"Göyçənin dərdi yaman" - Aşıq Nəcəflə bağlı gəzişmələr - Avdı QOŞQAR

 

Göyçə Azərbaycanın mədəniyyət, söz-sənət beşiklərindən biri olub. Göyçə gölü ətrafında yerləşən tarixi Göyçə mahalı 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən sayılıb.

Ən qədim yaşayış məskənlərimiz kimi, ilk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarında adı keçir. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər qədim-qayım yaddaşımızın izidir, nişanəsidir.

Göyçə əski türk yurdudur. Bineyi-qədimdən saz-söz yurdu olaraq folklor nümunələri ilə zəngin olub. Boşluqdan böyük saz-söz ustadları doğula bilməz. Necə ki, Azərbaycan saz-söz sənətinin beşik ustadlarından olan Aşıq Alı, ustad Ələsgər kimi azmanlar yetişib, mədəniyyətimizin şah damarının formalaşmasında öz sözünü deyib.

Göyçə Kəlbəcərlə, Gədəbəylə iç-içədir, Tovuzla, Qazaxla, Borçalıyla qan qohumudu. Bir ruhun daşıyıcılarıdı. Göyçədən pərvazlanan bir saz pərdəsi, durna lələyi kimi uzaq yolu kəsə eləyib hava yoluyla ruhumuza axıb. Aşıq Alının, Aşıq Ələsgərin, şair Məmməd Hüseynin qoşmaları, gəraylıları ilk olaraq qanadını bizə sərib. Qazax mahalı, İncə dərəsi bu harayla, havacatla yuxudan oyanıb. Ustad Alının, Ələsgərin ruhundan axan gül üzlü sənət əsərlərini ilk əvvəl bizlərə pıçıldayıb. Bu, əslində, Göyçə camaatının qan yaddaşından süzülüb gələnlər idi ki, onun saz-söz ustadları da özündə təcəlla eləyirdi. Ana südüylə keçirdi, ata öyüdü ilə damara hopurdu və saz-söz şəklində özünü göstərirdi.

 

Karvansaradan keçib, Qaraqoyunlu dərəsindən adlayıb, yol başlayırsan Göyçə gölünün kənarı boyu durna qatarı kimi sıralanan obalara, ellərə. Həm də Qazaxın yaylaq yerləri idi oralar. Ermənilər bu əraziyə gəlmədiyi zamanlarda... Bir camaatıydı, bir-birinə qaynayıb-qarışmışdı. Məclislərindən saz səsi gələrdi, atların kişnərtisi eşidilərdi. Xanım-xatın nənələr hörüyünün birini ağ hörərdi, birini qara... Bayatı çağırardı, övladlara, nəvələrə oxşama söyləyərdi, layla deyərdi. Sonra da cezb olub irfani kəlamlar söyləyərdi. Aşıq Alının, Aşıq Ələsgərin, şair Məmməd Hüseynin, eləcə də başqalarının söz qaynağı, söykəyi, bəlkə də bu söylənənlərdi. Çuxasının ətəyi yer, ruhu göy süpürən kişilərin tərpənişi, ədəb-ərkanı, ağır oturuşu, sanballı davranışı bu böyük ustadlar üçün əxlaq kodeksi idi.

 

Aşıq olub diyar-diyar gəzənin

Əzəl başdan pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

 

Boş-boşuna deyilməyib bu müdrik sözlər. Ələsgər babam eldən-obadan gördüyünü götürüb. Bu ənənə davamlıdı. Aşıq Alı irsinin toplanıb çap olunmasında şair Hüseyn Arifin əməyini danmaq sayqısızlıq olardı. Göyçə aşiqiydi Hüseyn Arif. Göyçənin dolu ədəbi mühitini sadalayır bu şeirdə:

 

Ağ gölün qaşınnan endin Göyçəyə,

Zodda qarşıladı Ağayar səni.

Doğma balasıtək basdı bağrına

Saz-söhbət qoxulu bir diyar səni.

 

Getdin qulluğuna qul Ələsgərin,

Usta Abdullanın, Mirzəbəylərin.

Məmməd Hüseyntək sinədəftərin

Yormadı yolunda ruzigar səni...

 

Budu Göyçə. Bu iki bəndlik bir şeirdə adı çəkilənlərdi. Bütövlükdə isə Göyçədə dağ da, daş da şeir, söz havalıdı. Qoyun-quzu otaran çoban da çomağını sinəsinə basıb "Ruhani", "Dilqəmi" üstündə adicə ağacı dilləndirə bilərdi. Bunlar şair sadalamasında siyahıya düşənlər, saya-sanbala gələnlərdi. Sənətkarların hamısını saymaq da olmur. Bunun üçün gərək dəryalar kağız ola, düzənlər qələm. Hər hansı bir kənddən, böyük bir mahala şöhrət gətirəcək elə sənətkar yetişib ki, ad-sanı bir məmləkətə çatar. Daşkəndli Aşıq Hacının ifa elədiyi "Aşıq Alının Türkiyə səfəri" dastanı başqa ifaları kimi Göyçə məclislərinin yaraşığıdır. Çünki söykək yeri sağlam, səs dağ şəlaləsi kimi qaynar, ifa Göyçə məktəbinin gözəl nümunəsi.

Beləcə ağır bir el yüz illərdən bəri adət-ənənəsiylə, yadı-yaddaşı ilə qoşa addımlayır, baş-başa, ürək-ürəyə qoşa yaşayırdılar.

Qışın uzun gecələri nağıllı-dastanlı keçər, aşıqlar telli sazı sinəsinə basıb zilini-zil, bəmini-bəm eləyərdi. El-elə, ev-evə sığardı.

Ta o vaxta kimi beləydi ki, rus əsgərinin çəkmələri Göyçə torpağına toxunmamışdı. Erməni dığaları kürəyini rusun qucağına söykəməmişdi.

Rusların "parçala, hökm sür!" siyasəti yavaş-yavaş qüvvəyə minirdi. Bir neçə dəfə Göyçə öz yerindən-yurdundan qaçaq düşdü. Əhali qırğına məruz qaldı. Sovet hakimiyyəti illərində Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölündü: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı qaranlıq, Kəvər və Yelenovka rayonu...

 

***

Əzizim dərdi yaman,

Namərdin "mərdi" yaman!

Nəcəfə yas tutmayın,

Göyçənin dərdi yaman!

 

Yurdun, obanın, sazın-sözün qara bağladığı zamanlar idi. İnsanlar qırılır, el-oba talanır, telli sazın, ulu Ələsgərin, gül üzlü ustadların sonulanıb, qədirsiz-hörmətsiz tutulan əyyamları idi. Saz-söz məclisləri, el-oba toylarının uralanan çağları adamı üşəndirirdi. Güllülər aşıqların vəsfindən cüda düşmüşdü. Göyçə, onun kəndləri neçə dəfə öz yerindən, yurdundan oynayıb Kəlbəcərə, Gədəbəyə köçüb dağılmışdı. Göyçə yaman günlərə qalmışdı.

Gavur yaxşı bilirdi ki, sazın-sözün ulu məkanını dağıtmaq, külünü göyə sovurmaq türk qövmünün əsas dayaqlarını sarsıtmaqdan başlayır. Ona görə də bütün gücüylə buranı hədəf eləmişdi. Bundan sonra başqa-başqa ünvanları söküb-dağıtmaq sonrakı planları idi, necə ki, Qərbi Azərbaycanın başqa torpaqları da bu ağırlığı, talanı yaşayırdı. Hazırda 1918-19-cu illərdi. Təxminən, bundan bir əsr əvvəl bu soyqırıma gələn yolların qapısı taybatay açılmışdı. Gülüstan, Türkmənçay müqaviləsindən sonra bu, gavurların qurduğu plan, onların həyata keçirdiyi anlaşma idi.

Bunu fürsət bilən ermənilər çar Rusiyasının köməyi ilə bütün cəbhə boyu hücumu artırmış, qocaya, cavana, ağsaqqala, ağbirçəyə aman vermir, qırıb talayırdı. Göyçənin əksər kəndləri boşaldılıb, əhali qonşu Kəlbəcər və Gədəbəy rayonlarına səpələnmişdi. Dədə Ələsgər Kəlbəcərə sığınmışdı. Nigaran idi, ermənilərdən gələn təklifi o da eşitmişdi. Barışıq xəbərini ona da demişdilər.

On iki şəyirdi vardı Aşıq Ələsgərin.

 

Adım Ələsgərdi, mərdi-mərdanə

On iki şəyirdim işlər hər yana!

 

Onların ikisi Göyçədə, Qazaxda, Gəncədə, Tovuzda adla tanınırdı: Aşıq Əsəd, Aşıq Nəcəf. Aşıq Nəcəfin yaxşı ovçuluq qabiliyyəti var idi. Vuran-tutan idi. Odur ki, onu bu çəkiyə çəkdilər. Daşkəndli Allahverdi kişinin oğludu Nəcəf. Nökərçilik, çobançılıq eləyərdi atası. Əvvəl molla yanına gedib Nəcəf. Daşkəndli İsmayılın toyunda Nəcəfin oxumağı Aşıq Ələsgərin xoşuna gəlir. Nəcəfi özünə şəyird götürür. Öz kəndçisi Gülüstan adlı qızı sevir və onunla da ailə qurur. Sevdiyi qıza cavan yaşında yazdığı gözəlləmə ciddi şeir nümunəsi sayıla bilər:

 

Qaşına, gözünə qara dediyim,

Ömrümün, günümün ağı, necəsən?

Gecə-gündüz həsrətini çəkməkdən

Əriyib gözümün yağı, necəsən?

 

Nəcəflə Gülüstan ağsaqqalların xeyir-duasıyla ailə qururlar. Bu izdivacdan beş övlad dünyaya gəlir. Hər şey qaydasıyla gedirdi. Məclislər, el şənlikləri... Nəcəfin hörməti-izzəti eldə-obada artıb-çoxalırdı. Lakin bircə bu, bircə bu gediş kaş olmayaydı...

Görkəmli yazıçı Eldar İsmayıl "Zülmətdə parlayan qılınc" romanında bu məşum hadisəni belə təsvir eləyir: "Zərgər Ağacanla Səfəroğlu Avanes bir adam göndərib yanımıza. O adam dedi ki, Basarkeçərə bir dəstə hökumət nümayəndələri gəlib barışıq eləmək istəyirlər. Məqsədləri baş verən inciklikləri aradan qaldırıb, camaatı yerinə-yurduna qaytarmaqdı. Məşədi İsəni, Səməd ağanı, Aşıq Ələsgəri, Məşədi Məmmədoğlu Həşimi, Bəşiri və başqa hörmətli ağsaqqalları yığın gətirin, barışıq qoyaq.

Məşədi isə dedi: Bu dəfə ölümü milli matəmə çevrilmiş Sulikovun qisasını almaq istəyirlər. Ermənilər sevimli sərkərdələrinin başının kəsilməsini bacardıqları qədər bizlərə bağışlamayacaqlar.

...- Deyirsən, getmək lazım deyil, eləmi?

- Bəli, getmək olmaz. Çünki, adları çəkilən adamları çağırıb məhv etmək istəyirlər və Səməd ağanı tapıb deyin ki, məşədi İsə əmim tapşırıb ki, birdən ermənilərin şirin dilinə uyub Basarkeçərə gedər, qəti elə şey eləməsin. Bu dəfə barışıq adıyla apardıqlarını yetən kimi öldürəcəklər. Ermənilərin barışıq çağırışı Səməd ağanın xoşuna gəldi. Səməd ağa Zeynalı məsləhət üçün aşıq Ələsgərin yanına - Kəlbəcərə göndərdi. Zeynal aşığı tapmayıb geri qayıtdı. Səməd ağa, Aşıq Nəcəf, Tanrıverdi oğlu Ələkbər, Hacı Rəhim, Bala Məzrəli Salah və daha bir neçə nəfər yola düşməyə hazırlaşırlar. Səməd ağa Zeynalı görəndə hövlnak soruşdu:

- Hə, nə oldu, Ələsgər əmiyi görə bildinmi?

- Xeyr, Zallar kəndinə, dayısı evinə getmişdi. Mən ismarıcı oğlu Talıba deyib qayıtdım.

- Ya qismət, getdik, - deyib, Səməd ağa atına tərəf yeriyib cilovu çəpərin tilişkəsindən çıxardı. Hamı öz atının üstünə qalxdı. Bunlar on bir nəfər idilər. Aşıq Ələsgər evə gələndə Talıb Səməd ağanın ismarıcın ona çatdırdı. Kişi yerindən dik sıçradı, qəfil qışqırdı:

- Aya, gör Bəşir hardadı? Tez buraya çağır!

Bəşir az vaxt ərzində atasının qulluğunda oldu:

- Buyurun, dədə.

- Ay oğul, tez atı min, Söyüdlüyə sür. Ermənilər Səməd ağanı yenə aldadıb, barışıq adıyla Basarkeçərə aparır. Çatan kimi onları yox eləyəcəklər. Qoyma getsinlər. Yola çıxmış olsalar da geri qaytar!

Artıq ox yaydan çıxmışdı. Gedənlər getdikləri ünvana yaxınlaşırdılar. Onları orda ölüm, işgəncə, təhqir gözləyirdi. Səbri-qərarı kəsilmiş qoca ozan gözünü yollardan çəkə bilmirdi. Tez-tez "Allaha pənah" deməklə ulu Yaradandan nicat gözləyirdi. Ancaq şübhələr onun içini qurd kimi gəmirirdi. Dünya görmüş dahi Ələsgər onların sağ qayıdacağına inana bilmirdi. Onu daha çox ağrıdan o idi ki, Səməd ağa kimi böyük bir şəxsiyyəti, aşıq Nəcəf kimi əvəzsiz sənətkarı itirmək, bu millət üçün Göyçəni itirmək qədər ağır olacaq. Bir də Dədə Ələsgəri o incidirdi ki, başı müsibətlər çəkmiş bu millət nə vaxta qədər aldana-aldana gedəcək?!

Gözəl bir dağlı cəmiyyəti, dərd, yurd həsrəti birləşdirir bu obanı, elatı. Aşığı, sənətkarı müdrik, bəyi, igidi dəli-dolu, ozanı hiyləyə aldanan... Qara camaat isə öz başının həşirində...

Bu on bir nəfər gedir ki, barışıq olsun, öz yurduna-yuvasına dönsün, rahat ömür-gün sürsün... fəqət "rahatçılığa" da qovuşurlar. On birin üstünə də Aşıq Nəcəfin beş oğlu da tapılıb gətirilir. Dördünü də bu və ya digər formada öldürüb torpağa quylayırlar. Aşıq Nəcəfin isə kürəyinə qaynar samovar bağlayıb, oxuda-oxuda öldürürlər... Son nəfəsində aşığın gücü qəmli bayatılara çatır:

 

Əzizim, oda dağlar,

Yetişin dada, dağlar.

Sirrimi sizə deyim -

Deməyin yada, dağlar!

Əzizim, sağı məni,

Dolandır dağı, məni

Yaman tilova salıb

Bu yerdə yağı məni.

Əzizim, dərdi yaman,

Namərdin "mərdi" yaman,

Nəcəfə yas tutmayın,

Göyçənin dərdi yaman.

 

Tapdalanan yurdun başına çox faciələr gətirildi. Qərbi Azərbaycan torpağının, eləcə də Göyçənin genetikasını dəyişdilər. Ölümlər, işğallar, ilhaqlar əhalini cana gətirdi. Göyçə bir neçə dəfə dağıldı, sakitlik yarananda geriyə - öz yurdlarına qayıtdı əhali. Hər köçdə öz yerindən, yurdundan bir az laxladı Göyçə. Sonra da bu faciə dilə-ağıza düşdü.

Eldar İsmayıl "Zülmətdə parlayan qılınc" romanında yazır: "Dığalar Tanrıverdini itələyib Ələkbərin başı ilə bədəninin arasından keçirdilər. Beş-altı metr kənara itələyib qılıncla başını vurub sonra da bədənini deşik-deşik elədilər. Bu dəhşətli mənzərəni seyr edən Səməd ağa qeyri-ixtiyari olaraq "vay allah" dediyi ilə yüksək çinli zabitin şilləsinin açılması bir oldu. Səməd ağa dərhal yıxıldı!"

Yıxılan təkcə Səməd ağa deyildi, Azərbaycanın vüqarıydı yerə çökən. Camaat qəfildən heyrətə gəldi "kürəyinə qaynar samovar bağlanmış aşığı meydana gətirdilər". Hərəni bir cür qətlə yetirdilər... Bəy ölümünə, aşığın qanlı-qadalı faciəsinə elə belə sakit baxmaq bizim günahımızdır. El-oba ayağa qalxmalıdır. Qonşu narahat olmalıdır. Axın-axın axıb tökülməlidir Göyçə, Gədəbəy, Kəlbəcər, Qazax, Tovuz, Gəncəbasar... Göyçəyə yeriməlidir düşmən üstünə. Bəy ölürsə, aşıq qanına qəltan olunursa, bu elə o bölgənin çökməsi deməkdir. Heç olmasa, bunu milli faciə ucalığına qaldırmaq gərək... Susub dözmək xəyanətə bərabərdir... Çarəsi kəsilən Aşıq Nəcəf dərdini, ağrısını məclislərə qoşa getdiyi Aşıq Əsədlə bölür:

 

Kəblə Rəhim, söylə Aşıq Əsədə

Mənim əhvalıma qalsın, ağlasın.

Arif məclisində, alim yanında

Həmişə yadına salsın, ağlasın...

 

***

Nəcəf Allahverdi oğlu 1867-ci ildə Göyçə mahalının Daşkənd kəndində Kalvalılar (Kərbəlayı Əlilər) nəslində anadan olub. Nəcəf dövrünün tanınmış aşığı Dədə Ələsgərə on il şəyirdlik etmiş, onunla ağır məclislər yola salmışdır.

Aşıq Nəcəf Dədə Ələsgərin on iki şəyirdindən ən çox istəklisi olub. Aşıq Nəcəfin səsi ilə Aşıq Əsədin səsi uyğun gəldiyindən Aşıq Ələsgər hər iki şəyirdinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb-oxuyun. Yüksək səs tembrinə görə Aşıq Nəcəflə Aşıq Əsəd dəfələrlə otuzluq lampanı toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.

Aşıq Nəcəflə Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli "Xətai sazı" bağışlamışdır.

"Ayaq Cəlili" saz havasını Daşkəndli Aşıq Nəcəf gözəl ifa etdiyinə görə, həmin hava xüsusən Göyçə-Kəlbəcər, Gədəbəy və başqa bölgələrdə "Nəcəfi" adlandırılmış, hazırda da aşıqların, sazsevərlərin bir çoxu həmin saz havasını "Nəcəfi" olaraq qeyd edirlər.

Əlimərdanlı Aşıq Zülfüqarın və Cilli Aşıq Mehdinin ustadı Daşkəndli Aşıq Nəcəf olub, onların mükəmməl aşıq kimi formalaşmasında müstəsna xidmətlər göstərib.

Daşkəndli Aşıq Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, qədd-qamətli adamıymış. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-sahmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

1913-cü ildə Sankt-Peterburq şəhərində Romanovlar sülaləsi hakimiyyətinin 300 illik yubileyində Qaraimanlı Məşədi İsə Aşıq Əsədlə birlikdə iştirak etmiş, Məşədi İsə "Bürünc xatirə medalı" , Aşıq Əsədlə Aşıq Nəcəf isə hər biri 250 manat pulla mükafatlandırılmışdır.

Aşıq Nəcəf əmisi Hüseynin nəvəsi Gülüstan ilə ailə həyatı qurmuş, Şəmistan, Şəmiddin, Mikayıl, Astan və İsmayıl adında beş oğlu olmuşdur.

1919-cu ildə erməni daşnakları Göyçə kəndlərini dağıdaraq əhalini öz yurdlarından didərgin salırlar. Camaat əsasən Kəlbəcər rayonunda məskunlaşır. Göyçənin tanınmış şəxslərini məhv etmək məqsədilə ermənilər barışıq adı altında 11 nəfəri (Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf, Şişqayalı Kor Tanrıverdi, onun oğlu Ələkbər, Şişqayalı Məşədi Allahverdi, onun oğlu Məhərrəm, Bala Məzrəli Salah və b. ) Basarkeçərə dəvət edir və onların müxtəlif üsullarla öldürülməsinə nail olurlar. Daşkəndli Aşıq Nəcəf isə daha amansızlıqla - erməni polkovniki Bolyanikin başçılığı ilə Basarkeçərin yaxınlığındakı "Küllü təpə" deyilən yerdə belinə odlu samovar bağlanaraq beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülmüşdür. Bir çox yazarlar Aşıq Nəcəfin öldürülməsini erməni generalı Selikovun Zod kəndində öldürülməsinin əvəzi kimi qeyd edirlər.

Aşıq Nəcəfin acınacaqlı həyatı və yaradıcılığı haqqında indiyədək yüzə qədər kitab, jurnal və qəzetlərdə məqalələr nəşr olunmuş, televiziya və radio verilişləri hazırlanmışdır. Xəstə Bayraməli, Həsən Xəyallı, Xəlil Rza Ulutürk, Əli Qurban Dastançı, Zəlimxan Yaqub və başqaları əsərlərində Daşkəndli Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqında fikir bildirmişlər. Haqqında ayrıca Sərraf Şiruyə "Aşıq Nəcəf və Gülüstan" dastanı, Eldar İsmayıl "Nəcəf" poeması, Xasay Zeynalov "Aşıq Nəcəf dastanı" məsnəvisi, Abbas Vəfadağlı isə "Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri" əhvalatını yazmışdır.

2027-ci il Daşkəndli Aşıq Nəcəfin anadan olmasının 160 illik yubiley ilidir. İnanırıq ki, Qərbi Azərbaycanın - Göyçənin və Azərbaycan incəsənətinin ilk şəhidi kimi Aşıq Nəcəfin yubileyi dövlət səviyyəsində qeyd olunacaq və adı əbədiləşdiriləcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!