqsədi əməlindədir." Könüldə istək, fəaliyyətdə coşqu olduğu halda insanoğlu bütün problemləri həll etməkdə mahirdir.

Əziz oxucularımıza giriş mətninin sonuna gəldiyimizi bildirir və yazımızın onların könlündə bir maraq yaradacağına ümid edirik.

 

İstanbul

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!