Azərbaycan dissident ədəbiyyatı - Cavad Cavadlının "Sürgün" kitabı barədə... - İradə AYTEL

Cavad CAVADLI-100

 

Azərbaycan ədəbiyyatının XX əsr tarixinə nəzər saldıqda, repressiya və sürgün mövzusunun milli yaddaşın ən ağrılı qatlarından birini təşkil etdiyini görürük. Bu mövzu ədəbiyyatda tarixi faktın sadəcə bədii təsviri deyil, həm də susdurulmuş yaddaşın söz vasitəsilə bərpası kimi mühüm estetik məna qazanmışdır.

Azərbaycan dissident ədəbiyyatının yaradıcılarından biri, şair, jurnalist, yazıçı, publisist Cavad Cavadlının "Sürgün" kitabı bu yaddaşın poetik salnamələrindən biridir. Kitabın əvvəlində müəllifin yazdığı "Yazdıqlarımız gördüklərimizin hamısı deyil..." cümləsi əsərin altyapısının açarı təsiri bağışlayır. Bu fikir yaşanmış faciənin sözə sığmayan tərəflərinə, yaddaşın görünməyən və susqun qatlarına işarə edir.

"Sürgün" janr baxımından da maraqlı quruluşa malikdir. Şeirlər, bayatılar, poemalar və mənzum roman vahid ideya-estetik məcrada birləşir. Bu müxtəliflik əsərin parçalanmasına deyil, əksinə, ümumi poetik bütövlüyün yaranmasına xidmət edir. Ayrı-ayrı mətnlər bir-birini tamamlayaraq sürgün yaddaşının çoxsəsli mənzərəsini yaradır. Bu baxımdan kitabı yalnız janrlar toplusu deyil, yüzlərlə insan taleyini özündə birləşdirən lirik-epik yaddaş kitabı kimi də səciyyələndirmək mümkündür. Buradakı obrazların əksəriyyəti müəllif təxəyyülünün məhsulu olmaqdan daha çox, real həyat faciələrinin bədii təcəssümüdür.

Bu poetik yaddaşın başlanğıcında müəllifin ailə faciəsi dayanır. Sakit və mömin ailədə böyüyən Cavad Cavadlının atası Ələsgər kişi savadlı, ərəb əlifbasını bilən və yoxsul uşaqlara təmənnasız dərs deyən bir insan olub. 1937-ci il avqustun 15-də tarlada işləyərkən həbs edilərək məhkəməsiz sürgünə göndərilib. Həmin il dekabrın 15-də hamilə həyat yoldaşı və beş övladı da onun ardınca sürgünə yollanıb. Sürgündə doğulan körpə isə aclıq və ağır şəraitin qurbanı olur.

 

Ələsgər kişi 1938-ci il oktyabrın 19-da Arxangelsk vilayətindəki Belomorkanal düşərgəsində həyatını itirir. İllər sonra onun barəsindəki cinayət işi ləğv edilir. Müəllif bu bəraəti yalnız hüquqi fakt kimi deyil, tarixi ədalətin gecikmiş ifadəsi kimi təqdim edir:

 

Nəsillər gəlib gedər,

Qəbri də üsyan edər,

O dünyaya nə qədər

Sirr daşıdı bəraət.

 

"Ayrıldım", "Daha əlvida", "Ağlama, nənəm, ağlama" kimi şeirlərdə isə doğma elindən sürgün olunan müəllif, uşaqlığın itirilməsini və ailə faciəsini müxtəlif lirik situasiyalar vasitəsilə açaraq,

 

Cəllad başım üstə, mən necə dinim,

Ey sönən ocaqlar, daha əlvida!

 

- deyir və xoşbəxt günləri ilə vidalaşır.

"Qızıl qum"da isə sürgün yolu, susuzluq və körpə ölümü təsvir olunur. Beləliklə, məkan dəyişdikcə poetik semantika da dəyişir: doğma yurdun yerini səhralıq, evin yerini yol, rahatlığın yerini aclıq və susuzluq tutur.

Bu yad məkanın qarşısında Azərbaycan obrazı xüsusi məna qazanır:

 

Yaşıl düzlər lalələrə bürünmür,

Ağ dumanlar göy döşlərdə sürünmür,

Ha boylansam, uca dağlar görünmür,

Üfüqləri sökülməyən danam, gəl,

Azərbaycan, mənim doğma anam, gəl.

 

Burada Vətən ana obrazı ilə eyniləşdirilir. "Haray" anlayışı isə həm fərdi fəryadın, həm də Vətənə qayıdış arzusunun poetik ekvivalentinə çevrilir.

 

"Kəndimlə söhbət" şeirində diqqətimi xüsusilə Turan məfhumunun işlədilməsi cəlb edir:

 

Zilə çıxıb ömrün, günün boranı,

Mürvətsizlər xəlvət edib aranı,

Parça-parça dağıdırlar Turanı.

 

Buradakı "Turan" yalnız coğrafi məfhum deyil, parçalanmış türk dünyasının poetik simvolu kimi səslənir. Müəllifin sovet repressiyası fonunda bu anlayışa müraciəti milli-mədəni yaddaşın poetik altqatını üzə çıxarır.

Bayatılarda sürgün yaddaşı daha lakonik və folklorik ifadə formasına keçir. Cavad Cavadlı anası Keysu xanımın dili ilə yazır:

 

Sürgün oldum nahaqdan,

Ayrıldım doğma xalqdan.

Gözüm qaranı seçmir

El deyib ağlamaqdan.

 

Bu mətnlərdə folklor poetikası ilə fərdi yaddaşın sintezi xüsusilə diqqət çəkir. Qazaxıstan çöllərində sürgün həyatı yaşayan türk övladlarına qazaxların münasibəti də bayatılarda minnətdarlıq və qardaşlıq motivi ilə ifadə olunur.

Kitabın poema bölümü müəllifin uşaqlıq yaddaşını daha geniş epik təsvir planında təqdim edir. "Ata yurdu" poemasında aclıq, susuzluq, ananın və körpə qardaşın ölümü, uşaqların sərgərdan həyatı ailə faciəsinin əsas konturlarını müəyyənləşdirir. "Canlı şəhidlər" poemasında sürgün yolunun fiziki və psixoloji iztirabları daha sərt naturalistik detallarla təqdim olunur.

Müəllifin sürgün qatarında gördüyü insanların portretləri də bu poetik salnamənin mühüm hissəsidir. Sona xala, Qönçə, Nigar və digər qadın obrazları vasitəsilə sürgünün kollektiv qadın taleyi yaradılır. "Sürgündə gördüyüm analar" poemasında bu obrazlar yaddaşdan silinmiş insanların bədii rekonstruksiyasına çevrilir.

"Qeyrət" poemasında isə uşaqlıq yaddaşının ən təsirli səhnələrindən biri - on iki yaşlı Cavadın anasının cırılmış paltarını görüb qazandığı ilk pulla ona donluq alması - sosial faciəni məhz uşağın baxış bucağından göstərir:

 

Nə gözəl oldu ilk qazancım,

Anamın əynini bəzədi.

 

"İtkin bacılar" poemasında ayrılmış əkizlərin illər sonra qovuşması, "Ana ölümü"ndə isə sürgünlərdə həyatını itirən anaların taleyi ön plana çəkilir. Beləliklə, ayrı-ayrı poemalar müstəqil süjetlərə malik olsalar da, vahid sürgün epoxasının bədii xronikasını yaradır.

"Düşmən iti" poemasında isə müəllif sürgün damğasının insanla yanaşı, onun ətrafındakı canlı aləmə qədər yayıldığını göstərir. Şərur rayonunun Dəmirçi kəndində "xalq düşməni" ailəsinə aid olduğu üçün "düşmən" sayılan Alabaşın taleyi insan faciəsinin metaforik davamına çevrilir.

"Məsmə xala" poemasında isə müəllif illər sonra rastlaşdığı, anası kimi qəbul etdiyi qadına müraciətlə yazır:

 

İradəmlə göz yaşımı qurutdum,

Uşaq ikən uşaqlığı unutdum,

Haçan isə yağacaq bir buluddum,

Nə müddətdi ürəyimi sağıram,

Boşalsa da yenə dolub, yağıram.

 

"Zindandan məktublar" poemasında isə zamanın poetik təşkili xüsusilə diqqəti çəkir. Müəllif retrospeksiya və prospeksiya vasitələrindən istifadə etməklə keçmişlə gələcək arasında yaddaş körpüsü yaradır. Ələsgər kişinin zindan həyatı oğul yaddaşından keçərək yenidən qurulur. Poemanın:

 

Sən olmayan yerdə yox oldum, ata,

Düşmənin gözünə ox oldum, ata.

 

- misraları şəxsi itkinin sonradan mənəvi müqavimətə çevrilməsini ifadə edir.

Bu əsərdə oğulun ataya münasibəti həm də ata heysiyyətinin bədii konsepsiyasını formalaşdırır. Cavad Cavadlının qızı Jalə Cəfərovanın "Nə yaxşı ki atam sənsən..." kitabında da bu mənəvi bağ xüsusi vurğu ilə ifadə olunur: müəllifi tanımaq və ehtiramla yad etmək övladın ata qarşısında mənəvi borcunun bir hissəsi kimi təqdim edilir.

"Sürgün kitabı"ndakı şeirlər və poemalarda yer alan aforizmlər müəllifin dünyagörüşünün başqa bir qatını üzə çıxarır. Burada yurd, ailə, ədalət, qeyrət və insan münasibətləri barədə ümumiləşdirilmiş fikirlərə rast gəlirik. Bu aforizmlər kitabın poetik materialını tamamlayan didaktik-fəlsəfi qat kimi diqqət çəkir.

 

Kitabın ikinci hissəsini təşkil edən "Cəhənnəmdən qaçmış uşaq" mənzum romanı isə əvvəlki mətnlərdəki ailə tarixini daha geniş süjet daxilində davam etdirir. Ananın Cavadı sağ qalması ümidi ilə Vətənə göndərməsi əsərin dramatik başlanğıcını müəyyənləşdirir:

 

Bəlkə biz qırıldıq, o yaşasın sağ,

Evim dağılsa da sönməsin ocaq.

 

Mənzum romanda sürgün həyatının sosial panoraması genişlənir. Qazax və özbək xalqlarının köməyi, qadınların və qızların yaşadığı zorakılıq təhlükəsi, Azərbaycanda - Dəmirçi kəndindəki sosial münasibətlər, kolxoz həyatının ağırlığı və rejimin insanları bir-birinə qarşı qoyması əsərin sosial-psixoloji konfliktini dərinləşdirir. Rza Zaman obrazı isə hakimiyyət imkanından şəxsi mənafelər üçün istifadə edən yerli məmurun tipikləşdirilmiş obrazı kimi təqdim olunur.

Mənzum romanın əsas dramatik xətlərindən biri on iki yaşlı Cavadın sürgündən qaçışıdır. Bu ağır yolçuluq və kəndlərinə dönüş zamanı o, yalnız qəddarlıq və təhlükə ilə deyil, insanlıq və mərhəmətlə də qarşılaşır. Paşa, Seyidrəsili, Gülsüm Çiçək, Lal Vəli, Salatın, Oruc, Cabbar, Əli əmi, Gülzar xala və digər obrazlar müəllifin yaddaşında insani həmrəyliyin xəritəsini yaradır. Cavadın qarşısına çıxan bu insanlar sürgün və qorxu mühitində belə, insanlığın tamamilə yox olmadığını göstərirlər.

Mənzum romanın ən kəskin ironik səhnələrindən biri isə günlərlə ac-susuz qalan Cavadın qarşısına çıxan lövhədə "Ən bəxtiyar bir uşaqdır sovet uşağı" yazısını oxumasıdır. Reallıqla rəsmi ideoloji şüar arasındakı bu ziddiyyət əsərin ironik-antitezis üzərində qurulan ən güclü epizodlarından biridir.

Cavadın kəndə çatdıqdan sonra yenidən milis idarəsinə aparılması və rayon katibi, xalq yazıçısı Süleyman Rəhimovun onu azad edərək, "Buradan düz məktəbə get, oxu!" deməsi əsərin qaranlıq mətnində insanlıq və ümid işığı yaradır.

Lakin faciə bununla bitmir. Keysu xanımın üç uşağı ilə sürgündən qaçmasına baxmayaraq ailənin yenidən sürgün təhlükəsi ilə üzləşməsi və ananın çıxılmazlıq qarşısında intihara cəhd etməsi əsərin sonunu yeni bir ağrı ilə tamamlayır.

Cavad Cavadlının 100 illik yubileyi ərəfəsində onun yaradıcılığına qayıtmaq yalnız bir sənətkarı yad etmək deyil. "Sürgün kitabı" fərdi yaddaşdan çıxaraq bütöv bir dövrün mənəvi salnaməsinə çevrilən əsərlər sırasındadır.

100 illik yubileyi münasibətilə görkəmli ədibimiz Cavad Cavadlının əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Ruhu şad olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!