Bir var dünyanı bizə göstərən poeziya, bir də var cahanı bizə sığınacaq edən poeziya. Sona Vəliyevanın şeirləri hər iki poeziya kateqoriyasına uyğun gəlir. Sona xanımın şeirləri tarixi təcrübə, ailə yaddaşı, qadın taleyi, sevgi və itkilər haqqındadır, o, poetik əsərlərində oxucunun da daxil ola biləcəyi mənəvi məkan yarada bilən şairdir. Onun şeirlərində dəfələrlə bağlı qapılar, tərk edilmiş evlər, dağıdılmış kəndlər və itirilmiş yurd yerlərinin obrazını görürük. Onun poetik əsərlərində mənəvi qapılar daim oxucuların üzünə açıqdır.
S.Vəliyevanın şeirləri uca səslə oxunulası əsərlərdir. Şair bizimlə kədərli bir ovqatı bölüşmək istəyir, lakin bu kədər özünə qapanmış halda deyil. Əksinə, bu, mənəvi güc birlik yaradan bir jest, əməl kimidir. Şeir bəzən səhradakı kölgə, xəstə ziyarəti, yetişmiş üzüm giləsi və ya şəfalı məlhəm sayaqdır. Poeziyada kədəri bölüşmək ağrını artırmır, əksinə, yüngülləşdirir. Poeziya sadəcə etiraf deyil, həm də müraciətdir: "Mənə gəl" çağırışıdır. Sanki bu şeir oxucuya səslənir: yanımda otur, taleyimi dinlə və bəlkə də, burada öz ömür tarixçəni tapdın...
Sona Vəliyeva lirikasının ən mühüm xüsusiyyətlərindən biri də oxucuyla qurduğu səmimiyyətdir. O, şeirlərində dönə-dönə kimlərəsə üz tutur: anasına, atasına, övladına, sevdiyi şəxsə, Vətənə, Allaha, ağaca, quşa, küləyə, bağlı qapının gözətçisinə və ya öz könül dünyasına. Dünya onun üçün sadəcə susqun əşyaların məcmusu deyil. Hər şeyin öz ruhu, yaddaşı və həyata münasibətdə cavabı var. Ağaclar insan ağrısını anlayır, yollar gedənlərin izini saxlayır, evlər inciyir, çiçəklər qorxur, külək qisas alır, yağış isə həm ağlayır, həm də ətrafa paklıq yayır. Bu poetik dünyada təbiət sadəcə bir fon deyil, insan taleyinin iştirakçısıdır. Onun şeirlərindəki ağac, çiyələk kolu, gilas, çinar, ərik və novruzgülü obrazları insani keyfiyyətlərə sahibdir. Ağac bəzən ana, qardaş və ya tənhalıq çəkən bir yolçu ola bilir. Onun çiçəkləməsi ümid, solması itki, yenidən göyərməsi isə dirçəliş vədidir. Təbiətin dövri nizamı bizə deyir ki, fiziki yoxluq, ya da məhv mütləq son demək deyil. Tökülən yarpaqdan sonra yeni bahar gələ bilər, qurumuş ağac yuxuda dirilə bilər.
Sona xanımın şeirlərindəki qar motivi xüsusilə əhəmiyyətlidir. Qar eyni zamanda soyuğu, xəstəliyi, uzaqlığı, saflığı və xatirələri simvolizə edir. "Qar ətri" şeirində, hətta yay belə qar ətirlidir. Bu qəribə duyğusal ziddiyyət vətən həsrətinin mahiyyətini ifadə edir: insan, əslində, özündən uzaq olanı gerçək bir şey kimi hiss edir. Qar yağması sadəcə meteoroloji bir hadisə deyil, itirilmiş mənzərənin mesajıdır. Bir ovuc qarın içində bütün vətən, dağ xatirələri, uşaqlığın qayğısızlığı və təhlükəsizliyi, evin əlçatmazlığı ifadə oluna bilər. Xəstə insan su deyil, qar istəyir. O sanki susuzluğunu deyil, ruhunu yandıran yurdsuzluğu söndürmək istəyir. Beləliklə, qar sağalmaz vətən həsrətinin dərmanı olur - elə bir dərman ki, biz onun tam sağaltmağa qadir olmadığını bilsək də, yenə də ona ehtiyac duyuruq. Sona Vəliyevanın poeziyasında xatirələr də belədir: onlar ağrı verir, lakin onlarsız insan özünü itirər. Onun şeirlərindəki əsas sözlərdən biri də "ev"dir. Lakin ev sadəcə bir tikili deyil. Bu, ata evi, doğma kənd, vətən, ailə, ana bətninin isti yuvası və ya insanın daxili, mənəvi məkanıdır. Qapı, pəncərə, açar, astana, ocaq, bağ və işıq evə aid olan nəsnələrdir. Əgər bunların hamısı yox olursa, təkcə ev deyil, bütün həyat tərzi dağılır. "Dağılmış evlər, yurdlar və xatirələr" şeirində təkcə divarlar və əşyalar deyil, həm də məcazi mənada uşaqlıq, gənclik, tənhalıq və arzular da uçqun altında qalır. Şair üçün evin dağılması sadəcə maddi itki deyil. Onunla birlikdə insanın öz keçmişi önündəki haqqı da yox olur. Solğun divar kağızları, qapısız xarabalıqlar, sönmüş ocaq - bütün bunlar evdəki əşyaların insanın həyatını özünə hopdurduğunun sübutudur. Buna görə də qapı Sona xanımın poeziyasının ən güclü simvollarından birinə çevrilir. O, xarici dünyanı daxili dünyadan, indiki zamanı keçmişdən, yadı doğmadan ayırır. Bu, bağlı bir sərhəd, bitmiş bir hekayə də ola bilər. Açar isə qayıdışa ümiddir. Bəzən o, yad əllərdə olur, bəzən şair onu öz qəlbində gizlədir, bəzən də o yağış kimi göydən enir.

Sona xanımın "Orada bir ev var" şeirində ev, az qala, mifik bir məkana çevrilir. Orada şam yanır, çiçəklər evə qayıtmalı olan adamı gözləyir, boş beşik yellənir, hörümçəklər isə evlərinin divarlarına ayrılıq hekayəsini - torları hörürlər. Bu ev həm real, həm də xəyalidir. Ola bilsin ki, onun divarları artıq yoxdur, amma o, qəlbdə, ürəkdə, xəyalda yaşamağa davam edir. Üstəlik, xəyali ev zaman keçdikcə insanın hal-hazırda yaşadığı yerdən daha gerçək olur. Buna görə də Sona Vəliyevanın poeziyasında evə qayıdış sadəcə bir səyahət deyil. Qayıdan insan təkcə coğrafi məkana deyil, həm də özünə, uşaqlığına, valideynlərinə və həyatın hələ axarında olduğu o dünyaya qayıtmağa can atır. Vətən mücərrəd anlayış yox, bağ, çay, dağ, ağac, kənd yolu, çörək ətri və ana səsidir.
Şəxsi itki və ictimai faciə Sona xanımın şeirlərində bir-birinə təbii şəkildə qarışır. Şair öz xalqının tarixi yaralarından bəhs edərkən həmişə paralel olaraq şeirində bir insanın da simasını qoruyub saxlayır. Müharibə sadəcə orduların və sərhədlərin mübarizəsi deyil, həm də dul qadınların, yetimlərin, anaların və gözü yolda qalan ailələrin taleyidir. Şəhid obrazlarında qəhrəmanlıqla yanaşı, həmişə geriyə dönməz bir insan itkisi də mövcuddur. Vətəni qoruyarkən şəhid olan əsgər eyni zamanda oğul, nişanlı, ər, ata və milli yaddaşın bir fiqurudur. Tabut bayraqla örtülüb, lakin onun altında yarımçıq qalmış bir insan ömrü uyuyur. Şair atasının məzarı başında ağlayan uşağı da unutmur. Beləliklə, ictimai pafos dönə-dönə şəxsi kədərlə yoğrulur. Məhz bu cəhət bu şeirləri mümkün qədər inandırıcı edir: həmin poetik nümunələr yayğın şüarları təkrarlamır, insan talelərini göstərir.
Sona Vəliyeva poeziyasının, bəlkə də, ən dərin və təsirli hissəsi anaya həsr olunmuş şeirlərdir. Ana eyni zamanda həm real bir şəxsiyyət, həm də ümumi müdafiə gücünün təcəssümüdür. O, günəş işığı, hava, səs, çörək və sudur. Onun əlləri şəfa verir, çörək bişirir, qucaqlayır və insana həyat bəxş edir. Onun ölümü ilə sadəcə sevimli bir insan getmir: dünyanın təhlükəsizliyinə olan inam sarsılır. "Anamın əlləri" şeirində əl varisliyin rəmzinə çevrilir. Lirik "mən" əvvəlcə ananın itirilmiş əlini axtarır, sonra isə öz əllərində onun gələcəyini tanıyır. Ananın əli tamamilə yox olmayıb: o, qızının hərəkətlərində və oxşamalarında, sığallarında yaşamağa davam edir. Beləliklə, itki varisliyə çevrilir.
Sona xanımın "Mənim əllərim" şeiri də çox dəyərlidir. Bu şeirdə əllərin milyon yaşı var, onlar göyərçinə, yarpağa və abidəyə çevrilir. Onlar təkcə ayrılıqda bir insanın deyil, həm də bütün nəsillərin təcrübəsini özündə daşıyır. Onlar dua edir, tərk edilmiş evlərin qapısını döyür və vətən itkisinin ağrısını saxlayır. Əl - fəaliyyət, qayğı göstərən, yaradıcıya və duaya açılan orqandır. Elə həmin əllərlə biz şeirlər yazırıq, çörək bişiririk, uşaqları oxşayaraq layla deyib yatızdırırıq və yaxud itirilmiş evin açarına sarı uzanırıq. Ailə yaddaşında ata obrazı da təhlükəsizliyin və mənəvi nizamın təcəssümüdür. Ata evi, atanın baxışı və onun öyüdləri uşağı qoruyucu bir çəpərlə əhatə edir. Şəhərə köçən qız oxuyur, işləyir, özünə ev qurur, lakin onun ruhu hələ də kənd yollarının ayrıcında dolaşır. Şairənin qadın səsi eyni anda həm uşaq, həm ana, həm də həyat yoldaşının səsidir. O, gah dünyasını dəyişmiş anasını axtarır, gah atasını çağırır, gah övladı üçün narahatlıq duyur, gah da sevdiyi insan üçün dua edir. Bu rollar bir-birindən kəskin şəkildə ayrılmır. Onların arasında eyni qayğıkeş sevgi dayanır. Ana övladı, xanım həyat yoldaşı, qız qoca atasından sarı narahat olur, hətta dünyasını dəyişmiş ana belə dul qalmış həyat yoldaşının qayğısına qalmaq üçün onun yuxularına gəlir.
Sona xanımın sevgi şeirlərində də bağlılıq, iztirab, qürur və dua bir-birinə qarışır. Sevilən insanın yoxluğu zamanın təbiətini dəyişir: dəqiqələr sonsuzluğa qədər uzanır, dünya zülmətə qərq olur, otağın divarları sıxılır. Sevgi yüngül bir oyun deyil, tale, sınaq və bəzənsə sağalmaz yaradır. Və yenə də bu - sevgi insanı qorxu və itki sərhədində saxlaya bilən bir gücdür. Bu şeirlərdə qadın sadəcə əzab çəkmir. Onun mənəvi dözümü, qüruru və inamı var. O, zərifdir, lakin onu məhv etmək mümkün deyil. Sevgi onu alçaldanda və ya ona qarşı xəyanət olunanda o öz daxili ləyaqətindən yeni bir qala ucaldır. Bu, qürur, təkəbbür deyil, özünümüdafiədir: insanın öz ruhunu da qorumalı olduğu şüurudur.
Sona Vəliyevanın poeziyasında iman dekorativ bir element deyil, dünyagörüşünün təməlidir. O, Allaha uzaq, mücərrəd bir qüvvə kimi deyil, bilavasitə, əlçatan bir varlıq kimi müraciət edir. O, Yaradandan nələrisə soruşur, yalvarır, mübahisə, şükür edir və təsəlli axtarır. Lakin inam ağrını aradan qaldırmır. Əksinə, ona əlavə ifadə imkanı verir və insanın ağrı ilə təkbətək qalmamasına şərait yaradır.
Dua və şeir çox vaxt eyni rolu oynayır. Hər ikisi müraciətdir və hər ikisi görünən dünyanın hüdudlarından kənara yönəlib. Şair üçün söz ilahi mənşəlidir. Söz dostdur, düşməndir, bəzən isə yaddır, lakin məhz onun sayəsində insan ruh qazanır. Söz bədəndən daha uzunömürlüdür, şairin tabutunu öz çiyninə götürür və onun səsini artıq onunla görüşə bilməyəcək kəslərə çatdırır. Məhz sözə olan bu etimad Sona xanımın şeirlərinin macar dilində nəşrini xüsusilə əhəmiyyətli edir. Bu şeirlərdəki bəzi məqamlar macar oxucusu üçün tarixi və mədəni baxımdan başqa bir dünyanın xatirələri kimi görünə bilər, lakin şeirlərdə əks olunan əsas insani yaşantılar hər kəsə tanışdır: itirilmiş vətən, ata ocağının xatirələri, ananın yoxluğu, övlad qayğısı, sevdiyin insan üçün dua, dünyasını dəyişənlərin adları və evə qayıtmaq ümidi kimi məsələlər dil və ya dövlət sərhədlərini tanımır. Marta German-Totun tərcüməsi Sona xanımın poeziyası ilə tanışlıq üçün bir imkan yaradır. Macar dilindəki mətnlərdə şeirlərin etiraf dolu sadəliyi, ritmi, nağılları və xalq mahnılarını xatırladan obrazlılığı, eləcə də şairin oxucuya müraciət etdiyi səmimiyyət tonu tərcümələrdə qorunub saxlanılıb. Bu lirikanın gücü dildə deyil, emosional bəşərilikdədir.
Kitabdakı şeirlər həsrət və ümidin bir-birinə zidd olmadığı bir aura yaradır. Onlar eyni kökdən boy atır. Bu qədər dərindən kədərlənən şair yalnız ona görə kədərlənə bilər ki, o, dərindən sevib. Evə qayıtmağı bu qədər şiddətlə arzulayan insan bunu yalnız ona görə arzulaya bilər ki, o, bir vaxtlar həmin evdə olmağın necə bir nemət olduğunu bilir. Yayda qar qoxusunu duyanın yaddaşında dağlar hələ də yaşayır.
Sona Vəliyevanın şeirlərində ağrı son söz deyil. O, quruya bilən ağacı ayağa qalxmağa çağırır. Tərk edilmiş evdə yanan şam saxlayır. Allahdan uşaq üçün bir ev diləyir. Dünyasını dəyişənlərin xatirəsini adlarla, sözlərlə və sevgi ilə qoruyur. Ümid bəzən əriyən qarın altında bir novruzgülündən çox olmur, lakin məhz bu kövrək nişan gələn bahardan xəbər verməyə qadirdir.
Buna görə də Sona Vəliyevanın macar dilində nəşr olunacaq "Qar ətri" adlı kitabı sadəcə itki haqqında bir kitab deyil. Bu, həm də xatirə, sədaqət və mənəvi müqavimət haqqındadır. Əlinizdə tutduğunuz kitab söyləyir ki, insanın evi dağılsa, kəndi boşalsa, valideynləri dünyadan köçsə və getdiyi yolları ot-alaq bassa, cığırlar yox olsa belə, heç vaxt onlar yaddaşda qeyb olmur. O, adları, hekayələri, sözləri və sevgini qoruduğu müddətcə, evi də insanın ruhunda yaşamağa davam edir. Və bəlkə də, poeziyanın ən dərin, başlıca vəzifəsi budur: uzaq bir evdə şamı yanar saxlamaq ki, insan ən qaranlıq, zülmət gecədə belə evinə gedən yolu tapa bilsin.
Tərcümə etdi: Mahirə Qasımova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
