Paradokslar şairi İlham Bədəlbəyli - Abuzər BAĞIROV

 

Şair, tərcüməçi, publisist İlham Bədəlbəyli 27 yanvar 1945-ci ildə Sabirabad şəhərində, can həkimi Hidayət Bədəlbəyli və uşaq həkimi Zaira Rəhbərlinin ailəsində dünyaya göz açmışdır. O, ailənin üçüncü oğul övladı olmuşdur. İlhamın böyük qardaşları Azərbaycan Politexnik İnstitutunun məzunları olublar. Təəssüflər ki, Rasim və Fuad cavan yaşlarında dünyalarını dəyişiblər. Şairin sevimli bacısı, evin sonbeşiyi, tanınmış ədəbiyyatşünas, filologiya elmləri namizədi Sona xanım isə hazırda yazıb-yaratmaqla, nəvə-nəticələrini böyütməklə  məşğuldur.

Ailə tarixçəsinə görə İlhamın ulu babası var-yoxunu itirib müflisləşmiş, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil olanda ailəsini götürüb Salyana qaçmışdır. Şairin atası Hidayət 1903-cü ildə Salyanda anadan olmuş, boya-başa çatmış, 1929-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirmiş, bir neçə il doğulduğu şəhərdə həkimlik etmişdir. 1938-ci ildə  Şamaxıdan gəlmə, Rəhbərli nəslindən olan, 12 yaş özündən kiçik gənc uşaq həkimi Zaira ilə evlənmişdir. Hər iki həkim Sabirabad şəhər xəstəxanasına yeni işə göndərildiyindən ailə 1930-cu illərin sonunda oraya köçməli olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş Hidayət həkim cəbhələrdə zəngin təbabət təcrübəsi toplamış, qələbədən sonra sağ-salamat Vətənə qayıtmış və dərhal Bakı ətrafındakı Balaxanı xəstəxanasına baş həkim təyin edilmişdir. Ailə yenidən yır-yığış məcburiyyətində qalmışdır. Sonda Hidayət Bədəlbəyli külfətinin növbəti və daimi lövbər məkanı Bakı şəhəri olmuşdur.

İlham Bədəlbəyli 1951-1961-ci illərdə orta məktəbdə təhsil almış, ədəbiyyata güclü marağı və bacarığı ola-ola, paradoksal bir hərəkət etmişdir. O, böyük qardaşlarının həvəsinə düşərək, Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuş, müxtəlif fasilələrlə 1961-1968-ci illərdə ali mühəndislik təhsili almağa çalışmışdır. Lakin diplom almadan, 1967-ci ildə Tolyatti şəhərində yeni qurulan Voljski avtomobil zavodunun (VAZ) tikintisində işləməyə getmişdir. Bir ildən sonra mühəndislik peşəsinin döşünə yatmadığına tam yəqinlik hasil edən gənc poeziya həvəskarı Bakıya qayıtmış, tələbəlik zəhmətinin sonuna lap az qalsa da, institutdan biryolluq üz döndərməklə daha bir paradoks göstərmişdir.

 

İlham Bədəlbəylinin ilk şeiri "Molodyoj Azerbaydjana" qəzetində 1968-ci ildə dərc edilmişdir. Az sonra həmin redaksiya ilə əməkdaşlığa başlayan gənc şairi tezliklə xüsusi müxbir təyin etmişlər. Həmişə həyatda öz yerini axtarmağı sevən gənc ədib az müddət sonra üzünü Moskvaya tutmuş, Azərbaycan dilindən ruscaya çevirdiyi poetik tərcümələrini  SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunun elan etdiyi yaradıcılıq müsabiqəsinə göndərmiş, 1970-ci ildə uğurla tərcüməçilik bölməsinə qəbul edilmişdir. Amma o, daxili təzadlar məngənəsində çırpınan çılğın gənclik hisslərini cilovlaya bilmədiyindən, buradakı tədris proqramını yararsız saydığından, güclü mütaliə nəticəsində artıq özünün yetkin ədəbiyyatçı olduğuna güvəndiyindən dövrünün sayılıb-seçilən, nüfuzlu ali təhsil ocaqlarından hesab olunan "Litinstitut"un da daşını atmış, yarımçıq qoymuş, ömür salnaməsinə məntiqəsığmaz, şairanə bir paradoks da yazmışdır. Elə həmin il İlham Moskvanın 180 kilometrliyində yerləşən, dahi rus ədibi Lev Nikolayeviç Tolstoyun doğma yurdu Tula şəhərindəki Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur.

Şairin taleyində Sovetlər zamanında ən inanılmaz paradoksu isə Moskvanın əfsanəvi "Xudojestvennaya literatura" nəşriyyatının rəhbərliyi nümayiş etdirmişdir. Onlar İlham Bədəlbəylinin rus dilinin mükəmməlliyini, ümumi humanitar sahədəki hazırlığının yüksəkliyini, Azərbaycan dilini və ədəbiyyatını lazımi səviyyədə bilməyini nəzərə alaraq, ali təhsil diplomu olmadan qiyabiçi tələbəni 1975-ci ildə kiçik redaktorluğa işə götürmüşlər. Ailəni hər zaman laübalı hərəkətlərilə  heyrətləndirən gənc şair nəşriyyat rəhbərliyinin də təkidlərindən təngə gələrək, Tula Dövlət Pedaqoji İnstitutunda son məqsədə qədər təpər göstərmiş, nəhayət, 1977-ci ildə məzunluq səadətinə qovuşmuş, ali filoloji təhsil diplomu almışdır...

Naşirlər tezliklə seçimlərində yanılmadıqlarına əmin olmuşlar. Böyük şairimiz Səməd Vurğunun üçcildliyinin rus dilində ilk nəşrində yeni redaktor bütün səy və bacarığını mükəmməl işilə ortaya qoymuşdur. Onun çəkdiyi zəhmət diqqətəşayan qiymətini almış, İlham Bədəlbəylinin vəzifəsini qısa müddətdə bir pillə artırıb, redaktor ştatına keçirmişlər. Həmyerlimiz həmin nəşriyyatda 1987-ci ilədək işləmiş, Azərbaycan poeziyasının korifeyi, dahi Nizami Gəncəvinin beşcildliyinin, məşhur satirik şairimiz Mirzə Ələkbər Sabirin poetik toplusunun, görkəmli ədibimiz Mirzə İbrahimovun nəsr və publisistik kitablarının, xalq şairlərimiz Osman Sarıvəllinin, Rəsul Rzanın, Nəbi Xəzrinin, Fikrət Qocanın, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin, böyük türk şairi Nazim Hikmətin və digər tanınmış şair və nasirlərimizin kitablarının rus dilində ərsəyə gəlməsində diqqətcil redaktor bacarığını əsirgəməmişdir. İlham Bədəlbəyli 1989-1991-ci illərdə "Raduqa" nəşriyyatında poeziya üzrə böyük redaktor işləmiş, 1992-ci ildə "Rusanov" nəşr evini təsis etmiş, onun baş redaktoru və baş direktoru olmuşdur. Şair 2005-ci ildə naşirlik işinə əbədi xitam vermiş, bu günəcən ancaq yaradıcılıqla və əziz-xələf canına qulluq etməklə məşğuldur...

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1966) İlham Bədəlbəyli SSRİ zamanında Nikolay Ostrovski adına Ümumittifaq müsabiqənin qalibi olmuşdur (1990).  O, həm də Azərbaycanın Rəsul Rza adına beynəlxalq poeziya (2014) və "Humay" milli (2015) mükafatları laureatıdır. Şairin yaradıcılığı onun Bakı və Moskvada əsasən rus dilində nəşr olunmuş müxtəlif həcmli 8 kitabında toplanmışdır: "Cənuba məktub", "Səsə gedirəm", "Dənizdə adalar", "Vernisaj" (Azərbaycan dilində), "Ölkələrin sərhədlərini aşaraq" (müxtəlif dillərdən rus dilinə tərcümələr), "Paradokslar" (şeirlər, poemalar, mənzum komediya), "Nə isə daha böyük...", "Böyük ürək", (nəsr, dram əsərləri), Moskva.

İlham Bədəlbəyli Moskvada yaşayıb-yaradan rusdilli ədiblərimiz sırasında ən məhsuldar və istedadlı söz sənətkarlarımızdan biridir. Şairin yaradıclığında müxtəlif mənşəli maraqlı  janrlar cəmləşmişdir. Bu, həm klassik rus ədəbiyyatı ruhunda olan lirikadır, həm Azərbaycan poeziyasının izlərini büruzə verən "nəğmələr" və qısa şeir şəkilləri, poemalar, həm də dramatik əsərlərdir ("Vəzirin fəlakəti" komediyası). Rus motivləri onun "Paradokslar" kitabındakı bir çox sətirlərdən apaydın görünür:

 

"Ot sneqa - belaə Rossiə,

Zelёnaə - ot trav, lesov,

Ot rek, ozer i neba - sinəə,

İ zolotaə - ot xlebov". 

 

"Qardan ağ - Rusiya,

Yaşıl - otlardan, meşələrdən,

Mavi - çaylardan, göllərdən və göylərdən,

Qızılı - taxıl zəmilərindən".

(Sətri tərcümə - A.B.)

 

İlham Bədəlbəylinin yaradıcılığında avtobioqrafik çalarlar yetərincə çoxluq təşkil edir və bu da onun şeirlərindəki həyati reallığı artırır, oxucunu şairin təqdiminə tez inanmağa, onunla həmfikir olmağa xidmət edir. Sözümüzə söykək vermək naminə şairin "Paradokslar" ("Paradoksı") şeirinə qısa bir nəzər salaq:

 

"Löbite jiznğ v ee kajdom mqnovenii!

Ne boytesğ padatğ, no naydite

            v sebe silı podnətğsə!..

...Ne boytesğ soverşatğ oşibki!

Uçitesğ na svoix oşibkax!

Qlavnoe - iz nix delatğ pravilğnıe vıvodı!

Ne boytesğ paradoksov!

Sami sozdavayte paradoksı!.."

 

Sevin həyatı, onun hər məqamında!

"Yıxılmaqdan qorxmayın,

            özünüzdə güc tapın, lakin qalxmağa!..

...Qorxmayın səhvlər buraxmaqdan!

Öyrənin öz səhvlərinizdən!

Ən əsası - onlardan

            düzgün nəticələr çıxarmaq öyrənin!

Qorxmayın paradokslardan!

Özünüz yaradın paradoksları!.."

(Sətri tərcümə - A.B.)

 

Burdakı poetik təkliflərin əksəriyyəti şairin öz başına gələn olaylardan çıxardığı nəticələrin cəmidir. İlham Bədəlbəylinin "Nə isə daha böyük..."  kitabında toplanmış "Doğma diyar", "Mahnı", "Geri bax, bacı", "Çayxanada", "Payızdır, ana", "Şəkiyə səyahət", "Dəniz və mən", "Bizim evdə" və onlarla digər şeirləri sırf bioqrafik xarakter daşıyan dəyərli, səmimi poetik nümunələrdir.

Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar İttifaqının katibi Sergey Dmitriyev həmyerlimizin poeziyasının unikallığından söz açarkən onun "Paradokslar" kitabının Ön sözündə yazmışdır: "İki mədəniyyətin bir-birinə qarşılıqlı nüfuzu - heç də paradoks deyil, nəsibinə böyük əməllər və sınaqlar dövründə Rusiya və Şərqin qovuşuğunda doğulmaq və yaşamaq yazılmış bütün insanlar üçün həyatın qanunudur. İlham Bədəlbəyli bir daha bizim hamımıza sübut etdi ki, poeziya sərhəd, hüdud tanıyan əyləncə deyil, insanlara və Sözə şərəfli xidmətdir."

İlham Bədəlbəylinin yaradıcılığında vətənpərvərlik lirikası mühüm yer tutur. "Kişilər ağlayanda" şeiri 1990-cı ilin "Qara Yanvar" hadisələrinə həsr edilmişdir. O, bu şeirində sovet hərbçilərinin Azərbaycanın dinc əhalisinə qarşı zorakılığından, qaniçənliyindən söz açır. Həlak olan azərbaycanlıların obrazı - şairin yüzlərlə qardaş və bacıları güclü metafora vasitəsilə ümumiləşdirilmişdir:

 

"Sotni bratğev moix i sester

nikoqda ne uvidət solnüa.

Ne vdoxnut polnoy qrudğö

svejiy veter morskoy.

Spət kak deti. İ vo veki vekov

iz nix ni odin ne prosnetsə.

Sotni bratğev moix i sester,-

Vot i vıpal vam veçnıy pokoy".

 

"Mənim yüzlərlə qardaş və bacılarım

heç vaxt Günəşi görməyəcəklər.

Dənizin təravətli küləyilə

sinə dolusu nəfəs almayacaqlar.

Yatırlar, körpələr kimi. Heç zaman, heç vaxt

 onların heç biri oyanmayacaq.

Mənim yüzlərlə qardaş və bacılarm...

 

Bu şeirdə xalq-ailə məcazı daha mühümdür; görünür, şairin ittiham etdiyi hərbiçilər Sovet ideologiyasında gecə-gündüz mədh edilən xalqlar dostluğunu, xalqlar qardaşlığını büsbütün unudublar. Azərbaycan xalqı böyük Sovet xalqları ailəsinin tərkibində qalsalar da, lakin rus-sovet hərbçisi dostluq, qardaşlıq əhdini kobudcasına pozmuşdur:

 

"Xrabrıy voin", - v Rossii

Matğ tebə nazıvala "sınoçek",

İ k dobru prizıvala tebə,

i uçila dobru i löbvi.

Tı je miru əvil

smerti zlobnıy i ərostnıy proçerk,

İ otmeçennıy krovğö,

sam teperğ utopaeşğ v krovi".

 

"Cəsur əsgər", - Rusiyada

Anan sənə "oğlum" deyirdi,

və səni xeyirxahlığa çağırırdı,

yaxşılıq və sevgi öyrədirdi.

Sən isə dünyaya gətirdin

Al-qana bulaşmış

kinli ölüm və azğınlıq nişanəsi,         

özün indi qanda boğulursan!"

(Sətri tərcümə - A.B.)

 

Azərbaycanlı şairin bu sərt ittihamı SSRİ-nin 1990-cı illərdəki qeyri-normal siyasətinin kəskin tənqidi idi. Dövlətin belə düşüncəsiz idarəçiliyi təbliğ edilən qardaşlığın və böyük bir ölkənin dağılmasına gətirib çıxaran məntiqi sonluqla nəticələndi.

Şair bədii sözün humanist missiyasına həmişə inanmış və bu missiyanı öz yaradıcılığında qürurla təbliğ etmişdir: "Poeziya - saflıqdır. Ən azından şeir oxuyan anda sən saf olursan, fikirlərin isə nəcibləşir. Nə qədər qaniçən olsa da, heç kim şeir oxunan zaman nüvə düyməsinə əl basmaz. Poeziya - estetikadır. O, insana gözəllik duyğusunu peyvənd edir. O, insanların və insanlığın təməlidir..." 

İlham Bədəlbəyli Azərbaycanın həyəcanlı keçmişini və mürəkkəb bu gününü dərindən dərk edərək, hər an öz vətəninin layiqli övladı kimi onun maraqlarının keşiyində durur, rus dili mühitində fəaliyyət göstərərək, doğma mədəniyyətinin orijinallığını qoruyur. Bədii yaradıcılığında rus dilindən istifadə edərkən o, hər şeydən əvvəl rusiyalılara müraciət edir, iki böyük mədəniyyət arasında xeyirxah vasitəçi rolunu oynamağa çalışır, öz ədəbi fəaliyyətində bu iki zəngin mənəvi irsi vahid bir yaradıcılıq aktında yeni şəklə salmağa can atır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!