Anar yaradıcılığında hekayə və povest janrı - AYHAN

 

Anar Azərbaycan ədəbiyyatında çox fərqli imzaya və dünyagörüşünə sahibdir. Anarın povestlərində olan rəng çalarları, obraz müxtəlifliyi sanki cəmiyyətin hər təbəqəsinə xitab edir. Nəinki povest, onun hekayələri də bu cür, fərqli yanaşmalar, insan psixologiyasının dərinliklərində yatan duyğuları və xatirələri oyatmağa, insanları insan kimi olmağa səsləyir. Anarın povest yaradıcılığından danışsaq, ən gözəl povest nümunələrindən "Dantenin yubileyi", "Otel otağı"nın adını hökmən çəkməliyik. Bu povestlərin hər birinin təhlilinə ayrıca yer verəcəyik. Lakin əvvəlcə Anar yaradıcılığında povest janrına professor Cahangir Məmmədli gözü ilə baxaq.

"Anarın insanı məişətdə təsvir edən hekayələri, povestləri birdən-birə qavranılası bəsit dünya deyil. Burda palitra rəngarəngliyi var və bu rəngləri seçmək üçün bəzən dəfələrlə ona baxmalı olursan. Obrazlarla hər dəfə görüşəndə onların yeni dünyası, yeni aləmi ilə qarşılaşmalı olursan. Ona görə ki, Anar oxucu səviyyəsinə hörmət edən, ona inanan sənətkardır. O, hadisələrin "aydınlaşması" prosesində "rəhmdil" sadəbazlıqdan uzaqdır. O öz oxucusunu obrazlar ilə təklikdə qoyur və oxucunun "sərbəst düşünməsinə" mane olmur".

"Dantenin yubileyi" povestində yeni və köhnə nəsil arasındakı uçurumu Kəbirlinski və Cavad Cabbarov ilə göstərən Anar, onların eyni ixtisasa sahib olmasına baxmayaraq aradan keçən zamanın necə fərq yaratdığını, tələblərin necə dəyişdiyini göstərib. Təbii ki, bu, sadəcə dövr məsələsi deyildi, Kəbirlinskinin xarakterində olan boşluqlar da buna səbəb idi. Xaraktercə zəif olan Kəbirlinskiyə bütün obrazların münasibətində mənfilik və istehza var. Lakin həyat yoldaşı Həcər onu nə qədər danlasa və nə qədər mübahisə etsələr də onun ərinə olan münasibəti altında heç bir kinayə, heç bir istehza yoxdur. Acı dilinin altında, qəlbinin dərinliyində həyat yoldaşına olan sevgisi hələ də təzədir. Bu münasibət bütün əsər boyu mübahisə edən cütlüyün sonda olan dialoqu və metro səyahətində ortaya çıxır. Bəlkə də evə gedərkən yenə onları dava-dalaş, daha doğrusu, Kəbirlinskini danlaq gözləyirdi. Lakin həmin an, o metro səyahəti hər ikisini hələ Kəbirlinskinin kənd-kənd gəzib göstərdiyi tamaşalar vaxtındakı münasibətlərini, saf sevgilərini xatırlatdı onlara.

 

Kəbirlinskinin oğlu ilə arasında olan münasibətindəki uçurum da onun zəif xarakterinin, bacarıqsızlığının nəticəsi idi. Oğlu Eldarla bir yerdə çalışan Kəbirlinskinin hər gün biri tərəfindən alçaldılması, bir fəxri ad belə ala bilməməsi Eldarı başıaşağı edirdi. Kəbirlinski özü də bir ata kimi, bir aktyor kimi, bir həyat yoldaşı kimi nüfuzunun olmadığının fərqində idi. "Dantenin yubileyi" tamaşasına bilet tapdığını zənn edərkən, Kəbirlinskinin yoldaşı Həcərə olan münasibəti bunu aydın şəkildə göstərir. Hətta Həcərin Kəbirlinskinin tələb ədası ilə danışığına heç nə deməməsi, əksinə, həyat yoldaşının dediklərinə şübhəsiz əməl etməsi də onlar arasındakı problemin qaynağının nə olduğunu - Kəbirlinskinin fərsizliyini göstərir. Bu fərsizlikdən xilas olacağı yolda ilk addımı atan Kəbirlinski qalib ədası ilə həyat yoldaşı ilə tamaşaya gedir. Və tamaşada fərsiz olduğunun ortaya çıxması onu daha çox utandırdı, daha çox sıxdı. Kəbirlinski zənn etdi ki, həyat yoldaşı yenə başlayacaq onu təhqir etməyə. Lakin tam əksi oldu, Həcər heç olmasa bir dəfə də olsun, bir gündə olsun yoldaşını danlamadı, təhqir etmədi. Sabah nə necə olacaqdı, heç biri bilmirdi. Amma bu gün onlar keçmiş günlərindəki kimi xoşbəxt idilər.

Otel otağı povesti müstəqillik illərinin ən sarsıdıcı ədəbi əsərlərindən biridir. Otel otağı... Dar, boğucu, lakin bütün həqiqətlərin üzə çıxdığı bir məkan. Burada zaman qat-qat üst-üstə düşür: Qırmızı terrorun qanlı kölgəsi, 90-cı illərin xaosu, Qarabağ yarası və Türkiyəyə uzanan ümidlərin qırıldığı sərhəd. Kərim Əsgəroğlu bu otaqda təkcə yorulmuş bədənini deyil, bütün bir xalqın nisgilini, aldadılmış ümidlərini və ziyalı ləyaqətinin son nəfəsini yatırır. Anar sanki ürək ağrısını kağıza tökür:

Povest faciəvi bir elegiyadır. Qardaşlıq hisslərinin sınağa çəkildiyi, satqınlığın və fürsətcilliyin maskalarının yırtıldığı, lakin həqiqi mənəviyyatın şam kimi yanıb-sönən bir məkanıdır. Son nəticədə Kərimin ölümü təkcə bir insanın yoxa çıxması deyil, bütöv bir ziyalı nəslinin mənəvi əzabının kulminasiyasıdır. Anar oxucuya deyir: "Ey xalqım, ayıq ol, sadəlövhlüyün bəlasından qurtul!

Əsərin mərkəzi qəhrəmanı Kərim klassik Azərbaycan ziyalısının timsalıdır. Alim, müəllim, daxilən zəngin, lakin xaricdən zəif görünən insan. O, fiziki və mənəvi təzyiqlərə sinə gərir: Qırmızı terrorun xatirələri, sovet repressiyaları, Qarabağ faciəsi (xüsusilə Xocalı və Şuşa həsrəti), ailə qayğıları və Türkiyədə qarşılaşdığı məyusluqlar. Kərim ləyaqətini satmır, cilddən-cildə girmir. Bu səbəbdən də ən ağır cəzaya - tənhalığa və ölümə məhkum olur.

Çopur Cabbar isə tam mənfi, rəngarəng satqın tipajıdır. Sovet dövründə "türkçülüyü ifşa edən", müstəqillik illərində isə "alovlu millətçi"yə çevrilən fürsətçi. Karyera və mənfəət naminə hər cür cildə girə bilir. O, zamana uyğunlaşan, prinsipsiz, "həyatda qalmaq" bacarığına malik anti-qəhrəmandır. Anar bu obraz vasitəsilə cəmiyyətdəki konformizmi və dəyərsizliyi ifşa edir.

"Otel otağı" sadəcə bir povest və ya film deyil, Azərbaycan ziyalısının XX əsrin sonu - XXI əsrin əvvəlindəki taleyinin fəlsəfi təhlilidir. Anar burada qardaş Türkiyəyə böyük sevgini saxlamaqla yanaşı xəbərdarlıq edir: "Qardaşlıq hissi gözəldir, amma ayıqlıq da vacibdir".

"Mən, sən, o və telefon" hekayəsi Mədinənin daxili dünyasının qarışıqlığı, həmin gecə radiosunun xarab olmasının danışmağa bəhanə olması, özünə qulaq yoldaşı axtarması Seymurun danışmaq istəyilə həmahəngdir. Seymur da Mədinəyə duyduğu hissin nə olduğunu dəqiq bilmirdi. Bu, sadəcə vərdiş idimi, yoxsa qardaşlarının ailələrinin yanında çox tək qalmışdı, yaxud da sevirdi. Telefondamı? Bu da oxucunun ixtiyarına verilən təxminlər sırasında yer alır. Mədinənin münasibəti də həmçinin qeyri-dəqiq idi. Belə ki, Mədinə Seymura daha çox dərd ortağı, danışıb içini tökəcəyi bir vasitə, bir telefon idi. Bundan artığı yox. Həmçinin Mədinənin telefonda Rüstəm kimi tanıdığı Seymura işdəki eşqindən danışması, lakin işdəki Seymura telefondakı Rüstəmdən danışmaması da onun münasibətini aydın şəkildə göstərir. Daha sonra Seymurun Mədinənin iş yerinə şöbə müdiri gəldikdən sonra telefon zənglərində özü haqqında maraqlanıb dinləməsi də birmənalı deyil. Seymur burda özü haqqında məlumat alarkən həm necə davranacağı haqqında yol xəritəsi cızmış olur, həm də işdəki özünü telefondakı özünə qısqanırdı. Burda da Seymurun psixologiyasının təhlili də auditoriyanın ixtiyarına verilib. Bundan sonrakı prosesin necə irəliləyəcəyi, Mədinənin bir də Seymura zəng edib-etməyəcəyi, yaxud Seymurun telefondakı Rüstəmdən xəbər verib-verməyəcəyi də müəmmadır. Mədinə özü necə? Həm radioda təyyarə dalğası tutur - həyat yoldaşı pilot idi və təlim zamanı həyatını itirmişdi - həm də Seymurla danışır, dərdləşirdi. Bəs onların sonu nə olacaqdı? Seymur Rüstəmdən danışacaqdımı, nə vaxta kimi bu müəmmada yaşayacaqdı? Bu da auditoriya ixtiyarına buraxılan məsələdir.

"Gürcü familiyası" hekayəsində də obraz müxtəlifliyi, obrazın daxili dünyasının müxtəlifliyi ön plandadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!