"Dostlar bir şeir desinlər... İşdi, imkan olsa bir dənə də mahnı çaldırsınlar!"
Unudulmaz Əli Kərimin misralarıdı... Ağrılı, ümidli və vida elegiyası sərgiləyən misraları! Belə istəyirdi. "Tabutuma bir az kağız qoyun, bir dənə də qələm" ricası edirdi ölümlə həyat arası həsbi-halda olduğu o nisgilli məqamında. Çünki şeirlə mahnının möcüzəsiylə ayılmağa çox dəli bir inamı vardı... "Ölüm çəkmiş olsa üzümə sarı bir kədər, əvvəlki təbəssümümü salın yada, düşünüb bir qədər" vəsiyyətini edirdi.
Şeir... Mahnı... Qələm... Kağız... Təbəssüm!
Deməli, Yazı!
O şeirə, o mahnıya, qələmə, kağıza, təbəssümə heyranlığın, inam və ümidin bir əsas məqamı da Aqil Abbasın "Rəmiş" povestindən keçir. Bu, həmin povestdi ki, ədəbiyyatşünas alim Elnarə Akimova haqlı olaraq əsərin süjetinin həyat və ölüm metaforası üzərində qurulduğunu yazır. Yəni, müəllif ölüm və həyat "arasındakı keçidləri şəffaf şəkildə düzənləyir. Mətndə adı keçən əksər şəxslər - Qurban Pirimov, Qədir Rüstəmov, Aşıq Ədalət, Ceyhun Mirzəyev, Aydın Dadaşov, maestro Niyazi, Rəmişin atası Hüseyn kişi və digərləri həyatla ölümün qovşağında müəyyən qabarmalarla görünürlər. Bəlkə bu amil ölümün mistik ovqatını hiss etdirir"...
Zaman-zaman ölümlə həyat arası can çəkişinin, haqq-hesabının amansız cəngi və mücadiləsinin, davamlı dirənişinin əks-sədası, portret cizgiləri tarix üçün şeirdən və mahnıdan, qələmdən və kağızdan keçib. Bir də əzəlki təbəssümün ölüm üzərinə meydan oxuduğu ironiyadan! Deməli, sözün tam, bütöv mənasında, Yazıdan... Həyatın öldürdüklərini, qəhr etdiklərini Yazı dirildir. Ölümün sirri (və ötəriliyi, acizliyi, yenilgəsi Yazıyla açılır.
Dünyaya gəlmiş-getmiş bütün aqillərin fikir və düşüncələrini bir məcraya yönəldən bu əzəli həqiqətin aqillərindəndi Aqil Abbas. Yazını ölümsüzlük cövhəri bilənlərdəndi. Unudulmaz Qədir Rüstəmovdan Aşıq Ədalətə, Aşıq Ədalətdən Rəmişə, Rəmişdən Arif Babayevə və bütün ölümsüzlərə, əbədilərə yeni həyat qapısı kimi var olan Yazı köşəsi, Yazı camisi Aqil Abbas üzünə şəfqətlə açıq olub həmişə. Çünki adlarını çəkdiyimiz və çəkmədiyimiz bütün ölümsüzlər, əslində, sənətlərinin fərqliliyindən asılı olmayaraq öz əbədi ömür salnamələrini yazıblar. Taleyini bu möhtəşəm salnamənin ən görümlü səhifəsinə (və zirvəsinə) yaza bilənlərin yenidən var olmasına, yenidən doğulmasına, həyata gəlişinə heyranlığın parlaq ifadəsidi Aqil Abbasın "Rəmiş"i.
Yazıçı Seyran Səxavətin dəqiq müşahidəsi və həqiqətidi: "Rəmiş elə qeyri-adi, fövqəl bir vücud idi ki, o, özü haqqında çox böyük bir epopeya yazıb. Gör Aqil özünə nə qədər arxayındır ki, bu həqiqəti billə-bilə təzədən girişdi ki, yox, mən də öz Rəmişimi yazacağam. Amma Rəmiş özünü çoxdan yaradıb da... Xasiyyəti ilə də, tərsliyi ilə də..."
Yenə də, Seyran Səxavətin sözlərilə desək, Azərbaycan xalqı məşhur "Uşaq və buz" şeiri kimi Rəmişi də əzbər bilir... Və o da doğrudur ki, həqiqətən də hər kəs Rəmişin, necə deyərlər, cikinə-bikinə yaxşı bələddi. Onu bilirlər. Barəsində cild-cild kitablara sığmayacaq deyimlər, xatirələr var. "Amma bu, şifahidi. Amma Aqil, sadəcə, onu (sadəcə də o qədər sadə olmasa da) rəsmiləşdirib, yazılı şəkilə salıb. Yəni gələcəkdə, yüz ildən sonra bizim dünyaya gələnlər onu tanısın. Çünki dünyadan gedənlərimiz rəhəsi özü ilə bir Rəmiş aparacaq, tay Rəmiş qalmayacaq".

Yas yerinə cəm olanlar təkcə yuat yerinə götürülən, o dünyaya yola salınan mərhumun gedişinə ağlayıb, göz yaşı tökmürlər ki! Çeşidli sevgi hekayətləri, şeirlər ona görə oxucu xəyalını uzaq əyyamlara aparmır ki, orada iki şəxsin nakam, ağrılı aşiqliklərindən bəhs olunur. Bunun bir və əsas səbəbi ondadır ki, o hekayətlərdə, bədii təsvirlərdə hər kəsin iç dünyasının öz unudulmazlıqları, həsrəti, nisgili var.
Eynilə o cürdü... Aqil Abbasın "Rəmiş"i təkcə ona görə xüsusi həssaslıq və duyğusallıqla oxunmur ki, burada Rəmişin həyat hekayətləri Aqil Abbasın olduqca lirik, oxunaqlı, vəfalı yaddaşının heyranlıq və vəfadarlıq dolu yazı üslubuyla tarixləşib, qələmə alınıb. Məsələnin bir əsas tərəfi də onunla bağlıdır ki, "Rəmiş"in oxucusu Aqil Abbas qələminin salnamələşdirdiyi Yazının hər sətri, səhifəsi boyunca özünün tanıyıb-bildiyi, dərk etdiyi, izləməkdən həzz aldığı Rəmişi ən unudulmaz xatirələrlə yad edir. Qələmlə yazmasa da, o tanış, doğma hissləri Aqil Abbasla bir arada yaşayır.
Bu müstəvidə çox unudulmaz məqamlar var... Ədalət Nəsibovla Rəmişin eyni səhnəni bölüşdüyü anlar; təkcə ifa etmirlər ki! Sənəti anladırlar! Sənətkarlığın uca məqamını, iki ustadın bir-birinə heyranlığını yaddaşlara ilmələyirlər. Səhnəyə təkcə musiqi sədaları hökm etmir ki! Ədalətin və Rəmişin əlləri bir yanadı, telləri bir yana, mizrabları bir yanadı, baxışları, nəzərləri, üz ifadələri, barmaqları bir yana. Amma ifaçılıq ecazları bir nöqtəyə - sənətkar ölməzliyinə söykənib. O məqamda bir araya gəlib. Səməd Vurğunun "Dağlar"ı o yerdədi. "Segah", "Şikəstə", "Zarıncı" iki sənət nəhənginin barmaqlarından, poetik, "nəzmi-nazik" üz-göz cizgilərindən, tellərindən və ürəyindən, qəlblərinin dərinliklərindən süzülüb gəlir. Tamaşaçıların möhtəşəm alqış sədaları o barmaqlarladı, o üz-göz, tel, əl-qol hərəkətlərilə həmahəngdi. Hamı o Yazıdadı. Hamı Rəmiş-Ədalət sehrinin, Səməd Vurğun şeriyyətinin, "Segah", "Şikəstə", "Zarıncı" havasının nəfəsçəkimini yaşayır.
Xalq artisti Arif Babayev və Rəmiş dueti ortadadı. Səhnə "Segah" yanğısı, atəşi içindədi. Gənc Rəmişi sənətkar "dəliliyinin" sehri alıb-aparıb. İfadan ifaya keçir. Çılğındı. Ötkəmdi. Öz dünyasındadı. Simlər nalənin, yanğının birini qoyub o birinə keçir. Böyük el şənlikləri "yola vermiş" ustad xanəndə xəfif təbəssümlə Rəmişdən "qocamalı" ifa istəyir. Yəni yaşın, boğazın tələb etdiyi, imkanları daxilində. Rəmişin barmaqları anidən bəmə sürüşür. Rahat, "qocamalı" bir ifa başlanır. Arif Babayevin ipək səsi ruha yayılır. Aramla, qocafəndi (həm də böyük ustalıqla izlənən) tərzdə ifasıyla muğamın növbəti guşələrinə geçiş edir. Muğamın həzin məqamlarıdı, rahat gəzişmələrdi. Amma gənc və çılğın Rəmişin saç atmaları, ritmə uyğun qıvrılıb-açılmaları tezliklə təlatümün, qasırğanın başlanğıcından xəbər verir. Və o şıdırğı leysan gecikmədən səhnəni doldurur. Rəmişin barmaqları gitarann zil pərdələri üzərinə doğru sürüşür. Artıq Rəmişin qapalı gözləri nisbətən yaşlı xanəndənin ehtiyatkar ifasını və durumunu da, səsini içinə çəkib, işin gedişini qəribə təlaş və maraqla izləyənləri də, o salonu, o zamanın özünü də unudub. Zil pərdələr üzərinə hücum məqamındadı. Bu gedişi onun dalğavari saç atışları, çılğın şəkildə ayağa qalxıb-oturmaları da anbaan hərəkətə gətirir. Rəmiş göz görə-görə ustadı daha dərinliklərə çəkir. Ox yaydan çıxıb... Amma Allahın bəxş etdiyi ilahi səs Arif Babayevi "neynəyim, necə edim" dilemması qarşısında qoymayacaqdı ki! Bu məqamda ustad xanəndə oturduğu stolda yanakı şəkildə Rəmişə doğru çevrilir. Bu çevriliş sanki bir xəbərdarlıqdı. Yəni, sınağa çəkməyindən geri durmursansa, onda al gəldi! Daha günah məndən getdi! İndi sən özün mənim arxamca gəlməli olacaqsan!
Və o dönüşün, o baxışın arxasınca da Həzrəti Davudun mübarək səs ahəngindən gələn sürəkli, şaqraq, upuzun zəngulələr... Nalə naləyə qarışır. Bu möhtəşəm ifanı anındaca dinləyicilərin sürəkli alqışları tamamlayır. Hər kəsin gözü qarşısında hər iki ustad sənətkar eyni hünərvərliklə bu sənət yarışmasını tarixə həkk edir, tarixə Yazırlar!
Aqil Abbasın "Rəmiş"i də bu cür təəssürat, unudulmaz xatirələr boxçası kimidi. Heç bir halda oxucunu yormur, bıktırmır. Unudulmaz xatirələr, ölümsüz anılar, ehtiram, vəfa sənaları Aqilin "Rəmiş"indən yaddaşı oyadan sular kimi axıb keçir. Göz yumub-açınca görürsən ki, mələklər yığışıb Rəmişin başına... "O isə "ağır-ağır nəfəs alırdı. Rəngi-rufu qaçmışdı, mələklərin gözü qabağında sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb, həmin ürəkdəki qanı təmiz sızıb çıxarmaq, öpüb, sonra da dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. İstəsəydi indi də onun ciyərini çıxarar, təmizləyər və yenidən qaytarıb yerinə qoya bilərdi. Amma qara tül pərdə olan Qara Niqablı Mələk hamıya gözünü ağartmışdı..."
Aqil Abbasın "Rəmiş"i belə başlayır. Sonsuz təəssüf hissiylə davam edir ki, bu, Rəmişin sonu idi... Ağız-burnunu qapatmış nəfəs aparatını heysiz əlləriylə dartıb kənara atanda çaşqın tibb bacısı nəfəsliyi yenidən taxmağa çalışsa da həkim sakitcə "lazım deyil" işarəsi vermişdi. Aqilin təsviri belə davam edir. Öz yazdığı belədi. Amma bu məqamda oxucunun Aqil Abbas təhkiyəsinə əlavələr etmək istəyi də dəmadəm Yazıya daxil olmaq istəyir... Məsələn, belə: "Çünki Qara Niqablı Mələk həmin anda Rəmişin bütün hissiyyatının, düşüncəsinin Qədir Rüstəmovun, Ədalət Nəsibovun, Arif Babayevin, elə Aqil Abbasın özünün, elə "Segah"ın, "Apardı sellər Saranı"nın, "Yar bizə gələcək"in, məşhur qarmon ifaçısı Aftandil İsrafilovla eyni səhnəni bölüşdüyü anların yanında olduğunu anlamışdı. O anılardan geri dönməyincə qıymaqmı olardı Rəmişə?".
Aqil Abbasın yazdıqlarına oxucu əlavələridi bu sətirlər. Hələ özgə anılar da var; unudulmaz Qədir Rüstəmovla eyni səhnəni bölüşürlər... Rəmiş "Olmaz-olmaz"ı toxuyur gitaranın simləri üzərinə. Qədirin cismi, əlləri, Rəmişin saçları, barmaqları titrəyir. Amma ifa bitkindi. Tamdı... bir özgə fraqmetdə Ağdam, Şuşa, Xankəndi ağrılı şeir misralarının izləməsiylə Qədirin titrək səsi, Rəmişin kövrək barmaqları Qədirsiz, Rəmişsiz qalan doğma yurd yerlərimizə haraylayır bizi. Hələ zaman o zamandı, dəmlər o dəmlər. Elə yanıqlı çalıb-oxuyurlar ki, sanki o mübarək yerlərə dönüb böyük zəfərimizin dönüş gününü görməyəcəklərinin qübarını yaşayırlar.
Və heç ağıllarına da gəlmirdi ki, bu olaylar illər sonrası Yazıya çevriləcək, kağız üstə ələnəcək.
Və Ölüm yatağında Rəmişin başının üstünü kəsdirən Qara Niqablı Mələk də, çaşqın tibb bacısı da, son anda "lazım deyil, qoyun rahat ölsün" deyə hökm verən həkim də heç cür inana bilməyəcəkdilər ki, Rəmiş handan-hana gözünü açıb "Gitaramı istəyirəm" deyəcəkdi. Elə biləcəkdi ki, Abdaldadı, Kəhrizin üstündədi. "Yenə uşaqlar yığışıb başına. O da taxtanın üstünə çəkdiyi simlərlə nə isə çalır..."
Rəmişin şairlə oturub "cənnətdə hürilərlə kef edən" Qədir Rüstəmovun sağlığına badə qaldırması səhnəsi povestin ən ağrılı səhnələrindəndi. O yer ki, var, Rəmiş kefinin ala buludların yanında olduğu anında durub köhnə bir darvazanı döyür:
- Qədir, ay Qədir!
İçəridən səs gəlmədi. Yenə çağırdı:
- Qədir, ay Qədir, ölmüsən?
Aqilin "Rəmiş"i bu sualı qarşısında dikilən Nida işarəsi, etiraz sədası kimidi; anladır ki, Qədir Rüstəmov kimi, Rəmiş kimi, Aftandil İsrafilov kimi, Aşıq Ədalət kimi, Rasim Balayev kimi, Ceyhun Mirzəyev kimi, onlardan illər öncə dünyasını dəyişmiş sənət dühaları kimi insanlar ölmürlər. Yazıya köçürlər. Salnamə səhifələrində ömür edir, yaşayırlar.
Yazı boyunca Aqil Abbasın mehriban, işıqlı sifəti, sual dolu baxışları üzümdə oldu. Sanki israrla "necədi, oxuya bilirsənmi?" sualına cavab almaq istəyirdi. Eynilə Seyran Səxavətin sözlərilə cavab vermək istəyirdim: "Yazıdı, qağa, Yazıdı..." Əbədiyyətə işləyən yazı... Ölünü dirildən Yazı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
