Anar XX əsrdə xalqımızın yetirdiyi böyük azərbaycanlıların sırasındadır - Səlim BABULLAOĞLU

İllər əvvəl məndən Anar müəllim haqqında soruşanda, onda deyəsən 70 illik yubileyini qeyd edirdi Anar müəllim, demişdim ki, milli musiqimiz və musiqi mühitimiz, bütövlükdə mədəniyyətimiz üçün  Üzeyir Hacıbəyov kimdirsə, dövrünün fransız ədəbi-mədəni mühiti üçün Hüqo kimdirsə, bugünkü ədəbiyyatımız, ədəbi mühitimiz, bütövlükdə mədəniyyətimiz üçün Anar da eyni işləri görmüş, eyni miqyaslı adamdır.  

 

50 ildən artıq bir dövrü əhatə edən yaradıcılığı boyu onun toxunduğu mövzuların vacibliyi, əsərdən-əsərə dəyişən çeşidli yazı manerası və texnikası, heç kimə bənzəməyən dili və üslubu ilə o, hər şeydən əvvəl daim formada olan böyük yazıçıdır. Dilimiz, mədəniyyətimiz, dərgilərimiz, kinomuz, teatrımız, ictimai həyatımız üçün ilk əvvəl "Qobustan" jurnalının yaradıcısı, kinodramaturq və rejissor kimi, sonradan Azərbaycan Yazıçılar Birliyinin rəhbəri,  millət vəkili kimi misilsiz işlər görmüş adamdır.

Və xalq yazıçısı Anar əsl humanistdir, XX əsrdə xalqımızın yetirdiyi böyük azərbaycanlıların sırasındadır.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi indi "Dünya ədəbiyyatı" dərgisinin Anarın tərcümələrindən ibarət xüsusi sayını hazırlayır.  Daha əvvəl Anar müəllimin əksər tərcümələrini oxumuş,  yaxın vaxtlarda isə yaddaşını təzələmiş biri kimi, indi mündəricatdakı adlara baxa-baxa yenə düşünürəm: "Anarı yaradıcılığı boyu mütəmadi şəkildə tərcüməyə sövq edən əsas şey nə olub?" Bu, olduqca vacib sualın ilk və ən dəqiq cavabı Anar müəllimin öz tərcümələrinə yazdığı "ön söz"lərdə, şərhlərdə, sonra isə o tərcümələrin işıq üzü görənləri haqqında zamanında verilən rekasiyalarda (məsələn, mərhum tənqidçimiz Zemfira Əsədullayevanın yazısında) var, əlbəttə. Məsələn, həmin o cavablardan biri təxminən beləydi ki, bəzən yazıçı Anar məlum siyasi rejim və senzuraya görə öz orijinal yazıları ilə birbaşa deyə bilmədiklərini tərcümə elədiyi mətnlərlə deyirdi. Əlbəttə, bu belədir, amma "60-cılar" adlanan ədəbi nəslin yetişdiyi mühitdən uzaq olduğuma, onların "nəfəs almağa məcbur olduqları" o cansıxıcı atmosferi axıradək hiss etmədiyimə görə, nədənsə mənə elə gəlir ki, daha başqa cavablar olmalıdır və  ola bilsin, bu cavablar əvvəlkiləri bir başqa cür təsdiqləyəcək.

Ədəbiyyat tarixindən bir hadisə yadıma düşür.

Onda (söhbət elə 60-70 ci illərdən gedir) böyük rus şairi İosif Brodski mühacirətinin ilk illərini yaşayırdı. Dil mühitindən ayrılmaq onda dərin fobiya və böhran yaratmışdı: bundan sonra o yaza biləcəkdimi?.. O dövrdə Brodski böyük polyak şairi, sonradan dostlaşacaqları Çeslav Miloşdan məktub alır: "Baxın, İosif, siz indi mühacirətdəsiz, bilirəm ki, sizə olduqca çətindir, mən özüm də bütün bunları yaşamışam. Düşünürsüz ki, yaza bilməyəcəksiz, şair kimi məhv olacaqsız..." Miloş, məktubla yanaşı Brodskiyə tərcümə etməsi üçün özünün bir neçə şeirini də göndərir. Brodski kiçiyin böyüyə göstərməli olduğu ehtiramla Miloşun məktubunu cavablandırır. Hətta onun şeirlərini çevirir. Amma bu şeirlər Miloşun ona göndərdikləri deyildi, Brodskinin özünün seçdiyi şeirlər idi (məsələn, tutalım, həm poeziya, sonradan həm də tərcümə sənətinin şedevri olan "Avropanın uşağı" kimi bir şeir).

Elə burda dayanıb iki məqamı qeyd eləmək istəyirəm. Əvvəla, sovet dövründə yazıb-yaratmış olan bütün böyük ədiblərimizdə öz ölkələrində imperiyanın ucqarında, əyalətdə mühacirətdəymişlər kimi yaşamaq duyğusu olmalıydı, varıydı. Bu duyğu, dünya mədəniyyəti, ədəbiyyatı ilə münasibətdə bizi mezalyans vəziyyətinə salırdı və Anar kimi böyük ədibimiz, əlbəttə ki, bunu bütün aydınlığı ilə hiss edirdi.

İkinci məsələ, daxili sifariş məsələsi idi ki, şəxsiyyətin bütünlüyü və daxili azadlıq göstəricisi olan bu məsələ olduqca vacib məqamdı.

Yazıçı Anar tərcümə etməklə, xüsusən mətnləri öz daxili sifarişi ilə müəyyən etməklə həm yazıçı, həm də tərcüməçi kimi özüylə mətnlərini çevirdiyi o böyük ədiblər arasında, eyni zamanda, Azərbaycanla o vaxtkı azad dünya arasında bir bərabərlik işarəsi qoymağa cəhd edir və qoyurdu.

Oktavio Pas yazır ki, tərcümə etmək - ən dərin mütaliə və anlama prosesidir.

Yazıçı Anar həm çağdaşlarını, həm də sələflərini ən dərin şəkildə anlamış və mütaliə etmiş, anladıqlarını, hiss etdiklərini ən rasional və duru Azərbaycan dilində gələcəyə ötürən böyük Azərbaycan yazıçısıdır.

Bəlkə də "Dünya ədəbiyyatı" dərgisinin xalq yazıçısı Anarın tərcümələrindən ibarət xüsusi sayı daha əvvəl, hətta Anar müəllim bu tərcümələri öz çoxcildliyinə salmamışdan, "Seçilmiş əsərləri"nin bir cildinə çevirməmişdən əvvəl nəşr olunmalıydı; əlbəttə, bu xüsusi sayın böyük ədibimizin, sözün bütün mənaları və çalarlarıyla şanlı 80 illik yubileyi ərəfəsində nəşri bizim üçün xüsusi əhəmiyyət kəsb edir, olduqca qürurvericidir. Amma bu abzasın ilk cümləsindəcə izhar etdiyim arzumun bir başqa yanı var. Xalq yazıçısı Anarın yarım əsrdən artıq ədəbi bioqrafiyasının, ədəbiyyat naminə gördüyü və bir qayda olaraq həmişə ilkinlik, yenilik xassəsi daşıyan işlərinin sırasında, adətən, "Qobustan" jurnalının təsis edilməsini, nəşrini, zamanında ədəbi mühitə ötürdüyü təzə, azad yaradıcı impulsları xüsusi qeyd edirlər ki, bu da çox doğrudur. Bəs, "Dünya ədəbiyyatı" dərgisi? Məgər onu Anar yaratmayıb? Onun ilk saylarından etibarən nəşrinə maddi və mənəvi dəstəyi o verməyib? Bu gün hər sayı bir xalqın ədəbiyyatına, bir ədəbi janra, növə, bir böyük ədibə və tərcüməçiyə həsr olunma strategiyasını 4 il əvvəl o təklif etməyib? Bu sualların bir qısa cavabı var: "Bəli, o edib". Və mən istəyirəm ki, bundan sonra ədəbiyyat tariximizi yazanlar, Anarın tarixini yazanlar onun bioqrafiyasında bunu da nəzərə alsınlar. Çünki 2003-cü ildə mənə - "Yaxşı, bəs, nə etmək istəyirsən? Nə təklif edirsən?" - deyə sual ünvanlayanda, düşünmədən belə bir cavab verdim: "Bizə tərcümə jurnalı lazımdır, bu sahədə ciddi boşluq var". Bu həmin dövr idi ki, "Xəzər" tərcümə dərgisinin fəaliyyətində durğunluq yaranmışdı, "Mütərcim" böyük fasilələrlə çap edilir, nəşr ediləndə isə daha çox tərcüməşünaslıq, tərcümə nəzəriyyəsi materiallarına üstünlük verir, "Cahan" jurnalı da 5 il əvvəlki işıqlı xatirə kimi yada düşürdü (bütün bunlar haqqında "Tərcümə işinin vəziyyəti ilə bağlı" 2004-cü ildəki məruzəmdə söz açmışam). Və yaxşı xatırlayıram, Anar müəllim o vaxt gənclər və idman naziri işləyən Əbülfəs Qarayevə zəng edib belə bir nəşr üçün dəstək aldı, mənə isə dedi ki, get, dərginin ilk sayını hazırla. Dərginin ilk sayı çıxanda isə, o da yadımdadır ki, ədəbi mühitimizdə ciddi bir hadisənin baş verdiyi o saat hiss olundu. Durğunluq içində olan digər nəşrlər də hərəkətə gəldilər. Bu, əlbəttə, ilk növbədə vaxtilə "Qobustan"ı yaratmış olan gənc Anarın indi də gənc qalan, hər gün, hər saat ədəbiyyata, Azərbaycana, bütövlükdə insanlara xidmət etmək istəyən qəlbinin hesabına oldu.

Sizi təbrik edirəm, Anar müəllim!

Səlim Babullaoğlu

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!