Rüstəm Behrudinin doğum gününə

Varammı, yoxammı görən dünyada,

Yaşaya-yaşaya bəlkə mən yoxam.

Bəlkə min il əvvəl yaşamışam mən,

Bəlkə min il sonra yaşayacağam...

 

 

Rüstəmi ağırbaşlı bir yazıya sığdırmaq mümkün deyil.

Əhməd Bican Ərculasun (professor)

 

*

Rüstəm Behrudi Vətəndir, Vətəndir, Vətən!

Məmməd Araz (Xalq şairi)

 

*

Rüstəm Behrudi doqquzmərtəbəli binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gözəlliyini sonradan görəcəklər.

Bəxtiyar Vahabzadə (Xalq şairi).

 

*

Türk mifik düşüncə tərzi, Turan ideyası və türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı.

Mirəli Seyidov (professor).

 

*

Rüstəm Behrudinin ötən əsrin 80-ci illərində 25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün türk xalqlarının yenidən oyanış dövrü idi. O, Qazaxıstanda, Özbəkistanda şeirlər oxuyanda, çıxışlar edəndə biz göz yaşları içərisində, ayaq üstə onu alqışlayırdıq. Rüstəm Behrudiyə görə, Azərbaycan xalqı xoşbəxt taleli xalqdır, belə bir şair yetişdirib.

Muxtar Şaxanov (Qazaxıstan və Qırğızıstanın Xalq yazıçısı).

 

*

İlk baxışda Rüstəm Behrudinin şeirləri dəliliyi xatırladır. Dərinə endikdə anlayırsan ki, bu, dəliliyin müdrikliyidir.

Elçin Əfəndiyev (Xalq yazıçısı).

 

*

Oxudum kitabını, hər misran qana batmış inci, dür.

Bir söz çıxdı dilimdən – Rüstəm məndən güclüdür.

Xəlil Rza (Xalq şairi).

 

*

Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!

Sabir Rüstəmxanlı (Xalq şairi).

 

*

Hər kəs dar ağacına salam verə bilər. Ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir.

Ramiz Rövşən (Xalq şairi).

 

*

Məqsəd Nəsimi ilə Behrudini müqayisə etmək, riyazi böyüklük və ya kiçiklik işarəsi işlətmək deyil. Həqiqət budur ki, onilliyin şeiri hüququnu qazanan “Salam, Dar ağacı” Nəsimi səsinin tarixin dərinliyindən keçərək dövrümüzə çatması əsrimizin siyasi binasının atom-nüvə divarında əks-sədası deməkdir.

Mən Rüstəm Behrudinin “Ata dili” əsərini M.Ə.Sabirin “Fəxriyyə”si ilə bərabər tuturam.

"Dədə Qorqud" kitabından sonra, etnik tariximiz heç kəsdə Rüstəm Behrudidə olduğu qədər bu genişlikdə bədiilik predmetinə çevrilməyib.

Tofiq Hacıyev (akademik).

 

*

Rüstəm Behrudi hələlik tək şairdir ki, üç söz ilə Ədəbiyyat tarixinə düşüb: “Salam, dar ağacı”.

Kamal Abdulla (akademik).

 

*

Rüstəm Behrudinin şeirləri, türk ruhu haqqında əbədiyyət nəğmələridir. Oljas da nəhəngdir. Çingiz Aytmatov da, Rüstəm Behrudi də onlar kimi mənəvi, arxeoloji işi yerinə yetirir.

Nizami Cəfərov (akademik).

 

*

Rüstəm Behrudinin Tanrının özünə də müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.

Kamil Vəli (professor).

 

*

20 il öncə bir yazımda demişdim. Əsrin sonudur. Dönüb geri baxıram. "Heydərbaba" kimi bir neçə möhtəşəm poeziya örnəklərimiz var. Ancaq biz XX əsrdən XXI əsrə bir şeir apara bilirik. Rüstəm Behrudinin "Salam, dar ağacı".

Firudin Cəlilov (professor).

 

*

Rüstəm Behrudi özünü həm qalibin, həm məğlubun yerinə qoymaqla Füzulidən, Sabirdən M.Araza, B.Vahabzadəyə qədər olan poeziyanın vətəndaşlıq qayəsinin müstəvisini bütün mənalarda dəyişdi. Şəxsiyyət və millət vəhdəti özünü insanın fiziki simasında yox, ruhun ölməzliyində təsdiq etdi.

Kamran Əliyev (AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi).

 

*

Kürsüdə ömrünün baharını yaşayan bir gəncin edam səhnəsınə salam göndərişi... Qorxunc bir səssizlik.

Əleyküməssalam, Rüstəm Behrudi. Alqış, alqış, həm də dəfələrlə alqış!

Coşqun Qırca

 

*

R.Behrudi – şair, mütəfəkkir, ustad, divanə, danəndə… Ölümü adam kimi qarşılamağı bizə öyrədən, dar ağacını salamlayan böyük şair.

Aygün Attar (professor).

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!