Nizami CƏFƏROV
Orta yüzilliklərə aid Azərbaycan-türk əlyazma kitablarının tədqiqi və nəşri sahəsində böyük xidmətləri olan görkəmli elm xadimlərimiz sırasında akademik Möhsün Nağısoylunun xüsusi yeri və çəkisi vardır. AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun bu sahədə apardığı səmərəli və dəyərli elmi araşdırmalarının nəticəsi olaraq indiyədək 20-dən çox monoqrafiyası, 30-dan çox tərtib kitabı nəşr olunmuşdur.
Akademik Möhsün Zellabdin oğlu Nağısoylu 1 sentyabr 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Xök kəndində anadan olmuşdur. Doğulduğu kənddə orta məktəbi bitirən Möhsün Nağısoylu 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars mütərcimliyi bölümünə daxil olmuşdur. 1967-ci ildə Universitetin V kursunda oxuyarkən Əfqanıstana ezam olunmuş və iki il yarım müddətində burada fars dili mütərcimi vəzifəsində çalışmışdır. 1970-ci ildə xarici ezamiyyətdən qayıtmış və 1971-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına (qiyabi təhsil) daxil olmuşdur. 1972-ci il fevralın 1-də sözügedən elmi quruma işə götürülmüş və 44 ildən çox (2015-ci ilin dekabr ayınadək) burada böyük laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri (1988-2015-ci illər) vəzifələrində çalışmışdır.
Möhsün Nağısoylu 1979-cu ildə mətnşünas-dilçi alim, Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun elmi rəhbərliyi ilə "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiə zamanı görkəmli dilçi alimlərdən akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə, professorlar Tofiq Hacıyev, Əlövsət Abdullayev, Vaqif Aslanov və digərləri çıxış edərək Möhsün Nağısoylunun elmi işini yüksək qiymətləndirmişlər. Görkəmli mətnşünas-dilçi alimimiz illər sonra bu dissertasiyasını monoqrafiya şəklində Azərbaycan və rus dillərində nəşrə hazırlamışdır. Qeyd edim ki, Möhsün Nağısoylu 1994-cü ildə isə "XV-XVI əsrlər Azərbaycan tərcümə əsərləri (mətnşünaslıq, tərcümə və dilçilik məsələləri)" mövzusunda doktorluq işini böyük uğurla müdafiə etmişdir. Alimin yeniliyi və yüksək elmi səviyyəsi ilə seçilən bu dissertasiya işinin müdafiəsində akademik Ziya Bünyadov, müxbir üzvlər Əziz Mirəhmədov və Afad Qurbanov, professorlar Samət Əlizadə, Tahir Məhərrəmov, Rəhilə Məhərrəmova və digərləri çıxış edərək tədqiqatın Azərbaycan filologiyası üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Dissertasiyada ilk dəfə olaraq XV əsr Azərbaycan şairi-mütərcimi Vəli Şirazinin görkəmli filosof Şeyx Mahmud Şəbüstərinin fars dilində yazdığı "Gülşəni-raz" ("Sirr bağçası") adlı məsnəvisini (1426-cı il) sərbəst-yaradıcı şəkildə türkcəyə çevirdiyi eyniadlı əsəri geniş şəkildə araşdırılmış və tərcümə ədəbiyyatı tarixi üçün xüsusi əhəmiyyət daşıyan bir sıra maraqlı elmi nəticələr ortaya qoyulmuşdur. M.Nağısoylu doktorluq işində, həmçinin Həzini təxəllüslü Azərbaycan şairi-mütərciminin 1524-cü ildə ərəbcədən türkcəyə tərcümə etdiyi "Hədisi-ərbəin" ("Qırx hədis") adlı tərcümə əsərini də ilk dəfə geniş və ətraflı şəkildə tədqiq etmişdir. Qeyd edim ki, görkəmli mətnşünas-dilçi alimimiz akademik Möhsün Nağısoylu bir neçə il sonra hər iki klassik tərcümə nümunəsinin mətnini əldə olan əlyazmalar əsasında geniş tekstoloji filoloji araşdırma ilə nəşrə hazırlamışdır. M.Nağısoylunun "Vəli Şirazi və "Gülşəni-raz" tərcüməsi adlı kitabı İstanbulda türk dilində də yayımlanmışdır (2016-cı il).

Möhsün Nağısoylu 2012-ci ildə Azərbaycan ədəbiyyatı üzrə professor diplomu almışdır. Görkəmli alim 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. 2017-ci ildə isə Möhsün Nağısoylu AMEA-nın həqiqi üzvü seçilmişdir.
Möhsün Nağısoylu 2015-ci ilin dekabr ayında AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin olunmuş və 2021-ci ilin oktyabr ayınadək bu vəzifədə çalışmışdır. Akademik Möhsün Nağısoylunun Dilçilik İnstitutuna rəhbərliyi dövründə "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" və "Müasir Azərbaycan dili" kitabının I-II cildləri nəşrə hazırlanmışdır. Bu müddətdə Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur.
Akademik Möhsün Nağısoylu 2021-ci ilin oktyabr ayından AMEA-nın dilçilik və şərqşünaslıq üzrə müşaviri vəzifəsində çalışır.
O, ölkəmizdə tərcümə ədəbiyyatı tarixi üzrə görkəmli tədqiqatçı kimi tanınır. Alimin sözügedən sahə üzrə çoxsaylı elmi araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda orta yüzilliklərdə bədii tərcümənin əsasən iki növü olmuşdur: hərfi tərcümə və sərbəst tərcümə. Klassik poeziya örnəklərinin tərcüməsində sərbəst-yaradıcı tərcüməyə üstünlük verilmişdir. Akademik Möhsün Nağısoylunun orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatına aid tədqiqatları 20-yədək monoqrafiyasında öz əksini tapmışdır. Bundan əlavə, "Azərbaycan tərcümə ensiklopediyası"nın I və II nəşrlərində klassik tərcümə ədəbiyyatına dair çoxsaylı oçerkləri akademik Möhsün Nağısoylu hazırlamışdır. On cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının III, IV cildlərində yer alan XIII-XVIII əsrlər Azərbaycan tərcümə ədəbiyyatı oçerklərinin müəllifi də akademik Möhsün Nağısoyludur.
Alimin "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" (2000), "Füzulinin "Hədiqətüs-süəda" əsəri" (2002)", "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" (2003), "Şirazinin "Gülşəni-raz" tərcüməsi (filoloji-tekstoloji araşdırma və mətn)" (2004) "Əhmədinin "Əsrarnamə" tərcüməsi (filoloji-tekstoloji araşdırma və mətn)" (2005), A.Bakıxanovun "Riyazül-qüds" əsəri" (2006), Həzininin "Hədisi-ərbəin" tərcüməsi (filoloji-tekstoloji araşdırma və mətn)" (2008), XVI əsr Azərbaycan tərcümə əsəri "Kəvamilüt-təbir" (filoloji-tekstoloji araşdırma və mətndən parçalar)" (2011), Anonim "Şeyx Sənan" mənzum hekayəsi (filoloji-tekstoloji araşdırma və tənqidi mətn)", Ş.Abdullayeva ilə müştərək (2016), "Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər" (2019), "Kitabi-Dədə Qorqudun Günbəd əlyazması (filoloji-tekstoloji araşdırma və tənqidi mətn)" (2021) kitabları filologiya elmimizi, bütövlükdə götürdükdə Azərbaycan humanitar elmini yeni məna və fikirlərlə daha da zənginləşdirmişdir. Qeyd edim ki, görkəmli elm xadimlərinin bu dəyərli kitablarından bir neçəsi haqqında rəy yazmış və onları ayrıca kitab şəklində nəşr etdirmişdir.
Onu da qeyd edim ki, alimin bu kitablarının hamısı ilkin yazılı qaynaqlar - qədim əlyazma kitabları əsasında hazırlanmışdır.
Möhsün Nağısoylunun həmmüəllifi olduğu "Farsdilli əlyazmalar kataloqu" kitabı İran İslam Respublikasında, "Nizami İncilər" kitabı (müştərək) və "Vəli Şirazi və onun "Gülşən-i Raz" monoqrafiyası Türkiyədə, "XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"nin paleoqrafik, orfoqrafik və tərcümə xüsusiyyətləri" adlı monoqrafiyası isə Almaniyada (rus dilində) nəşr olunmuşdur.
Akademik Möhsün Nağısoylunun orta əsrlərin yadigarları olan bir sıra əlyazma kitablarının ilk dəfə nəşrə hazırlanmasında da böyük xidmətlərini qeyd etmək lazımdır. Görkəmli alim XVI əsr mütərcimi Məhəmməd bin Hüseyn Nişatinin irihəcmli "Şühədanamə" (1539-cu il) və "Şeyx Səfi təzkirəsi" (1543-cü il) adlı tərcümə əsərlərini, eləcə də XVIII əsr müəllifi Möhsün Nəsirinin "Lisanüt-teyr" ("Quşların dili") kitabını (müştərək), Füzulinin "Hədiqətüs-süəda" əsərini (müştərək) nəşrə hazırlamışdır.
Möhsün Nağısoylu tərcümə sahəsində də səmərəli fəaliyyət göstərərək fars dilindən bir neçə kitabı dilimizə çevirmişdir. Onun tərcümə kitabları içərisində Sədrəddin Bəlağinin "Quran qissələri", Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" (filoloji tərcümə), Əqiqi Bəxşayişinin "Siddiqeyi-Tahirə", Seyid Yəhya Şirvani-Bakuvinin "Gülşəni-əsrar" (filoloji tərcümə) xüsusi yer tutur. Bu tərcümə kitablarından birincisi indiyədək dörd dəfə çap olunmuşdur.
Akademik Möhsün Nağısoylunun gənc elmi kadrların yetişdirilməsində də böyük xidmətləri vardır. Alimin elmi rəhbəri olduğu 30-dan çox gənc mütəxəssis fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etmişdir. Altı nəfər fəlsəfə doktoru isə akademik Möhsün Nağısoylunun elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru diplomunu almışdır.
Möhsün Nağısoylunun rəhbərliyi və iştirakı ilə "Farsca-azərbaycanca lüğət" və "Azərbaycanca-farsca lüğət" (iki cilddə) işıq üzü görmüşdür.
O, bir sıra xarici ölkələrdə keçirilən mötəbər elm məclislərdə - Beynəlxalq elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Belə ki, görkəmli elm xadimi Paris, Berlin, Drezden, Budapeşt, Varşava, Buxarest, Sarayevo (Bosniya və Herseqovina), Praqa, Lefkoşa (Şimali Kipr), Uskup (Şimali Makedoniya) qardaş Türkiyənin və İran İslam Respublikasının bir sıra şəhərlərində təşkil olunan Beynəlxalq elmi konfranslarda iştirak etməklə yanaşı, ayrı-ayrı iclasların sədri və həmsədri də olmuşdur. O, dəfələrlə Türkiyənin məşhur Hacəttəpə Universitetində olmuş və burada professor, tələbə heyəti qarşısında Azərbaycan lüğətçiliyi və müasir Azərbaycan dili mövzularında məruzələr etmişdir.
Akademik Möhsün Nağısoylunun elmi fəaliyyətinə ölkəmizin tanınmış alimləri ilə yanaşı, bir sıra xarici ölkə alimləri də yüksək dəyər vermiş, haqqında məqalələr yazmışlar. Bu baxımdan Turxan Gəncəyinin (Böyük Britaniya), Şükrü Haluk Akalinin (Türkiyə), Hüseyn Siddiq Düzgünün (İran İslam Respublikası) görkəmli elm xadimimiz haqqında fikirləri xüsusilə böyük əhəmiyyət daşıyır.
AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun bu günlərdə 80 yaşı tamam olur. Orta əsrlər Azərbaycan əlyazma kitablarının mükəmməl tədqiqatçısı Möhsün Nağısoylunu bu münasibətlə ürəkdən təbrik edir, hörmətli həmkarıma, dəyərli elm xadiminə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
