Ramiz Orsər... Mənim əziz tələbə yoldaşım. Görkəmli füzulişünas Sabir Əliyevin, nizamişünas Xəlil Yusiflinin, müasir dünya ədəbiyyatının kamil bilicisi Mürşüd Məmmədlinin, yazıçı-dramaturq Altay Məmmədovun sevimli tələbəsi, ən əsası, unudulmaz Yaşar Qarayevin yetişdirməsi.
Tələbəliyimiz Gəncə Dövlət Pedaqoji İnstitutunda keçdi. Gəncliyimizin fədakar hamisi Qərib Mehdinin rəhbərlik etdiyi "İlham" ədəbi birliyində bir araya gəldik. İlk qələm təcrübələrimizin sevincini bir yerdə yaşadıq. Poeziya bizi illərin qardaşına, dostuna çevirdi.
1956-cı ildə qədim Şəki şəhərində dünyaya göz açıb Ramiz Orsər. Təhsil illərindən sonra Şəkidəki Könüllü Kitabsevərlər Cəmiyyətində məsul katib kimi əmək fəaliyyətinə başladı. Sonra Azərbaycan KP Şəki şəhər komitəsində təlimatçı və baş məsləhətçi, Bakı Dövlət Universitetinin Şəki filialında, Şəki Pedaqoji kollecində müəllim kimi çalışdı. Amma heç vaxt yaradıcılıq aurasından gen düşmədi. Çoxsaylı şeir kitablarını çap etdirdi. Görkəmli pedaqoq-alim Şirməmməd Hüseynovun ömür yolunu "Haqqın səsi" kitabında əbədiləşdirdi.
İndi Ramiz ömrünün 70-ci baharını yaşayır. Amma mənim gözlərimdə hələ də şeir-sənət camisinə sonsuz duyğularla can atan gənc tələbə yoldaşımdı. Elmi araşdırmalara dotələb həmin gənc Ramizdi. "Alnımız taleyin əkin yeridi" şeirinin ustad yazarıdı:
Demə bu təzədi, bu da ki, köhnə,
Lap çoxdan görmüsən, guya tanışdı.
Dünyada əbədi olan nə var ki? -
Hər təzə gördüyün bir aldanışdı.
Aldanış, yalan olmayan reallıqsa bu misraların yazarı, mənim köhnə dostum və tələbə yoldaşım Ramiz Orsərin 70 yaşın civarında belə yenə də gənclik havasıyla yazıb-yaratması, eyni həvəslə illərə meydan oxumasıdı. Hər dəfə ürəyimdən keçir deyəm ki, əziz qardaşım, dayan, yaşa bu an necəsənsə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
