Raqub Kərimov: Qarabağa dair əlyazma kitablarının yorulmaz tədqiqatçısı - Möhsün NAĞISOYLU

 

Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomçusu, filologiya elmləri doktoru Raqub Kərimovdan söz düşəndə, bir tərəfdən, unudulmaz tələbəlik illəri, Əfqanıstanda onunla birgə keçirdiyimiz qürbət həyatı, digər tərəfdən isə ölkəmizin dilbər guşəsi olan Qarabağa dair əlyazma kitabları göz önünə gəlir.

Əfqanıstandakı qürbət həyatı Raqubla  dostluğumu daha da möhkəmləndirdi. 1971-ci ildə ezamiyyətimizi başa vurub Vətənə qayıtdıq və təhsilimizi davam etdirmək üçün V kursa bərpa olunduq. Şərqşünaslıq fakültəsini bitirəndən sonra Raqubla məni təyinatla  Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbə fars dili müəllimi kimi işləməyə göndərdilər. Məktəbdə bizə dedilər ki, işləməyə yerimiz yoxdur. Raqubla bir-iki gün bizim kənddə (indiki Kəngərli rayonunun Xok kəndi) qalıb sonra Bakıya qayıtdıq. Yeri gəlmişkən, onu da deyim ki, mən də Raqubun doğulduğu Ağdam rayonunun Əhmədağalı kəndində olmuşam...

Bundan sonra bir müddət Raqubla yollarımız ayrılsa da, əlaqəmiz kəsilmədi. Raqub uzun müddət Xankəndində Pedaqoji Universitetdə çalışdı, mən isə taleyimi ömürlük Elmlər Akademiyasına, daha doğrusu, indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna (Raqubun indiki iş yerinə) bağladım.

Raqub Xankəndindəki Pedaqoji Universitetdə çalışdığı dövrdə elmi fəaliyyətlə də məşgul olmuşdur. Raqub həmin illərdə ADU-nun nəzdində məqsədli aspiranturaya qəbul oldu (qiyabi). Farsdilli Azərbaycan poeziyası mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdi və 1982-ci ildə vaxtından əvvəl elmi tədqiqatını tamamlayaraq uğurla müdafiə etdi. Qeyd edim ki, Raqub Kərimovun namizədlik dissertasiyasında araşdırılan şairlərin bir çoxu XIX yüzildə Qarabağda, xüsusilə də Şuşa şəhərində yaşayıb-yaratmışlar. Raqub müəllim 1999-cu ildə namizədlik dissertasiyasını monoqrafiya şəklinə salaraq "Farsdilli Azərbaycan poeziyası" adı altında nəşr etmişdir ("Azərbaycan" nəşriyyatı, 160 səh.). Kitabın elmi redaktoru bu sətirlərin müəllifidir. Yuxarıda qeyd etdiyim kimi, Raqub Kərimovun elmi yaradıcılığı, əsasən, Qarabağa dair əlyazma kitablarının tədqiqi üzərində qurulmuşdur. O, 2000-ci illərin əvvəlindən başlayaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna tez-tez gəlir və burada Qarabağa dair saxlanılan əlyazma kitablarını araşdırmağa başlayır. Təkcə 2001-ci ildə XIX əsr Qarabağ şairlərindən Məşədi Əyyub Baki, Həsənəli xan Qaradağı və Məhəmmədəli bəy Məxfinin əsərlərinin əlyazmalarını transliterasiya edərək Ön sözlə birgə ilk dəfə nəşrə hazırlamışdır. Raqub Kərimov 2003-cü ildə  isə Həsənəli xan Qaradağskinin əsərlərinin daha mükəmməl nəşrini "Fələyin bir belə dövrü olacaqmış" adı ilə nəşrə hazırlamışdır (280 səh.). Raqub Kərimov bir neçə il sonra - 2008-ci ildə isə XIX əsr Qarabağ ədəbi mühitinin istedadlı yetirməsi Məşədi Məhəmməd Bülbülün Azərbaycan və fars dillərində olan şeirlərinin yer aldığı əlyazmasını nəşrə hazırlamışdır. Qeyd edək ki, bu kitabdakı farsca şeirlərin dilimizə filoloji tərcüməsi Raqub Kərimovundur. Bir il sonra - 2010-cu ildə Raqub Kərimov XIX əsrin qüdrətli söz ustadı Qasım bəy Zakirin qız nəvəsi Abdulla bəy Asinin əsərlərini geniş araşdırma ilə nəşrə hazırlamışdır. Qeyd edim ki, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli Abdulla bəy Asinin yaradıcılığını yüksək qiymətləndirmişdir. Onu da qeyd edirəm ki, mən Raqub müəllimin kitablarının bəzilərinin redaktoru və rəyçisi olduğum kimi, o da mənim iki - "XXI əsr Az. tərcümə abidəsi" "Sühədənamə" və "Əhmədinin" "Əsrarnamə tərcüməsi" əsərinin elmi redaktoru olmuşdur. Bununla yanaşı, Raqub müəllimin gərgin  əməyi sayəsində əsərləri işıq üzü görmüş Məşədi Əyyub Baki, Məşədi Məhəmməd Bülbül, Abdulla bəy Asi, Sədi Sani Qarabaği, İbraim Tahir Musayev kimi müəlliflərin ədəbi irsini, eləcə də XIX əsrdə gedən ədəbi prosesləri daha geniş və ətraflı öyrənmək üçün mənim rəhbərliyim ilə aspirant və doktorantlara dissertasiya mövzusu kimi verilmiş və uğurlu nəticələr əldə edilmişdir.  

 

Raqub müəllim gənclik illərində olduğu kimi, indi də özünə sadiq qalaraq heç kəsi təkrar etmək və yamsılamağı sevmir. İstisnasız olaraq onun qələmə aldığı bütün yazıları öz orijinallığı, ilkin olması  ilə fərqlənir. Bunu onun bir neçə əsəri haqqında deyil, ümumilikdə günümüzə qədər qələmə aldığı 150-yə qədər hər bir məqalə və tezislərində, eləcə də 30-a qədər kitab, monoqrafiya, tərcümə və tərtib etdiyi hər bir əsərində görmək olar.

Raqub Kərimov bu dövrdən başlayaraq, "Qasım bəy Zakir və müasirləri" mövzusunda doktorluq işi üzərində işləməyə başlayır və mövzu ilə bağlı əlyazma kitablarını araşdırır. Qeyd edim ki, bu dövrdə Raqub Kərimov artıq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Bu elmi qurumda işləmək, təbii ki, onun elmi işinin tez bir zamanda tamamlanmasına müsbət təsir göstərmişdir, çünki XIX əsr Qarabağ şairlərinin qələmindən çıxmış əsərlərin əlyazmaları burada saxlanılır. Onu da əlavə edim ki, bu əlyazmaların bir çoxu əlyazma məcmuələri, topluları şəklindədir və onların bir çoxu indiyədək, demək olar ki, ətraflı araşdırılmamışdı.

Raqub Kərimovun birbaşa doktorluq işi ilə bağlı 2011-ci ildə "Sədi Sani Qarabağinin həyat və yaradıcılığı" mövzusunda monoqrafiyası işıq üzü görmüşdür ("Elm və təhsil", 222 səh.). İki il sonra - 2013-cü ildə isə Raqub Kərimovun yenə də doktorluq işi ilə bağlı "Qasım bəy Zakir və müasirləri" adlı monoqrafiyası nəşr olunmuşdur ("Elm və təhsil", 240 səh., elmi redaktorlar: Möhsün Nağısoylu və Zaman Əsgərli).

Və nəhayət, 2017-ci ildə Raqub Kərimov bilavasitə XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığından bəhs edən "Qasım bəy Zakirin dövrü, mühiti və müasirləri" mövzusunda doktorluq işini böyük uğurla müdafiə edərək qısa bir zamanda elmlər doktoru diplomunu aldı. Bu sətirlərin müəllifi, təbii ki, həmin müdafiədə iştirak etdi və dissertasiyanın böyük elmi əhəmiyyəti kimi işin birbaşa əlyazma kitablar əsasında hazırlandığını ayrıca olaraq qeyd etdi.

Dostum Raqub Kərimov görkəmli şairimiz, ictimai xadim olan Qasım bəy Zakirin bir neçə şeirini ilk dəfə əlyazma toplularında aşkara çıxararaq nəşr etmiş və araşdırmışdır. Təbii ki, bu amil dissertasiyanın böyük uğuru idi.

Raqub müəllimdə həyat eşqi güclüdür. Yaşının ixtiyar çağlarında olmasına baxmayaraq o, bu gün də gənclik hərarəti, coşqun bir məhəbbətlə yorulmadan yazıb-yaradır. Onun son iki ildə nəşr etdirdiyi "XIX əsr Qarabağ şairlərinin şeir antologiyası", Baba bəy Şakir və Qasım bəy Zakir kimi korifeylərin əsərlərini ciddi redaktə və yeni əlavələrlə nəşr etdirməsi dediklərimizə əyani sübutdur. Bu kitabların hər biri ədəbiyyatımız üçün olduqca vacibdir. Raqub müəllim Qasım bəy Zakirin əsərlərinin yeni nəşrini hazırlayarkən o, keçmiş nəşrlərdə yol verilmiş qüsurları aradan qaldırmaqla yanaşı, şairin indiyə qədər oxuculara məlum olmayan 29 yeni qeyri-mətbu şeirini də taparaq onun külliyyatına əlavə etmişdir. Həmçinin şairin əsərlərinin 1964-cü il nəşrinin "Əlavələr" bölməsində şübhəli şeirlər sırasında verilmiş "Hacı Böyük bəyə" adlı müxəmməsin Zakirə mənsub olması tutarlı faktlarla sübuta yetirilmiş, "Olumü" rədifli müxəmməs, "Üstünə", "Gəlmədi", "Oldu" rədifli qoşmaların isə şəkili Molla Qasım Zakirə aid olması təsdiqini tapdığı üçün Zakirin əsərləri sırasından çıxarılmışdır. Raqub müəllim Baba bəy Şakirin əsərlərini də eyni tərtibatla nəşrə hazırlamışdır. Onun gərgin əməyi sayəsində şairin mətbu əsərində  76 beyt həcmində verilmiş mənzuməsi yeni faktlar əsasında araşdırılaraq 92 beyt həcmində olduğu dəqiqləşdirilmiş, şairin ikisi "Əlavələr" bölməsinə daxil olmaqla daha 6 yeni şeiri tapılaraq külliyyatına əlavə edilmişdir. Nəticədə, yeni tərtib olunan hər iki əsər bu gün üçün həmin şairlərin tam külliyyatı hesab oluna bilər.

Bunlarla yanaşı, Raqub müəllimin daha bir əsəri - "Zakir - necə varsa" adlı 352 səhifədən ibarət monoqrafiyası da  yaxın günlərdə işıq üzü görəcəkdir (bu sətirlərin müəllifi həmin kitabın elmi məsləhətçisidir). Bu onun 31-ci kitabı olacaqdır.

Raqub Kərimov hazırda da Qarabağa dair əlyazma kitabları üzərində tədqiqatlarını davam etdirir. Qarabağa dair əlyazma kitablarının yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru Raqub Kərimov artıq bir neçə ildir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yeni yaradılmış "Qarabağ və Şərqi Zəngəzur əlyazmalarının tədqiqi" şöbəsinin müdiridir. 2025-ci ildə ölkəmizin elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev AMEA-nın bir qrup əməkdaşını təltif etdi. Təltif olunanlar sırasında Qarabağ əlyazmalarının yorulmaz tədqiqatçısı Raqub Kərimov da var idi. O, Prezidentin Fəxri diplomu ilə təltif olundu.

Bu yaxınlarda Raqub Kərimovun 80 yaşı tamam olmuşdur. Həm dövlət təltifinə, həm də yubileyinə görə əziz dostum Raqub Kərimovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!