Folklor - yazılı ədəbiyyatın əsası, bazası, bünövrəsi, milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Bu bütün xalqlarda belədir, belə olmuşdur (İncil də - qədim xalq hekayələrinin məcmusu hesab edilir). Folklor - bədii ədəbiyyatın bətnidir, bədii ədəbiyyat ondan əmələ gəlib yaranmışdır. Folklor - yazılı ədəbiyyat üçün bitib-tükənməyən bir xəzinədir ki, divan ədəbiyyatından başlamış postmodernizmə qədər, şair və yazıçılarımız daim bu xəzinədən bəhrələnmiş, zənginləşmişlər. Xalqın kollektiv yaddaşının halal malı olan folklor nümunələri "zərgər əlində" cilalanmış, zaman-zaman köhnə süjetlərə yeni həyat verilərək təkmilləşmiş, millətin tarixi, coğrafi fərqlilikləri, milli-mədəni görüşləri, ənənələri, həyat tərzi, inanc və məişəti bədii ədəbiyyata köçürülmüşdür. Elə ümumi birləşdirici mövzular da vardır ki, onlar universaldır, bəşəridir, Şərq-Qərb tanımır, "səyyar süjet xətti kimi Şərq ölkələrindən Avropa xalqlarının ədəbiyyatlarına" keçid almış, "Şərq də öz növbəsində Qərbdən faydalanmışdır" (akademik İsa Həbibbəyli). Anonim, kollektiv yaradıcılıq məhsulu olması da buradan irəli gəlir. Ədəbiyyat nəhəngi Çingiz Aytmatovun yaradıcılığı folklor-mifoloji motivlərlə elə zəngindir ki, ədəbiyyatşünaslara "Aytmatov mifologiyası" terminini işlətməyə belə imkan verir. İ.Əfəndiyevə gəlincə, folklor ənənələrinə müraciət onun dünyaya və insana baxış konsepsiyasına, xalq yaradıcılığının spesifikasını dərindən duyma prinsipinə əsaslanırdı. Onun irsi folklorsuz, xalq yaradıcılığı olmadan təsəvvür edilmir. Yazıçı xatırlayır: "Mən uşaqlıqda Fatma nənəmdən qardaşlarının xəyanəti üzündən zülmət dünyasına düşmüş Zümrüd quşu haqqında çox əfsanələr eşitmişdim... Sonra soruşmuşdum ki, bəs, Zümrüd quşu indi hardadır? O da cavab vermişdi ki, Süleyman padşahın Zümrüd quşuna acığı tutduğu üçün Qaf dağında dustaq edib... Bunlar mənim uşaq zehnimdə qəribə bir aləm idi..." Uşaqlıqdan anasının, nənələrinin əfsanə və nağılları ilə böyüyən gələcək yazıçı ömrünü sözə bağlayır. O qədər xalq adamı idi ki, folklordan ilhamlanan yaradıcılığı onu bütünlüklə canına çəkmiş, xalq poetikası ilə qidalanmışdır. O, Azərbaycan ədəbiyyatında folklor motivlərini müasir bədii düşüncə ilə birləşdirən yazıçılarımızdan biridir. Demək olar, bütün əsərlərində az və çox dərəcədə folklor elementləri özünü göstərir. "Apardı sellər Saranı", "Qarı dağı", "Qəhrəman və bülbülün nağılı", "Sağsağan", "Yusif və Esfir", "Abidin yuxusu" və b. hekayələri xalq yaradıcılığından su içsə də, yazıçı "onlara real don geyindirərək", "dad-duz" qataraq qiymətli ədəbiyyat nümunələri yaratmışdır. Bu hekayələrdə "folklorun həm ideya-motiv", həm də forma-üslub xüsusiyyətlərindən istifadə edilmişdir". Folklor epik mənzərənin gücünü artırmağa, obrazın xarakterinin açılmasına xidmət edir.
Onun xəlqiliyinin özəyində folklor spesifikasından istifadə bacarığı, qəhrəmanlarını xalq dilində danışdırması dayanırdı. Əbəs yerə əsərlərinin adında, fəsil başlıqlarında xalq irsinə dönə-dönə müraciət etməmiş, dastan, nağıl, əfsanə sözlərini bol-bol işlətməmişdir... (V.Belinski bu etnoqrafik materiala "xalq elementi" deyirdi). Çünki məqsədini izlədiyi Xeyir-Şər ən çox harada yaşayırdı? Ədalət, Həqiqət harada axtarılırdı? Əlbəttə ki, xalq poetikasında..! "Apardı sellər Saranı", "Qarı dağı" hekayələrinin janrını yazıçı özü əfsanə olaraq müəyyənləşdirmişdi. "Sara..."dakı poetika o dərəcədə güclüdür ki, hekayənin başqa məziyyətlərini üstələyir.
İ.Əfəndiyevin yaradıcılığı musiqilidir. Bu musiqilik əsasən xalq yaradıcılığı üzərində köklənmişdir: "Apardı sellər Saranı", "Aman ovçu"... Müəllif əsərlərinin ilk qığılcımının mahnı, ya muğamdan "alışdığını" dəfələrlə yazmışdı. Bu səhər-səhər radioda eşitdiyi "Qaragilə" də ola bilərdi, qonşu oğlanın qonşu qıza oxuduğu "Pəncərədən daş gəlir" də...
İ.Əfəndiyev "bu rəvayəti qələmə alanda bugünkü faciələrimizdən çox-çox uzaq idi. İndi düşmən atlı olub, biz piyada. Artıq neçə ildir ki, oğuz elləri namərd əlində dustaqdır. Qaçqınlıq, köçkünlük, didərginlik yazılıb taleyimizə. Sellər apardı Saraları..." ( "Sənətkar və zaman") adlı müsahibəsində yazıçı bu suallara cavab, məsələyə aydınlıq gətirərək, Azərbaycanın gələcəyinə ümidlərinin böyük olduğunu, millətimizin vətənpərvərlik duyğusunun yeni təlatümünə inandığını söyləyir. Zaman bu sözlərin nə qədər doğru olduğunu sübuta yetirdi.

"Səməd Vurğun haqqında hekayə"də şair Dəlidağın zirvəsində dayanıb Xan Arazın, Arpaçayın qıjıltısına qulaq asır, Xançobanla Arpaçay haqqındakı əfsanəni xatırlayır:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı...
"Sarı qız" əfsanəsinin motivləri əsasında yazılmış bu hekayə yazıçının öz həyat hekayəsi ilə üst-üstə düşür. İ.Əfəndiyevin də ailəsinə "ölüm qanadlarını gərəndə" Saranın atası Soltan kimi daha "evlənmədi. Könlünü yadigarlarına bağladı" (akademik Bəkir Nəbiyev).
Hər iki hekayə xalqın sadə nümayəndələrinin yadelli işğalçılara qarşı fərdi, əlindən gələn mübarizəsini əks etdirir. Soltan qızını yadelli şahın əlinə düşməsin deyə öz əlləri ilə çaya atır. "Çaya ataram, yada vermərəm..." "İtə ataram, yada satmaram" ənənəsi bizdə həmişə olub. Qara 90-larda nə qədər qız-qadın yağı əlinə keçməsin deyə özünü sıldırımların qucağına atıb. Neçə igidlər düşmən əlində xar olmamaq üçün son gülləsini özünə saxlayıb.
Müharibənin qızğın dövründə yazılmış "Qarı dağı" (1944) bu gün daha çox öz Vətən müharibəmizə yaraşır, Şuşanın işğalını, Ağdamın süqutunu yada salır. (Birinci Qarabağ müharibəsində tək Ağdam 6000 şəhid vermişdi), xalqımızın torpaq sevgisini, onu qorumaq əzmini, düşmənə nifrətini əks etdirir. "Şəhər 39 gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla bir tərəfdən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu. Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, kimsəyə aman verməməyi əmr etdi". Bu əmrin əsasında şəhərin sağ qalmış 7000 əhalisi qılıncdan keçirilir, evlər dağıdılır, qan su yerinə axır... (Xocalı kimi...). Şahın vəziri Taygöz Yusif də daşnakların dinc əhaliyə divan tutan "qəhrəmanları" simasındadır. "Mən anayam" deyən Ballı qarı isə Xalqın obrazıdır.
Əfsanədən fərqli olaraq nağıl həqiqət ola bilməz. Burada yazıçı daha çox ideoloq kimi çıxış edir, arzuladığını, görmək istədiyini qələmə alır. Məsələn, "Həyatın əbədi ahəngi" o qədər xoş, humanist, həyati hekayədir ki, sonunda sən də Ovçu Pirim kimi heç nə düşünməyərək həyatın əbədi ahəngi ilə tək qalmaq istəyirsən...
"Yusif və Esfir" bütün xalqlarda geniş yayılmış 3 arzu nağılındandır. 40 il gecə-gündüz dayanmadan Allaha ibadət edən Yusif 3 arzusunun həyata keçməsinin məqamını qazanır. Lakin Esfirin nankorluğu onları həm övladsız qoyur, həm də daha iki fürsətdən məhrum edir. Hekayədə insanlıq, yamanlığa yaxşılıq, rəhmdillik, səbir təbliğ edilir. "Yusif və Esfir" çox təsirli, düşündürücü, həm də kədərli bir hekayədir. Onu Puşkinin "Balıqçı və qızıl balığın nağılı" ilə müqayisə edirlər. Lakin Puşkinin qarısından fərqli olaraq Esfir acgöz deyil, var-dövlət istəmir, Yusifə də heç əvvəldən könlü yox idi. Onunla xidmətçilikdən qurtulmaq üçün nicat bilib evlənmişdi. Onların evliliyi Yusifin üzərində dayanırdı, necə ki, finalda vəziyyəti də elə Yusif düzəldir.
Folklor motivlərinin İ.Əfəndiyev yaradıcılığına transformasiyasını görür, analitik düşüncə ilə əsərlərinə üzvi şəkildə daxil olmasını müşahidə edirik. Folklora xarakterik leksik təkrarlar, simvollar, sinkretizm, sonu ibrətlə bitən fantastik elementlərlə zəngin bu hekayələr əsasən yazıçının erkən yaradıcılığının məhsuludur.
"Söyüdlü arx"da folklordan istifadə özünü başqa formada göstərir... Ələsgər əmi köhnə sazını dınqıldadıb "Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı?" sözləri ilə başlanan qədim bir mahnı ifa edir.
"Mahnı dağlarda qaldı"nı tamaşa boyu "Aman ovçu..." xalq mahnısı müşayiət edir. Çox müasir bir əsər olan "Qəribə oğlan"ın Kəmaləsi konservatoriyada oxuyur. Pyesdə "Sonalar gölü"ndən, Rixterin konsertindən, Bizenin notlarından danışılsa da, gənclər bir yerə toplaşanda "Mənim adım - Sarı Laçın, gəl səni götürüm qaçım..." xalq mahnısını oxuyurlar. Folklora müraciət həm də oxucunun yaddaşına müraciətdir. Yazıçı hər kəsin uşaqlıqdan bildiyi, öyrəndiyi süjetləri bədii dilin süzgəcindən keçirib yenidən oxucuya qaytarır. Bu motivlər əsərə bir dərinlik, müdriklik, kolorit, milli rəng qatır ki, kimliyindən asılı olmayaraq hər kəsin qəlbini titrədir, ruhunu tərpədir.
Yazıçının sevimli adlarından biri də, sırf Qarabağ bölgəsinə aid Almuraddır ki, bir çox əsərində keçir; "Söyüdlü arx", "Mənim günahım", "Qoruqlarda"...
Folklorda müəllifin mətnə müdaxiləsini, münasibətini görmürük. Ədəbiyyatda isə yazıçı mətndaxili məntiqi ilə çıxış edir. Tipologiyaya görə əfsanəvi quşlar - Azərbaycan folklorunda ən çox yayılmış obrazlardandır; Səməndər quşu, Hüma quşu, Zümrüd, Anadil və sairə. İsaq-musaq quşu İ.Əfəndiyevin bütün əsərlərində oxuyur. O, 1992-ci ildə "İsa-Musa" rəvayəti əsasında eyniadlı hekayə yazır. Kədərli taleli qardaşların adları çox əvvəllər yazıçının əsərlərində çəkilmişdi. İsa və Musa adlı çoban qardaşlar əlləşib-vuruşub özlərinə gün-güzəran düzəltmiş, sürülərini artırmış, evlənmək ərəfəsində idilər. Lakin qəfil gələn qara bulud, gözəgörünməz bir əl qardaşların arzusunu puç etdi, sürülərini itirdilər. "O zaman Allah onları bir cüt quş elədi ki, axtarışları asan olsun". Odur-budur, hey sürünü axtarıb bir-birindən xəbər tuturlar... Rəvayət "rəva" feilindən olub ağız ədəbiyyatı kimi nəsildən-nəslə ötürülərək insanları məlumatlandırır, düşündürür, ehtiyatlı, tədbirli olmağa çağırır. "İsa-Musa" rəvayəti gerçəyə yaxınlığı, didaktik məzmunu ilə yazıçını həmişə maraqlandırmış, əsərlərində sabit qalmışdır.
"Qoca tarını çaldı" hekayəsində, "Mahnı dağlarda qaldı"da gecələr İsaq-Musaq quşunun "intizar dolu" səsi gəlir:
"- İsaq, tapdın...
- Musaq, tapdın... "
Yazıçı "Sarıköynəklə Valehin nağılı" kimi müasir nağıla da ishaq quşunun (bir adı da həqq quşu) hekayəsini daxil edir. Valeh monoloqunu bu sözlərlə bitirir: "Hər yazdakı kimi, indi də aramla səslənən İsa-Musa quşunu eşitmək ona görə xoşuma gəlirdi ki, mən onun səsində həmişə gümrah bir ümid hiss edirdim. Mən "İsa-Musa" quşu haqqındakı nağılı xatırlayırdım. Mənə elə gəlirdi ki, ağalarının fırtına zamanı azıb itən qoyun sürüsünü tapmadıqları üçün quşa dönüb indiyə qədər də axtaran çoban İsa-Musa qardaşları axır ki, o sürünü tapacaqlar".
Folklordan gələn İsaq-Musaq (İsa-Musa) quşuna ədəbiyyatımızda - həm nəsr, həm də poeziyamızda çox rast gəlinir. Mehdixan Vəkilovun "Mənim qardaşım" adlı xatirə-povestində, İsmayıl Şıxlının "Dəli Kür" romanında ayrı düşən qardaşların əfsanəsindən danışılır. "Bəzən anadil quşunu İsa-Musa quşu ilə eyniləşdirirlər. İsa-Musa quşu bayquşun bir növüdür və heç zaman başı aşağı vəziyyətdə durmaz, "ayağından asılmaz". Burası da var ki, hər ikisi gecələr fəal olur, meşənin qaranlığında yaşamağı sevirlər. Odur ki, xalq dilində birinin əlamətləri başqasının üzərinə köçürülmüş" (professor Musa Adilov), yəni ümumiləşdirilmiş ola bilir. Ayrı düşən qardaşlar Arazın o tayına da şamil olunur, bir-birindən ayrı düşən Şimali və Cənubi Azərbaycan kimi də düşünülür...
Sağsağan da onun əsərlərinə tez-tez "uçub gəlir", şad xəbər gətirir. "Xeyir xəbər, sağsağan, xeyir xəbər!.. Oğluyun oğlu olub, qızının da oğlu olacaq!" "Sağsağan" hekayəsindəki Fatma nənə də, "Söyüdlü arx" romanında Nuriyyənin nənəsi də bu quşun oxumasından xoşhallanır, həyətlərinə uçub gələn sağsağanı belə qarşılayır, belə öyürlər.
"Tənha iydə ağacı"nda Gülnaz, Eyvaz Şahsevənli, Kəklik "kim-kimi yordu" deyib, qədim Azərbaycan xalq rəqsi olan "Qaytağı"nı oynayırlar...
Xalq şairimiz Bəxtiyar Vahabzadə "xalqın yaratdığı idiomatik deyimləri məcrası bilinməyən, gah ordan, gah burdan axan, başsız, yüyənsiz dağ sellərinə" bənzədirdi. (professor Musa Adilov) İlyas Əfəndiyev bu "yüyənsiz dağ sellərini" ram edən, "ona istədiyi şəkli və rəngi verən" söz ustadlarındandır. Ədəbi dilin bazası xalq dilidir. Onun əsərlərində atalar sözlərindən, məsəllərdən, xalq deyimlərindən ustalıqla istifadə olunur ki, bu da mətnin millilik və məntiqini artırır. "Ə, Qulu, mus-mus deyincə birdəfəlik Mustafa de, dayna", yenə də, "Söyüdlü arx"da Nazxanım "səhnədə süzə-süzə oxuyur:
Qulu, Qulu, ay Qulu,
Başına bir daş Qulu.
Sən mənimsən, mən sənin,
Neynirsən pulu-mulu?"
O zamanlar (elə indi də), adı Qulu olana həyətdə-bacada, dərsdə-məktəbdə belə sataşırdılar.
"Qəribə oğlan"da beynəlmiləl gənclik xorla "Üçtelli, dördtelli, beştelli durna..." oxuyur.
Qədimlərdən gələn atalar sözləri və zərb-məsəllər müasir həyatımızda hər halı ilə özünü göstərir. Çünki hər dövrə uyğundur, əhatə dairəsi çox genişdir, işlənmə dairəsi ondan da geniş... Məsələn, "dama-dama göl olar" məsəli, demək olar, bütün dillərdə var... Atalar sözləri və idiomlar həyatdan götürüldüyü üçün hər dövrə uyğundur, həmişə öyüd-nəsihət yerimiz olub, çətinə düşəndə motivasiya verib. Bir cümlənin içində həm məntiq var, həm fəlsəfi məna. Əxlaqi-tərbiyəvi əhəmiyyətinə, didaktik xarakterinə görə söhbətə nərdivan salır, mürəkkəb situasiyadan çıxarır, gərginliyi azaldır, az sözlə çox şey deyir, pauzanı doldurur... Belə atalar sözləri və məsəllər İ.Əfəndiyevin yaradıcılığında, xüsusilə dramaturgiyasında gen-bol istifadə olunur: "Atalar məsəlidir, qızı özbaşına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya", "Lalın dilin anası bilər", "Diş yox ikən dodaq var idi", "Öldü var, döndü yoxdur", "Qırqovul başını soxub kola, amma quyruğundan xəbəri yoxdur" və sairə... Bu məsəllər sadəcə gözəl cümlələr deyil, xalqın tarixi, onun insanı, həyatı barədə təcrübəsi, fikirləri, sualların cavabıdır. Bu məsəllər surətləri xarakterizə etməklə dialoqları şəkilləndirir və əsərin koloritini artırır. Atalar sözləri bəzən hazır məsəl kimi deyil, yazıçının müdaxiləsi ilə yeni kontekstdə təqdim edilir: "Quyu qocalıb, nə eyləyirsən elə, bir şey çıxmaz"...
Bəzən də, sırf Qarabağa aid ifadələr işlədir: "Sən yuxa qulağı sulama!" Ya da, "vaxta ki ora getmək sənin üçün də vacibdir, get", yaxud: "Vaxta ki sən deyirsən, demək elədir"... Ya da, Gülgəzin bir işin əmələ gəlməyəcəyini ehtiva edən tez-tez təkrar etdiyi "ölmüşdü Xankişi" sözü... Müasir variantı; buralarda ol, yəni...
Elə tək "Atayevlər ailəsi"ndə yazıçı xalq yaradıcılığına nə qədər müraciət edib. Məsəlin seçilməyi, deyilişi, çaları xarakterin açılmasına xidmət edir. Dilşad xanım Xosrov Atayev haqqında "kor atlanar, kəndini çapar" dedikdə, Cahangiri "dəvədən böyük fil var" deyə təhdid edəndə atalar sözləri mənfiyə, neqativə yüklənir. Gülgəzin "qara kişmişi cibə tökərlər, ağ ayranı itə" cavabı özünümüdafiə idisə, Sadıqovun tamaşa boyu "mixək əkdim ləyəndə, ay mixək boynun əyəndə..." deyə dilini sürüyüb oxuması əlacsızlığından, bədbəxtliyindəndir. İnsan məsəl çəkəndə də ya özünə yaraşanı seçir, ya seçdiyini özünə yaraşdırır. İldırım Atayevin finalda qardaşı üçün dediyi "igid odur atdan düşə, atlana! İgid odur hər əzaba qatlana!" həkimanə təsəllisi Atayevlər ailəsinin kürəyinin yerə gəlmədiyinə, tezliklə ayağa qalxacaqlarına bir ümid, bir işarədir. Bu deyimi bəyənən yazıçı onu "Tənha iydə ağacı"nda da işlətmişdi: "Ulu nənələrimiz məğlub olan igidlərimizə deyərmişlər: İgid odur atdan düşə atlana..."
Folklor ədəbi dilin qaynağı olub onu zənginləşdirir, xalq yaradıcılığının qoruyucusu kimi keçmiş ilə müasirlik arasında verbal körpü yaradır. İ.Əfəndiyevin də daim folklora müraciəti xalq yaradıcılığını təbliğ etməyə, unudulmağa qoymamağa, yeni, müasir rəvayət və əfsanələrin yaranmasına xidmət edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
