Nə gözəl duyğudur Vətən sevgisi! - Qabil Ədalətin şeirləri üzərinə - Zemfira MƏHƏRRƏMLİ

 

Vətən dərdindən yazmaq hər kəsin işi deyil. Bundan ötrü yanımcıl, həssas, təəssübkeş ürək, dərin yurd sevgisi yetərlidi. Belə bir ürək sahibi olan gənc şair Qabil Ədalətin yetkinliyi ilə fərqli, ədəbi-bədii məziyyətləri ilə diqqəti cəlb edən yaradıcılığında bitib-tükənməyən Vətən mövzusu, həmçinin uzun illər yaralı yerimiz olan Qarabağ həqiqətləri də yer alıb.

2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı olan Qabil Ədalət respublika Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə ölkəmizdə, qonşu Türkiyə, habelə Rusiyada gənclərə vətənpərvərlik hissləri aşılayan bir sıra layihələrin gerçəkləşməsində iştirak edib. Müəllifin bu dəyərli layihələr çərçivəsində vətənpərvərlik mövzusunda şeirlər və hekayələrdən ibarət iki ədəbi toplusu işıq üzü görüb; AYB-nin Gənc Ədiblər Məktəbinin məzunudur. Qabil Ədalət 2013-cü ildən Türkiyə, Rusiya, Gürcüstan və Ukraynada düzənlənən ədəbi festivallara qatılıb və ölkəmizi gənc yazar olaraq uğurla təmsil edib.

Şükürlər olsun ki, intizarla gözlədiyimiz böyük Zəfər günümüzə qovuşmuşuq. Bu möhtəşəm Qələbəmizi vəsf edən xeyli sayda nəzm, nəsr və publisistika əsərləri ərsəyə gəlib. Qabilin poeziya nümunələri də bu qəbildəndir. Şair vaxtilə işğal edilmiş yurd yerlərimizin həsrətini, acı göynəyini unutmayıb, böyük Zəfərimizin bizə yaşatdığı coşqu hissini təbii və inandırıcı ifadə edib:

 

Düşmənlərdən öcümüzü

Alıb, dedik sözümüzü.

Dünya gördü gücümüzü,

Qarabağ bizimdir, bizim...

Öz odumuz, ocağımız,

Sevgi adlı bucağımız,

İsti ana qucağımız,

Qarabağ bizimdir, bizim.

 

Söz-söz, misra-misra hörülmüş bu şeiri oxuduqca düşünürük: nə gözəl duyğudur Vətən sevgisi! Oxuduqca da müəllifin iç dünyasının, ovqatının və qürurunun şahidi oluruq:

 

Poladlarım sınan deyil,

Öz yolundan dönən deyil.

Odlar yurdu sönən deyil,

Qarabağ bizimdir, bizim.

 

"İgidlərim tökdü qanı, gəldi, çatdı Zəfər anı" deyən Qabil Ədalət Qələbəmizin asanlıqla qazanılmadığını, Vətənin hər qarışı uğrunda ölüm-dirim savaşına qalxan oğulların rəşadəti, hünəriylə tarixə yazıldığını bəyan edir.

 

"Üçrəngli bayrağım" adlı şeirdə söz adamının yurd sevgisi, doğma el-obasına məhəbbəti bütün ülviliyi, dərinliyi ilə ifadə olunub:

 

Elə ucalmısan ki

Buludlara tən olub.

Sənin ucalığınla

bu Vətən, Vətən olub.

Odlar diyarımızda

alovlanan ocağım,

Ey şanlı, ay-ulduzlu,

Ey üçrəngli bayrağım!

 

Dövlət rəmzlərimizdən biri, fəxr-fəxarət yerimiz olan bayrağımız bu şeirdə munis duyğularla tərənnüm edilib. Əsgərlərimizin bir tütyətək qoruyub saxladığı, oddan-alovdan keçəndə belə göz bəbəyi kimi hifz elədiyi, torpaq uğrunda şəhid olarkən bürünüb, sığınıb gəldiyi ay-ulduzlu bayrağımız! Bu şeir müqəddəs bayrağımız mövzusunda yazılmış ən gözəl nəzm nümunələrindəndir:

 

Ordumuzun gücündən

İlhamlanıb güc alan,

Bayraqların içində

şərəfiylə ucalan,

Zəfərə zəfər qatıb

Qarabağa sancılan,

Qarabağ torpağında

dalğalanan vüqarım,

Ey şanlı, ay-ulduzlu,

Ey üçrəngli bayrağım!

 

Müəllif ən sərt rüzgarlara belə yenilməyən, başımız üstə parlayıb günəşə qarışan, yurdumuza, elimizə yaraşıq bayrağımızın haqdan yanan çıraqtək əbədi olacağını, heç vaxt sönməyəcəyini dilə gətirir.

Ölümlərin ən müqəddəsi, alisidir - şəhidlik! Otuz il düşmən əsarətində qalmış əzəli-əbədi torpaqlarımızın azadlığa qovuşması üçün canından keçən şəhidlər əsl qəhrəmanlardır. Doğma torpaqlarımızda bizim rahat nəfəs almağımız üçün son nəfəsini verənləri necə unutmaq olar?! Nahaq demirlər ki, şəhidlər vurulduğu anda deyil, unudulduqları zaman ölürlər.

Şəhidlik mövzusu ədəbiyyatımız üçün yeni deyil. Birinci Qarabağ savaşı dönəmində və aradan ötən uzun illər ərzində bu mövzuya həsr olunmuş neçə-neçə nəsr və nəzm əsəri yaranıb, şəhidlərin şəninə, necə deyərlər, dastanlar bağlanıb. 44 günlük Vətən müharibəmizdə şəhid olanların hünəri də unudulmayıb. Ölümsüzlüyə qovuşanlar haqqında hekayələr, povestlər, romanlar, habelə şeirlər və poemalar nə qədər yazılsa, yenə də azdır. Qabilin "Şəhidlər" şeiri bu baxımdan fikrimizə sübutdur. Şairin təfsirində şəhidlər kimdir? Adıçəkilən şeirdə oxuyuruq:

 

Qaldırıb Vətən daşını,

Yükün çəkəndi şəhidlər.

Alışırlar yurd eşqiylə,

Doğulurlar qurd eşqiylə,

Adlarını mərd eşqiylə

Göyə əkəndi şəhidlər,

 

- deyir şair. Qabil Ədalətə görə, "Bir qarış torpaqdan ötrü candan keçəndi şəhidlər". Şəhidlər torpağı əyinlərinə biçib şəhadətə yüksəlməklə ana Vətəni ucaldıblar. Odur ki, yurd naminə son nəfəsinədək döyüşən, param-parça olub torpağa qarışan bu igidlərin xatirəsi daim uca tutulmalı, əbədiləşdirilməlidir. Çünki şəhadət məqamına yüksələn kəs sıradan biri deyil. Şairin fikrincə, onlar doğulandan üzübəri mənəvi təmizliyi, gözəl əxlaqı, ailələri üçün xeyirli övlad olmaları və Vətən sevdalarıyla önə çıxan seçkin insanlardır. "Poladlara salam olsun!" şeirində təsvir edilən qəhrəmanlar kimi:

 

Mərd anadan ər doğulan,

Vətən eşqiylə yoğrulan,

Torpaqdan ötrü qovrulan

Poladlara salam olsun!

İgidini yaxşı tanı,

Yurda fəda oldu canı,

Vətən üçün axdı qanı,

Poladlara salam olsun!

 

Şairin tərənnüm etdiyi ölümsüzlüyə qovuşan igidlər fədakardır, canlıdır, diridir. Onlar kişi kimi doğulub, "təki Vətən sağ olsun!" deyərək kişi kimi şəhid olublar. Şeirdə vurğulandığı kimi:

 

Polad olub əyilməyən,

Murovlardan enilməyən,

Bir kimsəyə yenilməyən

Poladlara salam olsun!

 

Düşmənin başını "dəmir yumruq"la əzən, işğalçını öz qanında boğan, ona həddini göstərən ərənlərə və "bundan sonra doğulacaq poladlara salam olsun!" deyir şair.

Əvvəldə qeyd etdiyim kimi, ədəbi mühitdə həm də Qarabağ mövzusunda əsərləri ilə tanınan gənc qələm dostumuz sözdən bəhrələnib Vətən müharibəmizin qəhrəmanlarına silsilə şeirlər həsr edib. Yurd sevgisini hər şeydən üstün tutanların dolğun obrazlarını yaradıb. "Vüsal marşı" şeiri bu qəbildəndir:

 

Sən pir yerim, ziyarətim, ay Vüsal,

Qürur yerim, ləyaqətim, ay Vüsal.

Baş əydiyim şücaətim, ay Vüsal,

Gücünü sərhədlər bildi, igidim.

Ümidin ucalıb göyə boy atdı,

Vüsallar zəfərə imzasın atdı,

Bir yanı Ağdamdı, bir yan Bayatdı,

Adını xalq uca tutdu, igidim!

 

Müəllif bu bədii mətndə 44 günlük Vətən müharibəsinin cəsurlarından olan Vüsal Muradovun hələ yeniyetməlik çağlarından yurdcanlı olmasını, təəssübkeşliyini, müəllimlərinin təbirincə desək, seçilmişlərdən olacağını vurğulayır. Ədalətsizliyə nifrət edən Vüsal hələ kiçik yaşlarında "düşməndən özüm qisas alacağam, işğalçıları Qarabağdan, həm də doğma Ağdamdan qovub çıxarmalıyıq" deyirmiş.

Ali hərbi təhsilli kəşfiyyatçı Vüsalın döyüş yolu Qubadlı, Zəngilan, Füzuli, Xocavənd, Hadrutdan keçdi. Neçə uğurlu hərbi əməliyyatda iştirak etdi, tağım komandiri olaraq əsgərlərini ardınca apardı. Ölüm-dirim savaşında şəhadətə yüksəldi. Arzusunda olduğumuz Zəfərə qovuşmaq naminə soyuq səngərlərə atılan, oddan-alovdan keçən oğullarımızdan biriydi Vüsal:

 

Bu yurdun eşqiylə alışdı, yandı,

Yurdun vüsalına yetdi igidim.

Üçrəngli bayraqla Ağdamdan keçib,

Şuşa qalasında bitdi igidim.

 

"Şəhid qardaşım" şeirində də müəllifin ürək ağrılarının, torpaq naminə özünü fəda etmiş gənclərin taleyi ilə bağlı yaşantılarının, üzüntülərinin bir daha şahidi oluruq:

 

Dağlanar qəlbimin başı,

Yandırar torpağı-daşı.

Qurumaz gözümün yaşı,

Şəhid qardaşım, qardaşım.

 

Şair Zəfər savaşımızın doğurduğu böyük coşqudan, fərəh hissindən söz açarkən Azərbaycan-Türkiyə dostluğunu, vəhdətini önə çəkir:

 

Bir ölkədən bir ölkəyə

Zəfərin sərhədlər aşır.

Nəğmə kimi, şeir kimi

Türk adı ellər dolaşır.

Sizə qardaşlıq yaraşır,

Azərbaycan, Türkiyə!

 

Qabil Ədalətin bu nəzm nümunələrinin dili rəvan, səlis və oxunaqlıdır. Nəğməkar şairin bədii mətnləri musiqiçilərin də diqqətini cəlb edib, 40-dan artıq şeirinə mahnılar bəstələnib. Tanınmış sənətkarlarımız - Flora Kərimova, Firuzə İbadova, Mətanət İsgəndərli, Gülyaz Məmmədova, Fərqanə Qasımova, Firuz Səxavət, Leyla Camal, Mirələm Mirələmov, Babək Niftəliyev, Vaqif Şıxəliyev və başqaları bu ruhoxşayan mahnıları məharətlə ifa edirlər.

Şairin ürəyi riqqətə gətirən, oxucusunu düşündürən, sevənləri saflığa, vəfalı, sədaqətli olmağa çağıran, bədii qiraətçilərin həvəslə səsləndirdiyi "Getmisən, canın sağ olsun", "Darıxmağın düsturu", "Gedirəm səni sevməyə", "Yorğun xatirələr", "Sən deyilsən ki..." və digər çoxsaylı məhəbbət şeirləri də rəğbətlə qarşılanır. Onun sevgi şeirləri isə başqa bir yazının mövzusudur.

Gənc qələm dostumuza diqqətçəkən yaradıcılığında başarılar diləyir, onun yeni şeirlərini gözləyirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!