Cədidlər dövründə teatr mədəniyyəti - Səhnədə maarifçilik intibahı - Vasif RZALI

GİRİŞ:

XIX əsrin sonları və XX əsrin əvvəlləri Rusiya imperiyası tərkibində yaşayan türk-müsəlman xalqlarının tarixində "Cədidçilik" adı ilə tanınan güclü bir islahatçılıq və maarifçilik hərəkatı ilə xarakterizə olunur. İsmayıl bəy Qasprinskinin ideya rəhbərliyi ilə başlayan bu hərəkat təhsildə "üsuli-cədid" (yeni metod) məktəblərinin yaradılmasını, mətbuatın inkişafını və milli teatrın qurulmasını hədəfləyirdi. Bu dövrdə teatr xalqın savadsız kütləsinə birbaşa vizual və emosional dillə müraciət edə bilən ən effektiv kütləvi maarifləndirmə vasitəsinə çevrildi.

 

ƏSAS MƏTN:

Cədid sənətkarları teatrı "canlı məktəb" adlandırırdılar. Çünki qəzet və kitab oxuya bilməyən, savadsız cəmiyyət üzvləri teatr tamaşaları vasitəsilə öz həyatlarını, daxili eybəcərliklərini, savadsızlığın gətirdiyi bəlaları kənardan aydın görə bilirdilər.

Cədid teatrının əsas qayəsi bu idi:

* Cəhalətlə mübarizə: Xurafat, mövhumat, dini fanatizm və kor-koranə itaətkarlıq tənqid olunurdu.

* Qadın azadlığı: Qadınların təhsildən kənarda qalması, erkən nikahlar və hüquqsuzluq kəskin şəkildə pislənirdi.

* Yeni nəslin tərbiyəsi: Gənclərə elmin, savadın və müasir dünyagörüşün əhəmiyyəti aşılanırdı.

Azərbaycan maarifçi teatrı – Şərqin Öncülü Azərbaycan regionda cədidçi teatr mədəniyyətinin beşiyi və lokomotivi rolunu oynayırdı. 1873-cü ildə M.F. Axundzadənin komediyaları ilə əsası qoyulan Azərbaycan teatrı, XX əsrin əvvəllərində cədid ideyalarının əsas carçısı oldu.

Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyevin dram əsərləri feodal qaydalarını, qumar və asılılıq ucbatından məhv olan ailələri səhnəyə gətirərək cəmiyyətə güzgü tuturdu. Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası cədid dövrü teatrının zirvəsi hesab olunur. Şeyx Nəsrullah obrazı ilə dini istismar edən fırıldaqçılar ifşa olunarkən, İsgəndər obrazı ilə dövrün ziyalısının faciəsi və tənhalığı göstərilirdi. "Molla Nəsrəddin" məktəbi isə bütün Şərqi silkələdi. Üzeyir bəyin 1908-ci ildə səhnəyə qoyduğu "Leyli və Məcnun" ilk opera olmaqla yanaşı, musiqi mədəniyyətində inqilab etdi. Onun "O olmasın, bu olsun" və "Arşın mal alan" operettaları isə cəmiyyətdəki köhnəlmiş ailə-məişət institutlarını satira atəşinə tuturdu.

Türküstan cədid teatrı – Mərkəzi Asiyada (Özbəkistan, Tatarıstan və s.) cədid teatrının formalaşmasında Azərbaycan teatr xadimlərinin qastrol səfərlərinin və yerli ziyalıların böyük rolu olmuşdur.

Mahmudxoca Behbudi bölgədə cədid teatrının banisi hesab olunur. Onun 1911-ci ildə yazdığı və 1914-cü ildə Səmərqənddə səhnələşdirilən "Padarküş" (Ata qatili) dramı Mərkəzi Asiya cədid teatrının manifesti sayılır. Əsərdə elmsiz, təhsilsiz qalan bir gəncin öz atasını pul üçün necə qətlə yetirdiyi göstərilir və xalqa "övladlarınızı oxudun" mesajı verilir. Abdulla Qadiri və Həmzə Həkimzadə Niyazi: Onlar da öz dramlarında cəmiyyətdəki çoxarvadlılıq, rüşvətxorluq və nadanlıq kimi neqativ halları səhnə vasitəsilə tənqid edirdilər.

Təbii ki, Cədid teatrı hamar bir yolla irəliləmirdi. Onlar iki böyük cəbhədə mübarizə aparmalı olurdular:

 

1. Çar senzurası – Rusiya imperiyası müsəlman xalqlarının oyanışın-dan və milliləşməsindən qorxduğu üçün dram əsərlərinin səhnəyə qoyulmasına ciddi maneələr törədirdi.

 

2. Yerli mühafizəkarlar (Qədimçilər) – köhnəpərəst dindarlar teatrı "şeytan yuvası", aktyorları isə "günahkar" elan edir, teatr tamaşalarına gedənləri kafirlikdə ittiham edirdilər. Bu səbəbdən ilkin dövrlərdə qadın rollarını da kişilər ifa etmək məcburiyyətində qalırdılar.

 

Türküstan (Mərkəzi Asiya) cədid teatrı – XX əsrin əvvəllərində bölgədə həm peşəkar dramaturgiyanın, həm də Avropa tipli teatr sənətinin təməlini qoyan ədəbi-tarixi bir fenomendir. Bu dövrün Mərkəzi Asiya ədəbi mühiti teatrı "millətin güzgüsü" və "tərbiyə ocağı" elan edərək, onu sırf estetik zövq vasitəsi olmaqdan çıxarmış, milli oyanışın kəsərli silahına çevirmişdir. Türküstan cədid teatrının ədəbi faktlar müstəvisində geniş təhlili bu tarixi mənzərəni tam aydınlığı ilə ortaya qoyur.

"Padarküş" dramı: milli dramaturgiyanın manifesti – Türküstan cədid dramaturgiyasının və teatrının başlanğıc nöqtəsi Mahmudxoca Behbüdinin 1911-ci ildə qələmə aldığı, 1914-cü ildə isə Səmərqənddə səhnələşdirilən "Padarküş" (Ata qatili) dramıdır. Ədəbiyyat tarixinə bölgənin ilk realist dram əsəri kimi düşən bu pyes, kəskin süjet xətti və didaktik realizmi ilə seçilir.

Süjet və ədəbi qarşıdurma –  əsərin mərkəzində varlı və savadsız olan Zəngin bəy (Boy) adlı bir atanın, yerli ziyalının (Domla/Ziyalı) xəbərdarlıqlarına rəğmən, oğlu Daşmuradı (Toşmurod) yeni üsul məktəbində oxutmaqdan imtina etməsi dayanır. Təhsilsiz, nadan qalan Daşmurad pis vərdişlərin, qumarın və əyyaşlığın qurbanı olur və nəticədə pul üçün öz atasını qətlə yetirir.

Senzura maneəsi və Azərbaycan əlaqəsi – əsər çarlıq senzurası tərəfindən uzun müddət qadağan olunmuşdur. Behbüdi əsəri səhnəyə çıxarmaq üçün Tiflis senzura idarəsinə müraciət etməli olmuş və pyes ancaq 1913-cü ildə Tiflisdə çap edildikdən sonra Türküstanda səhnə həyatı qazanmışdır. Əsərin tamaşaya qoyulmasında Azərbaycan teatr sənətkarlarının (məsələn, Sidqi Ruhulla və Əliəsgər Əsgərovun) gəlişi və yerli aktyorlara ssenari, qrim, diksiya dərsləri keçməsi böyük rol oynamışdır.

Behbüdinin açdığı cığırdan irəliləyən digər Türküstan cədid yazarları da konkret ictimai eybəcərlikləri hədəf alan bədii əsərlər ərsəyə gətirdilər:

Hacı Muinin "Toy" (1914) dramı ilə bölgədə xalqı müflis edən, ailələri dağıdan təmtəraqlı və israfçı adətləri (böyük sünnət və evlilik toylarını) kəskin satira atəşinə tutur. Yazıçı bədii dillə sübut edir ki, toya xərclənən pullar övladların təhsilinə sərf olunmalıdır.

Abdulla Qadirinin "Bəxtsiz kürəkən" (Baxtsiz kuyov - 1915) pyesi ilə qədim evlilik adətlərinin, başlıq pulunun gənclərin həyatını necə məhv etdiyini göstərən dramatik bədii nümunədir.

Həmzə Həkimzadə Niyazinin "Zəhərli həyat" (Zaharli hayot) və "Muxtariyyət" əsərləri – sinfi bərabərsizliyi, qadınların hüquqsuzluğunu və çoxarvadlılıq bəlasını realist boyalarla ifşa edən ədəbi faktlardır.

Türküstan cədid teatrının ən böyük intellektual simalarından biri Əbdürrauf Fitrətdir. O, sadəcə məişət dramları ilə kifayətlənməmiş, Türküstan teatrına fəlsəfi, tarixi və ideoloji dərinlik gətirmişdir.

"Buxara vəziri", "Əbülfeyz xan" və "Teymurun mavzoleyi" kimi tarixi dramlarında Fitrət, keçmiş dövlətçilik ənənələrini və hökmdarların səhvlərini bədii süzgəcdən keçirir. O, tarixdəki daxili çəkişmələri səhnəyə gətirməklə xalqa "milli birlik" və "istiqlal" mesajı ötürürdü. Fitrətin əsərləri bədii dilinin zənginliyi və metaforik dərinliyi ilə digər məişət pyeslərindən kəskin fərqlənirdi. Cədid teatrı həm də milli ədəbi dilin və terminologiyanın formalaşması platforması idi. Tamaşalar ərəb-fars tərkibli ağır saray dilində deyil, xalqın tam anladığı canlı Özbək, Tatar və Türküstan türkcəsində yazılırdı. Eyni zamanda, dünya ədəbiyyatı klassiklərinin (məsələn, N.V. Qoqolun "Müfəttiş" əsəri, Molyerin komediyaları) yerli dilə uyğunlaşdırılaraq (adaptasiya edilərək) səhnələşdirilməsi Türküstanda tərcümə sənətinin və qərb tipli bədii təfəkkürün inkişafına birbaşa təkan verdi.

Türküstan cədid teatrı, ədəbi faktlar müstəvisində sübut edir ki, bu regional hərəkat sadəcə quru təbliğat deyil, poetikası, bədii obrazlar sistemi (məsələn, Ziyalı və Nadan qarşıdurması) və janr müxtəlifliyi (satira, melodram, tarixi tragediya) olan bütöv bir yeni ədəbi məktəb yaratmışdır.

 

NƏTİCƏ:

Cədidlər dövründə teatr mədəniyyəti sadəcə bədii sənət növü deyil, milli intibahın, müasirləşmənin və siyasi-ictimai oyanışın ən güclü platforması idi. Səhnədə canlandırılan reallıqlar müsəlman Şərqində ictimai fikrin təkamülünə rəvac verdi, insanlara azad düşünməyi öyrətdi və gələcək milli cümhuriyyətlərin (məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin) qurulması üçün ideoloji zəmin hazırladı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!