Nicat Ərtürkün yeni işıq üzü görmüş "Ana həsrəti" (Bakı, "Elm və Təhsil", 2026) adlı şeir kitabının diqqətçəkən tərəflərindən biri onun klassik hikmət və nəsihətnamə ənənəsini müasir bədii düşüncə ilə birləşdirə bilməsindədir. Şair mürəkkəb fəlsəfi mülahizələri sadə, axıcı və oxunaqlı poetik dillə ifadə edir, oxucuların mənəvi dünyasına təsir göstərməyi bacarır. Onun şeirlərində həyat həqiqətləri didaktik çərçivədə təqdim olunsa da, bu nəsihətlər süni və quru mühakimə təsiri bağışlamır; əksinə, səmimi lirizm və həyati müşahidələrlə vəhdətdə təqdim olunduğu üçün oxucuda inandırıcılıq yaradır.
N.Ərtürk fiziki zəhmətlə bədii yaradıcılığı bir-birindən ayırmır, əksinə, onları vahid bütövün iki ayrılmaz tərəfi kimi təqdim edir. Onun qəhrəmanı həm zəhmət adamı, həm də söz adamıdır; həm qurur, həm də düşünür; həm tarixdə iz qoymağa çalışır, həm də insan qəlbində mənəvi dəyərlər yaşadır. Müəllifin poetik idealı Azərbaycan ədəbi düşüncəsində formalaşmış "əmək və söz vəhdəti" konsepsiyasının müasir bədii ifadəsidir.
Şairə görə, əmək yalnız maddi nemət yaradan fəaliyyət deyil, insanın özünü təsdiq etməsi, tarixdə iz qoyması və mənəvi ölməzliyə qovuşmasının əsas vasitəsidir. Onun poeziyasında vətənə bağlılıq, türk kimliyi, dostluq, humanizm, gələcəyə inam və nikbinlik aparıcı ideya xətləridir. Bu xüsusiyyətlər müəllifin yaradıcılığını təkcə fərdi lirika deyil, həm də vətəndaşlıq lirikası kimi səciyyələndirməyə imkan verir.
Məhz bu baxımdan "Əlimin əməyi" adlı şeir Nicat Ərtürkün poetik dünyagörüşünün açarı hesab oluna bilər. Şeirdə əməyin estetikası, yaradıcı şəxsiyyətin həyat fəlsəfəsi, tarixi yaddaş, milli mənsubiyyət və mənəvi məsuliyyət ideyaları qarşılıqlı vəhdətdə təqdim olunur. Müəllif insanın böyüklüyünü tutduğu mövqedə deyil, gördüyü faydalı işdə, yaratdığı mənəvi sərvətdə və tarixdə qoyduğu izdə görür.
Qeyd etdiyimiz kimi, Nicat Ərtürkün "Əlimin əməyi" adlı şeirini yalnız əməyin tərənnümü kimi deyil, həm də yaradıcı şəxsiyyətin həyat fəlsəfəsini, milli kimliyini və mənəvi ölməzlik idealını ifadə edən poetik manifest kimi dəyərləndirə bilərik.
Azərbaycan ədəbiyyatında sənətkar şəxsiyyətinin həm mənəvi, həm də ictimai məsuliyyət daşıması ənənəsi qədim köklərə malikdir. Təhlilə cəlb olunan şeirdə bu ənənə müasir dövrün reallıqları fonunda yeni məna qazanır:
Bir əlim usta əli, biri şair əlidir,
Həm tarixə iz qoyan, həm dastanlar yaradan.
Məni göyə ucaldan, simuzərlər bəxş edən,
Ömrümə bəzək verən,
Əlimin əməyidir.
[bax: səh.136]
"Bir əlim usta əli, biri şair əlidir" misrası zahiri antitezaya əsaslansa da, əslində bu iki anlayışın qarşıdurmasını deyil, onların harmoniyasını ifadə edir. Burada "usta əli" yaradıcı zəhmətin, peşəkarlığın və maddi dəyərlərin, "şair əli" isə estetik düşüncənin, mənəvi zənginliyin və bədii təxəyyülün simvoludur.
Şeirin sonrakı bəndlərində müəllif əvvəlki hissədə irəli sürdüyü "əmək və yaradıcılıq vəhdəti" ideyasını daha da inkişaf etdirir. Əgər ilk bənddə "usta əli" və "şair əli" obrazları vasitəsilə fiziki və mənəvi əməyin bütövlüyü təqdim edilirdisə, sonrakı hissələrdə bu fəaliyyətin insanın taleyinə, cəmiyyətə və tarixə təsiri göstərilir.
Həyatıma mənadır əllərim qoyan izlər,
Min-min ürəkdən keçir yaratdığım şeirlər.
[bax: səh.136]
Bu misralarda "iz" anlayışı ikiqat semantik yük daşıyır. Bir tərəfdən, insanın zəhməti nəticəsində yaratdığı maddi dəyərləri, digər tərəfdən isə şeirləri vasitəsilə insanların mənəvi dünyasında buraxdığı təsiri ifadə edir.
Nicat Ərtürkün poeziyası göstərir ki, klassik ədəbi irsin yaşaması yalnız onu oxumaqla deyil, onun mənəvi-estetik dəyərlərini müasir dövrün poetik düşüncəsində yaşatmaqla mümkündür. Müəllif öz yaradıcılığında hikmət, əmək, vətən sevgisi, milli kimlik, dostluq və əxlaqi kamillik kimi dəyərləri poetik sözün gücü ilə yeni nəslə çatdırmağa çalışır. Bu baxımdan onun şeirləri klassik irslə müasir həyat arasında mənəvi körpü rolunu oynayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
