Bəşər övladı şüurlu həyata qədəm qoyduğu gündən köç etmək, nədənsə doğulduğu, boya-başa çatdığı yurddan ayrılıb yad yerə kül tökmək, qürbət taleyi yaşamaq reallığı daima onunla qoşa addımlayıb. Zaman-zaman bu prosesin başvermə səbəbləri də müxtəlif olub. Tarix boyu bəşəriyyəti qarabaqara izləyən aramsız savaşlar, qanlı-qadalı qırğınlar, məcburi köçkünlük, qaçqınlıq, dolanışıq, gün-güzəran axtarışları, son dövrlərdə meydana çıxan qarışıq nikahların yaratdığı ailə problemləri, daha əlverişli iş-güc istəkləri, sadəcə, ayrı-ayrı fərdlərin şəxsi maraqları nəticəsində əsrlərlə arası kəsilməyən insan köçləri müasir dünyamızı yorulmaq bilmədən əriş-arğac dolaşmaqda davam edir...
Sovet dövründə digər milli respublikalar kimi, Azərbaycandan da böyük əraziyə malik olan Rusiyanın müxtəlif guşələrinə, iri sənaye mərkəzlərinə, elm və sənətin cəmləşdiyi bəlli şəhərlərə bütöv ölkənin paytaxtı sayılan Moskvaya həm dövlət planına əsasən, həm də kortəbii axın vasitəsilə önəmli miqdarda soydaşlarımız köçdülər və onların böyük əksəriyyəti orada daimi məskən saldılar. Bəllidir ki, bu axın Böyük Vətən müharibəsindən dərhal sonra, yəni 1946-cı ildən başladı və ulu öndərimiz Heydər Əliyevin (1923-2003) 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi olandan sonra daha vüsətli miqyasda davam etdi. Ədalət naminə qeyd edək ki, bu illər ərzində, xüsusən də Moskvada, elm-sənət sahələrində uca zirvələrə qalxan çoxlu soydaşlarımız yetişdi. Kimi ümumittifaq, kimi ümumdünya miqyasında şöhrət qazandı.
Gərdişin fırlanğacı hərləyib-fırlayıb məni də 1980-ci ilin lap əvvəlindən Moskva şəhərinə atdı və o zamandan taleyin hökmü ilə burda ömür sarayından gündə bir kərpic sökməklə məşğulam. Dəyərli oxucularım, bütün bu sicilləmələri söyləməkdə sizə də maraqlı olacağına inandığım bir özəl müşahidəmi nəzərinizə çatdırmaq qəsdindəyəm. Uzun illərdir köç, qürbət mətləblərindən söz düşəndə, həmyerlilərimizin böyük əksəriyyətinin Moskvada müvəqqəti yaşadıqlarını, imkan düşən kimi Vətənə qayıdacaqlarını, qürbət həyatına son qoyacaqlarını söylədiklərinin dönə-dönə canlı şahidi olmuşam. Amma dediyinə əməl edib geri köç edənlərin sayını müəyyənləşdirmək üçün bir əlin beş barmağı yetər. Belə düşüncə ilə yaşamaq ömür yolunu zillətə çevirir, adamı həmişə psixoloji gərginlikdə saxlayır, yüksək nəticələr uğrunda əzmkarlığı, çalışqanlığı öləzidir, ruh düşkünlüyü yaradır. İllər ötür, saçlar ağarır, dişlər tökülür, dizlər titrəyir... və bir də baxırlar ki, ey dad-bidad, ölüm mələyi əlini uzadıb, "gəl, gəl" deyir... Beləliklə, Vətənə köç arzusu ürəklərdə qalır, son köç baş tutur. Bu qədər! Bəs neyləməli?

Bildiklərimi, düşündüklərimi, yaşam təcrübəmi hər zaman həmvətənlərimizə söyləyirəm, bir daha təkrarlayım: başqa yurda gedən adam öz daxilində sevimli Vətəninin mükəmməl milli-mental modelini yaratmalı, yerli mühitə zidd getmədən, cəngi-cidala çıxmadan, mülayimliklə bütövlükdə xalis azərbaycanlı xarakterilə yaşamalı, yaratmalı və uğurlar əldə etməlidir. Başqa sözlə, qürbətə alışmaq gərəkdir, qürbəti ürəyinə salıb bəsləmək axşam-səhər öz başına qapaz vurmağa bənzəyir. Canım, axı bizim milli mənəvi dəyərlərimizin heç biri ümumbəşəri dəyərlərlə dissonans təşkil etmir. Biz də bu sivil dünyanın tamhüquqlu övladlarıyıq! Bizim də işıqlı dünyanın Günəşi altında yaşamaq haqqımız var!
Sivil qayda-qanunlara əməl edib, rahat yaşayanlara kürreyi-ərzin heç bir guşəsi qürbət ola bilməz! Bəs yad ölkələrdə belə yaşam tərzini qəbul edib, ömür sürə bilməyənlər nə etsinlər? Moskvada yaşayan tanınmış şairimiz Əliş Əvəz kimi "Qürbətdə saralıb kövşən olmuşam" (Əliş Əvəz. "Ana Tərtər". Şeirlər və poema. Moskva, "Karpov", 2003. S. 69. 146 s.) deyib, vay-şivən qoparınca, yır-yığış eləsinlər, sakitcə şələ-külələrini vursunlar dallarına, gedib sağ-salamatca, şad-şalayınca Vətəndə yaşasınlar. Zənnimcə, "qürbət, qürbət" deyə zıqqıyınca, qürbətin, yad elin, başqa ölkənin yaxşısını əxz etmək, öyrənmək, qavramaq, yumşaqlıqla yerli cəmiyyətə qaynayıb-qarışmaq və toparlanan dəyərlərin cəmini milli mənliyin inkişafına, əhəmiyyətli uğurlar qazanılmasına, adımızın-sanımızın özgə mədəni mühitdə ucaldılmasına yönəltmək daha sərfəli, daha vətənpərvər hərəkət olardı. İnsanın yaşadığı məkan o vaxt qürbət olardı ki, onu oraya ya sürgün etsinlər, ya da hər hansı səbəbdənsə orda zorla yaşamaq məcburiyyətində qalsın. Şükürlər olsun ki, həmvətənlərimizin əksəriyyəti Rusiyanın hər yerinə, eləcə də Moskvaya tamam-kamal könüllü olaraq gəliblər, məskunlaşıblar. Xoşbəxtlikdən həmişə Moskvada qürbət anlayışını özlərinə yaxın qoymayan, uğurlu nəticələr qazanmış eloğlularımız sayca çoxluq təşkil edib və edir, belə insanlarımız hər zaman milli qürurumuzun, iftixarımızın şölələnib pardaqlanmasına böyük töhfələr veriblər və verirlər...
İndi isə bu ədəbi portret-oçerkimizin qəhrəmanı, qırx ilə yaxın bir müddətdə Moskvada yaşasa da, heç cürə qürbətə alışa bilməyən, nə də heç vəchlə geri qayıtmayan istedadlı şair, publisist, jurnalist Əliş Əvəzdən söz açaq. Qasımov Əliş Əvəz oğlu 1956-cı ildə Azərbaycanın allı-güllü Bərdə rayonunun Soğanverdilər kəndində anadan olmuş, 1973-cü ildə həmin rayonun Kətəlparaq kənd orta məktəbini bitirmiş, 1973-1975 və 1978-ci illərdə rayonun Kalinin adına kolxozunda çalışmışdır. Uzaq Şərq vilayətinin Bolşaya Kartel (Böyük Kartel) əyalətində sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur (1975-1977).
Əliş Əvəzin İkinci Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsinə həsr etdiyi "Qayıdın" adlı ilk mətbu şeiri 22 avqust 1981-ci ildə Bərdənin "Kommunizm yolu" qəzetində dərc edilmişdir.
Rus dilində ilk mətbu yazıları isə Moskvada "Komsomolskaya pravda" - "Komsomol həqiqəti" (1984, №№ 199, 222), "Molodyoj Severa" - "Şimal gəncləri" (1983, № 88, 89), "Moskovskiy avtozavodets" - "Moskva avtozavodçusu" (1984, №99) qəzetlərində çap olunmuşdur.
Üç il əmək stajı, iki il hərbi qulluq Əliş Qasımova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə müsabiqədənkənar qəbul imkanı yaratmışdır. Əsgərlik illərində rus dilini yaxşı mənimsədiyini nəzərə alaraq, 1982-ci ildə təhsilini davam etdirmək üçün onu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin üçüncü kursuna göndərmişlər. O, burada 1985-ci ildə "qəzetin ədəbi mütəxəssisi" ixtisası üzrə ali təhsilini tamamlamış və doğma Vətənə qayıtmışdır. Əliş Qasımov iki il Bakıda döşünə yatan iş axtarışından sonra 1987-ci ildə təhsil aldığı Moskva şəhərinə üz tutmuş və bu günəcən qürbətdə nisgilli gəzə-gəzə ömrün sinni çağına - 70 yaşına gəlib çatmışdır. Əliş Əvəz Moskvada sovet Rusiyasının Yerli Sənaye Nazirliyinin Elmi informasiya bürosunda redaktor, məsul redaktor (1987-1991), Ümumittifaq "Neftçi" jurnalında elmi redaktor, məsul katib, baş redaktorun müavini (1991-1995), "Rusiya Federasiyası" qəzetinin müxbiri (1998-2000), İsveçrənin "Konkvest Bekkbon SA" şirkətinin Rusiya nümayəndəliyində reklam şöbəsinin rəhbəri (2000-2001) işləmişdir.
Peşəkar jurnalist Əliş Əvəz 2000-ci illərdən Moskvada Azərbaycan qəzetlərinin yaranmasında fəal çalışmışdır: paytaxtda Azərbaycan dilində ilk qəzet olan "Azərbaycanın səsi" - mart 2000-ci il; "Azərbaycan diasporu" - iyul 2000-ci il; "Asudə vaxt" - yanvar 2002-ci il; "AzərRos" - dekabr 1999-cu il; "Azərbaycan konqresi" - iyun 2002-ci il. Moskvada çap olunan Ümumrusiya "Diaspora inform" qəzetinin (may 2002-ci il) təsisçisi və baş redaktoru olmuşdur. "Azərbaycanın səsi" qəzetinin direktoru və redaktoru, "AzerRos" qəzetinin şef redaktoru, Azərbaycan variantının baş redaktoru vəzifələrində çalışmışdır. O, 2002-ci ildən bu günəcən Rusiya Federasiyası Dövlət Tarix muzeyinin əməkdaşıdır.
Əliş Əvəz Azərbaycan Jurnalistlər Birliyinin (2003), Azərbaycan Yazıçılar Birliyinin (2005), Rusiya Jurnalistlər İttifaqının (2005) və Rusiya Yazıçılar İttifaqının (2007) üzvüdür. Azərbaycan dilində nəşr olunan "Ana Tərtər" şeir kitabı (Moskva, "Karpov", 2003. 144 s.) şairin ilk kitabıdır. Uzun fasilədən sonra Əliş Əvəzin ikinci poetik toplusu - "Dünyanın iki qapısı" (Bakı, "Qanun", 2025. 384 s.) adlı şeirlər və poemalar kitabı nəşr olunmuşdur. Şairin şeirləri qırx ildən artıqdır ki, Moskva və Bakıda işıq üzü görən müxtəlif jurnal, qəzet və almanaxlarda ardıcıl olaraq dərc edilməkdədir. O, şeirlərini yalnız Azərbaycan dilində, məqalələrini isə həm Azərbaycan, həm də rus dillərində yazır.
Qarabağ münaqişəsi və müharibəsi zamanında Moskvadakı Azərbaycan ədəbi mühitinin, demək olar ki, bütün ədibləri publisistika janrında fəal iştirak ediblər. Onların heç biri doğma xalqının və vətəninin problemlərinə laqeyd qalmayıblar, hadisələrin kənardan seyrçiləri olmayıblar. Hadisələrin lap başlanğıcından - 1988-ci ilin fevralından - həm Sovet xalqına, həm də bütün dünyaya mərkəzi kütləvi informasiya vasitələri tərəfindən regionda baş verənlər haqqında diqqətlə düşünülmüş yalan-yanlış və böhtan dolu informasiyalar çatdırılırdı. Millətlərarası yanğını alovlandıranlar erməni tərəfi incitməkdən qorxaraq, bir qayda olaraq, yaranmış vəziyyətin ilkin səbəbinin üstündən sükutla keçirdilər. Bunun isə yeganə səbəbi var idi: Azərbaycana məxsus Dağlıq Qarabağ torpaqlarını Ermənistanın əzəldən ilhaq etmək istəyi. Dağlıq Qarabağda baş verənlər və 1990-cı il Bakıdakı Qara yanvar günləri, eləcə də bütövlükdə Azərbaycanda 90-cı illərin əvvəllərində hökm sürən siyasi qeyri-sabitlik, əlbəttə ki, moskvalı azərbaycanlı ziyalıların hamısına mənəvi cəhətdən əziyyət verir və onları kədərləndirirdi. Mübaliğəyə varmadan qeyd etmək lazımdır ki, o illərdə Moskvada həm ədiblərin, həm də alimlərin hər biri öz imkanlarından istifadə edərək obyektiv Azərbaycan gerçəkliklərinin paytaxtın ziyalı təbəqəsinə çatdırılması üçün çoşqun publisistə çevrilmişdilər. Əjdər İbrahimov, Əbdül Hüseynov, Çingiz Hüseynov, Rafiq Qurbanov, Alla Axundova, Fərhad Ağamalıyev, Sultan Mərzili, Abuzər Bağırov, Əliş Əvəz, Valeh Rzayev və başqalarının baş verən hadisələrin mahiyyəti və əsl səbəbi haqqında Moskvanın müxtəlif kütləvi informasiya vasitələrindəki publisistik məqalələri, çıxış və mülahizələri erməni lobbisi və ermənipərəst paytaxt KİV-ləri tərəfindən Azərbaycana qarşı təşkil edilmiş informasiya blokadasının dağıdılmasında əhəmiyyətli rol oynayırdı. Sonralar da Azərbaycanda baş verən hadisələr, Azərbaycan gerçəkliyi, Azərbaycan həqiqətlərinin sağlam, obyektiv təbliği uzun müddət yuxarıda adlarını çəkdiyimiz bir çox moskvalı azərbaycanlı yazıçıların yaradıcılıq maraqlarının mərkəzində olmuşdur.
Bu yöndə Əliş Əvəzin gördüyü işlər xüsusi fəallığı ilə seçilirdi. Həmin illərdə onun Moskvanın rusdilli jurnal və qəzetlərində dərc etdirdiyi "Qarabağ haqqında həqiqət", "İnsanlıq borcu, şərəf və vicdan haqqında" - Azərbaycana qara yaxan jurnalistlərə cavab (Moskva, 1992, "Neftçi" jurnalı), "Xocalı genosidi - sivilizasiya mifinin ifşası", "Milli məsələ Rusiyanın baş küçəsidir" - Rusiya dövlət dumasının deputatları ilə müsahibə (2001, 2002, "AzerRos" qəzeti), "Oksford ensiklopediyaçısına cavab"(2002, "Diaspora inform" qəzeti) kimi yazıları zamanında oxuculara Azərbaycan həqiqətlərini çatdırmaq naminə görülən əhəmiyyətli publisistika nümunələri idi. Müəllifin Azərbaycan dilində dərc etdirdiyi "Qeyrət ağrısı", "Qədim türklərdə Şaxta baba obrazı və yolka kultu" kimi məqalələrində, görkəmli tarixçi alim-yazıçı, mərhum Murad Acı (1944-2018) ilə müsahibələrində və digər mətbu yazılarında isə vətənpərvərlik, azərbaycançılıq, tarixi yaddaş idealları təbliğ edilirdi.
Humanizm, vətənsevərlik, bəşərilik, lirizm, fəlsəfi təfsir tərzi Əliş Əvəz poeziyasının əsas xüsusiyyətləridir. Şairin poeziyasına xas olan daha bir xüsusiyyət onun yaradıcılığının daimi yol yoldaşıdır. Doğma ocaq, doğma insanlar barədəki nisgilli hisslərin tərənnümü Əliş Əvəzin poeziyasından qırmızı bir xətlə keçir. Onun şeirləri üçün kədərli motivlər xarakterikdir, lakin çarəsizlik hiss olunmur, şair həmişə işıqlı gələcəyə inanır və öz oxucularına nikbinliyə, işığa doğru gedən yolu nişan verir. Bütövlükdə onun bədii və publisistik yaradıcılığını səmimi vətənpərvərlik hisslərinin geniş əksindən yana təsəvvür etmək mümkün deyil. Hər bir istedadlı şair kimi məhəbbət mövzusu da Əliş Əvəzə yad deyildir:
"Gəl apar məni sənli günlərə,
Ordan bir çiçək dərim, gətirim.
Əlim çatmır daha o güllərə,
Gedirəm həsrət boyu,
Dərd yağır üstümə...
Xatirən çətirim."
(Yenə orada. s. 65.)
Şairin "Ana Tərtər" kitabına "Ürək sözü" adlı geniş və məzmunlu Ön söz yazan tanınmış ziyalımız, xalq şairi Osman Sarıvəllinin moskvalı oğlu, fəlsəfə elmləri doktoru, ingilis dilindən dəyərli tərcümələr edən Rafiq Qurbanov (1937-2004) birbaşa müəllifə müraciətlə onun yaradıcılığının başlıca məziyyətlərini dəqiqliklə müəyyənləşdirmişdir:
"Şeirlərin hansı mövzuya aid olursa-olsun, onların içdən, ürəkdən gəldiyi duyulur. Hiss olunur ki, onları yazmaya bilmirsən. Uzunçuluğu sevmirsən, yığcam yazırsan. Yaradıcılıq prosesində fikirlə forma həmahəng, uyumlu olur. Hər üç vəzndə (heca, əruz, sərbəst) yazırsan və istədiyinə müvəffəq olursan. Hər şeirində dərin məna, fəlsəfi yük var. Konkret detaldan, bir həyat hadisəsindən çıxaraq, fəlsəfi ümumiləşdirməyə keçirsən, məncə, əsl poeziyanın yolu budur. Əlbəttə, şeirdə həm də deyim tərzinin şirinliyi və ürəyəyatımlılığı da olmalıdır. Sevindirici haldır ki, sənin şeirlərində bunlar vardır. Onlar olduqca bədii, gözəl hisslərlə, duyğularla doludur. Zəngin, canlı el dilimizdən, onun mənalı ifadələrindən böyük məharətlə istifadə edirsən." (Yenə orada. s. 6.)
Mərhum alimin zərgər təhlilinə tamamilə həmfikir olduğumu bildirməklə yanaşı, istedadlı şairimizlə bağlı çoxdan bəri içimdə qövr edən bir arzu-iradımı da dilə gətirmək niyyətindəyəm. Əliş Əvəz moskvalı şairlərimiz arasında ən məhsuldar işləyən, lakin əsərlərinin nəşri, yayımı ilə ən az məşğul olan sənətkarlarımızdandır. Az qala 40 ildir Moskvada yaşayır, indiyəcən heç 40 şeirini ruscaya tərcümə etdirməyib, rus dilində bircə yarpaqlıq şeir kitabçası da ərsəyə gətirməyib. Doğma dilimizdə isə cəmi 2 kitab nəşr etdirib. Zənnimcə, 45 il poetik yaradıcılıqla mütəmadi məşğul olan istedadlı və məhsuldar şair üçün bu cür nəticə qəribə görünür. Şükürlər olsun ki, onun maddi durumu həmişə belə işlərə gen-bol imkan verib və indinin özündə də verir. Bütün ömrünü şeirə-sənətə həsr edən peşəkar bir sənətkarın bu sayaq tısbağa tərpənişi şeirsevərlərin ürəyincə olmaz çox güman ki. Allah eləsin, şair dostumuzun basaratı açılsın, illərlə yazdığı nöyül-nöyül poetik kəlamları kitablara qalaqlayıb bizi bolluca sevindirsin. Bilməsək, ummarıq, onun saxlanc sandığı aşıb-daşır, hələ də gec deyil, söz təravətini itirməmiş onu sahiblərinə - oxucularına ərməğan etmək gərəkdir, əziz qələm dostum Əliş Əvəz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
