Şairin "Bir salam yetir" kitabında, o cümlədən və Facebook səhifələrində oxuduğum şeir və poemalarına xitabən
Ötən 80-ci illərdən ilk qələm təcrübələrini "Azərbaycan gəncləri" qəzetindən və "Ulduz" dərgisindən mütaliə etdiyim Şahverən Cavad dürüst şair taleyini yaşayır. Doğulduğu məkan subtropik Astaranın Şahağacı kəndi, Xəzər sahilləri, ətrafdan min şaxəli dəmir ağacı meşələrinin alov dilimləri tək boy atdığı, yayıldığı, əsrarəngiz Talış dağları. "Şah" sözü həm şairin adında var, həm də anadan olduğu yaşayış məkanında şahanə görkəmli, boylu-buxunlu Şahverən, həqiqətən, bu nəsildəngəlmə toponiminin hikmətini yaradıcılığında doğruldur, təsdiqinə can atır.
Laylamla qanıma hopub o işıq,
Məni o yerlərin işığı çəkdi.
Bəlkə bir quş olub uça bilərdim,
Məni yurd sevgisi torpağa çəkdi.
Əlbəttə, söhbət təkcə o mavi Xəzərlə dağların şimalla-cənubun qovuşacağında yerləşən al-yaşıl guşədə doğulmaqdan getmir. Şahverən Cavadın şahanəliyi, cəngavərliyi ondadır ki, yerinə-yurduna heç vaxt kəc baxmayıb, bu torpağa sədaqətini həmişə ağayana surətdə nümayiş etdirib, yəni bütün dünyanı gəzib-dolaşıb və sonda Astaraya dönüb. Bu diyar ilham mənbəyidir, çörək ağacıdır şairin. Çünki rayonda pillə-pillə vəzifələrə yüksəlib, hörmət, şan-şöhrət tapıb. Gecələr isə Şahağacı kəndindəki ata yurdunda masaya sinə gərib, kağız-qələm götürüb, duyğularını dəftərə köçürüb.
Misal çəkdiyim şairin "Bir salam yetir" şeirindəndir ki, başlanğıcında vurğuladığım kimi, bu həm də Şahverən Cavadın şeir toplusunun adıdır. Şeir ədəbiyyatşünas alim Mehman Qaraxanoğluya həsr edilib və Mehman eyni zamanda kitabın redaktorudur.
Ön sözü isə kitaba professor Məhərrəm Qasımlı yazıb. M.Qaraxanoğlu zəhmətə qatlaşaraq kitaba "Abzasların fəlsəfəsi və ya dünya şairləri sözlə aldadır" adlı son söz əvəzi - esse yazmış, ayrı-ayrı poetik beyt, misra və bəndlərin məziyyətlərini açmağa nail olmuşdur.

"Hər nəsnənin öz yuxusu olur; insanın, ağacın, quşun, çiçəyin, kitabın, suyun, balığın və ilaxır... Sonra bu yuxular cəm olub dünyanı hasilə gətirirlər. Dünya özü boyda bir yuxudu, demək. Adəm də, Xatəm də, Şahverən Cavad da bir yuxudu. İnsan yuxusunun dağ, daş, quş, balıq yuxusundan fərqi ondadır ki, özü bir yuxu ola-ola yuxu görür insan". Maraqlı mülahizədir, deyilmi? Bu parça M.Qaraxanoğlunun Şahverənin "Anam yuxuma girmir" şeirinin təhlilinə yazılıb (şeir Vaqif Bəhmənliyə həsr olunub).
Düzü, kitaba qoyulan bu bir qədər səslənməsinə görə ritorik təsir bağışlayan ad könlümü açmadı, axı mənim ilk gənclik illərindən tanıdığım şair Şahverən Cavaddan gözləntilərim bambaşqaydı. "Bir salam yetir". Məgər müəllif yüzlərlə uğurlu ifadəni toplunun üzünə çıxara bilməzdimi? Ad qəhət idimi? Dərhal aşıqların oxuduğu "Gəl gedək Qazaxa bir salam verək" şablon misrasını beynimdə fırlatdım. Bu anda özümü qınadım. Yunus Əmrənin də "Salam olsun!" adlı dillər əzbəri gəraylısı var, yəni ad hələ hər şey demək deyil. Yanılmadım, Şahverənin poeziya buketini vərəqlədikcə, heyrətim artdı:
Dərdini deməyə adam tapmasan,
Apar dərdlərini sulara danış.
Elə həmin "Bir salam yetir" şeirindən daha bir şahanə, səliqə-sahmanı yerində olan qızıl beyt:
Mən ki, qismətimi qızıl balıqtək
Küsdürdüm, bir daha tilova gəlməz.
Hələ bu harasıdır? Şeirdəki fəlsəfi ümumiləşdirmə Miladdan o yana keçir -
İtib nəsillərin minillik bağı,
İndi köklüləri alaq edirlər.
Dünyada unudulmaqdan, yaddan çıxmaqdan böyük bəla yoxdur. İnsanın insandan umacağı ilk, bəlkə də doğma söz "niyə məni axtarmırsan?" ifadəsidir. Bu, münasibətin ali dərəcədə təzahürünün göstəricisidir. Görünür, təbiətən insanın həmişə xoş sözə ehtiyacı var, bunu isə "uman yerdən küsərlər" deyə ən yaxınından umur. Şübhəsiz, kövrək qəlbli Şahverənin də bu vəfasız dünyada itirdiyi mənəvi sərvət dost sevgisidir, qohum-əqrəba vəfasızlığıdır, tanıdıqları mələk xislətlilərin qurd libasıdır ağrılarını gərildən. O, hər məsələnin kökünə bələddi, lakin etirazını cəmiyyətə pıçıltılı misraları ilə bildirir, konkret heç kəsi günahlandırmır. Bu cəhətdən müəllifin "Düşmür" qoşması xarakterikdir:
Rəfdə toz altında qalan kitabtək,
Adım bir kimsənin yadına düşmür.
Ömrüm, arıları uçan bir pətək,
İndi qarışqa da yaxına düşmür.
Bəh-bəh, özünüifadənin üst və alt qatında obrazlı təfəkkürün yaratdığı mənəvi yükə bax! Kitabı rəfdə toz basırsa, bu, müəllifin faciəsidir, deməli, əsəri oxunmur, heç kəs həmin kitabçanı əlinə götürmür. Adamın adı hardasa xatırlanmırsa, yad olunmursa, ikiqat faciədir. Deməli, ömür boş-boşuna ötüb, yelə verilib. Şair ustalıqla təkliyə çəkilməyin rəsmini çəkir. Maraqlıdır ki, elə bil "Düşmür" rədifli qoşması ilk təhlil etdiyimiz "Bir salam yetir"in (kitabın adıdır) davamıdır. Axırda yenə həyatın bir şirinli-acılı yuxu olması, bu qarışıq röyanın tamamlanması məntiqinə varırıq:
Bir çimir yuxuymuş ötən ömür-gün,
İkisi ağ imiş, beşi kömür-gün.
Bu dəvə dünya da sönəcək bir gün,
Hər gəmi o Ağrı dağına düşmür.
"Qədərlərin bəxtinə ocaq qaladığı", odlana-odlana "ömrünü kömür yerinə yandıran", yorulub- usanmadan "bütün ömrünü sözə calayan", dadını damağında hiss edən, doğrusu, "sözün ömrünü yaşayan" müəllif böyük sələfi M.Füzulinin kədərinə şərik çıxır, bu qəmin və dərdin ortaq məxrəcindən qüssələnmir, ilham alır ("Mən söz yaşamışam"). Hər şair öz zəmanəsinin övladıdır. Klassik ədib yaşayıb-yaratdığı əyyamın, çağdaş hiss-duyğu adamı müasir dövrünün. Bu mənada nə qədər zahiri və daxili bağlılıq axtarıb tapsaq da, indiki dövrümüzün bütün cövr və cəfaları məhz Şahverən Cavadın poeziyasından keçir. Onun şeir və poemaları (kitabında bölmələrə ayırıb) bitkin, əsasən bütöv - tam təsir bağışlayır. Mövzu rəngarəngliyindən və nədən yazmasından asılı olmayaraq... Lap elə ədəbiyyatımızda sel kimi daşan Araz faciəsindən yazsa belə, mətləbi çılpaq surətdə yox, lirik-tarixi vüsətdə qələmə almağa çalışır və xalq ifadələrindən, deyim tərzindən yerli-yataqlı istifadə eləməklə şeirinə istilik, hərarət gətirir.
Dərdlər gözlərimi tapdı yuvatək,
Necə ki, dərd seli Araza axdı.
Ay Araz, əlini bir başıma çək,
Bizim taleyimiz oxşardı axı.
Gözlərin dərd yuvasına bənzətməsi, Arazın canlanıb dirilməsi, insan kimi şairin başına əlini çəkməsi, "bizim taleyimiz oxşardı" - yarımmisrası tapıntılardır: bədii-estetik dəyərlərə söykənən kəşflərdir.
"Elə həmin Şahverənəm", "Bu yazı gördük" (Musa Yaquba xitabən), "Qonşu qızı kimi", "Gəl, məni oyat sən, ay Qaragilə", "Başına dönüm", "Tanrı dərgahında", "Atama", "Məni şair eylədi", "İllərim beləcə ağa bükülür", "Mənim gözaltım var", "Qapım", "Söz", "Son payızda", "Gözümün qarası-ağı", "Bircə yol sevgidən açar çiçəklər", "Səs", "Borc", "Astaram mənim", "Hər məzar başında", "Torpağa köçür", "Qardaşlarıma", "Bulud", "Ömür yolu" bədii əsərlərində fani dünyanın get-gəlləri, həsrət-hicran notları, hiss-duyğu təlatümləri, ovqat ehtişamları, vətənpərvərliklə bağlı düşüncələr həzin-həzin bədii salnaməyə çevrilir, misra-misra bəndlərə hörülür.
Mən sözümün ağası,
Söz dilimin çağası.
Sözü ilham çağırsa,
Üzümə durar mənim.
"Söz"
Bu da vətəndaşlığın ifadəsi - ən yüksək sevgi nişanəsi:
Oğul tək borcundan çıxmadım, Vətən,
"Külli Qarabağa" qan borcum qalıb.
"Şuşanın dağları, başı duman, çən",
Dərvişəm, çiynimdə qəm-xurcun qalıb.
"Borc"
Torpaq ətirli, torpaq sətirli şeirindən bir bənd:
Ömür tamaşadır bir sirk içində,
Sanki insan da bir sirdən keçir.
Bu dünya əzəldən bir görk üçündür,
Torpaqdan yaranan torpağa köçür.
"Torpağa köçür"
Qədim Yunan-Roma fəlsəfəsinə görə bəşər övladı dörd ünsürdən yaranıb (iki və iki), yəni su-hava, od-torpaq. Ona görə yaranışın ilk əlamətləri həmişə təfəkkür tərzində, zəkasında izlərini buraxıb. Məsələn, nəzmin ən qədim növlərindən sayılan rübai dörd misralıq şeirə işarədir. Eləcə də müasir dövrdə bəndlə yazılan şeirlər, bayatılar dörd misradan ibarətdir. Kitabın "Bu torpağın bir əsgəri doğulub", "Torpaq köynəyindən keçirir bizi", "Qəlibə sığmayan misralar", "Sözü unudulmuş mahnıdır sevgi", "Təkcə sənin xətrinə" bölmələrində kifayət qədər seçmə nəğmələr, oxucunu ovsunlayan bəndlər, adamla söz güləşdirən bədii lövhələr, misralar, od püskürən metaforalardan qidalanan bədii kəşflər var. Həssas oxucu diqqət yetirsə, bu keyfiyyətli əsərlərdə görər ki, kifayət qədər keçmişdən iz-nişanə, bənzətmə var, xatırlatdığımız dörd ünsür isə Şahverənin yaradıcılığının mayasından qidasını alır.
Sirr burasındadır, insan dərgahına doğru yol gedə- gedə anlayır, daha cahanda heç nə əbədi deyil; daş da, ağac da, o ki qaldı, ömür-gün ola. Səməd Vurğun demişkən: "Düşünən bir beyin bir torpaq olur". "Dəli ozan kimi buta axtarışında" şair dəmir çarıq geyinib, əlinə dəmir əsa alıb, ürəyinin hayqırtısı göylərə bülənddi:
...Dünya ki, saxlama kamerasıymış,
Verdim ki, saxlasın, nəyi qazandım.
"Ömür yolu"
Məmməd Arazın qızıl misrası yaddaşda işarır: "Dünya sənin, dünya mənim, dünya heç kimin". Bu həyati konsepsiya "Səhv düşüb", - Şeir", "İmza", "Ehtiyac", "Oğul evin dirəyi", "Şükür", "Bir şehcə kövrəyəm", "Nəvəm Uğura", "Gəl, ay Əhəd", "Qürbətdən məktub", "Astaranın xəritəsi", "Anamın duası", "Etiraf" oda nümunələrində daha da güclənib. Yadımdadır, ötən 80-ci illərin sonları və 90-nın əvvəlləri - Şahverən Cavadın şeirdən-şeirə inkişafı və kamilləşməsi, yaxşı şair imicini imzasının ətrafında formalaşdırması mərhələsi. Budur, Fəxrəddin Teyyub demişkən, Şahverənin ikinci nəfəsdərməsi. Təkcə şairin üçcə bəndlik "Qaragilə" şeiri bütün ritmi və musiqisiylə ürəyimin divarlarına hopub. Sanki unudulmaz Rübabə Muradova "Təbrizin küçələri dolanbadolan, Qaragilə" - deyə-deyə öz mahnısını bu kiçik melodiyanın doğurduğu təəssürata qatıb:
Gəl, oyan, Qaragilə,
Ruhum dərddən təşnədir.
Bir az göz yaşı çilə,
Leysan yağış heç nədir.
Ötən günə ağlama,
Ömür döndü ilğıma.
Can dirənib hulquma,
Dərviş üçün köç nədir?
İnsan eşqin köləsi,
Kərəm - eşqə qəlb əsir.
Məcnunların qibləsi
Bir ilahi eşqədir.
"Qaragilə" ifasında qəribə hüzn var: mətnin sözlərində də, yüzillər boyu xalq ruhunun bəstələdiyi notsuz nəğmənin ahənginin özündə də. Şahverən "Qaragilə" fəryadına zuy tutmur, onu olduğu kimi təkrarlamır. Şairin mənəvi aləminin "Qaragilə"si bambaşqadır. Bəlkə bu nakam sevgi-məhəbbət nəğməsidir?! Tədricən müəllifin ruhuna oturub, misralara köçüb, canına-qanına hopub, alınıb. Şahverən Cavadın "Qaragilə" şeiri forma etibarı ilə folklor nümunəsinə oxşayır, ən çox da gəraylıya. Çünki bəndlərin hamısı yeddihecalıdır, zahirən də, daxilən də aşıq poeziyasının tələblərinə cavab verir. Təvazökar şair bircə xətaya yol verib, son bənddə adını çəkmir və bunu ona bağışlamaq olar. Belə ricətli axıcı şeirlər müəllifin kitabında çoxdur və onların əksəriyyətinə mahnı bəstələmək mümkündür. Ancaq hanı Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Şəfiqə Axundova, Cahangir Cahangirov kimi bəstəkarlar, necə deyərlər, "durnanı gözündən vursunlar", təmənnasız o şeirləri seçib nota köçürsünlər?
Şahverən Cavad fitrən şairdir, ortaya qoyduqlarında heç bir əllaməçilik yoxdur, istər məna, istərsə dil baxımından bədii parçalarında qüsur axtarmaq, uğursuz ifadələr tapmaq mümkünsüz cəhddir. Bu mükəmməllik son kitabının poema və şeirlərində aşkar nəzərə çarpır. Vaxtilə BDU-nun filologiya fakültəsində oxumuş şairə dərs deyən dilçi professor Kamil Vəli Nərimanoğlunun sözlərini xatırlayıram: "Astaralı Şahverən Cavad çox istedadlı şairdir. Təsadüfən bir dəfə şeirlərini mənə göstərib. Onun təfəkkür tərzi qeyri-adidir, orijinaldır, yazılarına heyran oldum. Dördüncü kursda qiyabi təhsil alırdı (80-nin ortalarında), tələbəykən bu şairdən köməyimi əsirgəmədim. Şahverənin ilk ədəbi nümunələrini "Ulduz"da və "Ədəbiyyat qəzeti"ndə ("Ədəbiyyat və incəsənət") mən çap etdirmişəm". Nədənsə beş il öncə İstanbul səfərimdə unudulmaz Kamil müəllimlə görüşərkən, yenə söhbət əsnasında məndən Şahverəni soruşdu: "Mənim astaralı tələbəm necədir, Şahverən Cavad? Yaxşı şair, ədəbli-ərkanlı oğlan idi, yenə yazıb-pozurmu? Bakıya qayıdan kimi mütləq ona salamımı yetir. Bir də o, əyalətdə yaşayır, yəqin çap imkanları məhduddur, talantlı adama əl uzatmaq savabdır", - dedi və mən o saat gənclik dostum Şahverənlə bağlı bildiklərimi ədəbiyyatşünas, folklorçu alimə həvəslə nağıl elədim.
Amansız vaxt hər şeyi əlimizdən alır: sağlamlığımızı, ömrümüzü-günümüzü, bütövlükdə həyatımızı. Belə misralarım vardı: "Vaxt məndən qisas aldı, mən də vaxtı öldürdüm". Şahverənin bu ağrılı mövzuda kifayət qədər seçmə şeiri var, onlardan biri möhtəşəm "Vaxt ayıq, ömür naşı"dır.
Vaxt köklədi sazını,
Heç çəkmədi nazımı.
Allah yazan yazını
Çap edən naşirəm mən.
Axırıncı iki misra, bəlkə də şeirin ən güclü yeridir. El arasında "Alın yazısı" ifadəsi var, mifik düşüncəyə görə də hər insanın alnında taleyi yazılıb. Bütün başına gələcək hadisələr aqibətində əksini tapıb. Dünyaya təşrif gətirən Adəm övladı təkrar-təkrar Allahın əmrini şüurlu şəkildə icra edir, yəni obrazlı ifadə ilə desək, çapdan keçirir. Özü də bu müqəddəs yazının başda, insanın alnında olması özgə məzənnədi, onun nə qədər qiymətliliyinin göstəricisidi. Şeir fəhmin, sirrin ifadəsidi, görünür, elə dərk etmədiyimiz nəsnələr, möcüzələr var, onlar şərti işarələrlə şairlərə əyandır, ona görə ulu Tanrı talantları ilham vergisi ilə mükafatlandırıb.
Şahverən Cavad təxminən, 25-30 il əvvəl alın yazısı ilə bağlı şeirini belə yekunlaşdırır:
Məni sirdaşmı seçib?
Dünya gözümə köçüb.
Səfər üstədir köçüm,
Əllini aşıram mən.
Məlumdur ki, qafiyə şeirin əsas elementi, onurğası, ölçü vahididir. Lakin çeynənmiş, trafarik, bayağı qafiyə sistemi təptəzə məzmuna dumanlı kölgə salır, orijinal fikrə belə xələl gətirir. Şahverənin xoşbəxtliyidir ki, ənənəvi heca vəzninin bütün ölçülərinə yeniyetməykən vaqif olub. O, balaca lirik parçada hər sözün yerini öyrənib. Bir ifadə ki, misraya ağırlıq elədi, şair ondan ehtiyatla qaçır, daha uyğununa doğru "tilov" atır. Əlbəttə, söz kəhkəşanında qəvvas kimi üzmək, əski balıqçı kimi suya tilov atmaq dədə-baba vərdişidi. Xəzərin düz sahilində qərarlaşan orta əsrlər kəndi Şahağacı şairin göz açdığı yurd yeridir.
Sevindirici haldır ki, son illər Azər Turanın baş redaktoru olduğu "Ədəbiyyat qəzeti" boşluğu doldurub, əyalət-bölgə söhbəti aradan qalxıb. Ən ucqar Azərbaycanımızın istedadlı sakini bu mətbu orqanında gen-bol çap olunur. Astaralı Şahverən Cavad da o cümlədən. Bu xeyirxahlığına görə Azər Turanı alqışlayıram. Ən azı Şahverən kimi şairlərin bu qayğıya mənəvi ehtiyacları var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
